"Təsəllim odur ki, Elina məktəbdə yox, xəstəxanada öldü" - Direktorun ilk ifadəsi
Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın növbəti məhkəməsi keçirilib.
Hakim Azər Tağıyevin icraatında olan prosesdə S.Abbasova ilk dəfə ifadə verib. O, bundan öncəki proseslərdə danışmaqdan imtina edərək ən sonda ifadə verəcəyini demişdi. S.Abbasova bildirib ki, hadisə günü saat 7:30da işdə olub:
"İkinci dərs bitəndən sonra tənəffüs zamanı müavinim Tünzalə Mikayılova ilə birlikdə işləri müzakirə edirdilər. Bu zaman müəllimə gəlib həyətdə bir uşağın yıxıldığını dedi. Sonra gördük ki, iki uşaq Elinanı qucaqlarına götürüb içəri girirdilər. Mən də onlara acıqlandım ki, uşağı kim itələyib. Elina da onların qucağından düşmək istəyirdi, o dedi ki, məni heç itələməyib, özüm yıxılmışam. Elinanı mənim otağıma apardıq. Məktəbə girəndə tibb bacısının otağını açmaq istədim, bağlı idi, o yerində yox idi. Sonra kameralara baxanda bildim ki, həmin gün işə gecikib. Elinanı otağımda divana uzadandan sonra o danışmaq istədiyini dedi. Elina dedi ki, 3 aydır Tramadol atıram, amma son 3 gündə tapa bilmədiyim üçün hər gün 1 paçka Ketatifen içirəm. Sonra da çantasından Ketatifen qutusu çıxdı. Tibb bacısı sonra gəlib dedi ki, sınıq, gözlə görünən xəsarət yoxdur. Mənim yadımda deyildi həkimə ilk kim zəng etmişdi, amma istintaqda bəlli oldu ki, mən zəng etmişəm. Sonra valideynlərə xəbər verdik, artıq 10-a yaxın polis məndən izahat alırdı. Onlar tabletka məsələsi ilə maraqlanırdılar, sualların çoxuna Elina özü cavab verirdi. Sonra da Xalidə Bayramova gəldi, polislər Elinanın çantasını gətirdilər, içindən 20 ədəd psixotrop dərmanın adları yazılan vərəq çıxdı. Həm də Elinanın gündəliyi var idi, orada yazılmışdı ki, "ölümümə 52 gün qalıb, mənim həyatım zibil kimidir".
Hesabladılar bu aprelin 7-nə düşürdü. Xalidə Bayramova "skoru" maşınında Elina ilə birlikdə getdi. Biz sonra kamerada baxanda gördük ki, Elina 3-cü mərtəbədən yıxılıb. İki həftə əvvəl ikinci mərtəbədən iki uşaq pəncərədən düşərək dərsdən qaçmışdılar. Mən də buna görə elə bilirdim ki, Elina ikinci mərtəbədən düşüb. Sonra xəstəxanaya getdim, valideynləri orada yox idi. Yarım saat sonra Fazil həkim Elinanı UZİ-yə aparanda gördüm. Elina dedi ki, uşaqlardan kim istəsə mənim yanıma gəlsin, uşaqlara salam göndərdi. UZİ-dən sonra bizə dedilər ki, hər şey yaxşıdı, bircə sidik kisəsində ləkə var. Dedilər qan olsa, əməliyyat edəcəyik, Elina bunu eşidəndə biraz qorxdu. Aprelin 6-da prokurorluqda ifadə verəndə Elinanın öldüyünü eşitdim. Həmin vaxt müstəntiq soruşdu ki, özünü təqsirli bilirsən? Mən də dedim ki, qismən təqsirli bilirəm, çünki onu incitməklərindən xəbərim olmayıb. Həm də affekt vəziyyətdə olduğum üçün "skoru" gec çağırmışam. Kimlərə zəng etdiyimi də xatırlamıram. İndi isə özümü təqsirli bilmirəm. Elina psixoloqla ancaq saçını rəngləməsi məsələsini müzakirə edib, intihar etmək istəməsi ilə bağlı heç bir qeyd yoxdur. Elina birinci dəfə boğazını kəsəndə soruşdum dedi intihar üçün etməmişəm. Mən bu haqda polisə məlumat vermişdim. Elina 1 həftə sonra ikinci dəfə boğazını kəsəndə səbəbini soruşdum dedi ki, "cool" görünmək üçün belə edib. Bu formada şəkillər çəkib İnstagrama da qoymuşdu. Mənə təsəlli verən budur ki, Elina məktəbdə yox, iki gün sonra xəstəxanada öldü. Xalidə Bayramovanın onu gözləməyimlə bağlı mənə tapşırıq verməsi yadmda deyil, "skoru" çağırmamaqla bağlı isə mənə heç kim göstəriş verməyib".
Anası Sevil Hüseynova deyib ki, Elinanın gündəliyində intiharla bağlı yazdığı sözlər bir kitabdan sitat olub. Elinanın ailəsinin vəkili mülki iddiaya əlavə verərək bildirib ki, 100 min manatlıq təzminatdan əlavə dəfn xərclərinə çəkilən 8500 manat da ödənilsin. Proses oktyabrın 11-də davam etdiriləcək.
Mənbə: Qafqazinfo
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş