"O gündən sonra uzun müddət özümə gəlmədim" - 30 aprel terror aktının şahidi
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. Terror hadisəsindən 11 il ötür.
Həmin hadisənin şahidi olan insanlar taleyi yarımçıq qalan gənc tələbələri heç vaxt unutmadılar.
Həmin günün həyəcan və qorxusunu hələ də unuda bilməyən şahidlərdən biri də gənc bəstəkar Vəfa Bağırzadədir.
11 il öncə baş verən hadisə ilə bağlı təssürratlarını BiG.AZ-a danışan Vəfa o gündən sonra uzun müddət özümə gəlmədiyini bildirib:
"Asəf Zeynallı adına Bakı Musiqi kollecinin 2-ci kursunda oxuyurdum. Kollecimiz ADNA-nın hadisə baş verən korpusu ilə üzbəüz yerləşir. O gün bizə ədəbiyyat dərsi var idi. İndiyə kimi yadımdadır. Sinif otağında oturub müəllimi gözləyirdik. Birdən silah səsinə bənzər bir səs eşitdik. Əhəmiyyət vermədik. Ağlımıza da gəlməzdi ki, bu səs həqiqətən də silahın səsi ola bilər. Bir neçə saniyə sonra qrup yoldaşlarımdan biri bizi təlaşla pəncərədən baxmağa çağırdı. Pəncərədən bayıra baxdığımızda yerdə qanlar içində uzanan və çabalayan bir oğlan gördük. Əcnəbi olduğu qara dərili olması ilə bilinirdi. Dəftəri də əlindən düşüb yerə sərilmişdi.Dəhşətə gəldik. Burada nə baş verib? Ağlımıza gələn ilk cavab bu oldu: dava - dalaş.. Bəli, bəlkə də iki və ya bir neçə tələbə arasında dava - münaqişə olub və bıçaqlanma ilə nəticələnib. Bayaqki silaha bənzər səs isə yadımıza düşmür... Yaxşı, bəs buranın gözətçisi yoxdur? Axı bizim kollecin hətta gözətçisi var. Akademiyanın niyə yoxdur? Niyə hamı əlini -qolunu sallaya sallaya binaya daxil ola bilir? ... bu və digər suallar və cavablar beynimizdə yaranırdı. Lakin dəqiq heç nəyi anlaya bilmirdik. Yerdə yatan tələbəyə canımız yanırdı... Sonra gözümüz Akademiyanın pəncərələrinə sataşdı. Tələbələr pəncərədən aşağı enməyə çalışırdılar. Lakin hündürlükdən qorxub geri çəkilirdilər. Nə olduğuna anlam verə bilmədən yerdə çabalayan o əcnəbi tələbəyə ürək yanqısı ilə baxıb bu işin sonunu gözləyirdik... Yarım saat beləcə davam etdi. Yarım saatdan sonra hadisə yerinə təcili tibb yardım maşınları gəldi. Vəəə budur o dəhşətli görüntü. Binadan çoxlu sayda yaralı və ölən insanlar çıxarılır. İlahi, burda nə baş verib belə? Nə dəhşətli mənzərədir. İnsanlar qan içindədirlər.. Bizə artıq hər şey aydın olmağa başlayır. Burada terror hadisəsi baş vermişdi. Axı niyə? Nə səbəbə? Bayaq eşitdiyimiz silaha bənzər səs yadımıza düşür. Bu doğurdan da silah səsi imiş...
Sonra müəllim sinfə daxil olur. Hadisədən xəbərdardır o da. Bizə ehtiyyatla evə getməyimizi tapşırır. Dərslər dayandırıldı. Hamımızı bir -bir sırayla bayra çıxardılar. Çöldəki o izdihamı gördükcə adamı vahimə basırdı. Hadisə yeri mühazirəyə alınmışdı. Artıq jurnalistlər də orda idilər. Yaralı insanlar Akademiyanın binasından hələ də çıxarılmağa davam edirdi. Birtəhər özümü evə çatdırıb tez xəbərləri açdım. Hər yerdə bu hadisədən danışılırdı... Terror baş verdiyi artıq dəqiq məlum idi. Nə istəmişdilər onlardan? Axı niyə? Bu suallara indi də cavab tapa bilmirəm. O gündən sonra uzun müddət özümə gəlmədim.Heç vaxt unutmadım, unutmaram..."
Qeyd edək ki, kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə "Makarov" tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib.
Lamiyə Məmmədova
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










