Boşanmaların səbəbi və ya hansı insanlar evlənməsinlər?
Bu günlərdə boşanma ilə bağlı mətbuatda yayılan bir xəbər hər kəsin böyük narahatlığına səbəb oldu.Belə ki, bu ilin ilk 3 ayında ölkəmizdə 2800 ailə dağılıb.
Təsəvvür edirsinizmi, 3 aya 2800 ailənin dağılması nə deməkdir? Bütün bunlar son dövrlər cəmiyyətimizdə yaranmış boşluqların göstəricisidir, qabardılan məsələlərin, qaldırılan problemlərin nə qədər təhlükəli olmasından xəbər verir. Təəssüf ki, günümüzdə bir çox insanlar evlənməyə, ailə qurmağa başdansovdu, adi bir iş kimi yanaşırlar. Evliliyə bu prizmadan baxanlar bir bəhanə ilə qısa müddətdən sonra ailənin dağılmasına şərait yaradırlar.
Sayğı nədir bilməyənlər evlənməsinlər
Evlilik fədakarlıq tələb edir. Bunu bacarmayanlar evlənməsələr, yaxşıdır. Bəs fədakarlıq deyəndə nə başa düşülür?
Birincisi, sevməyi bacarmaq lazımdır. Sevgi, insani bir duyğudur. İlk sevgi işığı insanın qəlbində təbii olaraq alovlansa da, davamı insanın iradəsi ilə olur. İradi cəhd və səylə əldə ediləcək bu sevginin nəticəsində evlilik binasının təməli qoyulur. Siz heç təməlsiz, divarsız, damsız ev gördünüzmü?
Sayğı nədir bilməyənlər evlənməsinlər. Çünki sayğı evlilikdə axtarılan rahatlıqdır. Ayrıca, sayğı sevgi ilə birlikdə olanda bir məna ifadə edir. Ər və arvad arasında sevgisiz hörmət riya, sayğısız sevgi də qoca bir yalandan ibarətdir.
Ümid etməyi, sabaha ümidlə baxmağı bilməyənlər evlənməsinlər. Ümid evlilikdə bir xəzinədir. Ümidsiz insan, həyata bu günün pəncərəsindən baxan, həyatın sadəcə bu gündən, hətta yaşadığı andan ibarət olduğunu düşünən insandır. Halbuki, evlilik uzunməsafəli bir yolçuluqdur. Bu gün pis olan və ya pis görünən bir çox şey, sabah yaxşıya çevrilə bilər. Bunu isə yalnız ümidlə görmək mümkündür. "Hər işdə bir xeyir vardır" aforizmini xatırlayın. "Sizin şər gördüyünüz işlərdə xeyir, xeyir gördüyünüz işlərdə də şər var. Allah bilir, siz bilməzsiniz" ayətinin nə anlatdığı üzərində düşünməyə ehtiyacımız var...
Üzr istəməyi bilməyənlər evlənməsinlər
Səbir etməyi bilməyənlər evlənməsinlər. Çünki səbir, naşıları kamala çatdıran bir atəşdir. Bu atəşi yalın əllə tutmağa hazır olmayanlar evliliyə də hazır deyildirlər. Səbir evli insanların ömür boyu ehtiyac duyacağı, hər gün qapısını döyüb dilənçilik edəcəyi, susuzluğunu yatırtmaq üçün su içən insan kimi "daha yoxdurmu" deyə səslənəcəyi bir nəsnədir.
Üzr istəməyi bilməyənlər evlənməsinlər. Çünki üzr insan olan insan üçün bir əskiklik, qüsur deyil, əksinə bir üstünlükdür. Üzr istəməyi bacaran insan davamlı olaraq xəta işləməkdən qaçır. Üzr istəməyi bilməyənlər heç bir zaman öz xətalarını görmürlər. Xətanın görünmədiyi yerdə isə xətadan dönmə olmaz və gün gələr xətalar zənciri formalaşar. Sonda pərdələr götürülər və narahatlıqla başlanan vəziyyət boşanmaya qədər uzanar.
Ağlamağı bilməyənlər evlənməsinlər. "Qadındır, ağlaması normaldır", "gözyaşları qadının silahıdır", "kişilər ağlamaz" kimi fikirlər, yanaşmalar sizi çaşdırmasın.
Gülmək və ağlamaq həyat və ölüm kimidir
Gülməyi bilməyənlər evlənməsinlər. Çünki gülmək, ağlamağı tamamlayan bir ünsürdür. Bu ikisi bir bütövün iki yarısından biridir. Gülmək və ağlamaq həyat və ölüm kimidir. Biri olmadan digəri, digəri olmadan o birinin qədir-qiyməti bilinməz.
Bağışlamağı bilməyənlər evlənməsinlər. Bağışlamamaq, bağışlaya bilməmək hirsin yığılması, onun kin və nifrətə dönməsi ilə nəticələnir. Həyat yoldaşını bağışlamayan, bağışlaya bilməyən insan, zamanla kinə və nifrətə çevrilən hirsi, əsəbi ilə onu düşmən kimi görür, hətta şeytanlaşdırır. Adı üzərindədir - düşmən və şeytan. İnsan heç düşmənlə, şeytanla eyni yastığa baş qoyarmı?
Çox şeylər sıralamaq olar, amma sonda birini də əlavə edək: qənaət etməyi bilməyənlər evlənməsinlər. Çünki qənaət hər zaman aktualdır. Sonuna qədər davam edən bir yuvaya ancaq bunlarla sahib olmaq mümkündür. Uzun sözün qısası; insan olan insanlar evlənsinlər.
Unutmayaq, heyvanlar cütləşir, insanlar isə evlənirlər...
mənbə: veteninfo.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










