
Ötən əsrin 90-cı illərində vyetnamlı bir kəndli yerin altından qəribə səslər eşidib, lakin qorxusundan aşağı enib yoxlamağa cürət etməyib.

BiG.AZ-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, 20 il sonra - 2009-cu ildə bir qrup tədqiqatçı həmin yerə enib.
Zahirdə ən adi mağara kimi görünən məkanın içərisində olanlar hər kəsi heyrətləndirib.
İnanmaq çətin olsa da, Şondonq adlanan bu mağaraya daxil olanlar sanki nağıllar aləminə düşür. Burada axan yeraltı çayın kənarındakı yaşıl cəngəllik görənləri heyrətləndirib. Məkanın özünün buludlarının olması isə ağlasığmazdır. Mağarada, həmçinin, ən hündür yeraltı şəlalə aşkarlanıb.

Alimlər Şondonq mağarasını ən böyük mağara adlandırıb. Buranın hündürlüyü 150 metrə yaxındır. Nəzəri olaraq, mağaraya 40 mərtəbəli göydələn yerləşə bilər. Şondonqun uzunluğu 8 kilometr, eni isə 180 metrdir.

Dərinliyə baxmayaraq, mağaraya bir az günəş işığı düşür, bu da tropik bitkilərin əmələ gəlməsi üçün şərait yaradıb. Bundan əlavə, alimlər Şondonqda yeni heyvan növlərini kəşf ediblər.

Yerli sakinlər mağaradakı çayın suyunun müalicəvi gücə malik olduğuna inanırlar.
Hazırda heyrətamiz Şondonq mağarası ictimaiyyət üçün açıqdır, lakin ekskursiya hər kəsin cibinə uyğun deyil - adambaşına 3000 dollar.
Natəvan Baxşiyeva