Firdovsi Umudov: "Bəzi qüvvələr süni çaxnaşma yaradır, yığmada problem axtarırdılar" - MÜSAHİBƏ

Firdovsi Umudov: "Bəzi qüvvələr süni çaxnaşma yaradır, yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...

- Uzun müddət Azərbaycan milli komandalarında məşqçi kimi çalışmısınız. Bu müddətdə fəaliyyətinizi necə qiymətləndirərdiniz?

- Məşqçilik fəaliyyətimə 2005-ci ildən başlamışam. Əvvəlcə məşqçi, sonra yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi, 2008-ci ildən isə əsas millinin böyük məşqçisi və baş məşqçisi vəzifələrində çalışmışam. Bu müddət ərzində Avropa və dünya çempionatlarında, eləcə də Yay Olimpiya Oyunlarında nəticələr əldə etmişik. Bunlar təkcə mənim yox, ümumilikdə məşqçilər heyətinin zəhməti, şəxsən Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi diqqət və qayğı, bizə yaradılan şəraitin qarşılığında qazanılıb. Belə nailiyyətlərdən danışarkən əməyi keçənləri yaddan çıxarmamaq lazımdır. Bu illər ərzində bütün nailiyyətlər idmançılar, bütün məşqçilər heyəti, Azərbaycan Güləş Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə fəaliyyəti nəticəsində əldə olunub. "Mən" sözündən xoşum gəlmir. Hər bir insanın qazanılan nəticədə payı var. Dövlət başçısının idmana göstərdiyi diqqət barədə xarici ölkələrin nümayəndələrinin fikirləri ilə olduğum bütün mötəbər yarışlarda şəxsən tanış olmuşam. Elə son olaraq, ötən il Bakıda cüdo üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunmasından Macarıstanın paytaxtı Budapeştdə mundialda iştirak etdiyimiz vaxt da danışırdılar. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında isə xaricilər bizə yaxınlaşıb "Bakı-2015" I Avropa Oyunları və ölkəmiz barədə ağızdolusu təriflər yağdırmaları bir azərbaycanlı kimi məni çox qürurlandırdı.
Firdovsi Umudov: "Bəzi qüvvələr süni çaxnaşma yaradır, yığmada problem axtarırdılar" - MÜSAHİBƏ

- Çalışdığınız müddətdə hansı nailiyyətləri xüsusi qeyd edərdiniz?

- Bu illər ərzində 3 dəfə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycanın, 1 dəfə UWW (Dünya Güləş Birliyi) tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilmişəm, Avropa, dünya və olimpiya çempionlarının yetişməsində əməyimiz, rolumuz olub. İlk uğurumu 2007-ci ildə yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi kimi Polşadakı Avropa çempionatında qazandım. 4 medal əldə etməyimiz gənc mütəxəssis kimi mənim üçün çox sevindirici idi. Bu gün millidə yer alan Hacı Əliyev, Cəbrayıl Həsənov, Toğrul Əsgərov kimi güləşçilərlə bu yolu birgə addımlamışıq. 2008-ci ilin qitə birinciliyində 3 qızıl, 3 gümüş, 2 bürünc medal qazandıq və ümumi komanda hesabında liderdən cəmi 1 xal geri qalaraq, ikinci yeri tutduq. Bu, böyük uğur idi. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə cəmi bir medalımız oldu. Yalnız Xetaq Qazyumov bürünc medalla kifayətləndi. Halbuki güləşdən çox böyük nəticə gözləyirdilər. Qızıl medal qazanılmadığından, əhval-ruhiyyə yaxşı deyildi. Həmin vaxt London olimpiadasında medal verməyə namizəd güləşçilərin adlarını soruşduqda "Potensialımız var" dedim. Həqiqətən də növbəti olimpiadada yeniyetmə vaxtlarından birgə başladığımız Toğrul Əsgərovla Şərif Şərifov qızıl medal qazandı. Bu, sonrakı böyük nailiyyətlərimizin başlanğıcı oldu. 2009-cu ildə İranda keçirilmiş Dünya Kubokunun finalında yerli komandaya qalib gəldik.

- Bəs ən yaddaqalan an hansı olub?

- Mən xüsusi olaraq, 31 mart - Azərbaycanlıların Soyqırımı günündə Əli İsayevin Ermənistan güləşçisi üzərindəki qələbəsini qeyd edərdim. Bu, 2009-cu ildə Litvanın paytaxtı Vilnüsdə keçirilmiş Avropa çempionatındakı uğurlu çıxışımızın son nöqtəsi idi. Biz çox vaxt idmanı siyasətdən uzaq tuturuq. Hər bir ölkənin idmançısı bizim üçün rəqibdir. Lakin Ermənistan təmsilçisi ilə güləşəndə görüşə daha çox köklənirsən. Düzdür, uda da, uduza da bilərsən, amma qələbəni daha çox istəyirsən. Bu, Pekin olimpiadasından sonra böyük məşqçi kimi çalışmağa başladığım əsas komandada birgə işimizin göstəricilərindən biri idi. 2008 - 2018-ci illərdə yetərincə uğurlarımız oldu. İnanıram ki, bunların davamı yenə gələcək.

- Millidə çalışdığınız dövrdə əsasən nələrə xüsusi diqqət yetirirdiniz?

- Əsas məqsəd və amalım kollektivdə nizam-intizam yaratmaq idi. Hər bir işin başlanğıcında bu amil durur. Nizam-intizamı olmayan idmançı və məşqçidən nəticə gözləmək qeyri-mümkündür. Dövlət tərəfindən güləşə xüsusi diqqətin göstərildiyi halda necə ola bilərdi ki, nəticə qazanılmasın? Həmin nəticələr də davamlı şəkildə qazanıldı. Sözsüz ki, 2012-ci il London olimpiadasından sonra müəyyən eniş baş verdi. Amma bu gün Azərbaycan yığmasını güclü rəqib kimi istər Rusiya, istər Türkiyə, istər İran, istərsə də ABŞ kimi ölkələr qəbul edir. ABŞ güləşçiləri Azərbaycanda dəfələrlə təlim-məşq toplanışlarında olublar, yoldaşlıq görüşləri keçirmişik. Bütün bunlar qazandığımız uğurların, gücümüzün göstəricisidir. Bu gün ilk "10-luq"da yer alan komandalardanıq, uğurlarımız göz qabağındadır. "Bakı-2015" I Avropa Oyunları, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları və ilk dəfə proqrama güləşin də daxil edildiyi "Bakı-2019" Avropa Gənclərinin Olimpiya Festivalı kimi böyük yarışların Azərbaycana həvalə olunması da ölkədə idmana göstərilən diqqətdən xəbər verir.

Firdovsi Umudov: "Bəzi qüvvələr süni çaxnaşma yaradır, yığmada problem axtarırdılar" - MÜSAHİBƏ

- Bəs federasiyada vitse-prezident vəzifəsinə keçməyiniz hansı zərurətdən irəli gəldi?

- Milli komanda 2016-cı ildən mənə baş məşqçi kimi həvalə olundu. 2018-ci ilin yanvarından isə federasiyada I vitse-prezident vəzifəsini daşımağa başladım. Proseslərin gedişində baş məşqçi kimi lokomotiv olmaq, komandanı arxanca çəkmək lazım idi. Çətinliklərə baxmaq lazım deyildi. Bütün problemlərin fonunda sərbəst güləş komandamız 2017-cı il Avropa çempionatında 5 medal qazandı. Dünya çempionatında isə Hacı Əliyev 3-cü dəfə qızıl medal qazandı. Bu uğurlara kölgə salmaq istəyən bəzi qüvvələr var idi. Onlar süni ajiotaj, komandada problemlər yaratmaq istəyirdilər. Kimlərinsə marağında idi ki, bu problemlər qabarsın. Nədənsə, göz önünə Firdovsi Umudovu çəkirdilər. Maaş ala bilmədikdə məni günahlandırırdılar. Halbuki, mən də baş məşqçi kimi maaş alacaq şəxslərdən biri idim, maliyyə işlərinə cavabdeh şəxs deyildim. Hiss edirdim ki, iki vəzifəni daşımaq həqiqətən çox çətindir. Federasiyanın prezident əvəzi Namiq Əliyevlə birgə oturub müzakirə apardıq. O da öz tövsiyələrini verdi. Söhbət əsnasında mənim vitse-prezident kimi köməyimin daha gərəkli olduğu qənaətinə gəlindi.

- Niyə məhz vitse-prezident kimi?

- Çünki yeri gələndə baş məşqçiyə iradlar bildirmək, səhvlərini göstərmək lazım olur. Vitse-prezident kimi özümə necə irad tuta bilərəm? Ya baş məşqçi olmalısan, ya da vitse-prezident. Sadəcə, məlum məsələlər üzündən hər iki vəzifəni icra edirdim. Özümdən asılı olmayan məsələləri belə bacardığım həll etməyə çalışırdım. Sağ olsun, bu zaman gənclər və idman naziri Azad Rəhimov dəstəyini əsirgəmirdi. Ötən il Rusiyanın Kaspiysk şəhərindəki Avropa çempionatı ərəfəsində müəyyən çətinliklərlə üzləşmişdik. Bununla belə, çempionatı 18 medalla başa vurduq, ABŞ-dakı Dünya Kubokunda ikinci yeri tutduq. Həmin vaxt bildirmişdim ki, Avropa çempionatından sonra ya vitse-prezident, ya da baş məşqçi kimi fəaliyyət göstərəcəyəm. Namiq Əliyev federasiya prezidenti əvəzi olduqdan sonra bir çox problemlərimiz aradan qalxdı. Bu gün güləşçilərimizin təlim-məşq toplanışları da, maaş məsələləri də həllini tapıb. Namiq müəllim Dünya Güləş Birliyində nüfuz sahibi, Büro üzvüdür. UWW-də söz sahiblərindən birinin azərbaycanlı olması bizim üçün böyük uduş, nailiyyətdir. 2007-ci ildən onunla çiyin-çiyinə sadaladığım uğurları qazanmışıq. Digər tərəfdən, regionlarda da görüləsi işlər, təşkilati məsələlər var. Master-klaslar keçirilməli, yeniyetmə, gənclər və böyüklərdən ibarət komandalara nəzarət daha da gücləndirilməli, məşqçilərdən daha yüksək nəticələr tələb olunmalıdır.

- Belə iddialar var ki, 2018-ci il dünya çempionatında sərbəst güləş növündə cəmi 1 medalın qazanılması səbəbindən baş məşqçi vəzifəsindən kənarlaşdırılmısınız...

- Nəticələrə görə getsəydim, köməkçi-məşqçilər Arif Abdullayev, Zəlimxan Hüseynov və Sadruddin Ayqubov niyə yerində qalırdı? Axı, baş məşqçi gedəndə məşqçilər heyəti ilə birgə ayrılır. Bu, bütün idman növlərində belədir. 2018-ci ildə Avropa çempionatında 18 medaldan 8-ni sərbəst güləşçilərimiz əldə etdilər. Dünya çempionatında bəzi çəki dərəcələrində gənclərə yer vermişdik, zədəlilərimiz var idi. Məsələn, Hacı Əliyev zədəli olduğu üçün medal qazana bilmədi. Heç kim zədədən sığortalanmayıb. Sadəcə, bəzi qüvvələr süni çaxnaşma yaradırdılar, əllərində nəyisə bayraq etmək üçün yığmada problem axtarırdılar.

- O qüvvələr kimlər idi?

- O qədər müxalif qüvvə var ki... Dövlətimizə şər-böhtanlar yağdıranlar kimlərdir? Xaricdə oturub ağızlarına gələni danışırlar, boş-boş işlərlə məşğuldurlar. Sözsüz ki, hər yerdə problemlər var. Lakin bu qədər uğura necə göz yummaq olar? Söyüşlər işlətməklə tərbiyələrini göstərirlər. Hətta biz idmançıları da hədəf götürmüşdülər. Məgər öz dövlətini, bayrağını sevmək, prezidentinə sadiqlik yaltaqlıqdır? Biz bunu nəticəmizlə göstəririk. Onlar kimi xarici havadarlara qulluq etmirik. Fransanın paytaxtı Parisdə dünya çempionatında olduğumuz vaxt tribunalarda Ermənistan bayraqları dalğalandığı halda, Hacı Əliyev qızıl medal qazandığı vaxt öz soydaşlarımızdan heç birini zalda görmədim. Bir nəfər də yaxınlaşıb bizi təbrik etmədi. Necə olur ki, bunlar hər şeydən xəbər tutduqları halda, dünya çempionatından heç nə bilmirlər? Mən hələ görünən tərəfləri deyirəm. Hələ sapı özümüzdən olan baltalar, suyu bulandıranlar da var.

- Yeri gəlmişkən, sizin barədə də bir güləşçi rüşvət istədiyinizə dair açıqlama vermişdi...

- O da şər-böhtan, müəyyən qüvvələrin oyunu idi. Videonu paylaşıb altında ünvanıma söyüşlər yağdırırdılar. Bir gənci mənim əleyhimə danışmağa öyrətmişdilər. Üzümü o insanlara tuturam: Sosial şəbəkələrdə kiminsə haqqında fikir formalaşdırmaq asandır. Cəmiyyətdə fikir formalaşdırmağa nə var ki?! Bilmirəm ki, bu, onların savadındanmı irəli gəlir, yoxsa... Vətənpərvərlikdən dəm vururlar. Dövlətinə qarşı çıxmaq vətənpərvərlikdir? Biz güclü dövlətik, hamımız qanun qarşısında cavab veririk. Səhv hərəkət edən cəzasını alır. Şər-böhtan yağdırmaq onların xislətindən irəli gəlir. Axı sən Azərbaycan üçün nə etmisən? Təvazökarlıqdan uzaq olsa da soruşuram: Azərbaycan bayrağını bizim kimi neçə dəfə qaldırmısan, himnimizi neçə dəfə səsləndirmisən? Mən Vətənimlə, torpağımla fəxr etmişəm. 2017-ci ildə İranda olduğumuz vaxt bayrağımızı səhv asmışdılar. Belə təxribatçı əməlin qarşısını bir azərbaycanlı kimi mən aldım. Mən məmur balası deyiləm, zəhmətkeş ailədən çıxmışam, dövlətimi sevmişəm, sevirəm və sevəcəyəm!

- Sizə elə gəlmirmi ki, elə sərt formada cavablar verməklə, bu olayı çox böyütdünüz?

- Mən böyütmədim. Sadəcə, müxalifyönümlü saytda paylaşım edərək, haqqımda təhqirlər yağdırmağa başlamışdılar. Heç kimə belə ixtiyar verilməyib. İrad tutmaq, tənqid etmək olar. Bir də var ki, böhtanla üzləşəsən. Bilmirlər ki, mən hansı çətinliklərlə, əzab-əziyyətlərlə üzləşmişəm. Klaviatura arxasında oturub ağızlarına gələni yazırlar. Problemlər ailənin içərisində qalmalıdır. Bəzi insanlar isə ölkəmizi beynəlxalq arenada pis qələmə verməyə çalışırlar. Bu isə ölkəmi layiqincə təmsil etməyə çalışan şəxs kimi mənə ağır gəlir. ABŞ-dakı Dünya Kubokunda hər bir görüşə "Sarı gəlin" mahnısının sədaları altında çıxırdıq. Hər dəfə ölkəmiz haqqında süjet göstərirdilər. Biz ölkəmizi tanıtmağa çalışırıq, amma kimlərsə dövlətimizə şər-böhtanlar yağıdırırlar. O cümlədən, məni də şərləməyə çalışırdılar. Bütün komandanın, hamının önündə alnım açıq, üzüm ağdır.

- Millinin baş məşqçi postuna yenidən Saypulla Absaidov gətirilib. Vaxtilə siz böyük məşqçi kimi onun köməkçisi olmusunuz. Amma indi federasiyanın vitse-prezidenti kimi Absaidovdan nəticə tələb edəcəksiniz. Ona irad tuta biləcəksiniz?

- Düzdür, mən onun rəhbərliyi altında işləmişəm. Amma özüm də federasiyanın I vitse-prezidenti olduğum vaxt o, gənclər yığmasında mənim rəhbərliyim altında çalışıb. Niyə də irad tuta bilməyim? Görülən işə nəticələrə əsasən qiymət veriləcək. Təlim-məşq toplanışı keçmədik, vitaminləşdirmədə problem yarandı, yarışa gedə bilmədik, maaşlar verilmədi kimi bəhanələr ola bilməz. Artıq hazırlıqlara start verilib. İlk olaraq, Dağıstanda təlim-məşq toplanışı keçirilib. Bir neçə gündən sonra İrana turnirə yollanacağıq. Daha sonra Rusiyanın Kislovodsk şəhərində toplanışımız olacaq. Yəni, Avropa və dünya çempionatlarına hazırlıq öz axarı ilə gedir. Halbuki, 2017-ci ildə problemlər yaşadığımız halda Dünya Kubokunda 3-cü yeri tutduq. Nəticə göstərmək istəyən, vətən sevgisi olan insan üçün heç bir bəhanə ola bilməz. Gecə-gündüz çalışmalı, nizam-intizama əməl etməlisən.

- Bir neçə gün əvvəl keçirdiyiniz federasiyadaxili toplantıda da nizam-intizam məsələlərini qabartmısınız...

- Belə iclaslar mütəmadi olacaq. Kim olursa-olsun, iş düzgün qurulmasa, iradlar bildiriləcək. Heç kimin qara gözünə, qara qaşına aşiq deyilik. Nəticə tələb edəcəyik. Sözsüz ki, hər bir insan yeni nə isə etməlidir. Yığmanın bütün üzvlərini 5 barmağım kimi tanıyıram. Bütün məşqçilərin hansı xarakterə malik olduqlarına bələdəm. Nizam-intizam qaydalarını pozan hər kəs barədə ölçü götürüləcək. Çoxdursa, çoxla, azdırsa, azla qane olmaq lazımdır. Bəhanə gətirməklə heç nə etmək olmaz. Federasiyamızda gərginliyin olduğuna dair yazılar yazıldığı vaxt - Avropa və dünya çempionatlarında da, İslam Həmrəyliyi Oyunlarında da nəticə vermişik. Bunlar faktdır.

- Federasiya rəsmisi kimi nəyə nail olmaq istərdiniz?

- 14 illik məşqçilik karyeram ərzində bütün mümkün nailiyyətləri əldə etmişik. Bu gün vitse-prezidentəmsə, bu, məşqçilik fəaliyyətini dayandırmağım anlamına gəlməməlidir. Yığmada öz yetirmələrim var. Onların şəxsi məşqçisi kimi qalıram. 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmişəm, "Şöhrət" ordeni və "Tərəqqi" medalı, Prezidentin Fəxri Diplomu, digər dövlət mükafatlarına layiq görülmüşəm. Bunlar tam dayanmalı olduğum anlamına gəlməməlidir. Bundan sonra vitse-prezident kimi çalışaraq, daha böyük uğurlar əldə etməli, yığmalara nəzarəti gücləndirməli, bu idman növünün inkişafı üçün əlimdən gələni əsirgəməməliyəm. Regionlarımızdakı bəzi çatışmazlıqları seminarlar, məşqçilərlə görüşlər, onların bilik və bacarıqlarının artırılması yolu ilə aradan qaldırmalıyıq. Bəzi bölgələrimizdə olmuşuq. Elə məsələlər var ki, sırf yerli məşqçilərin üzərinə düşür. Azərbaycan - güləş ölkəsidir, hələ SSRİ dönəmindən yaxşı güləşçilərimiz olub. Bu ənənəni yaşatmalıyıq.

- Maqomed Aliomarovu əvəzləmisiniz. Onun istefaya göndərilməsinin səbəbi nə oldu?

- Bu, federasiya rəhbərliyinin istəyi ilə baş verdi. Qərar verildi ki, yenilənmə getsin. Onsuz da vitse-prezident səlahiyyətləri mənim üzərimdə idi. I vitse-prezident vəzifəsini icra etdiyim vaxt Aliomarov mənim rəhbərliyim altında çalışırdı. Ona da, Absaidova da öz sözlərimi, iradlarımı çatdırırdım.

- Azərbaycan yığmasına legioner axınının Aliomarov tərəfindən təşkil olunduğu bildirilir...

- Mən bununla əlaqələndirməzdim. Gəlin baxaq: Niyə Hacı Əliyevin, Cəbrayıl Həsənovun, Toğrul Əsgərovun çıxış etdikləri çəkilərdə dağıstanlı yoxdur? Çünki güclüdürlər. Sözsüz ki, biz yerli güləşçilərə üstünlük veririk. Bütün ölkələrin yığmalarında legionerlər var. Milli komandamızın qapıları hər bir idmançı üçün açıqdır. Şərif Şərifov dağıstanlı olsa da, 12 ildir Azərbaycan adından güləşir. Mənim güləşdiyim vaxt da yığmada legionerlər var idi. Sadəcə, bəzi yerlərdə işlər qaydasında getmir ki, burada həmin bölgələrin məşqçilərinin də üzərinə məsuliyyət düşür. Gəncə, Qazax, Astara, Naxçıvandan güləşçilər yetişib. Amma elə yerlər var ki, 13 yaşlı uşaqla 25 yaşlı güləşçi birgə məşq edir. Məşqçi isə şalvarda oturub kənardan nəzarət edir. Sonra isə həmin güləşçi Azərbaycan çempionatında uduzur. Çünki yüklənməyə dözə bilmir. Daxili yarışda legionerə qalib gələ bilməyən güləşçi beynəlxalq turnirdə nə edəcək? Vitse-prezident kimi belə məsələlərin həlli üzərində də çalışmalıyıq. Artıq deyə bilərəm ki, yeniyetmə güləşçilər yetişməkdədirlər. Bir neçə gün əvvəl şəhid Müşfiq İsayevin xatirəsinə keçirilmiş beynəlxalq turnirin nəticələri də bunu göstərdi. Amma bunlar bir neçə günün işi deyil.

Elə isə niyə federasiya bu işin həllinə vaxtında çalışmayıb?

- Əslində federasiya regional nümayəndələrə bölünmüşdü. Məsuliyyət cavabdeh şəxslərin üzərinə düşürdü. Federasiya rəhbəri regionda məşq keçəsi deyil. Hər bir regiona cavabdeh məşqçilər var idi. Hər birinə maaşlar ayrılırdı. Cavabdehlik onların üzünə düşürdü. Bu, yenidən bərpa olunmalıdır. Mən özüm klubdan başlamışam. Güləşdiyim vaxt bizə nə maaş verirdilər, nə əynimizə geyməyə forma olurdu, nə də yarışa getməyə pulumuz. Azərbaycanı isə hansısa Afrika ölkəsi kimi tanımırdılar. Son 20 il ərzində görün, Azərbaycan nə qədər irəliləyib, nə qədər nəticələr əldə olunub. İşi bilən adama tapşırmaq lazımdır. Qohumluq, yaxınlıq amilləri ola bilməz. Federasiya rəhbəri lazımi şəraiti yaradır. Cavabdeh şəxslər isə məşqçilərdir. Hansısa məşqçi gəlib mənə desə ki, istedadlı güləşçimiz var, mən onu dərhal irəli çəkərəm. Necə ki, yeniyetmələr arasında olimpiya çempionu Turan Bayramovu erkən yaşda yığmaya cəlb etdik. Şəxsi məşqçisi Abil İbrahimovdan soruşa bilərsiniz. O, Müşfiq İsayev turnirində yer tutmadığı halda, özüm gətirdim, bir ilədək nəzarətim altında hazırlaşdı. Əvvəllər deyirdilər ki, Aliomarov yerli güləşçilərin yetişməsinə imkan vermir. İndi o, yoxdur, vitse-prezident mənəm. Hansı perspektivli güləşçi varsa, desinlər, cəlb edək yığma komandalara, istedad kimi üzə çıxaraq. Xetaq Qazyumov Rusiya yığmasına düşə bilmirdi, gəldi Azərbaycan millisində yetişdi, yüksək nəticələr göstərdi. Bütün bunlar federasiyanın gördüyü işlərin sayəsində mümkün olub və danılmaz faktlardır.

- Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında güləş növündə lisenziyaların sayı az olduğu üçün medallar da yetərində qazanılmadı. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 18 medalın 9-u güləşçilərin payına düşmüşdü. 2020-ci il Tokio olimpiadasında medal sayının az olacağından ehtiyatlanmırsınız?

- "Pekin-2008"də nəticələr gözləniləndən aşağı olmuşdu. "London-2012"də 10 medaldan 7-ni güləşçilərimiz qazandı. "Rio-2016"da da medal sayının az olacağından ehtiyatlanırdıq. Amma güləşçilərimiz 9 medal qazansa da, final görüşlərindən qalib çıxa bilmədilər. "Tokio-2020"də güləş yarışları çox çətin və gərgin keçəcək. Üstəlik, hər bir çəkidə lisenziya sayı 20-dən 16-ya endirib. Yəni, lisenziya yarışlarının özü ağırlaşıb. Federasiya rəhbərliyi olaraq, hazırlıq üçün lazımi şəraiti yaradacağıq, amma məşq prosesinə müdaxilə edə bilmərik. Nəticə məşqçilər heyətindən tələb olunacaq. Hər bir federasiya uğur əldə etmək istəyir. Əsas məsələ nəticə qazanmaqdır. Heyəti formalaşdırmaq baş məşqçinin işidir. 2018-ci il dünya çempionatından öncə bəzi güləşçilər maaş və mükafat tələb edirdilər. Həmin vaxt bu məsələlərə də mən baxırdım. Amma indi məşqçilər sırf hazırlıq prosesinə cavabdehdirlər. Təşkilati məsələlər isə bizim üzərimizə düşür.


Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: İdman Oxunub: 697 Tarix: 24.01.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər