Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı - VİDEO

Azərbaycanın işğaldan azad olunmuş Vejnəli qızıl yatağı - VİDEOİşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən "Vejnəli" qızıl yatağında 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib.

Xezerxeber.az-ın məlumatına görə, yatağın təsdiqlənmiş qızıl ehtiyatları 6, gümüş ehtiyatları isə 10 tondan çoxdur.

Təsadüfi deyil ki, Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, gümüş, mis və sink filizləri, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl yataqlarından hasil olunub.

Ermənilərin işğal altında olan Azərbaycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. Belə ki, Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.

Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilirdi. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi "Franck Muller Group"un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. O, "ArmSvissBank"ın təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu "Franck Muller" şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb.

Sirmakesin Kəlbəcərin "Söyüdlü" və Zəngilanın "Vejneli" yataqlarından qanunsuz istismar etdiyi qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak edib. Bu sıraya Koçaryan-Sarqsyan cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyan daxildir.

5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4352   Tarix: 31 oktyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş