Rayonda istirahət etməyin XƏRCİ - QİYMƏTLƏR
Havalar isindikcə, yay mövsümü yaxınlaşdıqca, paytaxt sakinləri həftəsonları və tətil günləri Azərbaycanın bölgələrinə üz tuturlar. Yeri gəlmişkən, rayonlarda yerləşən istirahət mərkəzlərində və otellərdə qiymətlər yandırıb, yaxır, desək, yanılmarıq. Elə qiymət bahalığına görə turistlər evlərdə qalmağa üstünlük verirlər.
BiG.AZ səyahəti sevən, istirahət üçün bölgələrə üz tutmağı planlaşdıran vətəndaşlar üçün kənd evlərinin qiymətlərini açıqlayır:
Qəbələ
Bakı ilə arasında məsafə - 225 kilometrdir. Qəbələ Azərbaycanın zəngin və qədim tarixi olan gözəl guşələrindən biridir. Rayonda müxtəlif dövrlərə aid çoxlu tarixi və mədəni abidə var. Gözəl təbiət və inkişaf etmiş infrastruktur minlərlə turistləri Qəbələyə cəlb edir. Görməli yerləri arasında - Rus meşəsi, çay vadiləri, məşhur şabalıd meşəsi, çoxlu sayda mənzərəli kəndlər var. Qədim Qafqaz albanlarının kökündən olan udinlərin yaşadığı Nic kəndini xüsusilə qeyd etmək lazımdır. Quşla bol olan meşələr mövsüm zamanı ovçuları bura cəlb edir.
Qəbələnin Vəndam qəsəbəsindəki kənd evlərinin qiymətləri bir günü 30-70 manat arasında təklif edilir. Uzun müddət qalanlara razılaşma yolu ilə endirim edilir. Məsələn, 5-6 nəfər üçün nəzərdə tutulan evdə 3 – mətbəx, 2 yataq və 1 qonaq otağı, hamam və ayaqyolu var. Otaqlarda həmçinin adam sayına görə çarpayı, divan, kreslo, ev telefonu, internet və peyk antenalı televizor var. Mətbəxdə soyuducu, qaz plitəsi, qab-qacaq, qab şkafı, paltaryuyan maşın da quraşdırılıb. Bundan başqa, həyətdə meyvə ağacları, manqal və samovar var.
Quba
Yerinə görə paytaxta ən yaxın Azərbaycan rayonlarından biri Qubadır. Bu rayon turistlərin ən çox sevdiyi istirahət yerlərindən biri sayılır. Sıx meşəli Qəçrəş, coşqun axan Vəlvələ çayının keçdiyi Təngaltı dərəsi, Afurca şəlaləsi qonaqların sevimli istirahət yerləridir. Onu da deyək ki,
Qubada ilboyu kənd evlərində istirahət mümkündür. Burada Qəçrəş kəndində yerləşən evin günlük kirayə haqqı 180-200 manatdır. Kirayə haqqı 5 gün qalana 160 manatdan, 10 gün qalana 140 manatdan, 10 gündən artıq qalana isə 120 manatdan hesablanır. İstəkdən aslı olaraq razılaşma yolu ilə səhər yeməyi verilir.
6 otaq, 2 hamam və ayaqyoludan ibarət evdə 8 nəfər yerləşə bilər. Burada da verilən evlərdə çarpayı, stol-stul, şifoner, televizor, divan və kreslo olur. Evdə həmçinin mətbəx mebeli, qaz plitəsi, stol-stul, soyuducu və paltaryuyan maşın var.
Meyvə ağacı olan bağı da var.
Qubanın Xınalıq kəndində isə nisbətən ucuz ev tapmaq mümkündür. Məsələn, 4-6 nəfər üçün nəzərdə tutulan 1 otaqlı evin adambaşı günlük kirayə haqqı 15-20 manatdır. Gündə 3 dəfə yeməklə isə 40 manat təşkil edir. Burada da ilin bütün fəsillərində qonaq qəbul edilir. Otaq yaşayış üçün hər bir avadanlıqla təmin olunub.
Lerik
Yüksək talış dağlarında, səmaya əl çatan yerdə, Azərbaycanın ən mənzərəli guşələrindən birində – Lerik rayonu yerləşir. Burada Qafqaz etnik qrupu olan talışlar yaşayır. Lerik mədəniyyətdən uzaqda olmaq istəyən, təmiz dağ havası udmaq istəyən, əzəmətli dağların görünüşündən, sürətli çaylardan və səs-küylü şəlalələrdən həzz almaq istəyən turistlər üçün çox uyğundur. Əbəs yerə Lerik uzunömürlülər vətəni hesab edilmir.
Lerikə gələn Bülüdül, Zəriqalada istirahət edə bilər. Yerli sakinlər qonaqlara günlük kirayə 30-40 manata evlər təklif edirlər. Adambaşına olan qiymətə səhər yeməyi də daxildir. 3 otaq, hamam, ayaqyolu olan evdə həmçinin yaşayış üçün bütün şərait yaradılıb.
İsmayıllı
İsmayıllıda günlük kirayə qiymətləri 30-60 manat arasında dəyişir. Lahıc kəndində yerləşən 3 otaqlı, mətbəx, hamam və ayaqyoludan ibarət evdə 5 nəfər yerləşə bilər. Evin 1 otağında ev sahibi yaşayır.
Basqal kəndində isə evi bir günlük kirayə götürmək üçün 40 manat ödəmək lazımdır. Bu qiymətə 2 otaq, mətbəx, hamam və ayaqyoludan ibarət 4-5 nəfərlik ev təklif edilir.
Zaqatala
İstirahət üçün vətəndaşıarın üz tutacağı dağlıq regionlardan biri olan Zaqatalada da kənd evi kirayə götürə bilərlər. Məsələn, şəhərin mərkəzində ikimərtəbəli həyət evinin günlük kirayə haqqı 20-30 manat təşkil edir. İstəyənlərə pullu bələdçilik və taksi xidməti də təşkil edilir. Otaqlarda çarpayılar, şifoner, stol-stul, divan, peyk antenalı televizor var.
Şəki
Zaqatalaya yaxın ərazidə yerləşən Şəkidə isə qiymətlər daha da ucuzdur. Şəkinin Bağbanlar ərazisində ikimərtəbəli ev may ayından sentyabra qədər qonaq qəbul edir. Burada adambaşı kirayə haqqı 10 manatdır. 5 yaşına kimi uşaqlara görə ödəniş alınmır.
Ev Marxal, Narın qala, Şam Bağı, Cənnət bağı istirahət zonalarına gedən yol istiqamətində yerləşir. 3 otaqlı evdə 5 nəfər (əlavə 2 uşaq olmaqla) yerləşə bilər.
Otaqda 5 çarpayı, 2 uşaq yatağı, şifoner, stol, stullar, televizor və "Wi-Fi" var. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, stol, stullar və su kranı var. Hamam və ayaqyolu həyətdə yerləşir.
Şamaxı
Şamaxıda kənd evlərinin qiyməti fəsildən asılı olaraq dəyişir. Rayonun Çuxuryurd kəndində bir günlük evlər 50 manata təklif olunur. Birmərtəbəli 2 otaqlı evdə 8 nəfər qonaq qala bilər. Otaqlarda 2 nəfərlik taxt, çarpayı, asılqan, şkaf, divan, kreslo və televizor var. Mətbəxdə qab şkafı, soyuducu, qaz plitəsi, stol və stullar var. Evdə daimi isti-soyuq su, qaz, su və elektrik daimidir. Həyətdə çardaq, samovar və kabab bişirmək üçün manqal var. Burada qonaqlar martdan oktyabr ayına kimi qəbul edilir.
Novxanı
Kənd evlərini Bakıda, dənizkənarı qəsəbələrdə də tapmaq olar. Məsələn, Novxanıda dənizin yaxınlığında ikimərtəbəli evdə qalmaq istəyən 10 nəfər üçün günlük kirayə haqqı 120 manatdır. 10 gün qalan qrupa kirayə haqqı 100 manatdan hesablanır.
Evdə daimi isti-soyuq su, elektrik, qaz var.
Naftalan
Müalicə-kurort zonası kimi tanınan Naftalan rayonunda da kənd evləri xidməti geniş yayılıb. Əsasən sanatoriyalara yaxın yerləşən ərazilərdə evlər mualicəyə gələn turistlərin istifadəsinə verilir. Məsələn, burada ikiotaqlı evi 15 gün üçün 50 manata təklif edirlər. Evdə istirahət və yaşayış üçün hər cür şərait yaradılıb. Əgər yemək də təklif olunarsa, qiymət 60-70 manata qalxır.
Aytən.H
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










