"Deyirlər ki, bu yekəpər tort bişirə bilməz" - Dünya çempionu+ VİDEO

"Deyirlər ki, bu yekəpər tort bişirə bilməz" - Dünya çempionu+ VİDEO

Peşələrdə cinsi ayrı-seçkilik olmasa da, ölkəmizdə şirniyyat sahəsi ilə məşğul olan kişilərə elə də çox rast gəlmirik. Hələ bu şəxs dünya çempionudursa, ona maraq lap artır.

Elə “Qafqazinfo”nun budəfəki müsahibi Rafael Tağıyev kimi... Ağırlıqqaldırma üzrə Dünya çempionu, Avropa ikincisi olan idmançımızın ölkədaxili yarışlarda da xeyli nəticəsi var. Uşaq yaşından rəsm çəkməyə marağı olan Rafael bəy özünü bir də şirniyyat sahəsində sınamaq qərarına gəlib. Son vaxtlar hazırladığı maket şirniyyatlar və tortlarla məşhurlaşan qənnadçını bir qədər yaxından tanıyaq:

“Hər zaman bizim şirniyyatçıları izləmişəm. Heykəltəraşlıq daha çox xoşuma gəlirdi. 2012-ci ildən isə şirniyyat işinə başladım. Əvvəlcə bir şirkətə rəssam kimi dəvət almışdım, daha sonra heykəltəraş kimi şokoladdan fiqurlar düzəltməyə başladım. Beləliklə, bir müddət təcrübə yığdıqdan sonra tort sahəsinə keçmək qərarına gəldim. Artıq 5 ildir ki, “Le Plaisir” qənnadı məmulatları şirkətində müxtəlif tortlar hazırlayıram”.

- Bu sahə üzrə təhsil almısız?

- Özüm Kooperasiya Universitetinin “Maliyyə-Kredit” fakültəsini bitirmişəm. Ancaq bitirdikdən sonra həmin sahəyə marağımın olmadığını gördüm və peşə məktəbində aşpazlıq oxumaq qərarına gəldim. Uşaq yaşlarımdan rəsmi yaxşı bacarsam da, hər hansı təhsil almamışam. Həm də nəsə bişirməyə, mətbəxdə olmağa da marağım var idi. Düzü, yemək bişirməyi sevmirəm, heç vaxt aşpaz olmaq istəməmişəm. Ancaq şirniyyatlar, pizza hazırlamaq mənə xoş gəlir. İnsan gərək öz peşəsindən zövq alsın. Mən hər dəfə yeni nələrsə edəndə çox sevinirəm.

Bu sahədə uğurlarım olduqca marağım artdı. İşi bir az da böyüdərək toylarda şou - tortu bəy və gəlinlə birlikdə yığmaq təklifi irəli sürüldü. Mən də razılaşdım. İlk dəfə çox həyəcan yaşasam da, artıq adi haldır. Hamıya da maraqlı gəlir.

- İdmançılar adətən mətbəxdən uzaq insanlar olur. Üstəlik, bizim ölkəmizdə kişiləri tort hazırlayan zaman görmək insanı təəccübləndirir.

- Dünya restoranlarının çoxunda, bizim özümüzdə də qadın aşpaz azdır. Qadın da bacara bilər, kişi də. Hər hansı bir sahədə cins ayrımı etmək yaxşı hal deyil.

- Bəs idman karyeranız necə başlayıb?

- Uşaqlıqdan idmana da marağım var. Məktəb illərindən həvəskar məşğul olmağa başlamışam. Daha sonra ağırlıqqaldırma üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuş bir dostum özümü sınamağa dəvət etdi. Sınadım və peşəkar məşğul olmağa başladım. Ağırlıqqaldırmada Dünya çempionu, Avropa ikincisi olmuşam.

- Bəs hazırda da məşqləriniz davam edir? Vaxt baxımından sıxıntı yaranmır ki?

- Vaxtın az olmasına baxmayaraq, hazırda da peşəkar karyerama davam edirəm. İşdən sonra müntəzəm olaraq məşqlərimi edirəm, elə mart ayında respublika çempionatına hazırlaşırıq. İnsan istəsə, hər şeyə vaxt tapa bilər.

- Kənardan baxanlar, sizi sonradan tanıyanlar hansı işlə məşğul olduğunuzu təxmin edirlər?

- Reaksiyalar müxtəlif olur. Deyirlər ki, bu boyda yekəpər insan belə tort bişirə bilməz. İnanmırlar. Göstərirəm, yenə inandıra bilmirəm. Düzü, belə mənə daha xoş olur. Ancaq tanıyan, tanıyır. Başa salmağa, insanları nəyisə inandırmağa vaxtımı sərf etmirəm. Onsuz da sonradan görürlər.

İdmançılar peşəmi soruşanda deyirəm, instaqram səhifəmə gir bax. Elə bilirlər maketdir, zarafat edirəm. Sonradan inanırlar ki, hazırladığım tortlardır.

Həmçinin onlar üçün protein, dietik tortlar da hazırlayıram deyə maraqlı gəlir, artıq öyrəşiblər. Xüsusi sifarişlər olur.

- Yəqin ki, övladlarınızın da xüsusi sifarişləri olar.

- Evliyəm, iki övladım var. Onların baxdığı cizgi filmlərinə uyğun tortlar hazırlayıram, maraqlı gəlir. Böyük oğlumun 4 yaşı var, ancaq onda da indidən həm idmana, həm də mənim bu sahəmə maraq görürəm. Onlarla birlikdə pizza bişiririk, fiqurlar hazırlayırlar.

- Xeyli maraqlı əl işiniz var. Bilmək olar təqribən nə qədər vaxtınızı alır?

- Fiqurlarından asılı olaraq torta ayrılan vaxt dəyişir. Ancaq sürətli işləyirəm, elə olur ki, günə 9-10 tort çıxara bilirəm. İndiyə kimi ən uzun işim toy maketi olub. Çox az insan toy üçün böyük tort sifariş verir. Əsasən, maketlər hazırlayırıq.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1385 Tarix: 16.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər