Quşadası istirahət zonası

Quşadası istirahət zonası

Bir qədər şəhər haqqında danışım. Çeşmə Egey dənizinin sahilində, İzmirdən 80 km. aralıda, Türkiyənin qərb hissəsində yerləşir. Şəhər Çeşmə adını (mənbə) burada zəngin isti suların olması səbəbindən alıb. Elə hazırda şəhərdə mövcud olan mehmanxanaların əksəriyyəti də bu şəfalı sularla təchiz olunur. Bundan əlavə, Çeşmənin suyu Egey dənizi sahillərində ən təmiz və şəffaf su hesab olunur.
Şəhər ilə hərəkət etdikcə sanki nağıllar aləminə düşürsən, ya da ki hansısa cizgi filmini seyr edirsən. Yol kənarında və ümumiyyətlə şəhərin əksər yerlərində bütün yaşayış evlərinin üzəri standart olaraq qırmızı keramika ilə örtülüb. Şəhərdə və onun bölgələrində olan evlər 2-5 mərtəbədən hündür deyil. Şəhər əhalisinin həddindən artıq zəhmətkeş olması da insanı heyran edir. Belə ki, istər təyyarədə olarkən, istərsə də yolla hərəkət etdiyimiz zaman boş torpaq sahəsi görmədik. Bütün ərazilərdə səliqəli şəkildə əkin sahələri salınıb. Şəhər demək olar ki, zeytun ağaclarına bürünüb. Yolların kənarlarında əkilmiş palma ağacları şəhərə xüsusi gözəllik verir. Burada ilin 10 ayı havalar isti keçdiyindən evlərin üzərində günəş batareyaları quraşdırılıb. Deyilənlərə görə bu batareyalar sayəsində sakinlər özlərini sutka ərzində isti su ilə təmin edirlər. Varam da belə insanlara.
Şəhərin ən istirahət etməli yerləri isə dəniz sahilləridir. Çeşmənin bütün küləklərə açıq olan dəniz sularında yelkənli qayıq və “windsurfinq” idman növləri üçün ideal şərait var.
Ümumiyyətlə şəhərin təmiz suyu olan çimərlikləri son dərəcə valehedicidir. Burada demək olar ki, hər il sörf üzrə dünya və Avropa çempionatları keçirilir. Elə bura turist kimi gələnlərin əksəriyyəti də, bu idman növlərinin həvəskarlarıdır. Ümumiyyətlə şəhərdə yerləşən əksər otellərin tərkibində təcrübəli təlimatçıların işlədiyi “windsurfing” məktəbləri fəaliyyət göstərir. Bura gələnlər bir neçə günlük təlimlərdən sonra artıq dəniz suları üzərində şütüyə bilirlər. Lakin bu idman növünü peşəkar səviyyədə öyrənmək üçün bir qədər vaxt tələb olunur. Burada həmçinin yaxt kirayə etmək və gözəl dəniz sahili ilə üzmək imkanı da var. Ümumiyyətlə siz Çeşmədə istirahət edərək bərə ilə Xios, Samos və Kos kimi yunan adalarına, həmçinin İzmir şəhərinə, həmçinin qədim şəhərlər olan Efes və Perqama səyahət edə bilərsiniz.
Kiçik şəhəri gözəl təbiəti ilə yanaşı XIV əsrə aid Genuya qalası və Sultan Süleyman I Qanuninin zamanında inşa edilmiş Karvan-saray öz gözəlliyi ilə bəzəyir. Qalada hazırda balıq restoranı fəaliyyət göstərir, Karvan-saray isə otel qismində turistlərin xidmətindədir. Yeri gəlmişkən axşam saatlarında Karvan-sarayda olan zaman, orada istirahət edən azərbaycanlılarla da görüşməyə macal tapdıq.
Bu gün Çeşmə rahat mehmanxanaları, yüksək səviyyəli restoran və diskotekaları, oyun salonları, idman meydançaları, bar və kafeləri ilə bura istirahət etməyə gələn turistlərin xidmətində duran müasir şəhərdir. Şəhərin mağazalarında qiymətlər baha olsa da suvenir, dəri məmulatları və xalça seçimi genişdir. Yayda burada xarici ifaçıların iştirakı ilə beynəlxalq mahnı festivalı keçirilir. Həmçinin, əslən bu şəhərdən olan dünya şöhrətli türk müğənnisi Tarkan, bundan əlavə Mustafa Sandal və digər məşhurlar yay aylarında şəhərin mərkəzində yerləşən meydanda pulsuz konsertlər təşkil edirlər. Bir sözlə şəhərdə gecə həyatı sözün əsl mənasında qaynayır.

Quşadası istirahət zonası
Çeşmədə turizm sürətlə inkişaf edir. Şəhərdə daima yeni rahat otellər, dünyanın müxtəlif mətbəxlərini özündə birləşdirən restoranlar, bahalı mağaza və butiklər açılır. Şəhərdə bal ayına çıxan cütlüklər, gənclər və yaşlı insanlar üçün “Suzer Sun Dreams Hotel”, “Sheraton Cesme”, “Altinyunus Cesme”, “Sisus Hotel” və “Kerasus Hotel” kimi 4-5 ulduzlu əlverişli şəraiti olan müxtəlif mehmanxanalar fəaliyyət göstərir. Otellərdə qiymətlər xidmətlərə görə dəyişir. Ümumiyyətlə burada otellər çox yüksək səviyyədə inşa olunur və insanların istirahəti üçün lazım olan hər bir şərait yaradılır. Sənə isə sadəcə otelin pulunu ödəyib istirahət etmək qalır.
Çeşmədə şəhərə gələn qonaqlara yüksək diqqət var, xüsusi ilə də azərbaycanlılara qarşı. Bunun niyə belə olmasını isə izah etməyə ehtiyac görmürük. Bir sözlə, qardaş Azərbaycandan olan turistlərə gözün üstə qaşın var deyən yoxdur. Hara üz tutsan, azərbaycanlı olduğunu bilən kimi sənə qonaqpərvərlik əlaməti olaraq çay və qiymətlərdə güzəşt təklif olunur. Sizə deyim ki, getdiyimiz dükanların bəzilərində əslən Azərbaycandan, həmçinin Təbrizdən olanlara da rast gəlirdik. Həmsöhbətimiz olan yerli sakinlər Türkiyə-Azərbaycan qardaşlığından məmnunluqlarını da ifadə edirdilər. Şəhərin mərkəzi küçələri hardasa Bakının məşhur Nizami küçəsini xatırladır. Gecə vaxtı şəhər çox işıqlı olur, kimi çayxanada çay içir, kimi dükanını bağlamağa hazırlaşır, kimi diskotekaya adam səsləyir, kimi də skamyada oturub söhbət edir. Sanki hamının yuxusu ərşə çəkilib. Onu da deyim ki, şəhər çox səliqəli və təmizdir. Hər şey adamın ürəyini oxşayır.
Çeşmədən sonra səfər etdiyimiz digər kiçik şəhər Quşadası oldu.


Quşadası istirahət zonası
Quşadası

Quşadasına getməmişdən əvvəl oranın bir ada olduğunu zənn edirdim. Sən demə, bura yarımada imiş. Bu, Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. O, Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Quşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Quş adası adlandırılıb.
Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub. Bura Türkiyənin güllərə bürünən romantik guşəsi də deyilir. Vaxtını romantik keçirtmək istəyən gənclər burada yerləşən restoran və dskotekalara üz tuturlar. Dəniz quldurlarına məxsus qala “Küçükada Kalesi” adlanır və XVI əsrdə məşhur dəniz qulduru Barbaros tərəfindən hərbi baza kimi istifadə olunub. Bu qala həm dənizdən, həm də sahildən möhtəşəm görüntüyə malikdir. Qədim zamanlarda ada liman kimi də istifadə olunub. Yeri gəlmişkən “Küçükada Kalesi” Quşadasının simvolu hesab olunur.

Quşadası istirahət zonası
Adaya gedən yolda çoxlu sayda gecə klubları fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərindən insanlar gecələrini xoş keçirtmək üçün bu klublara üz tuturlar.
Quşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir. Qalan digər aylarda havalar soyuq keçir və güclü küləklər əsir. Hə, onu da deyim ki, dənizdən nə kanalizasiya, nə də ki, neft iyi gəlir.

Quşadası istirahət zonası
Şəhərdə çoxlu sayda restoran, mağaza və diskotekalar var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir. Adrenalin həvəskarları bir baş bura üz tuturlar. Elə Avropanın özündən də. Bura turistlər əsasən rahat otellərdə dincəlmək, su və sualtı idman növləri ilə məşğul olmaq, təzə balıq yemək, gecə diskoteka və barlarda əylənmək və əlbəttə ki, Efes, Milet, İzmir, Perqam, Troya, İerapolis və Pamukkaleyə səyahət etmək üçün gəlirlər. Bir maraqlı faktı da qeyd edim ki, Quşadası ərazisində delfin və köpək balıqları olan otel də var. Burada delfinlə suda üzmək 50 dollar, köpək balıqları ilə rəqs etmək isə 100 dollara başa gəlir. Bura gəlib həyatını risqə atmaq istəyənlər dəmir qəfəsə salınaraq bir başa akulaların qaynadığı hovuza salınır.
Türk seriallarını seyr edənlər Quşadası ilə yaxşı tanış olmalıdırlar. Əgər yadınızdadırsa, Türkiyə telekanallarından birində efirə gedən “Gümüş” serialının qəhrəmanları bal aylarını keçirtmək üçün həmin bu adaya üz tutmuşdular.
Kurort şəhəri həm də məşhur qədim abidələrlə əhatə olunub. Burada Efes, Didima, Priena və Miletors kimi qədim şəhərlərin qalıqları aşkar olunub. Ümumiyyətlə, Türkiyəyə istirahətə gələrək bir vaxtlar qədim dünyanın mühüm ticarət mərkəzi olan Efesi ziyarət etmədən getmək olmaz. Biz də bu qədim şəhərə yollandıq.

Quşadası istirahət zonası
Efes

Səlcuq qəsəbəsi yaxınlığında yerləşən Efes eramızdan əvvəl XI əsrdə əsası qoyulan qədim yunan (Ellin) şəhəridir. Torpaq altında qalan şəhər 1895-ci ildə aşkar edilib. Deyilənlərə görə, bu qədim şəhərin tamamən aşkar edilməsi üçün daha 200 il vaxt tələb olunur. Qədim dünyanın yeddi möcüzəsindən biri olan Artemidanın məbədi də buradadır. Bundan əlavə qədim tikililərdən orakulun (antik dövrdə qeybdən xəbər verən kahin) qaldığı Appolon məbədinin qalıqları var. Burada filosof Herakl yaşayıb, İsa peyğəmbərin 12 həvarisindən biri olan müqəddəs apostol Pavel moizə oxuyub və ümumdünya yığıncaqları keçirilib. Şəhərlə tanışlıq insanı qədim dünyaya aparır, özünü həmin dövrdə yaşayırmış kimi hiss edirsən. Hər tərəf qədim abidə və məbədlərlə, yaşayış evləri ilə əhatə olunub. Türkiyənin heç bir yerində bu böyüklükdə qədim zamanlardan qalma tarixi irs yoxdur.
Hələ e.v 133-cü ildən sonra – Roma imperatoru Avqustun zamanında şəhər Asiyanın ticarət mərkəzi statusunu alıb. Şəhər elə indi də öz əhəmiyyətini itirməyib desək yanılmarıq. Efes hazırda açıq səma altında möhtəşəm arxeoloji və tarixi muzey kimi fəaliyyət göstərir.
Efesdə, həmçinin məbədlər, fontanlar, evlər, Selmius Polenemusun kitabxanası, 24 min nəfərlik tutumu olan böyük amfiteatr sizin zövqünüzü oxşayacaq. Siz burada vaxtikən imperator Troyan, Domisian, Adrian və Neronun gəzdiyi və yaşadığı yerlərin şahidi olacaqsınız. Həmçinin Sevgi Evinə aparan yolu göstərən qeyri-adi işarəyə də rast gəlmək olar.
Qədim Efes hazırda həm də xristian dini tarixində mühüm şəhərlərdən biridir. Belə ki, İsa peyğəmbərin anası Həzrəti Məryəmin ömrünün son dövrlərini keçirdiyi ev burada yerləşir.
Efes şəhərinin 9-cu km-dəki Bülbül dağında Məryəm Ananın Evi yerləşir. Həzrəti Məryəm deyilənlərə görə, ömrünün son yeddi ilini burada keçirib. Xristianların bu evi ziyarət etmələri müsəlmanların Həcc ziyarəti ilə müqayisə olunur. İldə təqribən 2 mln. turist onun evini ziyartə gedir. Vaxtilə ABŞ prezidenti Bill Klinton da burada olub. Hazırda dağın üstündəki kiçik kilsə bərpa olunub. Bu yer müqəddəs hesab olunur və bütün dünya xristianlarının ziyarətgahıdır. Abidə Vatikan tərəfindən rəsmi olaraq təsdiq olunub. Ziyarətgahda Məryəm ana bulağı da var.
Quşadası istirahət zonası
Bu yerlə bağlı əfsanədə deyilir: Əgər siz son 7 ildə etdiyiniz günahlarınızın bağışlanmasını istəyirsinizsə onun evinin yanında olan Məryəm Ana bulağından su için.
Səfərin növbəti günü yolumuzu Quşadasında yerləşən Dilek Milli Parkından saldıq. Buranı Türkiyənin Egey dənizi sahillərində yerləşən Dilek yarımadasını və ümumilikdə Böyük Menderes çayının deltasını özündə cəm edən nadir təbii mirvari adlandırırlar.


Quşadası istirahət zonası
Bura çox sayda müxtəlif heyvan və quşların məskənidir. Bu gözəl yerdə meşə, dağ və dəniz vəhdət təşkil edir. Sanki Robinzon Kruzonun adasına düşmüsən. Yerli sakinlər və turistlər bura əsasən çimmək və istirahət etmək üçün gəlirlər.
Park ərazisində həmçinin iki qədim şəhər yerləşir: Panonion və Tebai. Bundan əlavə, park ərazisinə düşən Dilek dağının ətəyində bu günümüzə qədər yaxşı qorunub saxlanan Panaqiya monastrı, Filikli qəsri, həmçinin özündə yunan və türk arxitektur stilini birləşdirən Harap kilsəsi yerləşir. Parkın düz girəcəyində olan qayalıqların arasındakı dərədə isə qədim dövrdə yunanların Allah hesab etdikləri Zevsin mağarası yerləşir. Bura gələn ziyarətçilər mağaranın girəcəyindəki ağaclara niyyət tutaraq lent və ya salfet bağlayırlar.
Türkiyənin bu gözəl yerlərində istirahət həqiqətən də unudulmazdır. Yazdıqlarımız isə gördüklərimiz, eşitdiklərimiz və yaşadıqlarımızın bir hissəsidir. Bütün bunların sadəcə şahidi olmaq lazımdır. Elə isə Quşadasında istirahətə hazırsınızmı...?

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 15256 Tarix: 29.05.2011



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol