Azərbaycanda tikilən zibil zavodu bizə nə vəd edir?
"Bakıda 20-ci sahə adlanan ərazidə zibillik yandırılıb, yanğın yaxınlıqdakı mədənə də keçib".
"Biləcəridə sakinlər zibillikdən şikayət edirlər"
"Maştağada zibillikdə başlayan yanğın yaxınlıqdakı evə keçib, ev tamamilə yanıb"
Hamıya məlumdur ki, Bakının zibil və yaxud zibillik problemi var. Ya zibillər vaxtında daşınmır, ya müvafiq zibil poliqonlarında tez-tez yanğınlar baş verir, ya da sakinlər qanunsuz evlərinin yaxınlığındalı qanunsuz zibillikdən şikayət edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Adil Zeynalov açıqlamasında bildirdi ki, təkcə 2011-ci ilin yanvar-may aylarında tuallantıların idarə olunması qaydalarının pozulması ilə əlaqədar 206 akt, 45 protokol tərtib edilib. 53 min 350 manat cərimə tədbiq edilib.
Nazirliyin iş planına uyğun olaraq tullantıların idarə edilməsi qaydalarına riayət edilib-edilmədiyini yoxlamaq üçün yerlərdə araşdırmalar aparılır. "Məsələn, nazirliyə tullantıların yandırılması, qalaqlanama qaydasının pozulması ilə əlaqədar çox sayda şikayətlər daxil olur. Bunlara əsasən araşdırmalar aparırıq. Və bu araşdırma nəticəsində tullantıların müvafiq idarə edilməməsinə görə, aiddiyatı strukturları inzibati xətalar məcəlləsinə uyğun cərimə edirik. Qanun pozuntusuna yol verən şəxslərə müvafiq məcburi göstərişlər verilir və müddət qoyulur ki, bu müddət ərzində problemlər aradan qaldırılsın".
Amma görünür bu inzibati tədbirlər xeyir vermir. Və nə isə etmək lazımdır. Qeyd edək ki, zibil və zibilliklərin yandırılması və qalaqlanma qaydasının pozulması nəinki ətraf mühitə ziyan vurur, bu həm də insan sağlamlığı üçün təhlükə mənbəyidir. Belə ki, tullantıların içərisində təhlükəli xassəyə malik maddələr ola bilər ki, onların yandırılması da böyük faciələrə yol açır. Bunun üçün də xüsusi qurğular olmadan tullantıların yandırılması qadağan olunub.
Şöbə müdiri buna baxmayaraq tullantıları yandıran aidiyyatı sturukturların ya qanunvericiliyi bilmədiyini, ya da ona bilərəkdən riayət etmədiyini deyir: "Tullantıların idarə edilməsinə cavabdeh qurumlar öz üzərlərinə düşən işlərin hamısını yerinə yetirməlidirlər. Tullantılar niyə yandırılır? Bu gün tullantılar ona görə yandırılır ki, onlar vaxtı vaxtında daşınmır. Bəzən tullantılar konteynerdə bir neçə gün, hətta 1 həftəyə yaxın qalır. Üst-üstə yığılanda artıq qalaqlanma qaydası pozulur. Tullantı konteynerdən yerə tökülür, əhali tərəfindən zibil yerə atılır. Nəticədə qanunsuz zibilxanalar yaranır. Bu cür problem yalnız Bakıda deyil, respublika ərazisində mövcuddur".
ETSN rəsmisi Azərbaycanda məişət tullantılarının idarə edilməsində ciddi problemlər olduğunu etiraf edir. Bu problemləri isə Azərbaycanda tullantıların idarə edilməsinin sovetlər birliyinin primitiv üsullarına əsaslanması ilə bağlayır.
"Yəni tullantı əmələ gəldi, əhali onu çeşidlənmədən istənilən formada qablaşdırır və ərazidəki konteynerlərə yerləşdirilir- yəni tullantı yığıldı, daşındı, poliqonda yerləşdirildi. Müvafiq qrafik əsasında tullantılar Bakı şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyətlərinin müvafiq sturukturları tərəfindən danışaraq mövcud poliqonlara təhvil verilir", deyə A.Zeynalov qeyd edib. Daha bir problem isə bu gün Azərbaycanda dünyanın bir çox ölkələrində istifadə edilən tullantıların çeşidlənməsi texnologiyasından istifadə edilməməsidir. Bunu ETSN rəsmisi də qeyd etdi. A.Zeynalovun sözlərinə görə, necə gəldi yığılan tullantılar Balaxanı və ya digər poliqonlara aparılaraq orada yerləşdirilir: "Bu gün bizdə heç bir məişət tullantısının zərərsizləşdirilməsi, təkrar istifadəsi texnologiyası tədbiq edilmir".
Bakıda hazırda 3 poliqon var - Balaxanı, Suraxanı və Qaradağ. Balaxanı poliqonu nisbətən böyükdür. Poliqonlar "Təmiz şəhər" ASC-nin balansındadır. A. Zeynalov deyir ki, poliqonlar müasir tələblərə cavab vermir və bu səbəbdən gələcəkdə ya bərpa olunması ya da bağlanması müzakirə edilir. Ola bilsin ki, yaxın günlərdə bu həll edilsin.
İqtisadçı ekspert Nazim Məmmədov isə hesab edir ki, nəinki Bakının özündə, hətta rayonlarda belə tullantıların istehsalı ilə bağlı minizavodların təsis edilməsinə ehtiyac var. Bu həm də iqtisadiyyatın inkşafına müsbət təsir göstərər, çünki tullantılardan kifayət qədər məhsullar, o cümlədən elektrik enerjisi almaq mümkündür. Ancaq yaxın bir neçə ildə ölkənin zibil problemi həll edilə bilər. Belə ki, prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində tullantılarının yandırılması, emalı, çeşidlənməsi zavodunun tikilməsi qərara alınıb. Bununla bağlı Balaxanı qəsəbəsində ayrılmış 20 hektar ərazidə inşa olunan və illik gücü 500 min ton təşkil edəcək zavodun layihələndirilməsi, tikintisi və 20 illik istismarı nəzərdə tutulur. Zavodun layihələndirmə-tikinti işlərinin ümumi məbləği 346 milyon avrodur. Balaxanı bərk məişət tullantılarının yandırılması zavodu hər biri 250 min ton olan 2 xətdən və elektrik enerjisini istehsal edən turbindən ibarətdir. Tullantıların yandırılması nəticəsində elektrik enerjisi əldə etmək mümkün olacaq. Elektrik enerjisinin miqdarı ildə 231,5 mln KVt saat enerjiyə bərabər olacaq. Zavodun 2012-ci ildə istifadəyə veriləcəyi bildirilir.Dövlət başçısının sərəncamı ilə mövcud ekoloji problemlərin planlı sürətdə həll edilməsi məqsədilə də "Təmiz Şəhər" adlı ASC yaradılıb. "Təmiz Şəhər" dən tulantıların necə çeşidlənəcəyini öyrənməyə çalışdıq. ASC-dən konkret olaraq bildirildi ki, bu qurum Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.
Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində bərk məişət tullantılarının düzgün idarə edilməsinin təşkili məqsədilə "Təmiz Şəhər" ASC və Qoruq İdarəsi birgə tədbirlər həyata keçirilməsinə başlanıb. Qoruq İdarəsinin təşkilatçılığı ilə Qoruq sakinləri ikiseksiyalı məişət zibil qutuları ilə təmin olunub, ərazidə xüsusi işarələnmiş iki fərqli rəngdə konteynerlər qoyulub. Eyni zamanda, üzvi və qeyri-üzvi tullantıların ayrılıqda toplanması və daşınması təmin edilib. Ancaq bu tullantıların sonda eyni poliqona atıldığını nəzərə alsaq, bu çeşidlənmə tədbirlərin hələ ki, heç bir faydası olmadığı aydın olar.
Zavodun inşaası, tullantıların çeşidlənmə qaydası və sairə suallarla "Təmiz Şəhər" ASC-yə müraicət etsək də suallarımıza cavab verən olmadı. Əvvəlcə suallarımızı email yolu ilə göndərsək də cavab gəlmədi, növbəti günün birinci yarısında qurumda iclas olduğunu bildirdilər, günortadan sonra isə rəhbərliyin olmadığını və həftənin bazar ertəsi yenidən müraciət edə biləcəyimizi bildirdilər.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










