Sabiq nazir: Nə olsun ki villamız, "novostroyka"da evlərimiz yoxdur - FOTO

Sabiq nazir: Nə olsun ki villamız, "novostroyka"da evlərimiz yoxdur - FOTO
Oxu.az-ın müxbirinin suallarını keçmiş rabitə naziri Siruz Abasbəyli cavablandırır:

–​ Necəsiniz, işləriniz, əhval-ruhiyyəniz necədir?

– (gülür) Əhval-ruhiyyəm işçi vəziyyətdədir. Adam istəyir ki, nəsə yaratsın, bir iş görsün. Çünki vaxtilə yarımçıq qalan işlərimiz çoxdur. İşlədiyim dövrdə çox güclü layihələrimiz var idi. Qarşıma qoyduğum o məqsədlər, o problemlər ki var idi, həllini gözləyirdi, onların çoxunu həll elədik, çoxunu axıra çatdırdıq. Ancaq bəzi Avropa, dünya səviyyəli layihələrimiz yarımçıq qaldı. Çatdıra bilmədik, yəni işdən gedəsi oldum. Çox adam mənə sual verir: İşdən getmək məsələsi necə oldu, nə üçün oldu?

Min söz deyirlər, ancaq işdən getməyimin səbəbini bir mən bilirəm, bir də bir-iki nəfər yüksək səviyyəli şəxs. İşdən getməyimin səbəbini açıqlamaq fikrim yoxdur, o fikirdə deyiləm, öz aramızda olan bir məsələdir.

Bu yaxınlarda internetdə oxudum ki, rabitə nazirimiz Ramin Quluzadə vaxtilə yarımçıq qalan layihələrimizin birinin reallaşmasına yenidən start verib, hətta Qazaxıstan və Türkmənistan nazirləri ilə bu layihənin üzərində işləməyə başlayıblar. Layihənin adı o vaxtlar TAE idi. Bu, Çindən başlayıb, Frankfurta qədər gedən dəniz yeraltı, yerüstü kabelin çəkilməsi layihəsidir.

Xatırladım ki, 1994-1995-ci illərdə biz bu məsələni qaldırmışdıq və bu layihəyə rəhbərlik etməyi öz üzərimizə götürmüşdük ki, müxtəlif Asiya ölkələri, o cümlədən, Almaniya və digər Avropa ölkələri ilə onu həyata keçirək.

Bu, bir növ İpək Yolu deyilən layihənin eyni idi. Lakin işdən gedəndən sonra bu məsələ yarımçıq qaldı, axıra çatdıran olmadı. Məndən sonra gələn şəxs tam başqa yolu tutdu. Rabitə sahəsində inkişaf sanki dayanmışdı, heç bir yenilik tətbiq edilməmişdi, Bakının mərkəzindəki obyektlər, bir çox poçt binaları, məşhur danışıq məntəqələri satılmışdı.

Çox sevinirəm ki, 1992-1997-ci illərdə görülən işlər bu gün öz bəhrəsini verir. Bugünkü internet şəbəkəsinin qurulması, mobil rabitə sistemlərinin – "Azərcell”in, "Bakcell”in, "Katel”in əmələ gəlməsi, sonra "Ultel”, "Azevrotel” birgə müəssisələrinin yaranması, peyk-rabitə sisteminin yaradılması məhz həmin illərə aiddir.

Bunlar hamısı ən çətin dövrdə yarandı. Bu, elə bir dövr idi ki, təkcə Rabitə Nazirliyində yox, ümumiyyətlə, respublikada maliyyə böhranı idi. Yadınıza gəlirsə, hətta insanların, fəhlələrin maaşını vermək belə çətin idi, aylarla gecikmələr olurdu. Ancaq biz o vaxt daxili imkanlar hesabına çox böyük işlər gördük, o cümlədən, illərlə tikintisi dayandırılmış Televiziya qülləsinin tikintisini başa çatdırdıq.

Rəhmətlik Heydər Əliyev həmin qüllənin açılışını elədi, rabitə işçilərinə minnətdarlığını bildirdi və çox yüksək qiymətləndirdi ki, nəhayət, Azərbaycanın, Bakının simvolu olan Televiziya qülləsi işə düşdü. Bu, həmin dövrdəki fəaliyyətimizin bir hissəsidir.

Çox danışmaq olar, ancaq verdiyiniz suala cavab olaraq, bir daha qeyd edirəm ki, əhval-ruhiyyəm işçi əhval-ruhiyyəsidir. Hələ enerji çoxdur və mənə belə gəlir ki, vaxtımızı boş yerə sərf eləmirik.

– Nə mənada?

– Yaratdığımız "Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri” İctimai Birliyinin sədriyəm və o ictimai birlik rabitə sahəsində müəyyən işlər görür. Rabitə Nazirliyinə yeni rəhbərlik gələndən bizə əlindən gələn köməyi edir. Bizə yer verib. Müəyyən texniki avadanlıqla kömək edir. Bu, işimizin bir istiqamətidir, yəni ictimai birlik olaraq müxtəlif tədbirlər həyata keçiririk və o tədbirlər beynəlxalq səviyyəli olur.

Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının nəzdində Beynəlxalq Rabitə Akademiyasının Azərbaycan filialının rəhbərliyi mənə tapşırılıb. 25 nəfər akademikimiz var. Cənab prezidentimiz İlham Əliyevin 2016-cı ili "İKT İli” elan etməsilə ölkəmizdə bu sahədə çox işlər görüldü və Akademiyanın Rəyasət Heyəti adından ona akademik titulu verildi. Bununla yanaşı, keçmiş rabitə naziri Əli Abbasov, sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayev bizim Akademiyanın akademikləridir.

Rabitə sistemində çalışan mütəxəssislərin bir çoxu, keçmiş rabitə müəssisələrinin bəzi rəhbərləri, Texniki Universitetin müəllimləri, professorları Rabitə Akademiyasının üzvləridir. Akademiya çərçivəsində müəyyən tədbirlər keçiririk. Ən axırıncı tədbirimiz Azərbaycanda genişzolaqlı internetin inkişafı mövzusunda idi.

Moskvadan qonaqlar gəlmişdi, başqa beynəlxalq qurumlardan qonaqlarımız var idi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Akademiya və ictimai birlik birlikdə yeni bir beynəlxalq konfrans keçirməyə hazırlaşırıq.

– Kənardan nikbin insan təsiri bağışlayırsınız, yoxsa müşahidəmiz yanlışdır?

– Düzünü deyim ki, həmişə optimist olmuşam, həyata açıq gözlə baxmışam, nəsə yaratmaq istəmişəm. Passiv həyat keçirməyi sevmirəm. Hər zaman aktiv olmuşam və bu aktivliyin kökü gedir uşaqlığa. Uşaqlıqda texnika, incəsənətlə məşğul olmuşam, dram, musiqi, rəqs dərnəklərində iştirak etmişəm. Uşaqlıqdan məndə olan bir xüsusiyyətdir ki, həyatı, yaşamağı, yaratmağı sevmişəm. Bu, mənim qanımdadır.

Dediyim kimi, uşaq vaxtı dram dərnəyinə gedirdik. Bizim rəhbərimiz korifey sənətkarımız, Xalq artisti Ələddin Abbasov idi. Zülfüqar Baratov, Muxtar Avşarov və nəhayət, ən axırıncı müəllimimiz Hacıbaba Bağırov oldu. Rəqs dərnəyinə gedirdim. O zamanlar 13-14 yaşım var idi.

Həmin vaxt Zülfüqar Baratov məni Gəncə Dövlət Filarmoniyasına apardı, solo rəqsi öyrətdi mənə. O vaxt bizimlə ansambla gedən uşaqlar, filarmoniyanın uşaqları çoxu elmlər doktorudur, filosofdur, professordur. Misal üçün, Zaur Həsənov Gəncədə Kənd Təsərrüfatı Akademiyasının (Aqrar Universitetin) professorudur. Beləliklə, incəsənətlə bərabər olaraq, həm də texnika ilə maraqlanırdım. Gənc texniklər stansiyasına, radio, aviakonstruktor, aviamodel dərnəklərinə gedirdim.

Məktəbdə oxuyanda boş vaxtımız yox idi. Səhər 08:00-da dərsə gedərdik, saat 01:00-02:00-da dərsdən çıxardıq, sonra "Pionerlər evi”nə, Mədəniyyət Evinə, müxtəlif peşə məktəblərinə gedərdik.

– Əhvalınız korlananda, ovqatınız təlx olanda özünüzü necə ələ alırsınız, nə ilə ovunursunuz, ətrafdan, insanlardan uzaqlaşırsınız, yoxsa?

– Əlbəttə, hər bir insanln ovqatı təlx olur, nəsə bir qanqaraçılıq düşür. Bu, hamıda var, amma onu ürəyə yaxın qəbul etmək lazım deyil. Həyat problemlərlə doludur. Heç kəsin problemsiz həyatı yoxdur. Nəsə bir qanqaraçılıq olanda, problemli məsələ ortaya çıxanda, xoşagəlməz hadisələr baş verəndə çıxış yolunu tapmağa cəhd edirsən, çalışırsan ki, nəsə edəsən.

Çıxıb şəhəri gəzirsən, dənizkənarı bulvara gedirsən, dostları axtarıb tapırsan, telefonla zəngləşirsən, gedib bir çay içib, dərdləşib söhbət edirsən, nəvələrlə oturub-durursan, danışırsan, söhbət edirsən.

Ən nəhayət, hansısa narahatlıq olanda, özümə yer tapmayanda musiqi ilə məşğul oluram. Boş vaxtlarımı musiqiyə sərf edirəm.

– Nəyə, kimə qulaq asırsınız?

– Bilirsiniz, əlimə harada nə keçdisə, onda ifa edirəm. Tar, kaman, nağara, qarmon, piano, sintezator, nə olsa, nəfəs alətlərindən başqa, bütün alətlərdə həvəskar kimi ifa edirəm.

– Lirik, yoxsa şən, oynaq musiqilər?

– Lirikanı çox sevirəm. Flora xanımın, Alim Qasımovun ifasını çox sevirəm. Oynaq mahnılara, musiqilərə gəlincə, məsələn, Səməd Səmədovu dinləyirəm, özü də mənim yaxın dostumdur. Eyni zamanda, özüm mahnı bəstələməyi sevirəm. Bu həvəs məndə lap uşaqlıqdan var.

– İndiyədək mahnılarınızı tanınmışlardan kimlər ifa edib?

– Mahnılarımı rəhmətlik İlhamə xanım oxuyub. "İlhamlı Azərbaycan” adlı bir mahnım olub.

Cənab prezidentin seçilməsi münasibətilə biz İlhamə xanımla oturub belə bir layihə üzərində işlədik. Sözlərini yazmaqda bizə hörmətli şairimiz İsmayıl Dadaşov kömək elədi. Çox gözəl bir mahnı alındı, marş formasında. Onu oxudu, həmçinin, "Gəncə” mahnımı ifa elədi. Ondan sonra Flora xanım "Həyatımın son zəngi” adlı bir lirik mahnımı ifa elədi. Aybəniz Haşımova bir neçə mahnımı ifa etməkdədir. Elza Seyidcahan 2015-ci ildə ölkəmizdə keçirilən İlk Avropa Oyunlarına aid bir mahnımı ifa elədi. O da marş formasındadır, bütün televiziya kanallarında getdi.

Firuzə İbadova bir neçə mahnımı ifa edib. Nisbətən cavan müğənnilər Günel Ziya, Nadir Qafarzadə, Rəşad İlyasov, həmçinin, Gülüstan Əliyeva, Zöhrə Abdullayeva mahnılarımı ifa ediblər, çoxdurlar.

– İndiyədək təxminən nə qədər mahnı bəstələmisiniz?

– 25-ə yaxın mahnı var, bir o qədər də layihə şəklindədir. Vaxt, həvəs olanda onlar da başa çatacaq.

– Manhılarınızın sözlərini özünüz yazırsınız, yoxsa başqası?

– Mahnılarımın sözlərinin əksəriyyəti İsmayıl Dadaşovundur. Bir mahnımın - "Səni araram”ın sözləri isə hörmətli millət vəkilimiz Qənirə Paşayevaya məsusdur ki, onu da Elza Seyidcahan ifa edib. Bir neçə mahnımız var, üzərində işləmək lazımdır, ancaq o ilham pərisi hələlik gəlib çıxmır (gülür).

– Uşaqlığınız Tehranda, Təbrizdə keçib. Ötən illər ərzində heç olubmu, ürəyinizdən belə bir fikir keçibmi ki, köçüb uşaqlığınız keçən yerlərdə yaşayasınız?

– Ata tərəfdən əslimiz Naxşıvandan, Ordubaddan olsa da, Təbrizdə anadan olmuşam. Çünki atam hələ Birinci Dünya Müharibəsindən əvvəl və müharibədən sonra uzun müddət Təbrizdə, Tehranda müxtəlif sovet idarələrində, "SovİranBank”, "SovİranNeft”də, konsulluqda işləyib.

1940-cı ildən 1953-cü ilə kimi orada yaşamışıq. Sonra Gəncəyə köçmüşük, çünki iki əmim orada yaşayırdı. Orta məktəbə də Gəncədə getmişəm. Sonra Bakıya köçmüşəm. Onu da deyim ki, rəhmətlik anam bakılı, içərişəhərli idi. Ana babam sovetlər yaranandan sonra buradan ailəsi ilə birlikdə İrana - Təbrizə köçüb getmişdi. Mən də axırıncı dəfə dayılarımı 1953-cü ildə, uşaq olanda görmüşdüm, bir də dayılarımı düz 31 il sonra, İrana göndərilən sovet nümayəndə heyətinin tərkibində olarkən görə bildim. Həmin vaxt Azərbaycanın Cənub zonasında İran telekanalları tuturdu, öz kanallarımız pis göstərirdi, bu da istər-istəməz narahatlıq yaradırdı.

Bununla bağlı məsələni həll etmək üçün o zaman nümayəndə heyəti yaradıldı və mən də həmin heyətə salındım. Həmin vaxt dayım İran ordusunda böyük vəzifədə, general səviyyəsində idi. Mən düz 31 ildən sonra onunla görüşdüm və deyim ki, bu, həm mənim, həm də dayım üçün bir az riskli idi.

Sonra digər dayım gəldi, onunla da görüşdük. Müstəqillik əldə etdikdən sonra dəfələrlə İrana, Təbrizə, Tehrana getdim, qohumlarla görüşdüm, xalamın yas mərasimində iştirak etdim, uşaqlığımız keçən yerlərə baxdım, yaşadığımız məhəlləyə, konsulluğa getdim. Onun divarları indiyə kimi də necə varsa, elə qalıb.

O vaxt palçığa saman qatırdılar, yapırdılar divarlara. Həmin o samanlı divardan bir ovuc götürdüm, cibimə tökdüm, özümlə gətirdim. Ancaq köçüb orada yaşamağı yox, oraya tez-tez getməyi özümə borc bilirəm. Gedib oranı gəzirəm. Doğulduğum yerdir. Nə olsun ki keçmiş sovet konsulluğudur. Torpaq torpaqdır. Ancaq oralarda yaşamaq fikri ağlımdan keçməyib. Mən Azərbaycandan, Bakıdan kənarda yaşaya bilmirəm. Hətta mənə dəfələrlə xarici ölkələrdən, Türkiyədən çox gözəl təkliflər gəlib, ancaq heç birini qəbul etməmişəm.

Uzun illər vəzifələrdə işləmişdim, düzünü desəm, uşaqlarımın necə böyüməsindən belə xəbərim olmamışdı, başım daim işə-gücə qarışıq idi. Ailə işləri ilə həyat yoldaşım Rəhilə xanım məşğul olur, uşaqların tərbiyəsi və başqa ev işləri onun üzərinə düşürdü.

Ona görə ailəmdən, övladlarımdan, nəvələrimdən, Bakımdan ayrı qala bilmirəm. Zamanı, vaxtımı onlarla keçirməyə çalışıram, təbii ki, digər işlərlə də məşğul oluram.

– İrandan Gəncəyə, oradan isə Bakıya köçdüyünüzü dediniz. Bakıya nə vaxt gəldiniz?

– 1962-ci ildə Bakıda Rabitə Texnikumuna daxil oldum və o vaxtdan taleyim Bakı ilə bağlandı. Ümumiyyətlə, rabitəçi olmaq arzum olmamışdı. 1962-ci ildə Bakı şəhərində bədii özfəaliyyət kollektivlərinə baxış keçirilirdi. Biz də Gəncədəki sənət məktəbinin özfəaliyyət kollektivi ilə həmin baxışa gəlmişdik.

Opera teatrında keçirilən konsertdə mən solo rəqs edərkən ayaq baş barmağım səhnədə döşəmədə olan yarığa girdi və zədələndi, indiyə kimi ayaq baş barmağımın dırnağı yarımçıq bitib. O hadisədən sonra dırnaq üstdə rəqs edə bilmədim və rəqqas olmağı beynimdən tamamilə sildim.

Operadan həkimin yanına gedərkən poliklinika Bakı "Poçtamt”ının qarşısında idi, orada Daxili İşlər Nazirliyinin poliklinikasi yerləşirdi. "Poçtamt”ın yanında da Rabitə Texnikumu var idi və qəbul barədə elan vurulmuşdu. Elanı oxuyub oraya daxil olmağı qərara aldım. Beləliklə, 1962-ci ildə Bakı Rabitə Texnikumunun Avtomatik telefon rabitəsi fakültəsinin tələbəsi oldum. 1965-ci ildə yay tətili zamanı, avqust ayında tətilə getmədim, ATS-ə işə düzəldim.

O vaxtdan əmək fəaliyyətim başlandı. İlk dəfə məni "Azqosproyekt” İnstitutunun ATS-nə montyor göndərdilər. Bir ildən sonra "Qiproazneft” İnstitutunun ATS-nə texnik təyin olundum. 1968-ci ildən müxtəlif ATS-lərdə mühəndis işləməyə başladım. ATS-də işləyərkən tez-tez səmərələşdirici təkliflər verir, yeni cihazlar icad edirdim.

Mərkəzi Telefon Qovşağının və Bakı Şəhər Telefon şəbəkəsinin aparıcı səmərələşdiricilərindən biri idim. 50-dən çox səmərələşdirici təkliflərim və ixtiralarım qeydiyatdan keçib. Çoxlu pul mükafatları almışam. 1970-ci ildə V.İ.Leninin anadan olmasının 100 illiyi ilə əlaqədar Yubiley medalı və SSRİ Sosialist Yarışının 9-cu Beşilliyinin əlaçısı döş nişanı ilə təltif edildim. Həmin ildə SSRİ-i Xalq Təssərüfatı Nailiyyətləri Sərgisinin qızıl medalını aldım. O sərgidə mənim ixtira etdiyim iki cihaz nümayiş etdirilirdi.

– Səhv etmiriksə, 1992-ci ildə rabitə naziri təyin olunmuşdunuz.

– Bəli, 1992-ci ildə rabitə naziri təyin olunmuşdum. Bir gün məni çağırdılar ki, Elçibəy səninlə görüşmək istəyir. Mən də, açığını deyim ki, heç vaxt siyasətlə məşğul olmamışam, bu gün də siyasətdən kənarda dayanıram. Mən daha çox öz işlərimlə məşğul olmağı sevmişəm və sevirəm.

O zaman AXC-nin üzvü deyildim, ümumiyyətlə, keçmiş Kommunist Partiyasından savayı, heç bir siyasi qurumun üzvü olmamışam.

Elçibəyin qəbuluna getdim, dedi ki, bəy, rabitəni qaldırmaq lazımdır, bu işin öhdəsindən gələ bilərsinizmi? Dedim ki, Mərkəzi Komitədə çalışmışam, rabitə nazirinin müavini, Ali Nəzarət İnspeksiyasının birinci müavini işləmişəm.

Dedim ki, cəbhəçilər məni işləməyə qoymayacaqlar, əgər siz mənə qzəmanət verirsinizsə, məni onlardan qoruyacaqsınızsa, rabitəni altı aya yox, üç aya qaldıracağam. Dedi, o, bizlikdir. O gün mənim sərəncamımı verdilər, gətirib təqdim elədilər. Səhəri gündən cəbhəçilər mənə qarşı mitinqlərə başladı.

Fikir vermədim, hətta yoldaşım deyirdi, neynirsən, hirslənirsən, az qalıblar evimizə gəlsinlər ki, çıx, get. Dedim, getməyəcəyəm, ya mən rabitəni qaldıracağam, ya mənim oradan ölümü çıxaracaqlar.

Gecə vaxtı nazirliyin yataqxanasına, müəssisələrə gedərək rabitəçilərlə görüşür, onların problemləri ilə yerində tanış olur, söhbət edir, onlarla işləməyə çalışırdım və sonda alındı, işlər qaydasına düşdü, hər şey üzə çıxdı. Cəbhəçilərin, əslində, mənimlə elə bir problemi yox idi, onları aldadan, mənə qarşı qaldıran dörd müxalif müavinim, o cümlədən, məndən sonra nazir olan şəxs idi.

Üç aydan sonra çox böyük nailiyyətimiz oldu. Nəinki Azərbaycanda, demək olar ki, keçmiş SSRİ məkanında ilk elektron dijital sistemi yaratdıq. 98-93 nömrəli 30 min nömrəlik ATS tikdik. Bir qəpiksiz, Türkiyənin köməyi ilə. Türkiyənin "NETAŞ”, "Teletaş” firması bizə kömək etdi.

Yeni stansiyalar tikməyə başladıq. Şəxsən mənə Türkiyənin rabitə naziri Yaşar Topçu üç min nömrəlik telefon stansiyası hədiyyə elədi. Mən də getdim prezidentin yanına, soruşdum ki, üç min nömrəlik telefon stansiyamız var, bunu hara qoyaq, hara məsləhət bilirsiniz? Dedi, nazirsən, haranı məsləhət bilirsən, ora da qoy. Dedim, Əhmədlidə bizim bir dənə telefonumuz yoxdur, dedi, apar, qoy Əhmədliyə. Əhmədlidə üç min nömrəlik telefon stansiyasını quraşdırdıq.

Rabitə naziri təyin edilən günün səhəri ilk zəng etdiyim şəxs rəhmətlik Heydər Əliyev oldu. Zəng etdim, dedim ki, Siruz Abasbəylidir, Heydər Əliyeviç, məni rabitə naziri qoyublar. Dedi, hansı Abasbəylisən?

Dedim, siz məni o vaxt Mərkəzi Komitəyə işə götürəndə nazirimiz Rəsulbəyovla qəbul etmişdiniz. Dedi, hə, yadıma düşdü, çox yaxşı, təbrik edirəm, uğurlar olsun, ancaq mənə telefonla kömək lazım deyil, kömək eləmək istəyirsinizsə, gəlin Naxçıvana. Mən buraya gələndən bəri Azərbaycandan, Bakıdan bir nəfər gəlib soruşmayıb ki, nə var, nə yox.

Gəlmək istəyirsən, gəl. Mənə telefonla "nə kömək edim” sözü lazım deyil. Bunları dedi və dərhal telefonu qapatdı. Mən də səhəri gəldim Elçibəyin yanına, dedim ki, cənab prezident, mən Naxçıvana getməliyəm.

Dedi ki, bəy, xeyir ola, nə var orda? Dedim, bəs orada rabitə yoxdur, ermənilər kəsiblər, rabitə üçün görüm nə edə bilərəm, iki günə gedib-gələcəyəm.

Cavab verdi ki, hə, bəy, gedin. Beləliklə, Naxçıvana getdim. Orada məni baş nazir Şəmşəddin müəllim qarşıladı, əvvəl getdik onun otağına, sonra isə Heydər Əliyev məni qəbul elədi.

– Nədən danışdınız?

– Aramızda müəyyən söhbətlər oldu, soyuqdan, istidən danışdıq. Otaq soyuq olduğu üçün içəriyə "dublyonka”da, papaqla girmişdim. Köməkçisi dedi ki, Heydər Əliyev belə deyib, içəri soyuqdur. Heydər Əliyev pencəkdə oturmuşdu, paltonu atmışdı çiyninə. Dedim, Heydər Əliyeviç, buranı isitməyə bir şey yoxdur? Dedi ki, mənim heç nəyim Naxçıvan əhlindən artıq deyil, onlar necə, mən də elə.

Sonra göstəriş verdi Şəmşəddin müəllimə ki, nə istəyir, nazirə kömək edin. Bizə rabitə versin. Rabitə verməsə, onu buradan buraxmayın. Mən də bunun məsuliyyətini bilirdim, başa düşürdüm. Həmin vaxt həftənin beşinci gün idi, mən də keçməli idim İran tərəfə.

Beşinci gün İran tərəfi işləmirdi. Şəmşəddin müəllim xahiş elədi İrandan, sərhədçilərdən kimsə gəldi, sərhədi açdı. Məni buraxdılar İran tərəfə, getdim, orada müəyyən adamlarla, rabitə sahəsində məsul insanlarla görüşdüm, onlardan xahiş elədim, bizə bir kanal verdilər. O kanalı aldıq, əlaqə yaratdıq.

Onun da əvəzinə Elçibəydən neft, mazut istədilər İran Astarasına vermək üçün. Bu hökumət səviyyəsində həll olunan məsələ idi. Ancaq mən rabitə məsələsini həll edib gəldim. Bax, belə bir məqamlar olub.

Heydər Əliyevdən söz düşmüşkən, hər zaman onun tapşırıqlarını xüsusi qovluqda saxlayırdım.

Ümumiyyətlə, hiss edirdim ki, ulu öndər mənim xətrimi istəyir. Bir dəfə İsveçə işgüzar səfərə gedəcəkdi və məni nümayəndə heyətinin rəhbəri təyin etdi. 20 nəfərlik bir siyahı tərtib etməyimi tapşırdı. Uzun müddət fikirləşdim, sonra xarici işlər naziri Həsən Həsənovla danışdım. O, mənə beş-on nəfərin adını dedi.

Bir neçə nəfər də mən əlavə etdim. Səfərə bir gün qalmışdı, siyahını Heydər Əliyevə təqdim etdim. O, adların qarşısından işarə qoymağa başladı.

"Bu adları yazmağı Həsən Həsənov sənə məsləhət gördü?”, - deyə soruşdu. "Bəli”, - deyə cavab verdim.

Ümumiyyətlə, bizim münasibətimizdə hər zaman səmimiyyət olub. Mən hər şeyi ona açıq deyirdim. Heydər Əliyev çox səmimi və sadə insan idi.

– Vəzifədə olanda adamın başına, kreslosuna "pərvanə” kimi fırlananlar çox olur. Yəqin ki, bunlar sizin də başınıza gəlib. Bəs vəzifədən gedəndən sonra şəxsən sizinlə bağlı keçmiş kadrlarınız, vəzifədə olduğunuz zaman sizinlə dost olanlar özlərini neçə apardılar, üz döndərdilər, yoxsa?

– Bilirsiniz, bu, həyatdır, bu, bir taledir. Axı sən heç vaxt bilmirsən ki, bu adam sədaqətli olacaq, yoxsa sədaqətsiz. Mənim orada inandığım insanlar vardı. İlk dəfə nazir kimi nazirliyə daxil olanda dedim ki, mənim başqa komandam yoxdur, sizsiniz mənim komandam. Çünki mən 1965-ci ildən o kollektivdə işləyirdim. Gör, neçə illər işləmişəm, hamısı da mənim səviyyəmdə, mənim yaşımda olanlar idi, cavanlar da öz yerində. Mərkəzi Komitədə işləyəndə o sahəyə nəzarət məndə idi.

Rabitə Nazirliyinin kuratoru idim. Tez-tez iclaslara gedirdim, idarələrə gedirdim, görüşlərimiz olurdu. Yəni nazir gələndə hiss eləmədim ki, kimsə mənə yaltaqlıq edir. Sadəcə, özüm insanlara mənə rahat, çəkinmədən yanaşmaları üçün şərait yaradırdım. Özüm daha çox onlara yanaşırdım, maraqlanırdım. İşlədiyim müddətdə 100 mənzilli iki doqquzmərtəbəli bina tikdirdim, hamısını rabitəçilərə payladım, özümün evim yox idi, qayınanamın evində yaşayırdım,

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 913 Tarix: 22.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər