Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladı

Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladıMillət vəkili Vahid Əhmədov BiG.AZ-ın suallarını cavablandırıb.

- Vahid bəy, bilirsiniz ki, cənab prezidentimiz problemli kreditlərlə bağlı sərəncam imzalayıb. Bu sərəncam 10 min manat krediti olanlara aiddir. 10 min manatdan artıq krediti olanlara da güzəştlər edilə bilərmi?

- Sərəncam imzalanana qədər bunun üzərində çox böyük işlər aparılıb. Kimsə düşünürsə ki bu, 10 günün işidir, düzgün fikir deyil. 2016-cı ildən mən və həmkarım Əli Məsimli birinci devalvasiyadan sonra hökumətə 14 səhifəlik təkliflər paketi göndərmişdik. Lakin bu məsələyə baxmadılar. 2017-ci ildə vəziyyət daha da gərginləşdi. Əhali vəsaiti ödəyə bilmirdi. Kredit alanlar imkansız şəxslər idi. 2018-ci ilin əvvəlində yenidən müraciət etdik. Bu zaman cənab prezident tapşırıq verdi ki, bu məsələ üzərində işlənilsin. Ümumiyyətlə, bu məsələ ilə bağlı 1 ildir ki, işlər aparılır. Müəyyən təkliflər və tərəddüdlər var idi. Maliyyə mənbələri araşdırılırdı. Məbləğ çox böyük idi. Məhkəmələrdə təxminən 320 minə yaxın iş var. Çox böyük müzakirələr aparıldı. Bu müzakirələr Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və cənab prezidentin yanında aparıldı. Nəhayət, qərar qəbul edildi. Verilən qərar bizi qane edir. Çünki nəzərə tutduğumuz məsələ 10 min dollara qədər olan kreditlərlə bağlı idi. Orada müəyyən güzəştlərin edilməsi, faizlərin azaldılması və s. nəzərdə tutulurdu. Qərar 10 min dollar və 17 min manat olan kreditlərə şamil edildi. 10 min dollardan bir manat yuxarı olan kreditlərə şamil edilmir.

- Bilirsiniz ki, cənab prezidentimiz tərəfindən struktur dəyişiklikləri edilib. Növbəti hansı qurumlar ləğv edilə və ya birləşdirilə bilər?

- Cənab prezidentimiz tərəfindən bu ildən etibarən çox ciddi və köklü islahatlara başlanılıb. İlin əvvəlindən başlayaraq insanların maddi durumunu yaxşılaşdırmaq üçün fərmanlar verdi. Uzun müddətdir ki, şəhid ailələrinə qan pulu dediyimiz məbləğ ödənilmirdi. Şikayətlər çox idi. Milli Məclisə gələnlər və bizim qəbul etdiyimiz şəxslər var idi. Milli Məclisdə də bu məsələ səsləndirildi. Nəhayət, bu qanun qəbul edildi. Sənədi olan və olmayan şəhid ailələrinə lazım olan vəsait ödənilir. Minimum əmək haqqı 180 manata qaldırıldı. Bu da böyük məbləğdir. Bəziləri deyir ki, 50 manat nədir. Amma ümumi götürəndə məbləğ böyükdür. Bundan əlavə, minimum pensiya 160 manata çatdı. Sonuncu qərar da problemli kreditlərlə bağlı oldu. Bakıda 400 minə yaxın bina var ki, əhali çıxarış (kupça) ala bilmirdi. Cənab prezident bununla da bağlı qərar verdi. Vaxt da qoydu ki, bu müddətə qədər sənədlər düzəlməli, işığı, suyu, qazı da çəkilməlidir. Bu qərarların yerinə yetirilməsi üçün təxminən 2 milyarda yaxın vəsait lazımdır. Bu, böyük vəsaitdir. Düzdür, bunların bir qismi Milli Məclisdə büdcəni müzakirə edən zaman nəzərdə tutulmuşdu.

Bundan əlavə bir-birilərini təkrarlayan qurumlar var. Hazırda onlarla bağlı iş aparılır. Cənab prezidentimiz lazım olanı bağlayıb, birləşdirəcək. Yəqin ki, bununla bağlı islahatlar davam edəcək.

- Vahid bəy, bilirsiniz ki, minumum əmək haqqı 180 manata, pensiya isə 160 manat oldu. Bu artım ölkədə bahalaşmaya səbəb ola bilərmi?

- Bununla bağlı bizə də müraciət ediblər. Bazar iqtisadiyyatıdır. Burada dövlət qiymətləri tənzimlənir. Dövlət tərəfindən ancaq yanacaq və dərman vasitələrinin qiyməti tənzimlənir. Bu problem çox ciddir. Dərmanlar müxtəlif qiymətlərə satılır. Cənab prezidentimiz də çıxışında bildirdi ki, dərmanlar çox bahadır, əhali ala bilmir. Bu məsələ gündəmdədir. Qiymət siyasəti çox ağırdır. İqtisadiyyat Nazirliyinin tabeliyində departament var. Bu departament qiymət məsələlərinə nəzarət etməlidir. Bizdə hər bayram qabağı və cənab prezidentimiz sərəncam imzalayan zaman qiyməti bahalaşdırırlar. Çünki insanlarda 5-10 manat pul görüblər. Çalışırlar ki, onu qopartsınlar. Sahibkarlar başa düşməlidir ki, maaşlar və pensiya qalxmır ki, onlar qiymətləri bahalaşdırsın. Maaşlar ona görə qalxır ki, insanların rifahı yaxşılaşdırılsın. Bu məsələnin üzərində vahid nəzarət olmalıdır.

- Martdan sonra dolların bahalaşacağı ilə bağlı proqnozlar verilir. Martdan sonra növbəti devalvasiya gözlənilirmi?

- 2019-cu ildə manatın qiyməti sabit qalacaq. Heç bir devalvasiya gözlənilmir. Kimlərdə belə düşüncə varsa, onlara sübut edə bilərəm ki, devalvasiya insanlara və dövlətə heç bir xeyir vermir. 2015-ci il fevral və dekabrdakı devalvasiyadan insanlar əziyyət çəkdilər. 45 milyon dollara yaxın ehtiyatımız var. Neftin qiyməti dünya bazarında yüksəkdir. İxrac idxalı üstələyir. Belə olanda niyə devalvasiya olmalıdır.

- Son dövrlər qanun pozuntusuna yol verən məmurlar qanunla cəzalandırılıb. Hətta bəziləri həbs edilib. Onların ölkədən qaçırtdığı pulları büdcəyə necə qaytarmaq olar?

- Qaçırılan maliyyənin dövlətə qaytarılması asan məsələ deyil. Azərbaycanda məmurlar həbs edilir. Onların əllərində kifayət qədər mal-mülk olur. Həmin maliyyənin bir hissəsi dövlətə qaytarılıb. Bu məsələlər üzərində məhkəmələr və müəyyən qurumlar işləməlidir.
Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladı- Vahid bəy, bilirik ki, mütəmadi olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciətlər edir?

- Bizə daxil olan müraciətlərin bir çoxu bank və məhkəmə sistemi ilə bağlıdır. Bu sahələrdə həddindən artıq problemlər çoxdur. Məhkəmə sistemində son illər heç bir islahatlar aparılmayıb. İslahatlar aparılmadığına görə şikayətlər çoxdur. Məhkəmə sistemi şəffaf olmalıdır. İqtisadi məhkəmələr açıq şəkilində aparılmalıdır. İnsanlar bilsinlər ki, nəyə görə onu cəzalandırırlar, maaşından tuturlar. Dollarla bağlı 320 mindən çox məhkəmələrdə iş var. Nəyə görə məhkəmə insanların əmlakını əlindən alır. Burada tək insanlar günahkar deyil. Vaxtı ilə 30-35 faizlə kredit veriblər. Bankların məsuliyyəti də var. Çünki onlar yüksək faizlə kredit verir.

- Vahid bəy, neftdən asılılığı necə azaltmaq olar?

- Azərbaycan neft ölkəsidir. Bundan sonra da ölkəmizdən neft çıxarılacaq və büdcəyə bu sahədən gəlirlər gələcək. Biz istəyirik ki, bəzi xərclər var ki, neftdən gələn gəlirlə deyil digər gəlirlər hesabına ödənilsin. Düzdür, bu sahədə son zamanlar müəyyən işlər görülür. Bölgələrdə sənaye parkları, müəyyən fabriklər işə salınır. Amma biz istəyən səviyyədə deyil. Qeyri-neft sektorunun strukturuna baxmaq lazımdır. Elə struktur qurmaq lazımdır ki, Azərbaycana əlavə gəlirlər versin. SSRİ-nin vaxtında neftmaşınqayırma texnikanın 70 faizini Azərbaycan ödəyirdi. 26-27 xarici ölkəyə məhsul göndərirdik. Bu gün o zavodların hamısı söküldü. Cənab prezidentimiz qərar verdi ki, zavodlar sökülərək şəhərin kənarına köçürülsün. Amma köçürmək əvəzinə avadanlıqları satdılar. Həmin avadanlıqların 100000 manata yaxın qiyməti var idi. O avadanlıqları satıb pulları ciblərinə qoydular. Zavodlar işləmədi. Bu gün neft sektoruna lazım olan ehtiyat hissələrini xaricdən dollarla sifariş edirik. Neft çıxaranı dünyada 3 ölkə istehsal edirdi. Amerika, Rumıniya və Azərbaycan. Azərbaycanlılar çertyoju Rusiyaya satdı. Rusiya da bunu özü istehsal etməyə başladı. Müstəqilliyin ən böyük bəlası sənayənin pis vəziyyətə düşməsi oldu. Cənab prezidentimizin rəhbərliyi dövründə bu sahədə çox böyük işlər görüldü. İki ildir ki, kənd təsərrüfatı məhsullarının ixracı idxaldan çoxdur.

- Prezidentin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə bir çox xahişlər səsləndirildi. Deputat olaraq prezidentdən nəyi xahiş edərdiniz?

- Prezident hər zaman rayonlara səfər edəndə biz yanında olurduq. 5-6 xahişim olub, yerinə yetirilib. Amma son vaxtlar bizi qırağa çəkdilər. Deputatlar rayonun problemini icra başçılarından az bilmirlər. Mən ayda bir dəfə insanlarla görüşürəm. Qəbulumda 100-dən aşağı adam olmayıb. Tək Qubadan deyil, bütün bölgələrdən görüşə gələnlər olur. Azərbaycanın elə bölgəsi yoxdur ki, məktub almayım. Vəziyyəti bilirəm, araşdırıram. Ona görə də deputatlar hər zaman bu görüşlərdə prezidentin yanında olmalı və fikirlərini bildirməlidir. Çünki alternativ fikir olmalıdır. Dövlətin inkişafı üçün tək tərəfin deyil, müxalifətində fikirlərini öyrənmək lazımdır. Düzdür, söyüşü qəbul etmirəm, bu, azərbaycançılığa layiq deyil. Mən istəyirəm ki, xalqım yaxşı yaşasın. Əhalini incitməsinlər, normal dolansınlar. Düzdür, problemi olmayan dövlət yoxdur. Ailədə də problem olur. Son dövrlər cənab prezidentimizin atdığı addımları yüksək qiymətləndirirəm. Bütün bunlar müstəqiliyimizin qorunub saxlanılması, insanlarımızın yaxşı yaşaması və yeni iş yerlərinin açılması üçündür.

Aysel Yusifqızı
FOTO: Leyla Mustafazadə

Novruz bayramından sonra devalvasiya olacaqmı? - Deputat açıqladı


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1009   Tarix: 18 mart 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 221
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 330
.

Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO

Alışı ucuz, satışı od bahasına. Satışla alış arasındakı fərq isə dodaq uçuqladır. -ın məlumatına görə, söhbət brilyantın satış və alış qiymətləri arasındakı fərqdən gedir. Satıcılar qızıldan fərqli olaraq brilyantın alışı ilə satışı arasında fərqin olduqca böyük olduğunu qeyd ediblər. Bildiriblər ki

11:02 132
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 236
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 192
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 932
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 441
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 419
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 421