Müəllim nəticə istehsal edən mexanizm deyil

Müəllim nəticə istehsal edən mexanizm deyil"Təhsildə hər yeni ideya ilk baxışda məntiqli və cəlbedici görünə bilər. Müəllimin əməyini nəticə ilə ölçmək, yaxşı nəticə göstərən müəllimi daha çox qiymətləndirmək, zəif nəticələrin səbəblərini araşdırmaq - bütün bunlar özlüyündə sağlam yanaşmalardır. Lakin söhbət müəllimin əməkhaqqının şagirdlərin göstəricilərinə birbaşa bağlanmasından gedəndə məsələ artıq başqa müstəviyə keçir. Çünki məktəbdə əldə olunan nəticə yalnız müəllimin əməyinin məhsulu deyil".

Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.

O, qeyd edib ki, sinifdə müəllimlə yanaşı şagird, valideyn, məktəb mühiti, uşağın sosial vəziyyəti, fərdi qabiliyyəti və öyrənməyə münasibəti də nəticəyə təsir göstərir. Bütün bu amillərin sonunda ortaya çıxan qiyməti götürüb müəllimin əməkhaqqının əsas meyarına çevirmək isə təhsilin çox mürəkkəb mexanizmini bir rəqəmə sığışdırmaq deməkdir:

"Bir müəllimin qarşısında 20-30 şagird oturur və onların hər biri ayrı bir dünyadır. Biri dərsə həvəslə gəlir, digəri məcburən. Birinin evində valideyn hər gün onunla məşğul olur, digərinin kitab-dəftərinə baxan belə yoxdur. Biri əlavə hazırlığa gedir, digəri dərsdən sonra işləməyə məcburdur. Biri ailəsinin bütün imkanlarını təhsilə yönəldir, digəri sosial problemlərin içində böyüyür.

İndi bütün bu fərqləri kənara qoyub ilin sonunda əldə olunan nəticəyə baxmaq və müəllimin maaşını həmin rəqəmə uyğunlaşdırmaq nə dərəcədə ədalətlidir?

Əslində burada ən böyük risk zəif nəticə göstərən şagirdlərə münasibətdə ortaya çıxa bilər.

Əgər müəllimin qazancı şagirdlərinin nəticələrindən ciddi şəkildə asılı olacaqsa, zaman keçdikcə yüksək nəticə göstərən şagirdlərlə işləmək daha cəlbedici görünə bilər. Zəif nəticəli uşaqlar isə müəllim üçün "risk qrupu"na çevrilə bilərlər. Halbuki təhsilin ən mühüm vəzifələrindən biri məhz həmin uşaqları itirməmək, onları geridə qoymamaqdır.

Məktəb yalnız yüksək nəticə göstərən uşaqların uğurunu nümayiş etdirmək üçün fəaliyyət göstərmir. Məktəbin əsl gücü bəzən ən zəif şagirdin həyatında yaratdığı dəyişiklikdə görünür.

Məsələn, ilin əvvəlində 40 bal səviyyəsində olan bir uşağın ilin sonunda 70 bal toplaması ilə 90 baldan 95 bala yüksələn başqa bir şagirdin nəticəsi eyni meyarla qiymətləndirilə bilməz. Birinci halda müəllim bəlkə də uşağın təhsilə münasibətini tamamilə dəyişib, ona oxumağı öyrədib, özünəinam yaradıb. İkinci halda isə onsuz da yüksək hazırlıqlı olan şagird daha bir neçə bal qazanıb.

Deməli, nəticənin özü qədər, həmin nəticəyə hansı başlanğıc nöqtəsindən gəlinməsi də əhəmiyyətlidir.

Dünyada müəllim fəaliyyətinin nəticəyə görə stimullaşdırılması ilə bağlı müxtəlif modellər mövcuddur. Lakin beynəlxalq təcrübə də göstərir ki, məsələ "şagird neçə bal topladısa, müəllim də ona uyğun maaş alsın" qədər sadə deyil. OECD-nin araşdırmalarında performansa əsaslanan ödəniş sistemlərinin tətbiqi zamanı müəllim fəaliyyətinin obyektiv ölçülməsinin mürəkkəbliyi və tədrisin yalnız ölçülə bilən göstəricilərə yönəlməsi kimi risklər qeyd olunur.

Bu isə o demək deyil ki, müəllimin fəaliyyəti nəticəyə görə qiymətləndirilməməlidir. Əksinə, yaxşı işləyən müəllimin əməyinin fərqləndirilməsi vacibdir. Sadəcə, bu fərqləndirmənin meyarları daha geniş olmalıdır.

Müəllimin peşəkarlığı, sertifikasiya nəticələri, dərsin keyfiyyəti, metodik fəaliyyəti, məktəbin inkişafına verdiyi töhfə, zəif şagirdlərlə işi, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yanaşması və şagirdlərin il ərzində göstərdiyi inkişaf birlikdə nəzərə alına bilər.

Şagird nəticəsi də bu meyarların içində müəyyən yer tuta bilər. Amma müəllimin maaşının taleyini müəyyən edən əsas və həlledici göstəriciyə çevrilməməlidir. Çünki müəllim "nəticə istehsal edən mexanizm" deyil. Onun qarşısında yalnız test balı toplamalı olan uşaqlar dayanmır. Qarşısında gələcək vətəndaşlar dayanır.

Müəllim bəzən bir uşağa dərsdən daha vacib bir şey verir - özünəinam. Bəzən illərlə heç kimdən "sən bacararsan" sözünü eşitməyən uşağın əlindən tutur. Bəzən valideynin görə bilmədiyi problemi görür. Bəzən dərs proqramında olmayan bir məsələni həll edir. Bunların heç biri imtahan vərəqində bal kimi görünmür.

Amma təhsilin həqiqi nəticəsi çox vaxt məhz orada yaranır.

Digər tərəfdən, müəllimin maaşının şagird nəticələrinə ciddi şəkildə bağlanması müəllimlərin məktəb seçimlərinə də təsir göstərə bilər. Yüksək nəticəli şagirdlərin toplandığı məktəblər daha cəlbedici olacaq, sosial və akademik baxımdan daha çətin mühitdə işləyən müəllimlərin işi isə daha riskli görünəcək. Halbuki pedaqoqa ən çox ehtiyac olan yerlər məhz belə məktəblərdir.

Təhsildə ədalət yalnız yaxşı oxuyan uşaqlara yaxşı müəllim verməklə yaranmır. Zəif oxuyan uşağın da yaxşı müəllimə çıxışını təmin etmək lazımdır.

Bu baxımdan şagird göstəricilərinə görə əlavə mükafat mexanizmi müəyyən xüsusi təhsil modellərində tətbiq oluna bilər. Şagirdlərin seçim əsasında qəbul edildiyi, təhsil proqramının və məktəb mühitinin daha standartlaşdırıldığı xüsusi məktəblərdə nəticələrin müəllim fəaliyyətinə təsirini ölçmək nisbətən asan ola bilər.

Adi dövlət məktəbində isə mənzərə tamam başqadır. Burada müəllim qarşısına gələn bütün uşaqlarla işləyir. Kiminsə imkanlı, kiminsə imkansız olması onun seçimi deyil. Kiminsə repetitor yanına getməsi, digərinin getməməsi müəllimin müəyyən etdiyi məsələ deyil. Valideynin uşağın dərsinə nə qədər vaxt ayırması da müəllimin nəzarətində deyil.

Ona görə də müəllimin əməkhaqqını birbaşa şagirdin nəticəsinə bağlamaq düzgün istiqamət deyil. Daha sağlam yanaşma müəllimin əməyini kompleks şəkildə qiymətləndirmək, nəticəsini nəzərə almaq, amma maaşını şagirdin qiymətinə məhkum etməməkdir.

Müəllim yaxşı işləyirsə, bunun qarşılığını almalıdır. Peşəkarlığını artırırsa, bu, əməkhaqqında öz əksini tapmalıdır. Çətin məktəbdə, ağır sosial mühitdə, zəif şagirdlərlə böyük əmək sərf edirsə, həmin əməyin ayrıca qiymətləndirilməsi lazımdır. Şagirdlərində ciddi inkişaf yaradırsa, əlavə stimullaşdırma mexanizmləri tətbiq edilə bilər.

Amma bir uşağın 50 və ya 90 bal toplaması müəllimin maaşının taleyinə çevrilməməlidir. Çünki şagirdin qiyməti onun biliyinin göstəricisidir, müəllimin maaşı isə onun əməyinin qarşılığıdır. Bu iki anlayışı bir-birinə qarışdıranda təhsildə nəticə axtararkən ədaləti itirmək təhlükəsi yaranır.

Təhsilin məqsədi yalnız yüksək bal toplayan uşaqlar yetişdirmək deyil. Əsas məqsəd hər bir uşağın öz potensialına çatmasına imkan yaratmaqdır. Bunu təmin edən müəllim isə bəzən ən yüksək bal toplayan şagirdin müəllimindən də böyük iş görmüş olur.

Və həmin əməyin əsl qiymətini yalnız imtahan nəticələri ilə ölçmək mümkün deyil".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 716   Tarix: 24 avqust 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müstəqil dövlətimizin ilk Konstitusiyası

Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühü

12:18 253
.

Neft Akademiyasında mühafizəçini öldürən şəxs 24 il sonra - Həbs edildi

24 il əvvəl ali təhsil müəssisəsində törədilmiş qətlin üstü açılıb. xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Naziyliyinin Mətbuat xidmətlərinin yaydığı birgə məlumatda bildirilib. Belə ki, 7 oktyabr 2002-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının (hazırda Azərbaycan Dövlət Neft v

14:48 325
.

Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - Video - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıye

16:53 236
.

Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhuanı qəbul edib. XİN-dən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri

21:00 117
.

Bakının bu küçələrində məhdudiyyət olacaq - Siyahı

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, yürüşlərlə əlaqədar Bakı Şəhər DYP İdarəsi tərəfindən məhdudiyyət tətbiq olunaca

16:22 231
.

Timsah qadını dişləyib həyatını xilas etdi - Qeyri-adi HADİSƏ

Hindistanın Karnataka ştatında timsah qadını ölümdən qurtarıb. xarici mediaya istinadən xəbər verir ki, timsahın hücumu intihar etmək istəyən qadının həyatını xilas edib. Yırtıcının dişləməsi nəticəsində qadın qışqırmağa başlayıb və onun səsini eşidən polis əməkdaşları ilə yerli sakinlər vaxtında köməy

19:00 220
.

İllərlə polisdən gizlənən ailə: Ana, qız və nəvə tutuldular

Türkiyənin İstanbul şəhərində zərgərlik mağazalarından etdikləri oğurluqlara görə məhkəmədən uzun illər gizlənən bir ailənin üç üzvü - ana, qızı və nəvəsi saxlanılıblar. Onlar Sancaqtəpə rayonunda yerləşən evlərin birində saxlanılıblar. Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınlar "alıcı"

20:45 134
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

11:54 232
.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

16:13 255
.