Toyda səsi tutulduğuna görə biabır olan "müğənni"

Toyda səsi tutulduğuna görə biabır olan "müğənni"BiG.AZ Redaktor.az-a istinadən Sara İbrahimin "Segah" hekayəsini təqdim edir.

Toy qapısı adamla doluydu. Əlində bəzəkli xonçalar tutmuş,allı- güllü geymiş qız- gəlinlər yavaş- yavaş toy evinə axışırdı.
Məclis həyətdəki böyük çardağın altında qurulmuşdu. Çardaq ikimərtəbəli evin qarşısından ta həyət darvazasına kimi böyük bir ərazini əhatə etdiyindən, kənarlarına çadır tutularaq qurulan mağar nəhəng alınmışdı: başdan baxanda sonda dayanın kim olduğunu bilmək olmurdu.
Kəndin sayılıb- seçilən ailələrindən birinin sonbeşik oğlunun toy məclisinə qızğın hazırlıqlar gedirdi. Toya üç yüzə yaxın qonaq çağırılmışdı. Toy sahibinin sonbeşikdən başqa yeddi- səkkiz uşağının hamısı Bakıda yaşayırdı. Gələn qardaş- bacıların da hərəsi öz ailəsi, yaxınları bir sözlə, başının dəstəsiylə gəlmişdi.
​Çardağın altına sırayla üstünə ağ süfrələr salınmış, üstü çərəz və soyuq yeməklərlə dolu uzun stollar qoyulmuşdu. Evin arxasındakı ocaqlıqda iri mis tiyanlarda bişən yeməklərin iyi həyətə, ordan da küçəyə yayılırdı.
Kababçı şişləri, manqalı hazır vəziyyətə gətirib toyun başlamasını gözləyirdi. Bir kənarda dörd- beş iri, sarı samovarın düdkeşindən çıxan nazik tüstü halqaları göyə millənirdi.
Çayçı ev sahibinin yaxın qohumu, həm də qapıbir qonşusuydu. Ona on dörd- on beş yaşlı oğlu kömək edirdi. Məclisin çay tədarükünü ata- oğul öz boynuna götürmüşdü. Arada ev sahibi onlara yaxınlaşıb hər şeyin qaydasında getdiyinə əmin olmaq üçün soruşurdu:
- Səfər, çatdırırsan? Barxudar yarıtmırsa, bəlkə başqa köməkçi də verək?
Səfər artıq dızıldamağa başlayan samovarın birinə qamqalaq atıb oğluna fərəhlə baxdı:
-Yox ay əmi, maşallah, Barxudar üç nəfər əvəzidir, narahat olma,- dedi,- çatdıraçağıq, sən köməkçini kababçıya ver.
Bir azdan toyu idarə edəcək tamada və musiqiçilər də göründü. Onlar mağarın yuxarı başında,musiqiçilər üçün nəzərdə tutulmuş qırmızı ipək örtüklü, yan- yana qoyulan iki iri stolun üstünə alətlərini yerləşdirməyə başladı. Beş nəfər musiqiçi və cavan xanəndənin yanında dayanıb ansamblın çalıb- oxumağa başlayacağını gözləyən tamada qaz boğazına oxşayan uzun boynunu qabağa uzadıb mikrofona üflədi: "Fışşş...Bir, iki...bir, biiir..." Qarmonçalan sanki tamadanın mikrofona üfürməsini gözləyirdi; qarmondan çıxan şən musiqi notları mağarda dərhal canlanma yaratdı.
​ Artıq toy mağarı qonaqlarla dolmuşdu. Stolun üstündəki yeməklərə ilk həmlə başlananda tamada məclisi açıb toy sahibinə gözaydınlığı verdi, məclisin yuxarı başındakı bəzəkli masada oturan bəy- gəlini təbrik etdi.
Məclis yavaş- yavaş qızışırdı. Oynayanlar bir- birinə aman vermirdi. Bakıdan gəlmiş qonaqlar bir qədər seçilirdi. Kənd əhli qonağa hörmət əlaməti olaraq onları meydanın ortasına, rəqsə dəvət edirdi. Qonaqların arasında yaşıl paltarlı arıq qadın digərlərindən fərqlənirdi; oğlan evinə yaxın olduğunu nümayiş etdirərək tez- tez ayağa qalxıb oynayır, yanında oturanları da durub rəqs etməyə həvəsləndirirdi.
