Bakıda niyə binalar ard-arda yanır?

Bakıda niyə binalar ard-arda yanır?Son vaxtlar yenitikililərdə elektrik xətlərindəki nasazlıqlardan qaynaqlanan yanğınlar artır. Qısaqapanma və digər səbəblərdən yanğın hadisələri baş verir. Hələlik tam təsdiq olunmasa da, Yasamaldakı yanğının da elektrik xətlərindən başladığı barədə məlumat var. Əvvəllər də yenitikililərdə bu cür böyük yanğınlar yaşanıb. Bunlar belə bir sual yaradır: yenitikililərdə elektrik xətlərinin keyfiyyətinə nəzarət edilirmi?

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadovun sözlərinə görə, Azərbaycanda inşaat normativləri mövcuddur. Sadəcə, tikinti şirkətləri çalışırlar ki, tikinti zamanı maliyyəyə qənaət etsinlər: "İnşaat materialları nə qədər standartlara cavab versə də, bəzi xüsusiyyətlərinə görə qüsurlu ola bilər. Nəzərə almalıyıq ki, ölkəmizə keyfiyyəti aşağı məhsullar da ixrac olunur. Hansı ki, bu məhsullar müəyyən müddət istifadə olunduqdan sonra qüsurları üzə çıxır. Nəticədə problemlər yaranır. Ölkəmizdə dəfələrlə yenitikili binalarda kabel şaxtalarında, yaxud texniki avadanlıqların olduğu otaqlarda yanğın hadisəsi baş verib. Səbəblər müxtəlifdir. Materiallar qüsurlu olmasa belə, düzgün istismar edilmədikdə bu kimi hadisələr baş verir. Fikrimcə, boşluq çoxmənzilli binaların idarə olunmasındadır".

E.Azadov bildirdi ki, naqillər nə qədər dözümlü olsa da, kənar müdaxilə zamanı qəza qaçılmazdır: "Qeyri-yaşayış sahələrinin idarə olunması müştərək cəmiyyətin, yaxud MTK-nın səlahiyyətindədir. Bizdə isə bu ərazilər tikinti şirkətinə məxsus olur. Onlar həmin əraziləri icarəyə verir, satırlar. Bu zaman layihədə nəzərdə tutmayan şəkildə fəaliyyət təşkil olunur, bina və texniki avadanlıqlar normadan artıq yüklənir. Texniki yüklənmələr nəticəsində də müxtəlif qəzalar baş verir. Nəzarət mexanizmi üçün binaların idarə edilməsi ilə bağlı qanunların təkmilləşməsi lazımdır. Yerli icra qurumları yerində reydlər keçirməlidir".

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev isə qeyd etdi ki, elektrik təsərrüfatı, naqillər üzrə yoxlamalar obyektlər üçün məcburidir, lakin fərdi yaşayış binaları üçün nəzarət məcburi deyil: "Fövqəladə Hallar Nazirliyi elektrik təsərrüfatlarına baxış keçirir. Yanğın risklərinin müəyyən edilməsi üçün obyektlərdən bunu tələb edirlər. Müqavimətə davamlılıq, izolyasiya və s. hər biri yoxlanılır. Lakin mənzillərə dair belə yoxlamalar yoxdur. Fərdi yaşayış müəssisələri də ildə bir dəfə ixtisaslaşmış müəssisəni dəvət edərək elektrik təsərrüfatına baxış keçirə bilər. Hər hansı nasazlıq varsa, elektrik şəbəkəsi normadan artıq yüklənirsə, bu da elektrik təsərrüfatının qızmasına, qısaqapanma, alışma və yanğına gətirib çıxarır. Çünki hazırda mənzillərdə elektriklə işləyən avadanlıqların sayı çoxdur. Daha əvvəl tikilən binalarda bu kimi hallar nəzərə alınmadıqda yüklənmə baş verə bilir. Elektrik naqilləri çəkilərkən binanın həcmi, tutumu, kvadratı, mərtəbə sayı, mənzillərdə nə qədər paylayıcı olması və digər nüanslar nəzərə alınmalıdır. Bütün binalarda standartlar eyni deyil".

Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, onlar yanğından mühafizə ilə bağlı yoxlamalar həyata keçirirlər. Lakin bu yoxlamalar sadəcə elektrik naqilləri ilə bağlı olmur. Elektrik xətlərinə aid normalara onlar nəzarət etmirlər.

Yoxlamalar barədə qurumdan bildirildi ki, yoxlamalar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi" haqqında Azərbaycan Respublikasının Qanununun tələbləri çərçivəsində həyata keçirilir. Belə ki, yoxlamalar əvvəlcədən növbəti il üçün planlaşdırılır və növbəti il ərzində müəyyən olunmuş dövriliklə yoxlamaların icrası təmin olunur: "Azərbaycan Respublikasında Yanğın təhlükəsizliyi Qaydaları"nın (01-2001) 6.1-ci yarımbəndinin tələblərinə əsasən elektrik qurğuları və elektrik qurğularının istehlakçılar tərəfindən istismarı zamanı müvafiq Qaydalara və digər normativ sənədlərə uyğun olaraq quraşdırılıb istismar edilməsi tələb olunur. Sözügedən tələbin həyata keçirilməsinə nəzarət tədbirləri çərçivəsində bu işlərin normalara uyğun olub-olmaması ilə bağlı müvafiq sənədlər istehlakçıdan, yəni yoxlamaya cəlb olunmuş sahibkarlardan tələb olunur. Bu tələblər təqdim olunmadıqda Dövlət yanğın nəzarəti inspektoru tərəfindən cavabdeh şəxs barəsində İnzibati Xəta haqqında Protokol tərtib olunur, eyni zamanda bu pozuntunun aradan qaldırılması üçün müvafiq məzmunlu tələbnamə ona təqdim edilir".

"Azərişıq" ASC-dən isə bildirildi ki, elektrik xəttini hər bir obyekt, yaxud bina özü çəkir. Onlar yalnız sayğac quraşdırır və xətləri şəbəkəyə, yarımstansiyalara birləşdirirlər. Yenitikililərdə elektrik naqillərinin çəkilməsi və bu işə nəzarət edilməsi onların səlahiyyətində deyil.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də bildirildi ki, qurum yalnız tikinti ilə bağlı normativləri müəyyən edir.

"Yaşayış binaları. Layihələndirmə normaları"na görə yaşayış binalarının elektrik şəbəkələri avtomatik mühafizə sistemləri - qısaqapanma, artıq yüklənmə və sızma cərəyanından qoruma cihazları ilə təchiz olunmalıdır. Bu sistemlər yanğın riskinin qarşısını alan əsas mexanizmlərdir. Elektrik şitləri və kabel avadanlıqlarının yerləşdirilməsi üçün xüsusi qaydalar mövcuddur: onlar vanna otağı, sanitar qovşağı kimi nəmləşmə olan sahələrin altında quraşdırıla bilməz. Eyni zamanda, elektrik lövhələrinə giriş ya birbaşa küçədən, ya da mənzillərdənkənar dəhlizlərdən təmin edilməlidir ki, fövqəladə hallarda müdaxilə imkanları məhdudlaşmasın. Kabel şaxtaları və mühəndis kommunikasiya kanalları yanğına davamlı materiallardan hazırlanmalı və odadavamlılıq tələblərinə uyğun olmalıdır.

"Elektrik təhlükəsizliyi standartı"na əsasən, təhlükəsizlik baxımından elektrik qurğularında cərəyanaparan hissələr mütləq izolyasiya olunmalı, torpaqlama sistemi tətbiq edilməli və avtomatik söndürmə mexanizmləri nəzərdə tutulmalıdır. İstifadə olunacaq xətlərin növləri də normativ sənədlərlə müəyyən edilir. Mis kabellər yaşayış və ictimai binalarda əsas seçimdir, çünki yüksək keçiricilik və yanğın təhlükəsizliyi baxımından etibarlıdır. Alüminium kabellər daha çox sənaye obyektlərində və yüksək gərginlikli xətlərdə istifadə olunur, yaşayış binalarında isə yalnız xüsusi şərtlərlə tətbiq edilir. İzolyasiyalı kabellər (PVC, XLPE) yanmayan və çətin yanan materiallardan olmalı, BCH (STN) 59-88 standartının tələblərinə cavab verməlidir. ("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 651   Tarix: 29 noyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi

"Ukrayna NATO-da mühüm rol oynayır və alyansda tamhüquqlu yerini tutmalıdır". xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O, həmçinin Parisin tərəfdaşları ilə birlikdə Ukrayna ərazisində ədalətli və davamlı sülhün təmin olunmasın

20:00 175
.

Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır

Gələn il Azərbaycanda kartof istehsalının 948 min ton olacağı nəzərdə tutulub. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu da 2026-cı ilin proqnozu ilə müqayisədə 17,8 % azdır. 2028-ci ildə isə kartof istehsalının 967 mi

13:30 180
.

ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı

ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla

20:15 159
.

Alen Simonyan vəzifəsini itirir?

Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. -ın xəbərinə görə, bu məlumatı ölkənin ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinin sorğusuna cavabında təsdiqləyib. Beləliklə, yeni konstitusiya qəbu

12:10 203
.

Rəsmi Tehran: İran mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır

"İran strateji tərəfdaşları olan və Tehranın mövqeyindən yaxşı xəbərdar olan Rusiya və Çinlə sıx əlaqə saxlayır". "Report" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Biz həm Rusiya, həm də Çinlə sıx təmasdayıq. Çin və Rusiya bizim stratej

20:30 148
.

Strateji tərəfdaşlıq bəyannaməsində müdafiə və təhlükəsizlik məsələləri - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Prezident İlham Əliyevin Türkiyəyə və Avropaya səfərləri Azərbaycanın beynəlxalq mövqeyi və strateji tərəfdaşlıqları baxımından hansı mesajları verdi?. COP31 çərçivəsində iqlim öhdəliklərinin icrası, qlobal istiləşmə və inkişa

22:18 104
.

HƏMAS-ın "Rəfah" briqadasının komandiri öldürülüb

İsrail Müdafiə Ordusu və Şin Bet (ŞABAK) Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi qanadının "Rəfah" briqadasının komandiri Samir Mahmud Həsən Əbu Yunisi öldürüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu teleqram kanalında məlumat yayıb. Qeyd olunub ki, Əbu Yunis sentyabrı

22:15 102
.

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib - Video

Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib. BİG.AZ AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:. "Hörmətli radio və televiziya işçiləri,. Azərbaycan radiosunun yaranması milli mətbuat və mədəniyyət tariximizin mühüm hadisələrindən biridir. 1926-cı il noyabrın 6-da il

22:24 97
.

Ana Brnabiç: Yeni hakimiyyət müxalifəti dinləməkdə maraqlı deyil

Serbiyada prezident səlahiyyətlərini icra edən Ana Brnabiç yeni hakimiyyətin müxalifətlə dialoq aparmaqda və onun mövqeyini dinləməkdə maraqlı olmadığını bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Brnabiç bunu Serbiya Milli Assambleyasında keçirilən məsləhətləşmələrdən sonra jurnalistlər

18:20 175
.