Ermənilərin saxta Facebook hesablarını belə MÜƏYYƏNLƏŞDİRMƏK OLAR
Hesabda az foto var. Olanlar da Feysbuka çox yaxın tarixlərdə yüklənib. Hesab sahibinin öz şəkli ümumiyyətlə, yoxdur. Dostluğunda az və keyfiyyətsiz paylaşımları ilə seçilən, reallığa uyğun olmayan insanlar var.
Deməli həyəcan təbili çalmağa dəyər...
Azərbaycanın müharibə şəraitində olduğunu nəzərə alsaq, son vaxtlar sosial şəbəkələrdəki saxta hesablarla mübarizə daha da aktivləşib. Çünki düşmən azərbaycanlı adları ilə saxta hesablar açaraq təxribat törətməyə, ruh düşkünlüyü yaratmağa, dezinformasiya yaymağa çalışır.
Bəs, sosial şəbəkələrdə aramıza sızmağa çalışan düşmən saxta hesablarını necə müəyyənləşdirə bilərik?
BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı TED.az-a sosial media mütəxəssisi Türkan Əkbərova müsahibə verib. Bildirib ki, şübhəli hesab aşkarladıqda öncə arxivini incələmək lazımdır: "Onsuz da, saxta hesabın arxivində azərbaycanlıya aid nəsə tapmaq olmur. Hesab yeni açılıb, saxtadırsa, arxivi olmayacaq. Amma əsas məqam hesabın bioqrafiya hissəsi, orada hansı kontentə üstünlük verilməsidir. Bu aralar "Location" hissəsində ərazi olaraq başqa ölkələrin qeyd edildiyi hesabları dostluğa qəbul etməməkdə fayda var. Bəzən istifadəçi azərbaycanlı olsa da, Berlində yaşadığı üçün Feysbuk Almaniyanı göstərir. Amma bunlara qarşı ehtiyatlı olmalıyıq. Qeyd edim ki, yalnız dostluğumuzdakıların "Location"ına daxil olmağa icazə verilir. Amma bu o demək deyil ki, hər kəsin dostluğunu qəbul etmək məcburiyyətindəyik. Məsləhət görərdim, ümumiyyətlə, şübhəli şəxslərin dostluq təkliflərindən imtina etsinlər. "Location" üçün isə tənzimələrdən şəxsi məlumatlar bölməsinə daxil olmaq lazımdır. Çünki qeydiyyatdan keçərkən Feysbuk yaşadığımız ünvan və ölkəni barədə məlumat tələb edir".
Müsahibin sözlərinə görə, hesaba şəxsi şəkil qoymamaq sosial şəbəkə etiket qaydalarına ziddir: "Azərbaycanla bağlılığından asılı olmayaraq, hesabda şəxsi deyil, başqa bir şəkildən istifadə edilibsə, etiket qaydaları pozulub. Deməli, həmin istifadəçi real deyil və Feysbuk hesabını başqa məqsədlə açıb. Həmvətənlərimi etiket qaydalarını pozmuş şəxslərin dostluğunu qəbul etməməyə çağırıram. Saxta hesabı müəyyənləşdirməyin daha bir yolu profil fotoya diqqət yetirməkdir. Saxta hesabların şəkli başqa yerdən götürüldüyü üçün keyfiyyətcə aşağı olur. Feysbuk digər hesablardan oğurlanan şəkillərin keyfiyyətini mütləq aşağı salır. Fotonun əsl sahibini müəyyənləşdirmək üçün şəkli cihaza, daha sonra Google-a yükləyərək axtarış vermək lazımdır. Təəssüf, hansısa hesabın daha öncə qruplarda, rəylərdə yazışmalarını görə bilmirik. Belə olsaydı, saxta hesabı müəyyənləşdirmək asanlaşardı. Saxta hesab dezinformasiya, təxribat üçün açılıbsa, dostluğunda diqqəti cəlb etməyəcək şəxslər olacaq. Düşmənin xeyrinə işləyən, saxta hesab heç vaxt Azərbaycan yönümlü məlumat paylaşmayacaq. Çünki o, informasiya savaşında müəyyən məqsədlərə qulluq etmək üçün açılıb. Azərbaycanda provaksiyayaradıcı paylaşım, saxta informasiya, cəbhədən müəyyən görüntülər, düşmənin işinə yarayacaq hərbi sirləri üstüörtülü verən hesablar saxtadır".
T.Əkbərova qeyd edib ki, hesabın saxta, təxribatçı olduğunu aşkarladıqda mütləq şikayət etmək lazımdır: "Şikayət zamanı Feysbuka hesabın saxta olması ilə bağlı şikayət göndərilir. Ən azı on nəfər şikayət etdikdə Feysbuk həmin hesabı bağlayır".
Qeyd edək ki, Feysbuk bunun qarşısını almaq üçün mütəmadi təmizləmələr həyata keçirsə də, hazırda sosial şəbəkədə 100 milyondan çox saxta hesab var.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










