Cəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTO

Cəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOQəbələnin Tüntül kəndindən şəhid olan XTQ hərbçisi Tapdıq Ağayevin bacısı Mənzər Tapdıq (Qarayeva) qardaşı ilə bağlı xatirələrini bölüşüb. Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalmasından fəxarət hissi ilə danışan Mənzər Tapdıq bildirib ki, qardaşının bir yaş iki aylıq körpəsi atasını bundan sonra ancaq fotolarda görə, sevə və oxşaya biləcək...

BiG.AZ Publika.az-a istinadən müsahibəni təqdim edir:

- Mənzər xanım, çox igid bir qardaşın bacısısınız, çox böyük qürur sahibisiniz. Dərdinizin yükünü azalda bilməsək də, şəhidlərimizin xatirəsini yaşatmaq borcumuzdur. Ağrınızı bölüşməliyik ki, bütün Azərbaycan bu dərdə şərik olsun. Qardaşınızı necə xatırlayırsınız, necə uşaq olub?

- Çox sağ olun. Tapdıq hərbçi olsa da, olduqca sakit, mülayim, mehriban və gülərüz idi. Heç kəslə işi olmazdı, heç kimə dəyib-dolaşmazdı. Problemlərini təkbaşına həll etməyə çalışardı, insanları incitməzdi, xoşlamırdı kiminsə xətrinə dəyməyi. Ailəsinə bağlı insan idi, bir yaş 2 aylıq oğlu var. Amma bilirsiniz ki, hərbçi həyatının əsas hissəsini torpağa, vətənə həsr edir. İşi ilə əlaqədar nə ailəsinə vaxt ayıra bildi, nə də uşağından doydu. Günlərlə ağır təlimlərdə olurdu, qardaşımgilin komandası ordunun gözü idi, müharibəyə tam hazırlıqlı vəziyyətdə idi. Döyüşdə ən öndə gedən hərbçilər sırasında idilər. Təəssüf ki, qismətləri belə gətirdi, hamısı birlikdə şəhid oldu. İşindən danışmağı sevmədi, cəbhədə baş verənləri məxfi saxlayardı.

Cəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTO- Vətənpərvər, igid oğul böyütməyin bir qaydası varmı?

- Vətənpərvərlik elə bir həssas duyğudur ki, onu öyrətmək olmur, insanın gərək qanında-canında olsun. Bəlkə də genetika ilə ötürülür, biz bunu nümunə olaraq babamdan görmüşük, o, Böyük Vətən müharibəsinin veteranı olub. Babam müharibə xatirələrini nəvələri ilə bölüşərdi. Onu hamıdan çox Tapdıq həvəslə dinləyərdi. Yeri gəlmişkən, qardaşım babamın adını daşıyırdı. Böyük Tapdıq və balaca Tapdıq... İkisi də qəhrəman insanlar idi. Ümumiyyətlə, kişili-qadınlı vətənə, torpağa bağlı ailəyik. Aparan olsaydı, özüm gedib döyüşərdim. Döyüşə bilməsəm də, vətənpərvərlik haqqında şeirlər yazıram. Bu da vətənə olan borcumun bir ifadəsidir.

Cəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTO- Hansı ağıları oxuyub şəhid qardaşınıza ağlayırsınız?

- General Polad Həşimovun ölümündən sonra bu mövzularda daha çox yazmağa başladım. Qardaşımın məzarını ziyarət edəndə bu şeiri oxuyuram:

Bayrağında qanın qaldı,

Torpağında canın qaldı

Uçub getdin cənnət bağa,

Şərəfli bir adın qaldı!

- Müharibəyə yollandığını ailəsinə xəbər vermişdi?

- Müharibə başlayan gün - sentyabrın 27-də Tapdıqla telefonda danışmışdım, dedi ki, hələ çağırmayıblar. Ordan-burdan hal-əhval tutub yenicə sağollaşmışdıq ki, həyat yoldaşı zəng vurdu. Dedi ki, Tapdıq müharibəyə gedir... İnanmadım, dedim yəqin zarafat edir. Gedəcəyini bilirdi, bizdən gizlədibmiş.

- Hansı şəraitdə şəhid olduğu barədə məlumatınız varmı?

- Füzuli döyüşlərində şəhid olub, 22 gün cəsədi neytral zonada qalıb. Oktyabrın 8-i şəhid olub, cəsədini ayın 30-da gətirdilər. Qardaşım tabut qarışıq dəfn olundu, açmağa icazə vermədilər (Kövrəlir və şeiri oxuyur).

Çarpayın tabutun olub,

Yorğanın bayrağın olub

Uçub getdin cənnət bağa,

Şəhidlik qismətin olub...

Cəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTO- Sonuncu görüşünüzü necə xatırlayırsınız?

- Qələbənin Vəndam kəndində yaşayıram, yayda qonaq gəlmişdi. Uşaqlıq şəkillərini istədi, sanki ürəyinə dammışdı. Dedi ki, bütün şəkilləri yığıb özünlə aparmısan. Sonra bağa çıxıb xeyli gəzdik...

- Ən böyük arzusu nə idi?

- Ev tikdirmək istəyirdi, ən böyük arzusu o idi ki, oğlunun, ailəsinin bir evi olsun.

- Ata-ananız bildiyim qədəri ilə birinci qrup əlildir. Hazırda səhhətləri necədir? Ümumiyyətlə, dövlət tərəfindən şəhid ailəsi kimi qayğı görürsünüzmü? Qazilərimizə, şəhid ailələrinə dəstək necə olmalıdır?

- Bu dərd hamımızın belini bükdü. Dəstək olunur, amma bu məsələləri atam və əmimgil həll edir, qarışmıram, ağlamaqdan başqa əlimdən heç nə gəlmir. Anam yataq xəstəsidir, ayaqları tutulub, atam isə möhkəm olmağa çalışır. Qardaşım şəhid olan gündən adı dilimdən düşmür, gecə-gündüz onun haqqında danışıram. Xəbəri eşidəndə qıçlarım tutuldu, donub qaldım, ağlaya da bilmədim... Günlərlə gəzə bilmədim, yavaş-yavaş onun yoxluğu ilə barışmağa başlamışam. Yaddaşım da pozulub, heç nə fikirləşə bilmirəm, bütün gün şəkillərinə baxıb ağlayıram.

- Həyat yoldaşına kim dəstək olur?

- Gəlinimiz hazırda atasıgildədir, anası ilə bacısı ürək-dirək verir.

- Mənzər xanım, ən qiymətli xatirələrinizi bizimlə bölüşdüyünüz üçün təşəkkür edirəm. Allah sizə və bütün şəhid ailələrinə səbir versin.

- Çox sağ olun.

Cəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOCəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTOCəsədi 22 gün neytral zonada qalan şəhidin bacısından ÜRƏK DAĞLAYAN SÖZLƏR - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4341   Tarix: 02 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş