Azərbaycan-Özbəkistan münasibətləri: Bakı və Daşkəndi birləşdirən yeni xəritə
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə bir sıra mühüm siyasi, iqtisadi və geostrateji mesajları ilə diqqət çəkib".
Bunu BiG.AZ-a açıqlamasında politoloq Turan Rzayev bildirib.
O, qeyd edib ki, müsahibənin ayrı-ayrı məqamlarına nəzər saldıqda görünür ki, Bakı Daşkəndlə münasibətlərə yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və geosiyasi kontekstdə yanaşır:
"Prezident İlham Əliyev müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin son illərdə əldə etdiyi səviyyəni xüsusi vurğulayıb:
"Dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb".
Özbəkistan Türkiyədən sonra Azərbaycanın rəsmi səviyyədə müttəfiq elan etdiyi ikinci ölkədir. Son illərdə iki ölkə arasında münasibətlər iqtisadiyyat, investisiya, nəqliyyat, enerji, sənaye və digər praktiki istiqamətlərdə sürətlə inkişaf edir. İmzalanan sənədlər, Ali Dövlətlərarası Şuranın yaradılması və qarşılıqlı səfərlərin intensivləşməsi də münasibətlərin strateji xarakter aldığını göstərir.
Müsahibədə diqqət çəkən məqamlardan biri Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə şəxsi münasibətlərinə verdiyi qiymətdir.
"Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır", - deyə dövlət başçısı bildirib.
Ümumiyyətlə, Azərbaycan-Özbəkistan münasibətlərində liderlərarası dialoq xüsusi əhəmiyyət daşıyır. İki ölkə rəhbərinin şəxsi münasibətləri siyasi qərarların çevik qəbuluna və yeni əməkdaşlıq layihələrinin irəli sürülməsinə müsbət təsir göstərir.
Mərkəzi Asiyada yeni geosiyasi və iqtisadi reallıqların formalaşdığı indiki mərhələdə Daşkənd Bakı üçün etibarlı tərəfdaşlardan biridir. Eyni zamanda, Özbəkistan da Azərbaycanın Xəzər üzərindən Qərbə çıxış imkanlarını və Avropa ilə nəqliyyat bağlantılarını mühüm üstünlük kimi qiymətləndirir.
Müsahibədə iqtisadi əlaqələrlə bağlı açıqlanan göstəricilər də diqqət çəkir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 2026-cı ilin ilk beş ayında isə daha 33 faiz artım qeydə alınması iqtisadi münasibətlərin sürətlə genişləndiyini göstərir.
Lakin burada əsas məsələ yalnız ticarət dövriyyəsinin həcminin artması deyil. Daha vacib məsələ bu artımın hansı sahələr hesabına formalaşması və iki ölkənin istehsal potensialının nə dərəcədə inteqrasiya olunmasıdır.
Bu baxımdan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti xüsusi əhəmiyyət daşıyır. 500 milyon ABŞ dolları kapitalla yaradılan bu struktur iki ölkə arasında münasibətlərin sadəcə "alıcı-satıcı" modelindən qarşılıqlı investisiya və birgə istehsal modelinə keçidi baxımından mühüm addımdır.
Başqa sözlə, Bakı və Daşkənd yalnız bir-birinə məhsul satmaq deyil, birgə məhsul istehsal etmək və həmin məhsullarla üçüncü bazarlara çıxmaq imkanlarını da genişləndirməyə çalışırlar. Bu isə iqtisadi tərəfdaşlığın daha dayanıqlı və uzunmüddətli modelinin formalaşması deməkdir.
Müsahibənin ən diqqətçəkən istiqamətlərindən biri nəqliyyat və logistika ilə bağlıdır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın Cənubi Qafqazdakı, Özbəkistanın isə Mərkəzi Asiyadakı mövqeyi onları "Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara" çevirir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Özbəkistanın Mərkəzi Asiyanın nəqliyyat xəritəsindəki mövqeyinin birləşməsi iki ölkənin əməkdaşlığını ikitərəfli çərçivədən çıxararaq daha geniş Avrasiya bağlantısının tərkib hissəsinə çevirir.
Prezidentin "Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq" fikri də məhz bu baxımdan diqqət çəkir.
Burada söhbət Mərkəzi Asiyadan gələn yük axınlarının Azərbaycan üzərindən Qərbə çıxış imkanlarının daha da genişləndirilməsindən gedir. Bu, Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirməklə yanaşı, Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarını da artırır.
Enerji əməkdaşlığında da yeni mərhələ müşahidə olunur. Əvvəllər Azərbaycan-Özbəkistan əlaqələrində əsas diqqət neft-qaz sektoruna yönəldilirdisə, hazırda yaşıl enerji ayrıca strateji istiqamətə çevrilir.
Azərbaycan, Qazaxıstan və Özbəkistanın "Yaşıl Dəhliz Birliyi"nin yaradılması bu baxımdan mühüm addımdır. Burada söhbət yalnız bərpaolunan enerji istehsalından deyil, həmin enerjinin regionlararası ötürülməsi üçün infrastrukturun formalaşdırılmasından gedir.
Layihənin reallaşması Azərbaycanın Xəzər üzərindən Mərkəzi Asiyada istehsal olunan yaşıl enerjinin Avropaya çatdırılmasında mühüm halqaya çevrilməsinə imkan verə bilər. Beləliklə, Azərbaycanın tranzit potensialı yalnız neft, qaz və yük daşımaları ilə məhdudlaşmır, gələcəkdə elektrik enerjisi də bu bağlantının mühüm komponentinə çevrilə bilər.
Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr də münasibətlərin xüsusi istiqamətlərindən biridir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi, "Dostluq bağı"nın salınması və digər layihələr iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi məna da daşıyır.
Prezident İlham Əliyev bu dəstəyi yüksək qiymətləndirərək bildirib:
"Bu nəcib təşəbbüsə, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə bütün Özbəkistan xalqına və şəxsən Prezident Şavkat Mirziyoyevə səmimi minnətdarlığımızı bildiririk".
Daşkənd bununla Azərbaycanın ərazi bütövlüyünə verdiyi siyasi dəstəyi konkret layihələrlə müşayiət edir. Bakı üçün isə bu əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanın postmünaqişə dövründə əsas məqsədlərindən biri azad edilmiş əraziləri yalnız bərpa etmək deyil, onları regional əməkdaşlığın yeni məkanına çevirməkdir.
Müsahibənin mühüm siyasi məqamlarından biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması ilə bağlıdır.
Prezident İlham Əliyev bildirib ki, "Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər "C5" adlanan əməkdaşlıq formatı faktiki olaraq "C6" formatına çevrilib".
Azərbaycan coğrafi baxımdan Mərkəzi Asiyanın bir hissəsi deyil. Lakin Xəzər dənizi, enerji, nəqliyyat və tarixi-mədəni bağlar ölkəni regionla sıx şəkildə əlaqələndirir. Azərbaycanın "C6" formatına daxil olması isə bu yaxınlığın siyasi və institusional müstəviyə daşınması baxımından mühüm hadisədir.
Bakı-Daşkənd münasibətlərinin növbəti mərhələsində əsas məsələ əldə olunan siyasi yaxınlığın real iqtisadi və geostrateji nəticələrə nə dərəcədə çevriləcəyidir. Ticarətin artması, qarşılıqlı investisiyalar, nəqliyyat dəhlizləri, yaşıl enerji layihələri və Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi artıq bunun üçün ciddi baza formalaşdırıb.
Prezident İlham Əliyevin UzA-ya müsahibəsindən görünən əsas nəticə ondan ibarətdir ki, Azərbaycan və Özbəkistan artıq yalnız bir-birinə yaxın iki türk dövləti deyil. Onlar dəyişən Avrasiya geosiyasi və iqtisadi xəritəsində imkanlarını birləşdirən, bir-birini tamamlayan tərəfdaş və müttəfiq ölkələr kimi çıxış edirlər.
Bu baxımdan Bakı-Daşkənd xəttinin əhəmiyyəti yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır. Qarşıdakı dövrdə bu əməkdaşlıq Cənubi Qafqazla Mərkəzi Asiya arasında formalaşan yeni siyasi, iqtisadi və nəqliyyat bağlantılarının əsas dayaqlarından birinə çevrilə bilər".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










