Siqaret çəkən şəxslər hansı qaydada cərimələnəcək? - Millət vəkili danışdı
"Siqaretin bağlı yerlərdə qadağası ilə bağlı qaydaların 3 ay müddətə hazırlanması üçün Nazirlər Kabinetinə göstəriş verilib".
Bunu BiG.AZ-a Milli Məclisin deputatı Musa Quliyev deyib.
Musa Quliyev bildirib ki, bu qadağanın icra mexanizmi necə olacaq, cərimələr kimlər tərəfindən icra olunacaq bütün bunları Nazirlər Kabineti hazırlayacaq: "Buna qədər də inzibati xətalar məcələsinə dəyişikliklər nəzərdə tutulub. Nazirlər Kabineti qaydaları hazırladıqdan sonra cərimələr müəyyənləşəcək".
Deputat vurğulayıb ki, bütün dünya siqaretdən mübarizə aparır: "Siqaretdən törənən xəstəliklər ilbəil artır. Xərçəng və ürək damar xəstəliklərinin bir çoxu siqaretlə bağlıdır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının tütünlə mübarizə üzrə Çərçivə Konvensiyasına qoşulub. Həmin konversiyanın tələblərindən biri də odur ki, buna qoşulan ölkələr həmin qaydaları hazırlasın. Artıq Azərbaycanda da belə bir qanun hazırlandı. Bağlı məkanlarda siqaret çəkilməsinə icazə verilmir. Maarifləndirmə işləri aparılır, gənclərin və yeniyetmələrin bu pis vərdişə qoşulmaması üçün tədbirlərin görülməsi də öz əksini tapıb. Bu qanun sosial sifarişdir. Cəmiyyətin xeyirinə hesablanıb".
Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov bildirib ki, yeni qanunun qəbul olunması və yaxud da müəyyən yasaqların tədbiq edilməsi müəyyən zəruriyyətlərdən yaranır. "İctimai yerlərdə siqaretin çəkilməsi insan sağlamlığı üçün zərəri vardı. Qapalı yerlərdə bu zərər daha da artır. Qadağanın qəbul edilməsinə əsas səbəbdə budur. Qəbul olunmuş qərarın insanlarımız arasında necə qarşılanacaq. Bu qanunun nə qədər effektli olacağı sual yaradır. Əlbəttə qanun siqaret çəkənlər üçün sakitçiliklə qarşılanmayacaq. Əlbəttə bu qanun siqaret çəkməyənlər tərəfindən alqışlanır. Çünki siqaret çəkməyənlər çəkənlərin qurbanına çevrrilir. İş yerlərində də problemlərə səbəb olur".
Ağasəlim Həsənov bildirib ki, yeni qanun qəbul ediləndə onun icra mexanizmi haqqında düşünülür: "Əgər bir yasaq tətbiq olunursa o necə icra olunacaq, efektivliyi nə qədər olacaq? Bu da təbii ki sual doğurur. Əlbəttə bu dövlətin əlindəki resurslar vasitəsilə həyata keçiriləcək. Bunu da müəyyən texnologiyalar vasitəsi ilə həyata keçirmək mümkün olacaq. Yəni hansısa obyektdə müşahidə komeraları quraşdırmaqla, qanunla bağlı yeni işçi konteksinin hazırlanması ilə həyata keçirilə bilər. Bu da əlbəttə dövlət üçün əlavə vəsait deməkdir. Qanun necə icra olunacaq hələki bilinmir. Amma inzibati yolla yüksək nailiyyət əldə etmək olmaz. Əlbəttə burada maarifləndirmə işlərinə ehtiyac var".
Sosioloq qeyd edib ki, siqaret çəkməyin zərərləri barəsində sosial reklamlar hazırlanmalıdır: "Təbliğatlar aparılmalıdır. Ola bilsin ki, bu qanundan xəbərsiz insanlarımız var. Sosial reklamlar və təbliğat vasitəsi ilə bu qanunu Azərbaycan vətəndaşına tədricən çatdırmaq lazımdır. Əlbəttə bu təbliğat ancaq kütləvi informasiya vasitələri ilə mümkündür. Biz bu təbliğatlarla insanlarımızı siqaretdən uzaqlaşdıra bilərik".
Aysel Yusifqızı
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş