Dövlət Komitəsinin sədri "2026 G20 Dinlərarası Forumu"nda çıxış edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov oktyabrın 16-da ABŞ-nin Yuta ştatında keçirilən "2026 G20 Dinlərarası Forumu"nda (IF20) iştirak edib.
Forumda dövlət nümayəndələri, dini icma liderləri və vətəndaş cəmiyyəti üzvləri, eləcə də ictimaiyyət nümayəndələri bir araya gəliblər. Tədbirin gündəliyinə əməkdaşlıq modelləri, süni intellektin etik və sosial təsirləri, dinlərarası dialoq və qlobal çağırışlar daxil edilib.
Ramin Məmmədov forum çərçivəsində "Dini qurumlar və ümumi rifahın artırılması: Afrika, Yaxın Şərq və Avrasiya perspektivləri" mövzusunda keçirilən xüsusi beynəlxalq sessiyada çıxış edib. Sessiyanın Yuta ştatı Senatının prezidenti Stuart Adamsın moderatorluğu ilə baş tutan "Yaxın Şərq və Avrasiya perspektivləri" mövzusundakı panelində Qırğızıstan Respublikasının Dini İşlər və Etniklərarası Münasibətlər üzrə Agentliyinin sədri Talantbek Taşibekov, Özbəkistan Respublikası Prezidentinin dini-maarifçilik məsələləri üzrə müşaviri Muzzafar Kamilov, Qırğızıstanın dövlət katibi Arslan Koichiev, İordaniyanın mədəniyyət naziri və parlament senatoru Haifa Najjar, Müsəlman Ağsaqqalları Şurasının Strateji Planlaşdırma şöbəsinin rəhbəri Mohammed Bahr və Omanın Vəqflər və Dini İşlər Nazirliyinin Dini Himayə üzrə direktoru Ahmed Al-Bahri fikirlərini bölüşüblər.
Dövlət Komitəsinin sədri çıxışında Azərbaycanın Yaxın Şərq, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tarixi, mədəni və mənəvi əlaqələrinin dinlərarası harmoniyanın, regional əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratdığını bildirib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqaz və Mərkəzi Asiya arasında tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətə diqqət çəkib.
Ramin Məmmədov milli-mənəvi dəyərlərin qorunması, dini maarifləndirmə və gənclərin radikalizmdən müdafiəsinin əhəmiyyətini, bu kontekstdə Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslı mütəxəssislərin hazırlanmasında və gənclər arasında radikalizmə qarşı dayanıqlılığın gücləndirilməsində rolunu qeyd edib.
Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrindən bəhs edən Komitə sədri müxtəlif dini icmaların ölkəmizdə əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqlarından danışıb. O, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun işğaldan azad edilmiş ərazilərdə tarixi, mədəni və dini abidələrin bərpası və mühafizəsi istiqamətində gördüyü işləri diqqətə çatdırıb.
Çıxışda Mərkəzi Asiya ölkələrinin işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək də qeyd olunub. Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın yaratdığı Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın Ağdamda inşa etdiyi Manas adına məktəb və Türkmənistanın Füzulidə məscid tikintisi təşəbbüsü xalqlar arasında dostluq və həmrəyliyin nümunələri kimi sadalanıb.
Müasir dövrdə ekstremizm, dözümsüzlük və zərərli ideoloji təsirlərin yaratdığı çağırışlara toxunan Ramin Məmmədov bu təhdidlərin qarşısının alınmasında dövlətlərin və dini institutların birgə məsuliyyətini önə çəkib. Mənəvi dəyərlərin yaşadılmasının və ideoloji dayanıqlılığın gücləndirilməsinin vacibliyini bildirib.
Komitə sədri 2026-cı il oktyabrın 27-29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında da məlumat verib. Tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq çərçivəsində təşkil ediləcək "Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi" adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsinə və dinlərarası əməkdaşlığın genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş









