"Big Group"un rəhbəri Emil Əkbərov Moderator.az-a MÜSAHİBƏ VERDİ

"Big Group"un rəhbəri Emil Əkbərov Moderator.az-a MÜSAHİBƏ VERDİ"Mətbuatın da bu qələbədə böyük rolu oldu"

BiG.AZ xəbər verir ki, bu sözləri 16 illik yolu qət edən "Big Group" şirkətinin rəhbəri Emil Əkbərov Moderator.az-a müsahibəsi zamanı bildirib.

O, kompüter qarşısına keçib sayt yaratmağa cəhd edən və istəyinə nail olan ilk gənclərdəndir.

"Biz ilk sayt açmağa çalışanda bir mahnını yükləmək üçün 8 saat zaman lazım olduğu halda, indi imkanlar daha genişdir" deyən Emil Əkbərov dövrünün yaratdığı çətinliklərə baxmayaraq, arzularının ardınca gedib.

Onunla söhbətə qədər hesab edirdim ki, uğura gedən yolda hər şey məqsəddən başlayır. Məqsəd və, bütün çətinliklərə rəğmən, ona doğru irəliləməyi uğurun açarı hesab edirdim. Lakin onunla söhbətdən sonra anladım ki, işin açarı tək məqsəd deyil. Heç kimin getmədiyi və heç bir cığır olmayan yolda "məsləhət" verərək insanı həvəsdən salmağa çalışanlarla mübarizə aparmaq üçün inanmaq da lazımdır.

Həmin müsahibəni oxuculara təqdim edirik:

- Qalib ölkənin vətəndaşı olmaq necə bir hissdir?

- 30 il idi ki, bu qalibiyyəti arzulayırdıq, gözümüz yolda idi. Şükürlər olsun ki, biz əzəli torpaqlarımıza, Qarabağımıza qovuşduq. Bizi bu arzumuza ilk növbədə Ali Baş Komandanımızın təşəbbüsü, daha sonra rəşadətli ordumuzun gücü çatdırdı. İnanıram ki, bundan sonra da Azərbaycan xalqı dünyaya qələbə və sevinc xəbərləri ilə səs salacaq.

- Qələbə xəbərini eşitdikdə hansı hissləri yaşadınız?

- Bir anlıq 30 il əvvələ döndüm. Həmin illəri, uşaq olsam da, çox yaxşı xatırlayıram. Valideyinlərim məyus şəkildə torpaqlarımızın işğal olunduğunu və vətəndaşlarımızın orada çətin vəziyyətdə olduğunu deyirdilər. Uşaq təfəkkürümlə onların simasında o kədəri görmüşdüm və bu, mənim yaddaşıma həkk olunmuşdu. 30 il sonra mən valideynlərimin simasında o sevinci gördüm. Bu illər ərzində hər zaman filmlərdə, köhnə kadrlarda xalqımızın başına gətirilənlərə baxıb məyus olurduq. Özümü hər zaman torpaqlarının 20 faiz ərazisini itirmiş və üstəlik, burada yaşayan insanlarımıza əzab verilmiş xalqın nümayəndəsi kimi hiss edirdim. 30 ildən sonra Azərbaycan əsgərinin ayağı o torpaqlara basıldı və özü də layiqli şəkildə. Günahsız, sivil insanlara, yaşlılara, qocalara toxunmadan, məsum körplərin canını almadan, cəsur, mərd şəkildə biz doğma torpağımıza geri döndük. II Qarabağ müharibəsinin qalib tərəfi biz olduq. Ədalət öz yerini tapdı. Bu qalibiyyət bizim haqqımızdır.

- II Qarabağ müharibəsində də biz yenə sivil insanların, günahsız körpələrin düşmən hücumuna məruz qaldığının şahidi olduq. Döyüş cəbhədə getsə də, düşmənlər daha çox sivil insanlardan qisas almağa çalışırdılar.

- Dinc əhaliyə silah açmaq, onları öldürmək niyyətinə düşmək qansızlıq, şərəfsizlikdir. Ağlı başında olan insan uşağa necə əl qaldıra bilər?! Uşaqların Vətəni olmur. Axı o, Vətənin, bayrağın nə olduğunu bilmir. Düşmən o körpələrin həyatlarını, gələcəyini söndürdü. Cəbhədə döyüşərkən dünyasını dəyişmək normal haldır. Torpaq uğruna qələbə qazanmaq üçün itki qaçılmazdır. Bu, başa düşüləndir. Ancaq döyüşdə deyil, dinc əhaliyə hücum edərək mübarizə aparmaq qorxaqlığın əlamətidir. Dinc əhaliyə belə divanı ən qansız düşmən tuta bilər. Dünya bunu qəbul etmir. Körpələrə silah açanları vandallıqda günahlandırır. Bu, şərəfsizliyin pik nötqəsidir. Vəhşi təbiətdə belə, heyvan yem kimi gördüyü digər heyvanın övladına hücum etmir. Bunlar heyvandan da betərdilər. Nifrətləri o qədər böyüyüb ki, onlar körpə uşaq da tanımırlar. Çox şükürlər olsun ki, biz onlardan qisasımızı aldıq və gücümüzü döyüş meydanında göstərdik. Biz kişi kimi vuruşduq. Körpələrə, dinc əhaliyə güllə atmadıq. II Qarabağ müharibəsində Azərbaycan xalqı qalib gəldi və bu qələbə ilə həm ordusunun gücünü, həm də humansitliyini göstərmiş oldu. Belə ki, işğaldan azad olunmuş torpaqlarda, Kəlbəcərin özündə belə, sivil insanların torpaqlarımızı tərk etməsi üçün 10 gün güzəşt etdik.

- Halbuki, bizə torpaqlarımızı tərk etmək üçün 10 saat zaman vermişdilər.

- Heç o 10 saatı da verməmişdilər. Onlar I Qarabağ müharibəsində dinc əhaliyə zülm ediblər. Bununla bağlı kifayət qədər danşılıb, kadrlar nümayiş olunub. II Qarabağ müharibəsində isə Azərbaycan ordusu dünyada öz humanistliyi ilə tanındı. Torpaqlarımızı azad etdikdə orada yaşayan düşmən ailələri köçməyə zaman istədikdə, onlara zaman tanındı. Ali Baş Komandanımız hər dəfə çıxışlarında qeyd edir ki, bizim dinc əhali ilə işimiz yoxdur, heç zaman da olmayacaq. Biz sadəcə öz torpaqlarımızda vuruşduq. 30 ildir, gözləyirdik ki, qan tökülmədən, heç bir ananın gözü yaşlı qalmadan torpaqlarımızı düşməndən azad edək. Amma əfsuslar olsun ki, düşmənlərimiz bizi qorxaq bilirdi. Elə bilirdilər ki, öz torpaqlarımızı geri almaq üçün bizdə o hünər, o güc yoxdur. Artıq bıçaq sümüyə dirəndi. Biz düşmənə öz gücümüzü göstərməyə məcbur olduq.

- Sizcə, media olaraq, bu gün haqq səsimizi dünyaya çatdıra bildikmi? Mesajımız ünvanına çatdımı?

- Məncə, yetəri qədər çatdı. Biz nəinki döyüşdə, arxa cəbhədə də - istər mətbuatda, istər iqtisadiyyatda, istərsə də diplomatik masa arxasında - dünyaya sözümüzü hərtərəfli şəkildə dedik. Bundan başqa, sosial şəbəkələrdə müzakirələrə qoşulduq, sosial aləmdə haqq səsimizi kifayət qədər dünyaya çatdırdıq. Düzdür, bu müddət ərzində ölkədə dezinformasiya yaymağa çalışanlar da oldu. Onlar təşviş yaratmaq istəyirdilər, lakin bu planları baş tutmadı. Artıq püxtələşmişik, nəyi necə etmək lazım olduğunu bilirik. Bu istiqamətdə yola çıxdıq və satqınlara qalib gəldik. Mətbuatın bu qələbədə böyük rolu oldu. Medianın gücü ölkədə çaxnaşmaların və fikir ayrılıqlarının yaranmasının qarşısını aldı. Döyüşlər gedən ərəfələrdə yalnız Müdafiə Nazirliyinin rəsmi xəbərlərini paylaşmağı tövsiyə edirdik. Lakin bəzi vətəndaşlar naməlum mənbələrdən əldə olunmuş videolar yayırdılar. Onlar bu addımları ilə düşmənə koordinat verirdilər və bu da əsgərlərimizin həyatı üçün təhlükə yaratmış oldu. Həmin ərəfədə internetə məhdudiyyət qoyulması düzgün və yerində atılmış addım idi. Məhdudiyyətlərin olmasına rəğmən, yenə də həmin videolar paylaşılırdı. Düşünmürdülər ki, qardaşlarımız döyüşdədir, ermənilər onların koordinatlarını götürür.

- Artıq bunlar geridə qaldı və biz qələbə qazandıq. İndi qalıb ikinci düşmən - koronavirus. Bu virusla mübarizədə də itkilərimiz oldu və yoluxanların sayı gün-gündən artır. Pandemiya hansı işlərinizi həyata keçirməyə mane oldu?

- Gözəgörünməz düşmən olan koronavirus dünya iqtisayyatını çökdürüb. Pandemiya birinci zərbəni iqtisadiyyata vurdu. Dünya iqtisadiyyatı 50 faizə kimi iş qabiliyyətini itirdi. Təki salamatlıq olsun, bunlar gəlib-gedəndir. Əsas birinci növbədə sağlamlığımızdır. İndiki gənclərə baxıram, deyirlər ki, yalandır, amma onlar dərk etmirlər ki, gəncdirlər deyə immunitetləri güclüdür. Amma hər birimizin evində yaşlılar var, onların orqanimzi o qədər də güclü deyil. Gənclər bu xəstəliyi yüngül keçirə bilər, lakin bu məsələdə sən ancaq özünü düşünməməlisən. Ona görə də eqoist olmaq lazım deyil. Bu virusun dərmanı da yoxdur, həkimlər bilmirlər, yoluxanları necə sağalatsınlar. Ona görə də mütləq şəkildə qorunmaq lazımdır. Pulu sonra da qazanmaq olar. Bir-iki il çətinlik çəkib sonra yenə əvvəlki qaydada çalışmaq olar. Bir il istirahətə getməsən, maşınını, evini dəyişməsən, dünya dağılmaz. Bunu sabah bərpa etmək olar. Amma valideyni geri qaytarmaq olmaz.

- "Big Group"un hədəfləri nədir? 16 illik bir yolda istədiyinizi əldə edə bildinizmi?

- İnsanların arzuları sonsuz olur. Elə insan yoxdur ki, arzusu tükənən olsun. İnsan istədikcə və bu istəyinə çatdıqca, daha çoxunu istəyir. Bu sualı mənə 18 yaşımda versəydiniz, mən bugünkü günümü arzulayardım. Ancaq indi ünvanladığınız üçün 16 il bundan öncəki hədəflərdən tamam fərqlənən hədəflərimiz var. Mən hər zaman qarşıma məqsəd qoymuşam.

- Uşaq yaşlarınızda "Gələcəkdə nə olacaqsan?" sualına cavabınız nə olub?

- O zaman yaşıdlarım məşhur sənət sahələrinin adını çəkəndə mən bir qədər fərqli düşünmüşəm. Polis, həkim, müəllim, hətta kosmonavt olmaq istəyənlər vardı. Amma heç kim iş adamı və öz işinin sahibi olmaq istəmirdi. Bu sözü nadir hallarda eşidirdim. Hər zaman iş adamı olmaq istəyirdim və arzuma çatdım. Hansısa şirkətin rəhbəri olacağımı düşünürdüm. Valideyinlərim istəyirdi ki, mən polis olum, lakin mən istəmirdim. Arzum öz işimin sahibi olmaq idi və mən bu arzuma çatdım. İndi istənilən məlumatı asanlıqla internetdən əldə etmək mümkündür. 16 il bundan öncə mən bu işə başlayanda internet o qədər də yayılmamışdı. Biz Azərbaycanda sayt açdığımız ilk zamanlarda bir mahnını yükləmək üçün kompüteri 8 saat açıq qoymalı idik. Bir kinonu 1 həftəyə ancaq yükləmək olurdu. İndi isə bir kino 10 dəqiqəyə yüklənir. O zamanlar çox çətin idi. Mən kompüterin qarşısında oturanda valideynlərim deyirdilər: "Sən yenə kompüterlə oynayırsan? Nə zaman bir işlə məşğul olacaqsan? "Xalxın uşaqları" bir peşə ilə məğuldur". Mənimsə arzularım, xəyallarım vardı. Əsas istəyim isə iş sahibi olmaq və işimi böyütmək idi. Bu gün "Big Group"un 15-ə yaxın layihəsi var. Əsas layihəsi mətbuat olsa da, "Sonxəbər", "BiG.AZ" kimi media layihələrimizlə yanaşı, tanınmış biznes layihələrimiz də var. İstəyim onları daha da böyütməkdir.

- İnternetdən pul çıxırmı?

- Ümumiyyətlə, hər şeydən pul çıxır. Əgər bir insan öz işinin peşəkarıdırsa, mütləq ondan pul çıxara biləcək. Hətta diş çöpü istehsalçısının da milyonçusu var. Əgər işi peşəkarcasına qura bilibsə, nə işlə məşğul olduğunun fərqi yoxdur.

- Bu yola çıxanda sizə rişxənd edənlərin indi münasibətləri necədir? Hansısa işlərini "aşırmaq" lazım olanda sizi axtarırlarmı?

- Bəli, məhz məni axtarırlar. Onlar mənim dostlarımdır. Mən onları da qınamıram. Bu, yeni sahə idi. Heç kim bilmirdi, inanmırdı. İndi "day-day"la gəlib iş adamı olmaq asandır. Ancaq bizim sahədə bu, mümkün deyil. Azərbaycanda ilk internet saytı yaradan biz olmuşuq. Heç bir köməyimiz, dəstəyimiz olmayıb. Bu, yeni trend idi və biz bundan istifadə etdik. Bəli, o zaman dostlarım mənə, gördüyüm işə inanmırdılar. Elə o vaxtdan deyirdim ki, hər şey yaxşı olacaq.

- Niyə "Big Group"? Daha genişmiqyaslı layihə nəzərdə tutduğunuz üçünmü?

- Hər zaman Vətənə bağlı biri olmuşam. O vaxt biz internet aləminə gələndə Azərbaycan domenləri yox idi. Daha çox xarici adlar idi. "BiG.AZ"-ın mənası "Böyük Azərbaycan" deməkdir. Torpağıma bağlı olmuşam və istəmişəm ki, Azərbaycanın adı hər yerdə səslənsin.

- "Big Group"un Qarabağ bürosu olacaqmı?

- Biz bunu çox istəyirik. Mütləq ki, olar. Bu, istəkdir. Orada müəyyən abadlıq işləri bitəndən sonra niyə də olmasın? Bizim peşəkar komandamız var. Bu 16 ildə BiG.AZ-da tanınmış media nümayəndələri yetişib. Onlar da indi deyirlər ki, "BiG.AZ" məktəbi görmüşük . İndi onlar böyük vəzifələrdədirlər və BiG.AZ onların ilk "tədris mərkəzi" olub.

Xəyalə Rəis


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1868   Tarix: 01 dekabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş