Yaşlı insanlar rəqəmsal dünyada: Rahatlıq, yoxsa təhlükə?
Müasir dünya sürətlə rəqəmsallaşır. Lakin bu proses hər kəs üçün eyni dərəcədə əlverişli deyil. Bank tətbiqlərindən onlayn ödənişlərə qədər bir çox xidmət rəqəmsal platformalara köçürülür. Bəs yaşlı nəsil bu dəyişikliklərə necə uyğunlaşır və onları hansı təhlükələr gözləyir? Ekspertlərimiz bu suallara aydınlıq gətirirlər.
Rəqəmsal xidmətlərdən istifadə zamanı hansı çətinliklər yaranır?
Yaşlı insanlar rəqəmsal mühitdə əsasən üç istiqamətdə çətinliklə üzləşirlər: mürəkkəb interfeyslər, texniki terminologiya və rəqəmsal əməliyyatlara qarşı ehtiyatlılıq.
Bank tətbiqlərindəki kiçik şriftlər, çoxmərhələli menyular, eləcə də "skan et", "autentifikasiya" və "QR-kod" kimi texniki terminlər xidmətlərdən istifadəni çətinləşdirə bilər.
Bundan əlavə, rəqəmsal əməliyyatların sürətli həyata keçirilməsi və bəzi hallarda geri qaytarılmasının çətin olması yaşlı insanlarda narahatlıq yaradır. Məsələn, səhvən yanlış hesaba pul köçürmək qorxusu onların onlayn xidmətlərdən istifadəyə inamını azalda bilər.
Rəqəmsal savadlılığın aşağı olması kibertəhlükələri artırırmı?
Bəli, rəqəmsal savadlılığın aşağı olması yaşlı insanları kiberdələduzluq qarşısında daha həssas edə bilər. Kibercinayətkarlar texnologiyaların iş prinsipləri barədə kifayət qədər məlumatı olmayan şəxslərin məlumatsızlığından sui-istifadə edə bilərlər.
Onlayn mühitdə təhlükəsizlik qaydalarının fiziki dünyadakından fərqləndiyini bilməmək də riskləri artırır. Bu səbəbdən yaşlı insanların saxta mesajları, aldadıcı zəngləri və şəxsi məlumatları ələ keçirməyə yönəlmiş digər üsulları tanıması vacibdir.
Yaşlı insanlar ən çox hansı təhlükəsizlik səhvlərinə yol verirlər?
Təcrübə göstərir ki, rəqəmsal xidmətlərdən istifadə zamanı aşağıdakı səhvlər ciddi təhlükələr yarada bilər:
Sosial mühəndisliyin qurbanı olmaq. Telefonda özünü bank əməkdaşı, polis və ya digər rəsmi şəxs kimi təqdim edən şəxslərə inanaraq məxfi məlumatları, parolları və SMS təsdiq kodlarını vermək.
Zəif parollardan istifadə etmək. Asanlıqla təxmin edilən parollar seçmək və eyni parolu müxtəlif platformalarda işlətmək hesabların təhlükəsizliyini zəiflədir.
Şübhəli keçidlərə daxil olmaq. "Hədiyyə qazandınız" və ya "Hesabınız bloklanıb" kimi mesajlardakı saxta linklərə klikləmək şəxsi və bank məlumatlarının oğurlanmasına səbəb ola bilər.
Rəqəmsal kənarlaşma hansı sosial problemlərə yol aça bilər?
Rəqəmsal kənarlaşma müasir cəmiyyətin ciddi sosial problemlərindən biridir. Dövlət xidmətlərinin, nəqliyyat sistemlərinin və bank əməliyyatlarının getdikcə daha çox onlayn platformalara keçirilməsi texnologiyaya uyğunlaşmaqda çətinlik çəkən yaşlı insanların cəmiyyətdən təcrid olunması riskini artırır.
Əgər fiziki xidmət məntəqələrinin və canlı dəstək imkanlarının sayı azalarsa, yaşlı insanlar gündəlik ehtiyaclarını qarşılamaq üçün övladlarından, nəvələrindən və digər yaxınlarından daha çox asılı vəziyyətə düşə bilərlər. Bu isə onların maliyyə müstəqilliyinə və sosial fəallığına mənfi təsir göstərə bilər.
Rəqəmsal xidmətlərdən rahat və təhlükəsiz istifadə üçün nə edilməlidir?
Problemin həlli həm texnoloji yenilikləri, həm də maarifləndirmə tədbirlərini əhatə etməlidir.
Texnoloji şirkətlər tətbiqləri yaşlı insanların ehtiyaclarını nəzərə alaraq hazırlamalıdırlar. İri şriftlər, sadə menyular, aydın izahlar, səsli idarəetmə və əməliyyatların minimum addımla həyata keçirilməsi istifadəni asanlaşdıra bilər.
Maarifləndirmə proqramları genişləndirilməlidir. Dövlət və özəl sektorun əməkdaşlığı ilə yaşlı insanlar üçün sadə dildə rəqəmsal və kibertəhlükəsizlik təlimləri təşkil edilməlidir. Bu təlimlərdə saxta zənglərin, mesajların və keçidlərin tanınmasına xüsusi diqqət yetirilməlidir.
Təhlükəsizlik mexanizmləri təkmilləşdirilməlidir. Banklar və dövlət qurumları istifadəçilərə əməliyyatları yoxlamaq üçün kifayət qədər vaxt verən, riskləri aydın şəkildə izah edən və şübhəli əməliyyatlar zamanı əlavə təsdiq tələb edən sistemlər tətbiq etməlidirlər.
Eyni zamanda, rəqəmsal xidmətlərlə yanaşı, ənənəvi xidmət kanalları və canlı dəstək imkanları da əlçatan saxlanılmalıdır.
Rəqəmsallaşmanın məqsədi insanların həyatını asanlaşdırmaqdır. Buna görə də texnoloji inkişaf heç bir yaş qrupunun kənarda qalmasına səbəb olmamalı, hər kəs üçün əlçatan və təhlükəsiz rəqəmsal mühitin yaradılmasına xidmət etməlidir.
Fərid Musayev
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası" İctimai Birliyinin eksperti,
Xəzər Universitetinin İT departament rəhbəri
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










