Xəbər deaktivdir..

Zəruriyyət, yoxsa qonşudan dala qalma prinsipi?! - Estetik əməliyyatlara tələbat artıb

Zəruriyyət, yoxsa qonşudan dala qalma prinsipi?! - Estetik əməliyyatlara tələbat artıb

Müasir dövrün yeni bəlası...

Bu gün dünyada, eləcə də ölkəmizdə estetik əməliyyata müraciət edənlərin sayı getdikcə artır. Əvvəllər bu hal sənət adamları arasında daha çox dəbdə idisə, indi vəziyyət xeyli fərqlənir. Hazırda ölkəmizdə sadə vətəndaşların da estetik dəyişimə marağı çoxalıb. Bəs belə əməliyyatlara tələbatın artmasının səbəbi nədir? Cəmiyyətin inkişafı, bu sahadə informasiyanın artması, yoxsa dövrün tələbi, dəb arxasıyca gedən toplum?!

BiG.AZ xəbər verir ki, estetik əməliyyatların ondan çox növü vardır. Bunlara müxtəlif dodaq əməliyyatları, saç köçürülməsi, alın dartılması, göz qapaqları şəklinin dəyişməsi (blepharoplasty), üz dartılması (face-lift, rhytidectomy), xarici qulaq şəklinin dəyişməsi (otoplasty), burun şəklinin dəyişməsi (rhinoplasty), süd vəzisi kiçildilməsi, böyüdülməsi, dartılması, istənməyən piylərin çıxardılması (liposuction), üz qırışlarına botoks, ayaq şəklinin dəyişməsi və s. aiddir.

Ölkəmizdə xanımlar daha çox burun, qaş qaldırma, dodaq böyütmə, üz botoksu kimi əməliyyatlara üz tuturlar. Son illər yalnız xanımlar deyil, kişilər də estetik cərrahiyyəyə müraciət edirlər. Onlar daha çox burun formalarının dəyişdirilməsi, göz qapaqlarının və qırışların dartılması, dərialtı piylərin götürülməsi kimi prosedurlara üz tuturlar.
Psixoloqlar bildirir ki, fiziki qüsurlar insanlarda ciddi psixoloji sarsıntılar yaradır. Görünüşündəki hər hansı qüsura görə insanlarda özünə qapanıqlıq halları baş verir, hətta bu, depressiyaya gətirib çıxarır. Belə hallar nəinki ruh sağlamlığına və şəxsiyyətin özünə, hətta insanın sosial həyatdakı uğurlarına da təsir edir. Bu səbəbdən estetik cərrahiyyə insanlarda bir növ özünəinamın geri qazandırılmasına səbəb olur.

Bu tip estetik cərrahiyyədən sonra qalıcı fəsadlara da olduqca çox rast gəlinir. Daha dəqiq desək, gözəlləşmək istəyərkən daha da bərbad günə qalanlar da az deyil. Məsələn, üzündə dəyişiklik edən xanımlara fikir versək, onların mimikalarının yox dərəcəsinə düşməsini, yəni rahatlıqla üz-göz hərəkətləri edə bilməmələrini müşahidə edərik. Digər tərəfdən cəmiyyət içində oxşar simalar, ifadəsiz sifətlər, eyni formalı burunlara sahib xanımların çoxaldığını görürük.

Bu əməliyyatların yuxarıda qeyd etdiyimiz nəticələrindən başqa, ölüm riski də qaçılmazdır. İstər xarici ölkələrdə, istərsə də yerli təcrübədə bu hallara rast gəlinib. İnsanın daxili orqanlarında elə xəstəliklər ola bilər ki, həmin xəstəliklərdən aşkarlanarsa plastik cərrahiyyə etmək olmaz. Lakin bu cür hallarda xəstənin öz razılığı ilə edilən əməliyyatlar var ki, əksər hallarda sonu ölümlə bitib.

Məsələ ilə bağlı plastik cərrah Rəşad Babayev BiG.AZ-a açıqlama verib.

"Son dövrlər xanımların plastik əməliyyatlara müraciəti artıb. Onların əksəriyyəti süd vəzilərində dəyişiklik üçün plastik cərrahiyəyə daha çox üstünlük verirlər. Adətən, görünüşündən narazı olan xəstələr depressiya halında olurlar. Amma bu o demək deyil ki, bütün xəstələr əməliyyat edilməlidir. İlkin müraciətdə biz onlara baxırıq, müayinə nəticəsində əməliyyatın lazım olub- olmamasını müəyyən edirik. Burada bütün müayinələr, risklər nəzərə alınır. Elə olur ki, müayinə zamanı əməliyyat ehtiyac olmadığı aşkarlanır. Bu zaman xəstələr nə qədər "şıltaq" olsa da, ona estetik dəyişikliyin ehtiyac olmadığını izah edib, psixoloji baryeri aşmasına yardım edirik".

Ölkəmizdə bu növ əməliyyatların artıq ənənə halına çevrilməsi tendensiyası başlanıb. Bildiyimiz kimi, hər bir xalqın özünəməxsus üz cizgiləri olur. Lakin son illər Azərbaycanda bu xüsusiyyət eyniləşməyə doğru getməsi təəssüf hissi doğurur.

Afaq Rza


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 97 Tarix: 16.03.2019



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol