Ölkəmizin adı dəyişdirilsinmi?

Ölkəmizin adı dəyişdirilsinmi?

Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçirilən ilk plenar iclasında Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsi müzakirə olunub. BAXCP sədri Qüdrət Həsənquliyev dövlətin adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib. “Çünki Azərbaycan ərazilərinin üçdə ikisi indiki İranın tərkibindədir”, – deyən Q.Həsənquliyevin təklifinə millət vəkili Fərəc Quliyev də dəstək verib.

Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifinə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da müsbət yanaşıb. Onun sözlərinə görə, Milli Məclisin yaz sessiyasının işlər planına İranla bağlı müzakirələr daxil edilməlidir. Millət vəkili Azərbaycanın İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmasını da məqbul sayıb: “Azərbaycan molla rejiminə qarşı sanksiyalarda iştirak etməlidir”. Hakim partiyadan olan millət vəkili Siyavuş Novruzov da Koreya ilə bağlı belə bir təcrübə olduğunu xatırladaraq Azərbaycan Respublikasının adının dəyişdirilməsi təklifini dəstəkləyib.

Bəs, ekspertlərin bu təklifə münasibəti necədir? Onlar indiki məqamda Azərbaycan Respublikasının adının dəyişdirilməsi məsələsinə nə cür yanaşırlar?

Bu suallarla müraciət etdiyimiz «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu dedi ki, o, Azərbaycan dövlətinin Şimali Azərbaycan Respublikası adlandırılması təklifini dəstəkləyir. Onun sözlərinə görə, bu təklif ilk dəfə 1980-ci illərin sonunda edilib: “Aydındır ki, o illər geosiyasi şərait bizə belə bir addım atmaq imkanı vermirdi. Həm də o illər Azərbaycan ictimaiyyəti və siyasi dairələri İranla normal dost münasibətlərinə ümid edirdi. Ölkənin Şimali Azərbaycan adlandırılması İranla münasibətlərin pozulmasına yol aça bilərdi. Tehranın əlinə bəhanə düşər və o, iki ölkə arasındakı münasibətlərin gərginləşməsində Azərbaycanı müqəssir saya bilərdi. İndi isə durum fərqlidir. İranı dövlətimizin hazırkı adı belə qıcıqlandırır”.

E.Şahinoğlu bu illərdə İranın Azərbaycan əleyhinə siyasətinin səngimədiyini, son aylarda isə qonşu ölkənin təxribatlarının sayının bir az da artdığını vurğuladı: “Elə bir həftə və ya gün olmur ki, İrandan Azərbaycana ünvanlanmış təxribatla üz-üzə qalmayaq. İş o yerə çatıb ki, artıq Azərbaycan ərazisində terror törətməyə girişiblər. İrandakı rejimin qarşısından qaçdıqca, susduqca qonşu ölkə daha çox üzərimizə gələcək. Ona görə bu dövlətlə normal münasibətlərə tərəfdar olmaqla bərabər Tehrana mövcud reallıqları da göstərmək məcburiyyətindəyik. Bu reallıqlardan ən mühümü ondan ibarətdir ki, İrandakı azərbaycanlıların haqları pozulur və Azərbaycan dövləti buna biganə qalmamalıdır. Hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycanın bu məsələni beynəlxalq aləmdə qaldırmaq imkanları var. Digər tərəfdən Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılmasının müzakirəyə çıxarılması da həm bizim təbii haqqımızdır, həm də bu, Tehrana Azərbaycan siyasətini korrektə etməsi üçün ciddi işarə olmalıdır”.

Azərbaycan Respublikasının adının dəyişdirilməsinə iqtidardan olan deputatların dəstəyinə gəldikdə, E.Şahinoğlu bunu rəsmi Bakının İranın siyasətindən açıq narazılığı ilə izah etdi: “Azərbaycan hakimiyyəti görür ki, nə qədər çalışsa da, İranla münasibətləri normal məcraya yönəltmək mümkün olmur. Tehran bütün imkanlarını və enerjisini səfərbər edərək Azərbaycan dövlətini hədəf seçib. Azərbaycan hakimiyyəti suallara aydınlıq gətirmək məqsədilə bir müddət öncə Prezident Administrasiyasının rəsmisi Əli Həsənovu Tehrana göndərmişdi. Ancaq onun bu səfəri suallara aydınlıq gətirmədi, İrandan Azərbaycana yönələn təxribatların miqyası bir az da artdı. Odur ki, Milli Məclisdə Şimali Azərbaycan mövzusunun gündəmə gətirilməsi rəsmi Bakının Tehrana onun başa düşdüyü dildə cavab verməyə hazır olduğunu nümayiş etdirir. Əlbəttə, bu müzakirələr o demək deyil ki, hakimiyyət ölkənin adının dəyişdirilməsi məqsədilə konstitusiya dəyişikliklərinə start verəcək. Ancaq bu mövzunun müzakirəyə çıxarılması belə Tehrana anlatmalıdır ki, onun anti-Azərbaycan siyasəti cavabsız qalmır və bu da həmin cavablardan biridir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, o da Azərbaycan dövlətinin adının dəyişdirilməsi təklifini dəstəkləyir: “Şimali Azərbaycan məsələsinin müzakirəyə çıxarılması o deməkdir ki, ölkənin bir cənubu da var. Təklifin reallaşması Azərbaycanın bölünmüş bir xalq kimi tanınmasına gətirib çıxarardı. Bu cür hadisələr dünya praktikasında çoxdan var. Ancaq ölkənin adının dəyişdirilməsi siyasi hadisədir. Buna İranın necə reaksiya verəcəyi çox maraqlıdır. Vaxtilə Makedoniyanın adı müəyyən ediləndə Yunanıstan nə qədər problem yaratdı. Yunanıstanda Makedoniya adında bölgə olduğundan bu adda müstəqil dövlətin olmasına qarşı çıxırdı. Sonda Makedoniyaya Keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı verildi”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu hesab edir ki, bu məsələ çoxdan müzakirəyə çıxarılıb qəbul edilməli idi: “Hesab edirəm ki, çox doğru təklifdir. Onsuz da əvvəl-axır bu baş verəcək. Amma çox istərdim dövlətin adı dilimizə daha uyğun formada rəsmiləşsin və Güney Azərbaycan türklərinin qəbul elədiyi kimi Quzey Azərbaycan Respublikası olsun. Azərbaycan bölünüb. Həm əhalimizin, həm də ərazimizin böyük bir hissəsi güneydədir. Bu məsələnin gündəmə gəlməsi çox yaxşı haldır. Təklif qəbul olunarsa, bu, Azərbaycanın bütövləşməsi uğrunda atılmış bir addım olacaq”.

Şikayətiniz varsa Whatsapp: 055 6620257

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3885 Tarix: 15.02.2012


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər