"Məlumat alan kimi, bu planların qarşısını aldım" - Prezident İlham Əliyev
"Dinamo" oteli çox gözəl səviyyədə tikilib istifadəyə verilir. Bildiyiniz kimi, bu otel tarixi binada yerləşir. Bu binanın böyük tarixi var və çox şadam ki, binanın tarixi memarlığı tam qorunub saxlanılıb və daxili dizaynı da göz oxşayır. Burada istirahət edən qonaqlar özlərini evlərindəki kimi hiss edəcəklər. Çox gözəl dizayn işləri görülüb. Xanım Pintoya xüsusi minnətdarlığımı bildirirəm ki, doğrudan da dizayn göz oxşayır. Burada bütün işlər çox müasir və yüksək səviyyədə görülübdür. Otelin yerləşməsi də çox əlverişlidir, şəhərin mərkəzidir. Burada qalan qonaqlar şəhərin ən baxımlı yerlərinə piyada rahat gedib çata bilərlər. Turistlər buradan həm bulvara, həm İçərişəhərə, şəhərimizin mərkəzi yerlərinə çox rahat gedib çıxa bilərlər".
BiG.AZ-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda "Dinamo" otelinin açılışı zamanı deyib.
O qeyd edib ki, bu otelin fəaliyyəti ölkəmizdə turizmin inkişafına təkan verəcək:
"Çünki bu, indi bizim üçün əsas istiqamətlərdən biridir, turistlərin sayı ölkəmizdə artır. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə isə 20 faiz artıb. Bu ilin dörd ayında isə Azərbaycana gələn turistlərin sayı 13 faiz artıb. İndi "ASAN Viza" rejimindən istifadə edərək 90-dan çox ölkədən turistlər gələ bilərlər. Bizim 7 aeroportumuz var, gözəl infrastruktur layihələri icra edilir. Bu yaxınlarda turizm üzrə Dövlət Agentliyi yaradılıb. Əlbəttə, bu Agentlik turizmin inkişafına təkan verəcək və Azərbaycanda müasir turizm sənayesi yaradılacaq. Eyni zamanda, bu otelin fəaliyyətə başlaması ölkəmizin ümumi inkişafını göstərir. Şəhərimizin gözəlliyi bu gün artıq dünya birliyi tərəfindən tanınır. Ölkəmizdə keçirilmiş böyük tədbirlər, idman tədbirləri, onların arasında əlbəttə ki, Formula 1 yarışı dünyanın diqqətini Azərbaycana cəlb edir. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biri kimi öz qapılarını dostlarının üzünə açır".
Dövlət başçısı binanın memarlıq üslubunun tamamilə qorunub saxlanıldığını bildirib:
"Mən həqiqətən də çox şadam ki, biz bu gün şəhərimizin tarixi binasında yerləşən "Dinamo" otelinin rəsmi açılış mərasimində iştirak edirik. Çox şadam ki, binanın memarlıq üslubu tamamilə qorunub saxlanılıb. Bu binanın böyük tarixi var. Çox sevindirici haldır ki, biz bu binanı inşa olunduğu üslubda qoruyub saxlaya bilmişik. Bunun vacibliyini xüsusilə qeyd etmək istəyirəm. Çünki bilirəm ki, bu binanın sökülməsi və onun yerinə yeni göydələnin tikintisi planları var idi. Lakin mən bu barədə məlumat alan kimi, əlbəttə, bu planların qarşısını aldım. Çünki biz tariximizi, memarlığımızı qorumalıyıq və Bakı şəhərinin memarlığının inkişafını qorumalıyıq. Əlbəttə, şəhər genişlənməlidir, inkişaf etməlidir, hündürmərtəbəli binalar, göydələnlər də olmalıdır. Lakin, eyni zamanda, tarixi keçmişimiz və müasir tələblərimiz arasında harmoniya da olmalıdır. Hesab edirəm ki, Bakı bu iki vacib elementi özündə birləşdirən dünyanın azsaylı şəhərlərindən biridir. Biz tariximizi, qədim tariximizi qoruyuruq və eyni zamanda, Bakıda inşa olunmuş müasir binalar şəhərin ümumi görünüşü ilə ziddiyyət təşkil etmir. Buna görə də Bakı öz qonaqları və şəhərin sakinləri üçün xoş və rahat nadir ab-havanı qoruyub saxlayır. Əlbəttə, "Dinamo" otelinin açılışı əlamətdar hadisədir. Çünki biz burada xanım Pintonun rəhbərlik etdiyi qrupun, dünyaca məşhur şirkətin sənət əsərini görürük. Biz sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Əlbəttə ki, sizin adınız qonaqları mütləq buraya cəlb edəcək. Otelin müxtəlif yerlərinə baxarkən biz bir daha görürük ki, sizin şirkətin belə yüksək beynəlxalq standarta malik olması təsadüfi deyil. Buna görə minnətdarlığımı bildirirəm. Əminəm ki, oteldə qalanlar, nahar yeməyi üçün buraya gələnlər və ya yaxşı vaxt keçirmək istəyənlər özlərini həqiqətən də çox xüsusi bir mühitdə hiss edəcəklər. Şəhər sürətlə inkişaf edir. Hesab edirəm ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və biz irsimizi qorumalıyıq, burada yaşayan insanlar və qonaqlarımız üçün daha da yaxşı şərait qurmalıyıq".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş