Elçin Əfəndidən "İmtahan sualları çətin idi" deyənlərə SƏRT REAKSİYA
Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə imtahan suallarının çətinliyi ilə bağlı yaranan narazılıqlara münasibət bildirib.
Məleykə Abbaszadə bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
DİM sədri qeyd edib ki, imtahanların çətinlik səviyyəsi barədə obyektiv fikir yürütmək üçün ilk növbədə nəticələri və onların statistik təhlilini görmək lazımdır. Onun sözlərinə görə, imtahandan dərhal sonra, nəticələr açıqlanmadan formalaşan təəssüratlar heç də həmişə real mənzərəni əks etdirmir.
Məleykə Abbaszadə konkret suallarla bağlı iradların apellyasiya mexanizmləri vasitəsilə araşdırılmasının daha məqsədəuyğun olduğunu bildirib.
DİM sədri hazırda Mərkəzdə imtahan proqramları ilə bağlı seminarların keçirildiyini, lakin bu müzakirələrdə iştirak səviyyəsinin kifayət qədər aşağı olduğunu vurğulayıb.
O bildirib ki, imtahanların məzmununu, proqramlarını və modellərini müzakirə etmək üçün ən doğru zaman məhz imtahanlardan əvvəlki dövrdür. Hər il imtahan proqramları və modelləri ictimaiyyətə təqdim olunur, müəllimlər, ekspertlər və digər maraqlı tərəflər müzakirələrə dəvət edilir.
Məleykə Abbaszadə ötən il imtahanlarla bağlı gözləntilərlə imtahandan sonrakı qiymətləndirmələr arasındakı fərqi öyrənmək məqsədilə anonim sorğular keçirildiyini də qeyd edib. Sorğular həm imtahandan əvvəl, həm də sonra aparılıb, əldə olunan nəticələr təhlil edilərək məqalə hazırlanıb.
DİM sədri hər kəsi məqaləni oxumağa, nəticələrlə tanış olmağa və mövzu ətrafında fikir mübadiləsinə qoşulmağa çağırıb.
"İstərdim ki, imtahanlardan sonra göstərdiyimiz fəallığı imtahanlardan əvvəlki müzakirələrdə də göstərək. Çünki məqsədimiz narazılıqları sadəcə cavablandırmaq deyil, onları yaradan səbəbləri birlikdə araşdırmaq və qiymətləndirmə sistemini daha da təkmilləşdirməkdir", - deyə Məleykə Abbaszadə vurğulayıb.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlamasında elm və təhsil eksperti Elçin Əfəndi bildirib ki, bir çox hallarda müşahidə edirik ki, imtahanlara qədər DİM həm proqramı elan edir, həm də model testləri təqdim edir:
"Bununla abituriyentlərə imtahanlarda hansı tip sualların istifadə olunacağı barədə məlumat verilir. Buna baxmayaraq, imtahandan sonra sualların çətin olduğu, əvvəllər qarşılaşmadıqları sualların salındığı və sair barədə fikirlər səsləndirilir. Düşünürəm ki, bu, düzgün yanaşma deyil. Ümumiyyətlə, imtahanlardan sonra apellyasiya qiymətləndirməsi və ya apellyasiya müraciətləri zamanı görürük ki, bəzi abituriyentlər nəticələrini açıb ətraflı nəzərdən keçirmədən müraciət edirlər. Halbuki nəticələrə mütləq baxmaq və onları təhlil etmək lazımdır. Bunların hamısı vacib şərtlərdir. Bildiyiniz kimi, imtahan nəticələrinin yoxlanılması zamanı, xüsusilə açıq tipli yazılı sualların qiymətləndirilməsində marker müəllimlərdən istifadə olunur. Həmin suallar üzrə imtahan nəticələri elan edildikdən sonra apellyasiya müraciəti etmək də mümkündür.
Qiymətləndirmə meyarlarına əsasən, cavablar yalnız bir müəllim tərəfindən yoxlanılmır. Bir müəllimdən əlavə, başqa bir müəllim də alternativ yoxlama aparır, ardınca isə digər texnoloji vasitələrdən istifadə olunmaqla yoxlama həyata keçirilir. Buna baxmayaraq, abituriyentlərin apellyasiya müraciətlərinə baxarkən bəzən görürük ki, onlar öz cavablarını diqqətlə nəzərdən keçirməyiblər. Əslində, yazdıqları cavab düzgün olmur və ya həmin cavaba görə müəyyən edilmiş baldan artıq bal verilməsi mümkün deyil. Bütün bunlar nəzərə alınmalı olan vacib məqamlardır".
Müsahibimiz əlavə edib ki, hazırda Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün jurnal nəşr edir:
"Həmin jurnalda növbəti ildə keçiriləcək imtahanlarda sualların hansı formatda təqdim oluna biləcəyi, sual modelləri, mövzular və imtahan proqramı öz əksini tapır. Tövsiyəmiz və təklifimiz ondan ibarətdir ki, abituriyentlər, eləcə də hazırlıq müəllimləri həmin jurnalla tanış olsunlar, orada təqdim edilən proqramı və mövzuları diqqətlə öyrənsinlər. Beləliklə, imtahandan sonra "bu mövzu proqramda yox idi" və ya "imtahan sualları çətin idi" kimi fikirlərin səsləndirilməsinə ehtiyac qalmasın".
Aynur Babazadə
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş







