Hansı yaşda əsgər gedək? - Araşdırma
Son günlər hərbi xidmətə çağırış yaşı ilə bağlı maraqlı təkliflər səslənməkdədir. Təkliflərdə əsas məqam hərbi xidmətə çağırış yaşının 18-dən 20-yə qaldırılmasıdır.
Lakin bu fikirə münasibət birmənalı deyil. Bəzi fikirlərə görə, əsgərlik yaşı bir il qaldırılacaqsa, o zaman xidmətdə olanların çağırış dövrü problemi yaranır. Çünki çağırış ildə 4 dəfə həyata keçirilir. Bu zaman isə vakansiyalar yaranır.
Bəs yaşın artırılmasına ehtiyac varmı? Yaşın artırılması orduda hansı problemi həll edəcək?
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, 12 illik təhsil sisteminə keçildikdən sonra avtomatik olaraq çağırış yaşı 19 olacaq. Amma ən ideal yaş 20-dir.
"Tibbi baxımdan da 20 normal yaşdır, çünki 18 yaşda gənc məktəb partası arxasından yeni durur həyat təcrübəsi yetərli olmur. 2 il isə onlar üçün bir avantaj olur.
Bu yaşda həm orta təhsil başa çatır, həm də müəyyən həyat təcrübəsi olur, daha rahat adaptasiya olur".
Ekspert yaşın artırılmasının vakansiyaların yaranmasına səbəb olması ilə razılaşmadı, bunun bəhanə olduğunu dedi:
"Müharibə şəraitində olduğumuzu əsas gətirərək, çağırış yaşının artırılmasına etiraz edənlər tənbəllərdir. İş görmək istəyirlərsə, bəhanə gətirməməlidirlər.
Ordunun ən ağır mərhələləri ötən əsrin 90-cı illərinin əvvəlləri olub, o mərhələni də çoxdan keçmişik. Demoqrafik məsələdədə müsbət dinamika müşahidə edilir. Bu məsələdə narahatlığa əsas yoxdur".
Ekspertin fikrincə, orduya çağırış üçün son yaş həddi də endirilməlidir:
"Son şağırış yaşının 27-dən 35-ə qaldırılması belə bir sıra bədbəxt hadisələrə səbəb oldu. əsgərlər arasındakı yaş fərqi onları silaha əl atmağa vadar edir".
Hərbi ekspert Azad İsazadənin bu təklifə birmənalı cavab verməyin mümkün olmadığını dedi:
"Qərar verərkən bir neçə amili nəzərə almalıyıq. Reallıq onu göstərir ki, Azərbaycanın insan ehtiyatları yaxşıdır, gənc oğlanların sayı çağırışa tələb olunandan daha çoxdur.
Buna görə də,biz rahatlıqla çağırış yaşını artıra bilərik, çünki resurs genişdir. Yaş həddi nə qədər yüksək olarsa, həyat təcrübəsi də çox olur, bu da ordu üçün müsbət hal hesab edilir. 20 yaş ən optimal yaşdır".
Ekspertin sözlərinə görə, erkən çağırış yaşı dəyişirsə, 35 yaş da azaldılmalıdır:
"35 yaşlı birini orduya çağırmağa ehtiyac və təlabat yoxdur. Konkret neçə yaşa endirə bilərik deyə bilmərəm, amma 35 həddindən artıq yuxarıdır".
A.İsazadənin fikrincə, zamanla müqaviləli orduya keçmək lazımdır. Onun sözlərinə görə, xarici ölkələrin əksəriyyətində çağırış üçün 18-27 yaş arası müəyyən edilib, amma 19-21 yaş təcrübəsi də var. Bir çox ölkələrdə artıq orduya çağırış ləğv edilib.
"Azərbaycanda da mərhələli şəkildə orduya çağırışı müqaviləli sistemlə əvəz etmək, bununla da peşəkar ordumuzu qurmalıyıq. Çağırış ölkənin mərkəzi hissələrində saxlanıla bilər.
Amma sərhəd bölgəsində müqaviləli, peşəkar əsgərlər qulluq etsə daha yaxşı olacaq. Bununla həm də "dedovşina" problemini də həll edəcək".
Xatırladaq ki, artıq qonşu Gürcüstanda müqaviləli orduya keçilib.
Türkiyə, İspaniyada orduya çağırış yaşı 20, Rusiya ABŞ, Fransa, İngiltərədə, İtaliya 19-dur. Hindistan, Səudiyyə Ərəbistanı, Polşa və Liviyada 17, Pakistan və Avstraliyada isə 16 yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılır və ya çağırışa hazır hesab olunurlar.
Əfqanıstanda 22 yaşlı, Tailandda isə 21 yaşlı gənclər həqiqi hərbi xidmətə çağırılır.
Ekspertlərin fikrincə,dünyanın əksər ölkələrində 19 yaş olsa da, 20 yaş özünü doğruldub.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










