Qulu Məhərrəmli: "Sosial şəbəkə qaydasız döyüş kimidir - orada heç bir ölçü yoxdur"

Qulu Məhərrəmli: "Sosial şəbəkə qaydasız döyüş kimidir - orada heç bir ölçü yoxdur"Qulu Məhərrəmli: "Sosial şəbəkə qaydasız döyüş kimidir – orada heç bir ölçü yoxdur. Ondan gərək məqsədəuyğun şəkildə istifadə edəsən".

"Məktəblilərlə görüşdə nələrdən danışmaq olar? Onların maraq dairəsində olan hər şeydən! Əsas mövzular kitab mütaliəsi, peşə seçimi, intellekt, TV, Ana dili, media, tarixi şəxsiyyətlər və milli dəyərlər oldu!"

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin birgə reallaşdırdığı "Məktəbdə" layihəsində qonaq olan televiziya tənqidçisi, siyasi icmalçı, Əməkdar jurnalist Qulu Məhərrəmli şagirdlərlə görüşündən dərhal sonra fb profilində belə paylaşım etdi.

Xətai rayonundakı 263 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Q.Məhərrəmli auditoriyaya öz fəaliyyəti haqqında qısa məlumat verərək "Əsas məsələ odur ki, bu görüşdən sonra siz məni daha yaxşı tanıyacaqsınız" dedi.

"Kaspi" qəzetinin həmin görüşdən hazırladığı məqaləni təqdim edirik:

Jurnalistikanı seçməyimdən peşman deyiləm

"7-8-ci sinifdə oxuyanda jurnalist olmağı qərara almışdım. Xarici ölkələrdəki müxbirlərin reportajları xoşuma gəlirdi. Ona görə xarici dil öyrənməyə çalışırdım. Çoxlu qəzet, jurnal oxuyurdum. Mənə deyirdilər ki, xarakterin başqa cürdür, səndən yaxşı prokuror olar, amma mən jurnalistikanı seçdim. Bundan da peşman deyiləm. Hazırda təkcə verilişlər aparmıram, həmçinin siyasi icmallar, müxtəlif mövzularla bağlı şərhlər verirəm. Daha çox televiziyaları tənqid etməklə məşğulam. Sosial siyasi proseslərə münasibət bildirirəm". Q.Məhərrəmli qeyd etdi ki, 1998-ci ildən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində "Televiziya və radio jurnalistikası" kafedrasında çalışır. Hazırda kafedra müdiridir: "Çoxlu tələbəmiz var. Məşğul olduğum sahələrdən biri də dilçilikdir. Nitq mədəniyyəti məsələləri, Azərbaycan dilinin düzgün işlənməsi qaydaları, o cümlədən, dərsliklərin dili ilə məşğulam. 2 il Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışmışam. Arada vaxtım olanda kitablar yazmışam. 40-a yaxın kitabım nəşr olunub ki, bura dərsliklər, publisistik və köşə yazılar, araşdırmalar və s. daxildir".

Mətbuat azadlığı özbaşınalıq deyil

Şagirdlərdən birinin "Bu gün mətbuatın, xüsusilə elektron medianın gücünü necə izah edərdiniz?" sualına cavab olaraq Q.Məhərrəmli sovet dövrü jurnalistikası ilə çağdaş jurnalistikanın müqayisəsindən danışdı: "Sovet jurnalistikası fərqli idi. Daha çox partiya orqanlarının bir təkəri idi. Tapşırıq verirdilər işləyirdi, müstəqil deyildi. Amma səmimi jurnalistika idi. Qaydalar vardı, indiki kimi çox xaos içində deyildi. İndi mətbuat azaddır. Təəssüf ki, o azadlığın ortaya gətirdiyi naqisliklərlə üz-üzəyik. Etik qaydalar pozulur, insanların şəxsi həyatına müdaxilə olunur, çoxlu böhtanlar yazılır. Mən Mətbuat Şurasının Etik komissiyasının sədriyəm. Bu məsələləri o qurumda müzakirə edirik. Mətbuat azadlığı özbaşınalıq deyil. Mətbuat azadlığı, demokratiya xaos deyil. Azadlığı əldə edib məsuliyyəti unudanda, mətbuat azadlığı gözdən düşür. Biz bunları qoşa qanad kimi aparmalıyıq. Mətbuat azadlığından silah kimi istifadə etmək olmaz. Bu kütləvi qırğın silahı deyil, kütləvi məlumat vasitəsidir".

İnformasiya cəmiyyəti dövrü

Professor qeyd etdi ki, ən ciddi problemlərdən biri yeniyetmə və gənclər arasında doğru- düzgün informasiyaları yaymaqdır: "İnformasiya cəmiyyəti dövründə yaşayırıq. İnsanların əldə etdiyi və yaydığı məlumata görə dövr müəyyənləşir. Məsələn, bu gün "neft" haqqında olan informasiya neftin özündən qiymətlidir. İnformasiya ilə işləmək xüsusi savad tələb edir. Bunun adı media savadlılığıdır. Bu, bizim məktəblərdə keçirilmir, amma Türkiyədə orta məktəblərdə 6-cı sinifdən başlayaraq "Media savadlılğı" keçirilir. Biz oxuduğumuz informasiyanın nə qədər həqiqətə uyğun olub-olmadığını bilməliyik. 44 günlük müharibədə ən çox müraciət olunan məsələ "yalan məlumatlara inanmayın" idi. Yalan məlumata inanmamaq üçün gərək doğru məlumatın necə olduğunu bilək. Mənə elə gəlir ki, bizim məktəblərdə 10-11-ci siniflərdə ya "İnformasiya", ya da "Media savadlılığı" fənni keçilməlidir. Əgər siz status yazırsınızsa, bilməlisiniz ki, bunu necə dəqiq və cəlbedici yazmalısınız. "Nə, harada, nə vaxt, niyə, necə olub və kim iştirak edib?" - xəbərin suallarıdır. Ümumiyyətlə, informasiya bizə nə üçün lazımdır?"

"Televiziya tənqidçilərinin sayı çox azdır"

"Hazırda efir məkanında yeniyetmə və gənc auditoriyanın marağına uyğun verilişləri qənaətbəxş saymaq olarmı?" sualına cavab verən televiziya tənqidçisi etiraf etdi ki, bu sahədə boşluqlar var. Onlardan biri də uşaqlar və yeniyetmələr üçün verilişlərin azlığıdır: "Televiziya bir cəmiyyəti formalaşdıra bilir. Bunun üçün tənqidi düşüncəni inkişaf etdirmək lazımdır. Biz onun gücündən çox istifadə edə bilərik. Televiziya tənqidçilərinin sayı çox azdır. Televiziya aparıcılarının peşəkarlığı da çox önəmlidir. Bəzən bir aparıcı televiziyanın siması sayılır. Əgər televiziyalar maraqlı verilişləri çox etsələr, heç sosial şəbəkələrə ehtiyac qalmaz".

Dil qaydaları ən çox televiziyalarda pozulur

Şagirdlərin "Teleməkanda Ana dilimizin norma və qaydalarına əməl olunması sizi qane edirmi?" sualına cavab verən professor bildirdi ki, dil qaydaları çox pozulur: "Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi yaradılıb. İki kitab nəşr ediblər. Məlum olub ki, dil qaydaları ən çox televiziyalarda pozulur. Azərbaycan dili şəkilçisi olan dildir. Başqa dilin qaydalarını bura tətbiq etmək olmaz. Mənim fikrimcə, dil normaları televiziya, radio və küçə reklam və elanlarında daha çox pozulur". Professor "Biz öz dilimizi gözəl bilməli, fikrimizi aydın, səlis ifadə etməliyik", - deyə şagirdlərə tövsiyə etdi: "Əlbəttə, ingilis, rus, fransız və ya ispan dillərini də bilmək lazımdır. Neçə dil bilirsənsə, bir o qədər adamsan".

"O qədər gözəl arzudur ki..."

Məktəbin müəllimlərindən birinin sualı ümumən cəmiyyətin narahatlığını ifadə etdi: "Bu gün sosial şəbəkələr əhatə dairəsinə görə telekanalları və medianı üstələyib. Bunun müsbət və mənfi tərəflərini necə izah edərdiniz? Nə etmək lazımdır ki, bizim televiziyaların hazırladıqları proqramlar böyüyən nəslin marağına uyğun olsun?". Bu sual qonağı da qayğılandırdı: "Bu, o qədər gözəl arzudur ki... Ancaq elə arzu olaraq da qalır. Sosial şəbəkələr daha qorxulu platformadır. Onların heç bir ölçüsü yoxdur. İnsanların düşüncə, hərəkət azadlığını, xüsusən qadağalara münasibətini stimullaşdıran bu platformalar çox böyük dağıdıcı gücə malikdir. Oradakı informasiyanın doğru, yalan və ya zərərli olduğunu necə müəyyənləşdirməliyik? Yenə təkrar edirəm, bunun üçün informasiya savadlılığı olmalıdır. Bir müğənni var: Üzeyir. Bircə mahnısına da qulaq asmamışam. Onu sosial şəbəkələrdə 2-3 milyon insan layk edir. Amma klassik Azərbaycan musiqisinin banisi Üzeyir bəyi çox adam tanımır. Biz özümüzü dərk etməli, hansı ölkədə yaşadığımızı bilməli, millətin yetirdiyi şəxsiyyətləri və onların yaratdığı dəyərləri bilməli və qorumalıyıq. Sosial şəbəkə qaydasız döyüş kimidir – orada heç bir ölçü yoxdur. Sosial şəbəkələr atom bombası kimidir. Ondan gərək məqsədəuyğun şəkildə istifadə edəsən". Bununla belə, professor gələcəklə bağlı ümidini də ifadə etdi: "Mənə elə gəlir ki, sosial şəbəkələrin indiki üstünlüyü müvəqqətidir. Zaman keçəcək, onlara olan maraq itəcək. Bu həvəs keçəndən sonra dalğalar öz məcrasına qayıdan kimi narahatlıq da keçəcək...".

Təhsil sisteminin problemləri

Şagirdlərdən biri "Sizin fikrinizcə, təhsil sahəsində müsbət və mənfi cəhətlər hansılardır?", - deyə professorun fikirlərini bilmək istədi: "Təhsilin problemini ilk növbədə təhsil sisteminin özündə görürəm. Təhsil nazirini şəxsən tanıyıram. Müasir düşüncəli və intellektli, gözəl texnoloji biliklərə malik gəncdir. Amma həm orta, həm ali təhsildə problemlər var. Məsələn, bakalavr təhsili müəyyən qədər özünü doğruldur, amma magistratura pilləsində gəlib bakalavrda oxuduqlarını təkrar edirlər. Təhsilimizə "Boloniya sistemi" gətirilib. Amma bu sistemin adı var, mahiyyəti yoxdur. Və yaxud tələbələr ali məktəbə hazırlaşmaq üçün repetitor yanına gedirlər. Bunu müəyyən qədər məktəb yaradır. Digər tərəfdən, bu valideynlərin istəyi ilə üst-üstə düşür. Təhsilin məqsədinə ancaq kitab oxumaq kimi baxırıq. Repetitor yanına getməklə ancaq testləri biləcəksiniz. Amma ümumən həyata hazır olacaqsınız, yoxsa yox? İctimai düşüncəniz olacaq, yoxsa yox? Orta məktəbi bitirəndə kompleks biliklərə yiyələnəcəksiniz, yoxsa yox? Biz elə etməliyik ki, orta məktəbi bitirən şəxs müəyyən yetkinliyə sahib olsun".

"Əksliklərin vəhdəti və mübarizəsi"

"Mənim sualım bütün dövrlərdə mövcud olmuş nəsillərin mübarizəsi ilə bağlıdır. Yaşlı nəsil bu günün gəncliyini çox zaman öz dövrlərinin gəncliyi ilə müqayisə edir. Bu müqayisəni haqlı sayırsınızmı?" deyə yuxarı sinif şagirdi soruşdu. Sualın cavabında professor bildirdi ki, nəsillərin bir-biri ilə davası əbədidir: "Siz indi özünüzdən böyükləri tənqid edirsiniz. Bir az keçəcək, onların yerində oturanda, sizdən sonra gələnlər sizi top atəşinə tutacaq. Bu, əbədi bir mübarizədir. Nə yaxşı ki, bu mübarizə var. Mübarizəsiz heç nə olmur. Ali məktəblərdə fəlsəfə keçəcəksiniz. Dialektikanın ikinci qanunu "Əksliklərin vəhdəti və mübarizəsi"dir. Əksliklərin vəhdəti həmişə olacaq".

"Belə olarsa, bu milləti də irəli apara biləcəklər"

Görüşün sonunda Q.Məhərrəmlinin məktəblilərə bir pedaqoq və vətəndaş kimi tövsiyəsi də səsləndi: "Dil, Vətən və dövlət – bu 3 amil bizim üçün vacibdir. Gələcəkdə aranızdan jurnalistlər, həkimlər, mühəndislər yetişəcək. Nəyi öyrənirsinizsə, dərindən öyrənin. Mən istəyirəm ki, bizim gənclərimiz həm keçmişlərini, həm milli kimliklərini yaxşı bilsinlər, həm də müasir dünya ilə təmasda olsunlar. Kompüter elmlərini mənimsəsinlər və dünyanın yaradıcı gəncləri kimi yetişsinlər. Belə olarsa, milləti də irəli apara biləcəklər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 513   Tarix: 02 aprel 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

TOP MP3