Prezident yeni Xarici İşlər nazirini qəbul etdi

Prezident yeni Xarici İşlər nazirini qəbul etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

BiG.AZ xəbər verir ki, dövlət başçısı qəbulda çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində.

Bununla bərabər, Azərbaycanın xarici siyasəti ilə bağlı mənim tərəfimdən dəfələrlə əsas istiqamətlər müəyyən edilmişdir və bu haqda açıqlamalar verilmişdir. Bizim xarici siyasətimiz açıqdır. Biz xarici siyasət prioritetlərimizi açıq şəkildə bəyan edirik və məqsədlərə çatmaq üçün ardıcıl siyasət aparırıq. Bütün ölkələrlə bərabərhüquqlu qarşılıqlı hörmət və etimad əsasında münasibətlərin qurulması bizim əsas prinsiplərimizdən biridir. Hesab edirəm ki, son illərdə Azərbaycan bu sahədə böyük uğurlar əldə edib. Azərbaycan dünya birliyinin ləyaqətli üzvüdür. Dünyada bizə olan hörmət artmaqdadır. Bunu müxtəlif vaxtlarda Azərbaycana beynəlxalq aləm tərəfindən göstərilən dəstək əyani şəkildə sübut edir. Bizim dünyadakı rolumuz artır, bölgədə ölkəmizin iştirakı olmadan, maraqları təmin edilmədən hər hansı bir layihənin icrası qeyri-mümkündür. Bizim siyasətimiz Azərbaycana illər boyu daha çox dostlar qazandırıbdır. Təsadüfi deyil ki, bu gün bizim beynəlxalq mövqelərimiz kifayət qədər güclüdür.

Əlbəttə ki, xarici siyasətlə bağlı əsas istiqamətləri mən bu gün bir daha qeyd edəcəyəm. Amma ondan əvvəl demək istəyirəm ki, ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. İlk növbədə, təhlil aparılmalıdır, nöqsanların aradan qaldırılması üçün əməli tədbirlər görülməlidir. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir. Nazirlikdə müxtəlif idarələr, o cümlədən rəhbər işçilər arasındakı koordinasiya işləri lazımi səviyyədə təmin edilməlidir. Nazirliyin fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi haqqında sizdən təkliflər gözləyəcəyəm.

Bizim xarici nümayəndəliklərdə görülən işlər ciddi təhlil olunmalıdır, səfirliklərin işinin səmərəlilik əmsalı müəyyən edilməlidir. Bəzi hallarda bizim səfirliklərimizdə çalışan insanlar öz işinə laqeyd yanaşırlar, passiv olurlar, ölkəmizin maraqlarını lazımi səviyyədə müdafiə və təmin edə bilmirlər. Ölkəmiz haqqında reallıqları geniş ictimaiyyətə çatdıra bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Vaxtaşırı Azərbaycana qarşı ünvanlanan şər-böhtan xarakterli iradlara lazımi cavab verə bilmirlər, ya da ki, bunu etmək istəmirlər. Ona görə bütün bu məsələlər əlbəttə ki, sizin gündəlik fəaliyyətinizdə önəmli yer tutmalıdır. Bizim xarici nümayəndələrimiz, diplomatlarımız ölkəmizin maraqlarını tam təmin etməlidirlər. Mən deyə bilərəm ki, bizim xaricdə fəaliyyət göstərən diplomatlarımızın əksəriyyəti yüksək meyarlara cavab verir. Ancaq vəziyyət təhlil edilərkən, ilk növbədə, nöqsanlara fikir vermək lazımdır. Səfirliklərimiz xaricdə yaşayan, fəaliyyət göstərən Azərbaycan icmaları ilə sıx əlaqədə olmalıdırlar. Onlar diaspor təşkilatlarının koordinasiya işinə öz töhfəsini verməlidir ki, həm diaspor təşkilatları, həm səfirliklər Azərbaycanın maraqlarını təmin etsinlər və Azərbaycan reallıqlarını çatdırsınlar.

Xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Azərbaycan haqqında bəzi hallarda gedən yanlış məlumata dərhal adekvat reaksiya verilməlidir, formal yox. Çünki bir çox hallarda biz bunu görmürük. Ölkəmiz haqqında qəsdən uydurulan, heç bir əsası olmayan şayiələr əgər mən müdaxilə etməsəm təkzib olunmur. Ya bu işlə məşğul olmaq istəmirlər, ya başqa göstərişlər alırlar. Bu gün sirr deyil ki, Azərbaycana qarşı təşkil edilmiş və koordinasiya olunmuş çirkin kampaniya aparılır. Azərbaycan vətəndaşları yaxşı bilirlər ki, bu kampaniyanın mənbəyi və səbəbi nədir. Bir çox səbəblər var, onların arasında bizim milli maraqlara söykənən müstəqil siyasətimizdir və özümüzü ləyaqətli aparmağımızdır. Bəs bu kampaniyaya adekvat cavab verilir, yoxsa yox? Verilmir. Xaricdə bəzi anti-Azərbaycan ünsürlər öz fəaliyyətində, öz çirkin əməllərində, bəyanatlarında yaşadıqları ölkələrin qanunlarını kobudcasına pozurlar, terrora çağırışlar edirlər, konstitusiya quruluşunun dəyişdirilməsinə çalışırlar. Bütün bunlar nəinki Azərbaycanın, bir çox ölkələrin qanunvericiliyində, o cümlədən cinayət məcəlləsində təsbit edilmiş məsələlərdir və ona görə bu cinayəti törətmiş insanlar cinayət məsuliyyətinə cəlb edilməlidir.

Amma bizim xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklər bu məsələyə diqqət yetirirlər? Deyə bilərəm ki, yox. Baş qoşmaq, heç kimlə pis olmaq istəmirlər. Bəzi hallarda fəaliyyət göstərdikləri ölkələrdə Azərbaycanın maraqlarını yox, özlərini həmin ölkələrin yüksək vəzifəli nümayəndələrinə yaxşı tərəfdən göstərmək üçün o ölkələrin maraqlarını müdafiə edirlər.

Mən bir daha demək istəyirəm ki, biz bütün ölkələrlə normal dostluq və tərəfdaşlıq münasibətlərinin formalaşmasında əməli addımlar atırıq. Amma bu, o demək deyil ki, öz ölkənin, öz xalqının maraqları kənarda qalsın. Bizim xaricdəki bəzi diplomatlarımız fəaliyyət göstərdikləri ölkələrin elçilərinə çevrilirlər. Buna son qoyulmalıdır. Bu da yanlış kadr siyasətinin təzahürüdür. Bəzi diplomatlar dövlətə xəyanət ediblər, satqınlıq ediblər və bunu gizlətmirlər. Yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədirlər. Bizdə kifayət qədər məlumatlar var. Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər. Demişlər ki, biz bilirik, filan adamı siz istiqamətləndirirsiz, filan adama siz ev vermisiniz, filan adamın çirkin çıxışları sizin idarənizdə yazılır. Biz bütün bunları bilirik. Bir daha demək istəyirəm ki, bu, o ölkələrin riyakarlığını göstərir. Çünki mən bu haqda dəfələrlə demişəm. Bir tərəfdən bizə dostluq siqnalları göndərilir, üzdə tərəfdaşlıq haqqında sözlər deyilir, amma, əslində, bizə qarşı kampaniya aparılır. Bunun da məqsədi Azərbaycanı zəiflətmək, Azərbaycanı sarsıtmaq, Azərbaycanı ləkələmək, Azərbaycan rəhbərləri haqqında olmayan yalanları yaymaqdır. Ancaq həyat artıq göstərir ki, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Bilir ki, bu gün bizim fəaliyyətimizdə Azərbaycan xalqının maraqları hər şeydən üstündür. Çox güman ki, məhz buna görə bizə qarşı bəzi hallarda belə çirkin üsullardan istifadə edilir. Bilirsiniz, müxtəlif vaxtlarda bu üsulların məzmunu və formaları dəyişirdi. Vaxtilə dırnaqarası "müstəqil" qeyri-hökumət təşkilatları vasitəsilə bizə hücumlar edilirdi. Halbuki hər kəs yaxşı bilir ki, bu qeyri-hökumət təşkilatları hansı mənbələrdən maliyyələşir - böyük dövlətlərin xarici siyasət orqanları tərəfindən maliyyələşir. Bir müddət xarici ölkələrin kütləvi informasiya vasitələri bizə qarşı çirkin kampaniya aparırdı - həm elektron, həm yazılı kütləvi informasiya vasitələri. Biz bu kütləvi informasiya vasitələrinin hansı mənbələrdən maliyyələşdiyini də bilirik. Bunun heç bir faydası olmadı, əksinə, Azərbaycan ictimaiyyəti çox yaxşı dərk edirdi, başa düşürdü ki, bunun məqsədi nədir - Azərbaycanı zəiflətmək, Azərbaycanda xaos yaratmaq, Azərbaycanı 1990-cı illərin əvvəllərinə qaytarmaq və ondan sonra bu imkanlardan istifadə edib öz maraqlarını təmin etmək. Bu keçməyəndə isə növbəti çirkin üsullara əl atıldı. Özlərini azərbaycanlı kimi təqdim etməyə çalışan, ancaq mənəvi cəhətdən eybəcərliyin rəmzinə çevrilmiş antimilli ünsürlər indi xarici xüsusi xidmət orqanlarının rəhbərliyi altında Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Bu, düşünülmüş siyasətdir və əslində, bu siyasətin məqsədi Azərbaycan xalqının əsrlərboyu qoruduğu milli dəyərləri sarsıtmaqdır, bizim mənəvi sütunlarımızı dağıtmaqdır. Çünki Azərbaycan xalqının mentaliteti bunu inkar edir. Heç vaxt bizim tariximizdə belə çirkin üsullardan, yalanlardan, böhtanlardan istifadə edilmirdi. Bu, bizə xaricdən idxal edilir. Ona görə bizim diplomatlarımız buna qarşı fəaliyyət göstərməlidirlər. Yoxsa ki, "dəymə mənə, dəyməyim sənə" prinsipi ilə işləmək olmaz. Əfsuslar olsun ki, bizim Xarici İşlər Nazirliyində son vaxtlar bu prinsip əsas rol oynayır.

Mən demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, milli maraqlar tam təmin edilməlidir. Ancaq bir çox hallarda bunun əksini görürük. Görürük ki, razılaşma prinsipi əsas tutulur, milli maraqları kənara qoyub kiminsə xoşuna gəlmək üçün səylər göstərilir. Bu haqda bir çox məlumatlarım var. Ona görə siz bu məsələləri nəzərdə saxlayın. Bizə elə diplomatik kadrlar lazımdır ki, peşəkar, milli ruhda, milli dəyərlərə bağlı olsunlar, ölkəmizi müdafiə edə bilsinlər.

O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm. Bu gün bir daha demək istəyirəm, siz yeni nazir kimi bunu bir daha məndən eşitməlisiniz və Azərbaycan ictimaiyyəti də bunu bir daha eşitməlidir. Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur.

Qonşu dövlətlərlə bizim münasibətlərimiz strateji xarakter daşıyır. Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət - bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır. Çünki dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qonşular arasında münasibətlər problemli olur.

Bildiyiniz kimi, biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq.

Bizim İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrlə də münasibətlərimiz çox yaxşıdır. Azərbaycan müsəlman aləminin bir parçasıdır və beynəlxalq təşkilatlarda biz tərəfdən ən çox dəstək alan ölkələr müsəlman ölkələridir və bizə də müsəlman ölkələrindən ən çox dəstək gəlir. Bu yaxınlarda Ermənistanın növbəti hərbi təxribatı ilə bağlı İslam Əməkdaşlıq Təşkilatı bəyanatla çıxış edib, Azərbaycanın haqlı mövqeyini müdafiə edib və biz bunu yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Azərbaycanda bir çox tədbirlər keçirilmişdir. Mən bir çox Zirvə görüşlərində iştirak etmişəm, həmişə öz çıxışlarımda və öz fəaliyyətimdə İslam aləmində əməkdaşlığın, həmrəyliyin inkişafına fikir vermişəm, səylər göstərmişəm. Bəzi müsəlman ölkələri arasında mövcud olan ixtilafların yumşaldılması, ya da ki, aradan qaldırılması üçün Azərbaycan öz səylərini əsirgəmir və bəzi hallarda bu səylər yaxşı nəticələrə gətirib çıxarır. Çünki, ilk növbədə, müsəlman aləmində həmrəylik olmalıdır ki, biz ənənəvi dostlarımızla öz gələcəyimizi sağlam zəmində qura bilək.

Türkdilli dövlətlər bizim üçün qardaş ölkələrdir və bütün türkdilli dövlətlərlə çox gözəl münasibətlərimiz var. Bildiyiniz kimi, hazırda Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik edir. Onu da bildirməliyəm ki, türkdilli ölkələrin Zirvə görüşləri uzun illərdir keçirilir. Azərbaycan və digər postsovet ölkələri müstəqilliyə qovuşduqdan sonra dərhal belə Zirvə görüşləri keçirilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası təşkilat olaraq Naxçıvan şəhərində yaradılıbdır. Azərbaycanda, Naxçıvan şəhərində keçirilmiş Zirvə görüşlərinin birində belə bir təşkilat yarandı və hazırda təşkilat öz potensialını gücləndirir. Onu da bildirməliyəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da bu yaxınlarda baş vermiş sərhəd münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən açıqlama yaymışdır.

Bizim Avropa İttifaqı ilə əlaqələrimiz də çox möhkəm zəmində qurulub. Avropa İttifaqına üzv doqquz dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri vardır. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır. Sazişin böyük hissəsi razılaşdırılıb. Siz dərhal bu məsələ ilə məşğul olun və bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin. Hesab edirəm ki, Azərbaycan maksimum dərəcədə konstruktivlik göstəribdir və bu gün hələ də razılaşdırılmamış məsələlər var. Bizim üçün indiki formada onları qəbul etmək deyə bilərəm ki, çox çətin və əhəmiyyətsiz olacaqdır. Çünki mən demişəm, biz ona görə yeni saziş imzalamalıyıq ki, öz maraqlarımızı daha böyük dərəcədə müdafiə edək, təmin edək və qarşı tərəf də həmçinin. Onlar ona görə Azərbaycanla bu sazişi imzalamaq istəyirlər ki, öz maraqlarını müdafiə və təmin etsinlər. Bu da təbiidir. Ancaq gərək bu maraqların uzlaşması olsun. Yəni, biz heç vaxt bizi qane etməyən, yaxud da ki, bizə hansısa problem yarada biləcək sazişə imza atmarıq. Bu, əhəmiyyətsizdir, mənasızdır. Biz Azərbaycan xalqına məlumat verməliyik ki, bunu nə üçün edirik. Biz edirik ki, daha yaxşı şərait olsun, əməkdaşlıq üçün daha yaxşı imkanlar yaransın, xalqımız üçün daha geniş imkanlar açılsın. Yoxsa elə saziş imzalansın deyə sazişə qol çəkmək düzgün olmaz. Bizim mövqeyimiz tam açıqdır. Mən bunu bu gün bütün ictimaiyyətə bildirirəm.

Hesab edirəm ki, kompromis üçün yer var. Ancaq gərək xoş niyyət və qarşılıqlı iradə olsun. Azərbaycan tərəfində bu iradə var. Ümid edirəm ki, bu danışıqlar uğurla davam edəcək. Onu da nəzərə almalıyıq ki, hazırda Avropa Komissiyasının yeni tərkibi formalaşıbdır və biz, əlbəttə, Avropa İttifaqının Azərbaycana münasibətinin statusunu özümüz üçün daha dəqiq müəyyən etməliyik. Biz bəri başdan o mövqedə idik ki, qarşımıza real olmayan hədəflər qoymayaq. Çünki sonra bu hədəflərə çatmayanda məyusluq, qarşılıqlı inamsızlıq yarana bilər. Ona görə qarşıya elə məqsədlər qoymalıyıq ki, biz ona çata bilək və bu məqsədlər bizim maraqlarımıza uyğun olsun. Hesab edirəm ki, bu istiqamətdə gələcək fəaliyyət də uğurlu olacaqdır.

Təbii ki, Amerika Birləşmiş Ştatları ilə bizim münasibətlərimiz çox böyük əhəmiyyət daşıyır və bu münasibətlərin böyük tarixi var. Həm siyasi, iqtisadi, enerji sahələrində, həm də təhlükəsizlik sahəsində çox yaxşı nəticələr var. Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyalarda göstərdiyi səylər Amerika tərəfindən yüksək qiymətləndirilir. Bildiyiniz kimi, Azərbaycan üzərindən çox önəmli nəqliyyat dəhlizi keçir və buna Şimal Nəqliyyat Dəhlizi deyilir. Əslində, bu, hava nəqliyyatıdır və yüklərin təhlükəsiz şəkildə nəql edilməsi bu gün hər bir ölkə üçün çox önəmlidir.

Bizim siyasi münasibətlərimizin inkişafına gəldikdə, hesab edirəm ki, bu gün bu münasibətlər çox yaxşı səviyyədədir. Prezident Trampın mənə göndərdiyi bir çox məktublarda Amerika Birləşmiş Ştatlarının Azərbaycana xoş münasibəti öz əksini tapıb. Son məktubunda qeyd etmişdi ki, bizim iki böyük dövlətimiz birlikdə bundan sonra da çalışacaqdır.

Mənim də Prezident Trampa göndərdiyim məktublarda bizim münasibətlərimizin əhəmiyyəti qeyd olunur və əminəm ki, bundan sonra da bu əlaqələr uğurla inkişaf edəcək. Hesab edirəm ki, bu əlaqələrin gələcəyi çox müsbət olacaqdır.

Bizim strateji investorumuz Böyük Britaniyadır. Böyük Britaniya ilə də bizim çox sıx tərəfdaşlıq münasibətlərimiz var. Əvvəlki dövrdə biz bu münasibətləri, eyni zamanda, Avropa İttifaqı prizmasından təhlil edirdik, dəyərləndirirdik. Amma artıq Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və həm bizim, həm də onların qarşılıqlı marağı gündən-günə artır. Böyük Britaniyanın BP şirkəti bizim strateji tərəfdaşımızdır. Biz keçən il bu tərəfdaşlığın artıq 25 illiyini qeyd etmişdik və bundan sonra ən azı 25-30 il birlikdə çalışacağıq. Əlbəttə ki, bu, ikitərəfli münasibətlərə də müsbət təsir göstərdi. Ancaq hər iki tərəfin fikri ondan ibarətdir ki, biz qeyri-neft sektorunda daha böyük işlər görməliyik. Bir sözlə, bu əlaqələr də bizim üçün çox önəmlidir.

Bildiyiniz kimi, biz hazırda Qoşulmama Hərəkatının sədriyik və bu sədrliyi 120 ölkənin yekdil qərarı ilə qazanmışıq. Bu sədrliyi öz üzərimizə götürəndə mən demişdim ki, bu, formal sədrlik olmayacaqdır. Biz beynəlxalq təşkilatlarda Qoşulmama Hərəkatına üzv ölkələrin maraqlarını, eyni zamanda, beynəlxalq hüququ, ədaləti dəstəkləyəcəyik və bunu əməli işlərdə göstərdik. Pandemiya dövründə bizim təşəbbüsümüzlə Qoşulmama Hərəkatının, eyni zamanda, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşləri keçirildi. Biz Qoşulmama Hərəkatına üzv ölkələrə həm birbaşa, həm də Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə humanitar yardım göstərdik. Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinin təşəbbüskarı biz olmuşuq və bu təşəbbüsə bildiyiniz kimi, 130-dan çox ölkə qoşuldu. Hesab edirəm ki, bu, bizim növbəti siyasi uğurumuzdur.

Əlbəttə, fəaliyyətinizin əsas hissəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətləndiriləcək. Bu, bizim üçün əsas məsələdir, bu, milli məsələdir. Son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq Prioritetləri" sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib.

O ki qaldı, münaqişənin həllinə, bizim mövqeyimizdə, qeyd etdiyim kimi, heç bir dəyişiklik ola bilməz. Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu, birmənalıdır və heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb. Orada bu yaxınlarda keçirilmiş qondarma "seçkilər" bunu bir daha təsdiqlədi. Çünki bütün aparıcı dövlətlər, qonşu dövlətlər, aparıcı beynəlxalq təşkilatlar bu "seçkilərin" tanınmaması ilə əlaqədar bəyanatlar vermişlər.

O ki qaldı, danışıqlara, mən bir daha demək istəyirəm ki, biz imitasiya naminə danışıqlar aparmaq, mənasız videokonfranslar keçirmək fikrində deyilik. Bunun mənası olmalıdır. Mən demişəm ki, Minsk qrupunun işi çox fəal olmalıdır və onların mandatı çərçivəsində təkcə təmas xəttində, yaxud da ki, dövlət sərhədində atəşkəsin təmin edilməsi məsələsi yox, mahiyyət üzrə danışıqlar aparılmalıdır və bunun üçün artıq uzun illər ərzində formalaşmış baza var. Ancaq Ermənistan öz destruktiv addımları, qeyri-konstruktiv bəyanatları, sərhəddə və təmas xəttində törətdikləri hərbi cinayətləri ilə bütün bu danışıqlar konstruksiyasını məhv edir. Ermənistan danışıqlar formatını dəyişmək, danışıqların mahiyyətini pozmaq istəyir. Yəni, faktiki olaraq bu gün Ermənistan danışıqlar prosesini dağıdır və bunu hər kəs görür. Sadəcə olaraq, Ermənistan rəhbərliyinin açıqlamalarına fikir vermək kifayətdir. Onların hərbi rəhbərliyi bizi hədələməyə çalışır. Bizi yeni torpaqların işğalı ilə hədələmək istəyir. Ancaq bunlara bu günlərdə verilən dərs hesab edirəm ki, uzun müddət onların yaddaşından silinməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik.

Demək olar ki, mən bizim xarici siyasətlə bağlı əsas məsələləri qeyd etdim. Əlbəttə, bu görüş əsnasında bütün başqa məsələləri əhatə etmək vaxt baxımından mümkün deyil. Ancaq əminəm, idarəetmədə əldə etdiyiniz təcrübə sizə imkan verəcək ki, qısa müddət ərzində işin içinə girəsiniz. Dediyim kimi, Azərbaycanın xarici siyasəti ölkəmizin maraqlarını tam təmin etmək üçün öz sözünü deyəcək. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram.

Nazir Ceyhun Bayramov dedi:

-Möhtərəm cənab Prezident, ilk növbədə, bu yüksək etimada görə mən Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Cənab Prezident, mən Sizi əmin etmək istərdim ki, bu gün burada səsləndirdiyiniz bütün fikirlər, Xarici İşlər Nazirliyinin fəaliyyətinə dair qeyd etdiyiniz bir sıra nöqsanlar və ölkəmizin strateji maraqlarının təmin edilməsi yönündə əsas istiqamətlər və vəzifələrlə bağlı olaraq sistemli və davamlı fəaliyyətin təmin edilməsi, həmçinin qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlmək üçün əlimdən gələn bütün səyləri əsirgəməyəcəyəm. Siz qeyd etdiyiniz kimi, bu sahə mənim üçün yeni olsa da, qısa müddət ərzində bütün bacarığımı və biliklərimi bu işə yönəldərək, vəziyyəti daha dərindən təhlil edəcək, bir sıra təklifləri diqqətinizə təqdim edəcəyik. Həm Xarici İşlər Nazirliyinin mərkəzi aparatının, eyni zamanda, bütün diplomatik nümayəndələrimizin və səfirliklərimizin birgə işi təmin ediləcək. Qeyd etdiyiniz kimi, əsas məqsəd ölkəmizin strateji maraqlarının təmin edilməsi, onların qorunmasıdır. Fəaliyyətimizi son illər ərzində ölkəmizin Sizin rəhbərliyinizlə artan beynəlxalq imicinin və nüfuzunun daha da möhkəmləndirilməsi, beynəlxalq aləmdə Azərbaycanın sözünün daha da gur eşidilməsi istiqamətində quracağıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə təşəkkürümü bildirmək istərdim ki, məni Təhsil naziri təyin etdiyiniz müddət ərzində bu sahəyə olan diqqət və qayğınızı bütün təhsil işçiləri hər zaman hiss etmişlər. Bu müddət ərzində Sizin imzaladığınız çoxsaylı sərəncamlar və dövlət proqramları nəticəsində yüzlərlə yeni məktəb binaları tikilmiş, təhsil infrastrukturu müasirləşdirilmiş, təhsil işçilərinin əməkhaqları yüksəldilmiş, onların sosial vəziyyəti davamlı şəkildə yaxşılaşdırılmış, tələbə yerlərinin sayı artırılmışdır. Fürsətdən istifadə edərək, bütün təhsil ictimaiyyəti adından buna görə Sizə dərin minnətdarlığımı bildirmək istərdim. Bir daha qeyd etmək istərdim ki, mənə göstərdiyiniz yüksək etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Bütün səylərimi qarşıya qoyulan vəzifələrin icrasına, Sizin qeyd etdiyiniz məsələlərin sistemli şəkildə həllinə yönəldəcəyəm.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm və sizə uğurlar arzulayıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2644   Tarix: 16 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245