Qubadlıya qayıdış: Tarixi Zəfərdən Böyük Quruculuğa
1992-ci il fevralın 19-da Ermənistan silahlı qüvvələri Qubadlını bombaladı. Nəticədə 5 nəfər həlak oldu, 20 nəfər yaralandı. Bu, açıq müharibənin başlanğıcı idi. Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlar aparırdı.
Martın 1-də Qafan rayonu istiqamətindən Qubadlıya hücum edildi. Qubadlı ərazi özünümüdafiə taborunun döyüşçüləri və yaradılmaqda olan ordumuzun hissələri hücumun qarşısını aldılar. Həmin ilin may ayının əvvəllərində Laçın və Şuşanın işğalı Qubadlının üç tərəfdən Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınması təhlükəsini yaratdı. Düşmənin irəliləməsi martın 19-da Güləbird kəndi yaxınlığında dayandırıldı.
Oktyabrın 9-dan 12-dək ordumuzun bölmələri Laçın istiqamətindən geri çəkilməyə məcbur oldular. Ermənistan silahlı qüvvələri hücumu davam etdirərək oktyabrın 12-də Qubadlının sərhədinə çatdılar.
1993-cü il avqustun 31-də Qubadlı işğal olundu. İşğal nəticəsində rayondan 30 minə yaxın məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşdı. Rayonun 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid və 16 körpüsü dağıdıldı. Qubadlının işğalı 28 il davam etdi.
İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tarixi qələbələr qazanaraq Böyük Zəfərə doğru irəliləyirdi. Oktyabrın 25-i müharibənin gedişində mühüm mərhələyə çevrildi. Həmin gün Qubadlının işğaldan azad edilməsi əməliyyatı uğurla başa çatdı.
Şəhərdə Ermənistan silahlı qüvvələri tərəfindən güclü istehkamlar qurulmuş, strateji yüksəkliklərdə hərbi birləşmələr yerləşdirilmişdi. Qubadlının azad edilməsi üçün əvvəlcə mühüm yüksəkliklər ələ keçirildi. Rayonun Xanlıq, Padar və Sarıyataq kəndləri işğaldan azad edildi, strateji mövqelər nəzarətə götürüldü. Oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini düşməndən təmizlədi. Noyabrın 9-dək şəhər və rayonun daha 41 kəndi işğaldan azad olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbəni yüksək qiymətləndirərək deyib: "Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".
Hər bir rayonun işğaldan azad edilməsinə göstərilən ehtiram bütövlükdə tarixi Zəfərimizə olan ehtiramın ifadəsidir. 2020-ci il noyabrın 26-da "Qubadlının azad olunmasına görə" medalı təsis edildi.
Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 15 mindən çox hərbi qulluqçu Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Prezidentinin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis olundu. Sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi müəyyən edildi.
Qubadlının bərpası və inkişafı istiqamətində də mühüm addımlar atılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il sentyabrın 9-da qəbul etdiyi qərarla "Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı" təsdiqləndi.
2021-ci il oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı" yarımstansiyasının açılışı oldu. Hazırda Qubadlı-Eyvazlı avtomobil yolunun tikintisi davam edir.
İşğaldan azad edilmiş ərazilərdə gömrük nəzarətinin həyata keçirilməsi, gömrük qaydalarının pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və mülki dövriyyəsi qadağan edilmiş digər malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısının alınması məqsədilə 2021-ci il oktyabrın 27-də Qubadlı rayonu ərazisində Cənub Ərazi Baş Gömrük İdarəsinin "Qubadlı" gömrük postu yaradıldı.
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan sonra Qubadlıya dörd dəfə səfər edib. Bu səfərlərin hər biri rayonda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinin inkişafına, yeni layihələrin həyata keçirilməsinə təkan verib.
Qubadlı yenidən qurulur. Tarixi yurd yerlərinə qayıdış, müasir infrastrukturun yaradılması və quruculuq işləri rayonun gələcək inkişafı üçün yeni imkanlar açır. Yeni Qubadlıda Şəhər Günü böyük coşqu və qürur hissi ilə qeyd olunacaq.
Günel Aslanlı - AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










