Gənclərin iş həyatına keçidi asanlaşdırılmalıdır - TƏKLİF
"Gənclərin gələcəklə bağlı narahatlığının arxasında həm həyatın real çətinlikləri, həm də özlərindən gözlədikləri ilə mövcud imkanları arasındakı fərq dayanır".
Bu sözləri BiG.AZ-a açıqlamasında psixoloq Elnur Rüstəmov bildirib. O qeyd edib ki, gənclik insanın peşəsini, cəmiyyətdə yerini və müstəqil həyatını qurmağa çalışdığı dövrdür:
"Bu mərhələdə "İş tapa biləcəyəmmi?", "Özümü təmin edə biləcəyəmmi?", "Seçdiyim yol doğrudurmu?" kimi sualların yaranması təbiidir. Lakin gələcəklə bağlı çoxsaylı sualın eyni vaxtda cavabsız qalması narahatlığı gücləndirə bilər. İş tapmaq məsələsi gənc üçün yalnız gəlir əldə etmək demək deyil. Bu, həm də aldığı təhsilin qarşılığını görmək, bacarıqlarının qəbul olunduğunu hiss etmək və özünə inam qazanmaqdır. İş axtarışının uzanması, təcrübə tələbləri və gözləntilərə uyğun imkanların məhdudluğu bəzən "Hələ uyğun iş tapmamışam" düşüncəsini "Mən bacarıqsızam" qənaətinə çevirir. Halbuki əmək bazarında yaşanan çətinlik insanın şəxsi dəyərinin göstəricisi deyil. Maddi müstəqillik də mühüm amildir. Gənc öz qərarlarını vermək, ailəsinə yük olmamaq, yaşayışını təmin etmək və gələcəyini planlaşdırmaq istəyir. Bu arzuların reallaşması çətinləşəndə həyatının sanki təxirə düşdüyünü hiss edə bilər. Ona görə də bu narahatlığı yalnız özünəinamın zəifliyi ilə izah etmək doğru olmaz".
Müsahibimiz əlavə edib ki, iş imkanları, gəlirlə xərclər arasındakı münasibət və inkişaf perspektivləri də nəzərə alınmalıdır:
"Uğursuzluq qorxusu isə bəzən nəticənin özündən çox, həmin nəticəyə veriləcək qiymətlə bağlı olur. "Alınmasa, nə öyrənərəm?" sualının yerini "Alınmasa, haqqımda nə düşünərlər?" sualı tutur. Ailədə və sosial mühitdə səhvə yer verilməyəndə gənc seçim etməkdən, təşəbbüs göstərməkdən çəkinə bilər. Beləcə, uğursuzluqdan qorunmaq cəhdi onun təcrübə və inkişaf imkanlarını daraldır. Sosial müqayisə bütün bu təzyiqləri artıra bilər. Sosial şəbəkədə gənc başqasının uğurunu görür, amma həmin uğura gedən yolun çətinliklərini, ailə dəstəyini və uğursuz cəhdlərini çox vaxt görmür. Öz həyatının bütün çətinliklərini başqasının seçilmiş uğurlu anları ilə müqayisə edir. Nəticədə "Hamı irəliləyir, mən isə gecikirəm" hissi yarana bilər. Halbuki eyni yaşda olmaq eyni başlanğıc imkanlarına sahib olmaq demək deyil. Burada ailələrin münasibəti xüsusilə əhəmiyyətlidir. "Filankəs artıq iş tapıb, sən niyə tapa bilmirsən?" kimi müqayisələr əvəzinə, "Hansı çətinliklə qarşılaşırsan, növbəti addımın nədir, sənə necə dəstək ola bilərik?" yanaşması daha faydalıdır. Dəstək gəncin yerinə bütün problemləri həll etmək deyil; onun qərar verməsinə, məsuliyyət götürməsinə və səhvlərindən öyrənməsinə imkan yaratmaqdır".
Elnur Rüstəmov vurğulayıb ki, təhsil müəssisələri və işəgötürənlər də təcrübə, karyera istiqamətləndirilməsi və ilk iş imkanları ilə bu keçidi asanlaşdıra bilərlər:
"Gənclərə isə gələcəyi bir dəfəyə həll etməli olduqları böyük problem kimi deyil, mərhələli şəkildə qurulan proses kimi görməyi tövsiyə edərdim. Konkret bacarıq qazanmaq, təcrübə toplamaq, real iş planı hazırlamaq və kiçik addımların nəticəsini izləmək nəzarət hissini gücləndirə bilər. Narahatlıq yuxuya, diqqətə, münasibətlərə və gündəlik fəaliyyətə davamlı mane olursa, psixoloji dəstək almaq məqsədəuyğundur.
Əsas məsələ gəncə "Narahat olma" deməklə kifayətlənməməkdir. Onun narahatlığını dinləmək, real maneələri anlamaq və çıxış yollarını birlikdə müəyyənləşdirmək lazımdır. Gəncin gələcəyə inamı həm öz bacarıqlarına güvənəndə, həm də həmin bacarıqları həyata keçirmək üçün imkan gördükdə möhkəmlənir".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş








