Tramp Avropanın sonunu görür: Aİ dağılacaq?
"Tezliklə Avropa deyə bir şey qalmayacaq".
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O, Avropadakı iqtisadi vəziyyəti və miqrasiya siyasətini tənqid edərək, ölkələrin yanaşmalarını dəyişməyəcəyi təqdirdə Avropa İttifaqının gələcəyinin təhlükə altına düşə biləcəyini bildirib.
ABŞ Prezidenti Fransada baş verən hadisələrin əsas səbəblərindən birinin miqrasiya olduğunu deyib. Onun sözlərinə görə, Avropa ölkələri miqrasiya siyasətinə yenidən baxmalı və qanunsuz miqrantların deportasiyasını sürətləndirməlidir.
"Avropa yanaşmasını dəyişdirməlidir. Əks halda, Avropadan heç nə qalmayacaq", - deyə Tramp bildirib.
Avropa ilə münasibətlərinin yaxşı olduğunu söyləyən ABŞ lideri, eyni zamanda, qitədəki vəziyyətin onu narahat etdiyini vurğulayıb. O, Fransadakı hadisələri "tamhüquqlu inqilab" adlandıraraq, proseslərin davam etdiyini dilə gətirib.
Tramp Avropanın ABŞ-nin İranla bağlı siyasətinə dəstək vermədiyini söyləyib və Qrenlandiya məsələsinə toxunub. O, Avropa ölkələrinin mövcud problemləri həll etməli olduğunu bildirib.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Donald Tramp özünəməxsus siyasətçidir:
"O, sistemdən kənar siyasətçidir. Başqa bir aləmdən siyasi mühitə gəlmiş insandır və bu, onun fəaliyyətində özünü hərtərəfli göstərir. İlk növbədə, biznes və şou-biznes aləminin təsirlərini görürük. Donald Trampın fəaliyyətində eklektik çalarlar var. Bu da təbiidir. Lakin əsas məsələ odur ki, Donald Tramp bir çox hallarda çox danışdığı üçün onun fikirlərinə lazımi diqqət yetirilmir. Bəzi hallarda isə onun yanaşmalarında bir-birini təkzib edən məqamlar da olur. Bu baxımdan hesab edirəm ki, hazırkı məqamda da Donald Trampın özünəməxsus yanaşması ilə qarşılaşırıq. Əlbəttə, onun fikirlərində dərin məqamlar da var. Birincisi, Avropa İttifaqı özlüyündə bir blok, birləşmə və ittifaqdır. Təbii ki, belə birliklər yarandıqdan sonra zaman-zaman zəifləyə və parçalanma təhlükəsi ilə üzləşə bilirlər. Avropa İttifaqı da bu baxımdan istisna deyil. Digər tərəfdən, Tramp bu fikri bir qədər radikal şəkildə ifadə etsə də, onunla razıyam. Çünki görürük ki, Brexit zamanı Böyük Britaniya Avropa İttifaqından çıxdı və bu, müəyyən mənada ənənənin əsasını qoydu. İndi həmin yolu davam etdirmək istəyənlər də var".
Müsahibimiz əlavə edib ki, Avropa İttifaqının daxilində özünəməxsus təzadlar, anlaşılmazlıqlar, qütbləşmə və təbəqələşmə mövcuddur:
"Birinci, ikinci və üçüncü xətt ölkələr var. Rəsmi Brüsselin bu ölkələrə münasibəti də eyni deyil. Təbii ki, belə yanaşmalar birlik sistemini zəiflədir. Hazırda həqiqətən də çox təhlükəli proseslər baş verir və artıq parçalanma üçün zəmin formalaşır. Ukrayna böhranı ilə bağlı Avropa İttifaqının daxilində necə dərin çatlar yaranıb. Şərqi Avropa ölkələri, o cümlədən Slovakiya, Çexiya və Polşa artıq bildirirlər ki, Ukraynaya yardım etmək üçün onların sonsuz maliyyə imkanları yoxdur. Ukraynaya hər hansı yardım göstərilirsə, bu vəsait həmin ölkələrin milli büdcələrindən ayrılır. Nəticədə bəzi proqramlar yarımçıq qala, maliyyə çatışmazlığı yarana bilər. Donald Tramp müəyyən mənada prosesləri sürətləndirir. Amma hər halda onun dediklərinə diqqət yetirməyə dəyər. Fransa dövlətinin də bu proseslərdə kifayət qədər böyük məsuliyyəti var. Söhbət ilk növbədə dövlət başçısının yanaşmasından, digər tərəfdən hökumətin zəifliyindən, idarəçilikdəki boşluqlardan və təhsil sisteminə münasibətdəki problemlərdən gedir. Nəhayət, burada Ukrayna böhranı da mühüm rol oynayır".
Politoloq qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makronun yanaşmasına görə, Ukrayna məsələsi, demək olar ki, Fransa üçün ölüm-dirim məsələsinə çevrilib:
"Almaniya və Böyük Britaniya ilə birlikdə Fransa da az qala özünü fəda edir ki, Ukraynaya yardım göstərsin və onu xilas etsin. Bəs məqsəd nədir? Məqsəd Rusiyanı zəiflətməkdir ki, gələcəkdə Rusiya onlar üçün təhlükə yaratmasın. Amma hesab edirəm ki, bu proseslərdə çox böyük təzadlar yaşanacaq. Nəhayət, hər şeydən əvvəl çalışmaq lazımdır ki, insanlar əziyyət çəkməsinlər. Görürsünüz, indi Fransada vəziyyət, demək olar ki, alovlanıb. Bunun səbəbi nədir? Hökumət sistemindəki problemlər, idarəetmədəki ciddi qüsurlar və mövcud vəziyyətə düzgün qiymət verilməməsi. Əlbəttə, baş verənlərə sevinənlər də olacaq, bundan ehtiyatlananlar da. Amma hər halda insanların əziyyət çəkməməsi vacibdir. Görürsünüz, tərəfdarları olanlar da var, gözləntilərini itirənlər də. Bütün bunlar idarəetmədəki boşluqlardan və nəzarətin, demək olar ki, sıfır səviyyəsinə yaxınlaşmasından xəbər verir. Hesab edirəm ki, Donald Trampın bu fikirləri diqqətə layiqdir və onlardan nəticə çıxarmaq lazımdır".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