Qadın toya qızıyla gəlmişdi. Qızın on yeddi- on səkkiz yaşı ancaq olardı. Zil qara uzun saçlı, zərif bədənli qız, anası təkid etsə də rəqs edənlərə qoşulmurdu. Əlini çənəsinə dayayaraq maraqla toy məclisini müşahidə edirdi. Kənd toyunda ilk dəfə iştirak etdiyi hiss olunurdu.
Yaşıl paltarlı qadın nəhayət, oyun meydançasını tərk edib qızının yanında oturdu. Hərdən ağzını qızın qulağına dayayıb nəsə deyir, sanki onu nəyəsə həvəsləndirib yola gətirməyə çalışırdı. Qız hər dəfə anası onun qulağına pıçıldayanda toy mağarının qulaqbatırıcı səs- küyü yaxşı eşitməyinə mane olduğu üçün çiynini çəkib başını bulayırdı. Qadın bir əlini ağzının kənarına qoyub səs dalğalarını qızının qulağına yönəltməklə yenidən dediklərini təkrar etməyə məcbur olurdu. Nəhayət, qadın istədiyi cavabı qızından alıb özündən razı halda gülümsədi və musiqiçilərin oturduğu masaya tərəf gözucu nəzər saldı.
Günortadan başlayan toy məclisi axşama doğru daha da qızışdı. Yemək yeyiləndən sonra süfrələri çay dəstgahı üçün hazırlayırdılar. Səfərlə Barxudarın işi indi lap çoxalmışdı. Bərxudar bayaqdan hərdən qonaqlardan kimsə istəyəndə çay aparırdısa, indi bütün məclis üçün tədarük görür, atasının armudu stəkanlara süzdüyü məcməyilərdəki çayı çevikliklə ocaqlıqdan mağara daşıyırdı.
Xanəndə yanıqlı səslə " Segah" oxuyurdu. Hamı səsini içinə qısıb xanəndənin ifasını dinləyirdi.
Barxudar boş məcməyini sinəsinə sıxıb çadırın qapısı ağzındakı dirəyə söykənmişdi.
"Segah" onu tutmuşdu. Qonaqların başı musiqiyə qarışdığından onu çağıran, çay istəyən yox idi.
Xanəndə ifasını bitirib qavalını qulağının dibindən götürüb dizinin üstünə endirəndə məclisdəkilər alqışlarla ona təşəkkür etdi.
Hər şeyi unudub xəyalı kim bilir, haralarda gəzən Bərxudar da məcməyini qoltuğunun altına soxub xanəndəni alqışlayanlara qoşuldu.
​"Segah" bitən kimi soyumuş çaylarını təzələtmək istəyənlər hərə bir tərəfdən onu çağırdı: "Baxı, qadan alım, çayım buza döndü, qaynayan yerindən birini süz gətir!" "Barxudar, gözünü yeyim, bu tərəfə də gəl,boğazımız qurudu".
Barxudar köksünü ötürüb yeyin addımlarla mağardan çıxıb ocaqlığa tərəf getdi. Səfər Barxudarın başı ocaqlıqla evin həyətini birləşdirən taxta qapıdan görünəndə çığırdı: "A bala, harda qaldın, gəlib çıxsana! Bunları apar,- yenicə süzdüyü, armudu stəkanlarda buğlanan çay dolu məcməyini ona verdi,- stolların üstündəkini tez yığ gətir".
Barxudar atasının ona uzatdığı dolu məcməyini alıb qapıya doğru iki addım atmışdı ki, toy mağarından gələn məlahətli səsi eşidib ayaq saxladı. Mikrofondan gələn səs tanış deyildi.Qadın səsi son vaxtlar dəbdə olan bir türk mahnısı oxuyurdu. Heyrətdən ağzı açıla qaldı: axı xanəndə kişiydi, bu qadın müğənni hardan çıxdı! Addımlarını yeyinlədib özünü mağara saldı. İlk gördüyü musiqiçilərin qarşısında mikrofonu ikiəlli ağzına lap yaxın tutub gözlərini yumaraq mahnının ahənginə uyğun bədənini azca yırğalaya- yırğalaya oxuyan şəhərli qız oldu. Qız türk mahnısını çox peşəkarcasına oxuyurdu. Hiss olunurdu ki, mikrofonla tanışlığı ilk dəfə deyil. Səsinin tembrini də oxuduğu mahnını ifa edən türk müğənnisinin səsinə oxşada bilirdi. Məclisdəkilər qızın səsi eşidilməyə başlayan andan yemək- içməyi, söhbət etməyi kəsib heyranlıqla dinləyirdi.
Barxudar da qonaqlara gətirdiyi çayı unudub qıza qulaq asırdı. Mağarın girişində əlində dolu məcməyi heykəl kimi dayanmışdı.
Qızın ifası bitər- bitməz xanəndə, musiqiçilər də daxil olmaqla toy çadırındakılar hamısı qızı alqışladı. Qız gülümsəyib mikrofonu xanəndəyə uzadaraq təşəkkür etdi, asta addımlarla heç kimin üzünə baxmadan yerinə- anasının oturduğu stola tərəf getdi. Yaşıl paltarlı qadın fəxrlə qızına baxıb ucadan yanındakılara dedi: "Bizim bütün ailə məclislərimizdə oxuyur. Səsi olsa da, müğənni olmasına icazə vermədim, amma yaxın adamların şənliyində oxumağını özüm də istəyirəm. Heç olmasa, həvəsini bu yolla öldürsün".
Qadının sağ- solunda oturanların səsi bir- birinə qarışdı: "Gözəl oxuyur, vallah, bir çox müğənnilərdən sənin qızın yaxşı oxuyur". "Hə, yaxşı oxudu, heç türk müğənnisindən pis oxumadı". "Elə yaxşı edib qoymursan oxumağa; qız nədi, müğənni oldu nədi!?"
Barxudar pörtmüşdü, həyəcandan nə etdiyini bilmirdi; məcməyi əlində stollara yaxınlaşıb iki- üç boş stəkanı məcməyiyə yığıb ocaqlığa getdi, tez də geri qaydıb boşalmış qabları yığmağa başladı.
​Səfər Barxudarın vurnuxduğunu görüb ona təpindi: "Yumurtası tərs gəlmiş toyuq kimi nə vurnuxursan? Bir işin dalınca iki dəfə gedib gəlirsən, yuxulusan nədi?"
Barxudar atasının yanından ötüb iri sarı samovarın qarşısında dayanıb məcməyini yerə qoydu. Udquna- udquna qalmışdı, həyəcanı bir az da çoxaldığından üzü qıp- qırmızı olmuşdu.Çəkinə- çəkinə atasına baxıb mızıldadı:
-Ata, tamadaya deyə bilərsən ki...
Səfər xırda, göy gözlərini oğlunun üzünə dikib gözləyirdi. Barxudarın haldan- hala düşməyi kişiyə qəribə görünürdü.
-Tamadaya nə deyim axı?
Barxudar sözə başlamağına peşiman olmuşdu, özünü toparlayıb atasının üzünə baxmadan birnəfəsə:
-Tamadaya de ki, mənə də oxumaq üçün icazə versin, mən də oxumaq istəyirəm!- dedi.
Eşitdikləri o qədər gözlənilməz idi ki, Səfər bir anlığa nə deyəcəyini kəsdirə bilmədi. Barxudardan nə desən eşitməyə hazır idi, bircə bundan başqa. Ömründə oğlunun bir ağız da olsa nəinki oxuduğunu, heç mızıldandığını da görməmişdi. Kişi nə deyəcəyini götür- qoy edə- edə susub durmuşdu.
Barxudar atasının fikrə getdiyini görüb ürəkləndi:
-Ata, mən o qızdan da yaxşı oxuya bilərəm,- kişinin tərəddüdlə ona baxdığını görüb israrla, - sən get de, qoy mənə söz versn, gerisiylə işin yoxdu,- dedi.
-Nə bilim vallah, birdən- ikidən oxumamısan, necə olar?- kişi gözlərini döyüb oğluna baxdı.
-Mal- qoyun otaranda dağlarda o qədər oxumuşam ki! Bilsən, necə yaxşı səsim var? Mən oxuyanda səsim qayalarda əks- səda verib neçə kilometr uzağa gedir.
Səfər oğlunun həvəsdən alışıb yanan üzünə, atlanan sinəsinə baxıb bir söz demədi. Çənəsini ovuşdurub önlüyü yaxasından açdı, qəddini düzəldib mağara doğru getdi. Heç beş dəqiqə keçməmiş geri qayıdıb intizarla onu gözləyən oğluna:
-Deyir ki, hazırlaşsın, oyun havası bitən kimi sözü ona verəcəm, - dedi.
Barxudar cəld mağara tərəf götürülsə də, atasının səsi onu geri qaytardı:
-Hara?! Bir üst-başına, özünə əl gəzdir,- Barxudara yaxınlaşıb köynəyinin içəri qatlanmış yaxalığını çəkib düzəltdi, əliylə saçlarına daraq çəkib dedi:
-Özünü sərbəst apar, həyəcanlanma, bayaq oxuyan qızdan da yaxşı oxuyacaqsan! O,şəhərdən gəlib, nə bilir oxumaq nədi? Bizim yerlərin suyunu içən oxumaya bilməz.
Barxudar atasına qulaq assa da, fikri başqa yerdəydi; toy mağarından eşidilən oyun havasını dinşəyirdi. Tamadanın səsi eşidilər- eşidilməz özünü mağara çatdırdı. Tamada elə öz kəndlərindən olduğundan onu tanıyırdı, əliylə gəlməyini işarə edib mikrofonu ağzına yaxınlaşdırdı:
-Məclisimizdə oxumaq istəyən daha bir nəfər var. Həvəskarlara da imkan vermək lazımdır ki, istedadlarını göstərə bilsinlər. İndi sizi Barxudarın ifasıyla baş- başa buraxıram,- pafosla əlavə etdi,- feyziyab olun: yeni səs,yeni nəfəs!
Mikrofonu gözünü bayaqdan onun ağzına dikib gözləyən Barxudara uzatdı. Barxudar həyəcandan titrəyən əlini uzadıb mikrofonu tamadadan aldı. İlk dəfəydi ki, əlində həqiqi mikrofon tuturdu. Dağda, bağda oxuyanda mikrofonu ağac qırığı, ya da saç darağı olmuşdu. Bu mikrofonda nəsə sehirli bir qüvvə vardı. Onu əlində tutduğu an həyəcanı yox oldu, həm də ona sanki bir güc, özünəinam hissi gəldi. Özünü əsil müğənni kimi hiss etdi. Gözünün ucuyla məclisdəkiləri süzdü. Şəhərli qız çənəsini stolun üstə dayaqladığı əlinin içinə qoyub maraqla ona baxırdı.Ona demək olar ki, fikir verən yox idi; kimisi çay içir, çoxu da yanında oturanla söhbət edirdi.
Geri dönüb boğazını arıtlayaraq, musiqiçilərə oxumaq istədiyi türk mahnısının adını söylədi.
Musiqiçilər üç dəqiqə ifa edib aşağı tempə keçəndə Barxudar oxumağa başladı. Daha doğrusu, ağzını açıb- yumdu. Boğazından çıxan səsdən özü də diksindi. Səsi xırıldayırdı. "Oxuduqca açılacaq, hələ indi başlamışam". Gözlərini yumub oxumağa davam etdi: "Yıllar sonra aşka küskün dönməsi acı veriyor,acı veriyoo.."
Səfər samovarları atıb mağara oğluna qulaq asmağa gəlmişdi. Küncdə dayanıb oğlunun oxumağına tamaşa edirdi. Barxudar oxumağa başlayanda köksü fərəhlə qabardı, gülümsəyib yan- yörəsinə baxaraq sanki baxışlarıyla hamıya "Baxın, oxuyan mənim oğlumdur" demək istədi.
Amma Barxudar birinci misradan sonra dərhal zilə çıxmaq istədi. Zilə qalxan kimi xırıltıyla çıxan səs nazikləşərək boğazında ilişib qaldı. Nə illah etdisə, qırılıb tökülən, cığıltıya çevrilən səsinin yığıb- yığışdıra bilmədi. "veriyor"un sonuncu hərfinə- "r" ya heç cür gedib çıxa bilmirdi. Səfərin təbəssümü üzündə donmuşdu; utandığından bilmirdi ki, özünü hara soxsun. Necə xəcalət çəkdisə, Barxudarı orda qoyub ocaqlığa qaçdı.
Barxudarın səsi cırıldamağa başlayan anda bayaqdan oxuyana qulaq asmayanların da diqqəti ona yönəldi. Əvvəlcə bir- birini dürtmələyib gülməyini boğmaq istəyənlərə sanki eyni anda işarə verildi; onu bir- birinə göstərib gülməkdən uğunurdular.
Barxudar bir az əvvəl türk mahnısı oxuyan şəhərli qızın da güldüyünü görəndə gözləri doldu.
Boğazında qaynayan qəhəri udub oxumağa davam etməyə çalışdı.Nə qədər gücənirdisə, səsi sözünə baxmırdı ki baxmırdı. Onun dağları titrədən səsi harasa qeyb olmuşdu.
Əmisi oğlu Barxudara yaxınlaşıb onu qucaqladı, yavaşca mikrofonu əlindən alıb gülməkdən özünü güclə saxlayan tamadaya verdi, Barxudarın qolundan tutub onu mağarın çıxışına apardı. Barxudar çölə çıxan kimi əmisi oğlundan sıyrılıb evlərinə tərəf götürüldü.
Ona heyrətlə baxan anasının yanından güllə kimi keçib özünü evə saldı.
"Niyə belə oldu? Axı dağda, meşədə oxuyanda səsim qayaları titrədirdi. Səsim niyə belə namərdlik edib məni gülünc vəziyyətə saldı?"
Toy sovulub bitəndən sonra evə qayıdan Səfərlə arvadı Barxudarı heç cür sakitləşdirə bilmirdi. Oğlanın gözləri ağlamaqdan qan çanağına dönmüşdü.
-Nə böyük iş olub, səsin bir az tutulub oxuya bilməmisən. Burda utanacaq nə var axı?
Barxudar içini çəkib hıçqırdı:
-Sabah kəndin uşaqları məni hoydu- hoyduya götürəcək,ondansa ölsəm yaxşıdı!
Səfərin arvadı "ölmək" sözünü eşidəndə geri sıçrayıb çığırdı:
-Barxudar əsəbidir, damarını kəsəcək, bir dəfə də hirslənib biləyini kəsmişdi!
Səfər tərs- tərs arvadına baxdı:
-Oğrunun yadına daş sal sən də!
Oğluna yaxınlaşıb onu qucaqladı.
-Bir həftə çölə çıxma, otur evdə. Görərsən, bir həftə yox ey, üç gündən sonra toy da, orda olanlar da yaddan çıxıb gedəcək.
Atasının sakit səsi, inamlı sözləri Barxudarı xeyli sakitləşdirdi.
Bir həftədən sonra səhər tezdən quzuları meşənin ətəyinə otarmağa aparanda top qovan bir dəstə kənd uşağı Barxudarı uzaqdan görüb fitə basdı. Aralarından ən böyüyü irəli çıxıb qışqırdı: "Çəkilin, uşaqlar,xanəndə gəlir!"
Barxudar əvvəl özünü itirib geri qayıtmaq istəsə də,fikrini dəyişdi.
"İndi sizə necə xanəndə olduğumu göstərərəm" Bilirdi ki, onu ələ salan bu cüvəllağıları indi yerində oturtmasa, hələ uzun müddət onların dilindən qurtara bilməyəcək.
Əlini qulağının dibinə qoyub asta- asta oxumağa başladı.Səsi bu dəfə naxələflik eləmədi.Titrək səslə oxumağa başladığı " Segah"ın zilinə çatanda ona rişxənd edən uşaqların təbəssümləri dodaqlarında donmuşdu.O,indiyədək " Segah"ı belə dəqiqliklə,ustalıqla oxumamışdı.
Barxudar otarmağa apardığı quzuları, uşaqları unudub oxuyurdu.Bulaq kimi çağlayan,məlahətli səslə ifa edilən "Segah" bitəndə çəpərlərdən,qapı- bacalardan boylanıb qulaq asanların "Əhsən,Barxudar","Qarabağın suyu,çörəyi sənə halal olsun" səsləri gözünü yumub oxuyan Barxudarı diksindirdi.O,yerə atdığı çubuğunu götürüb heç kimə məhəl qoymadan asta addımlarla quzuların arxasınca getdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1773   Tarix: 08 aprel 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"

Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml

18.09.2021 4164
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059