Zülfiyyə Xanbabayeva: "Mən səmimi deyiləm!"

Xalq artisti Zülfiyyə Xanbabayevanın Anspress-ə eksklüziv müsahibəsi.

-Zülfiyyə xanım, qızınız Dənizi heç efirə çıxarmırsınız. Necədir, böyüyür?
-Dənizin 4 yaşı tamam oldu, 5 yaşına keçdi. Artıq əməlli-başlı böyük qız olub, baxçaya gedir. Bu gün baxçada Yeni İl şənliyidir. Mən çəkilişlərdən imkan tapıb gedə bilməsəm də, atası qızımın yanındadır.

-Ana-qız münasibətləriniz necədir?
-Çox maralı xasiyyəti var. Dənizlə bizim aramızda elə bir ünsiyyət yaranıb ki, onunla dərdləşə bilərəm. Bu dərdimi tökmək deyil... Sadəcə məni narahat edən bir şey haqqında Dənizlə oturub danışa bilərəm və qızım da buna reaksiya verib deyə bilər ki, "fikir vermə, mama". Bu mənə çox lazım idi... Dəniz çox gözlətdi bizi, dünyaya çox gec gəldi, çox gec doğuldu. Mənim yanımda həmdəmimin, sirdaşımın olmasına çox ehtiyacım var idi. Və mən Dənizin tez böyüməsini, həyatı tez dərk eləməsini istədim. Əlbəttə ki, uşaqlığını əlindən almıram. Amma başının üstündə çox deyinirəm. Mən bir az deyingənəm axı, özümdən asılı deyil. Deyir ki, "mama, sən mənə çox "zameçaniya" (irad) edirsən.

-Deyingənliyiniz dostluğunuzu pozmur ki?
-Yox, hər şey normaldır. Səbrlidir. Sizə deyim ki, Dənizim çox gözəl rəqs edir. Hələ uşaqdır, Allah qoysa, gələcək göstərəcək nə olacaq.

-İstəyərdiniz sizin kimi müğənni olsun?
-Niyə görə yox? Nə olub mənim sənətimə? Mən sənətimi sevirəm, mən sənətimə hörmət edirəm. Heç vaxt sənətimə bir söz dedirtmərəm! Buna imkan vermərəm. Mənim sənətim gözəl olduğuna görə, istedadı olarsa...Hə, istedadı olmasa, mane olacam.

-Siz dedirtməsəniz də, müğənnilik sənətinə söz dedirtənlər var. Yerindən qalxan müğənni olmaq istəyir. Ən acınacaqlısı isə bilirsiniz nədir? Qədim peşə sahibləri qiymətlərini artırmaq üçün bir mahnı yazdırırlar, klip çəkdirib efirə verirlər və nəticə etibarı ilə o da müğənni olur, siz də. Zülfiyyə xanım, bu sizə toxunmur?
-Əvvəllər toxunurdu. Amma artıq bu hal baş alıb getdiyindən fikir verməməyə çalışıram. Çünki onlar çoxluq təşkil edir. Çoxluq həmişə azlığa qalib gəldiyindən mənə deyinmək qalacaq. Buna görə də mən deyinməkdən vaz keçmişəm. Bunun qarşısını almaq üçün hərəkətə keçmək lazımdır. Biz bunun qarşısını ala bilmərik. Efirlər, radiolar özəl olduğundan, onların maddi marağı olduğundan belələrinə meydan verilib. Nə qədər desəniz də yoxdur, bizim çox gözəl istedadlı mahnı yazarlarımız da, müğənnilərimiz də var.

-Mən elə söz demədim. Əlbəttə istedadlı gənclərimiz var, amma istisnalar da az deyil.
-İstisnalar bizlik deyil. İndi kim nə istəyir, onu da edir.

-Demək istəyirsiniz, şou-biznesin qanunları onlara imkan yaradıb?
-Nə şou-biznes? Siz şou-biznesdən danışanda səhv başa düşürsünüz. Ümumiyyətlə bizdə şou-biznes yoxdur. Bizdə şou-biznes olsaydı, bəxtəvər olardıq. İndi bəziləri "Mən şou-biznesdə deyiləm", deyib bu sözdən qaçır. Mənsə deyirəm, əfsuslar olsun ki, mən şou-biznesdə deyiləm. Çünki, bizdə şou-biznes yoxdur ki, mən də orada olum. Şou-biznesdə olmaq yaxşı şeydir. Bu o deməkdir ki, harada şou var, orada biznes var. Biznes nədir? Əlbəttə ki, qazancdır. Bizdə isə heç nə yoxdur. Ancaq toy bazarı var. O toy bazarını da mən qınamıram. Çünki, başqa qazanc yeri yoxdur!

Deyərdim ki, vaxtilə yeganə müğənni idim ki, diskimdən çox yaxşı pullar qazanmışdım. Amma indi bu mümkün deyil. Çünki artıq internet var. Mənim mahnıma qulaq asmaq istəyən internetdən bunu əldə edə bilirsə, filan qədər pul verib diskimi almaq nəyinə lazım? İndi bütün dünya bundan şikayət edirsə, görün, Azərbaycanda vəziyyət nə gündədir?

-Bəs sizcə Azərbaycanda şoudan biznes necə yaratmaq olar?
-İstəyərdim ki, bölgələrdə konsertlər verək, qazanaq. Amma bizdə müğənni konsertə tökdüyü xərci çıxara bilmir. Axı, müğənni musiqiçilərinə pul verir, səhnə geyimləri alır, mahnı yazdırır, klip çəkdirir və sairə, və sairə. Bunlar hamısı çoxlu pul tələb edir. Bizdə konsertdən pul qazanmaq mümkün deyil. Yenə də deyirəm, bizdə qazanc mənbəyi yalnız toy olduğundan hamı toya gedir. Əvvəl haradasa toya getməyə yaxşı baxmırdıq. İndi isə vəziyyətlə barışmışıq, çünki başqa cür mümkün deyil. Konsert edənlərin çoxunu görürük, zalı doldura bilmirlər, konsertə gəlmək istəyən yoxdur.

-Bəlkə müğənni şou-proqramlara, toylara getməklə özünü adiləşdirib və tamaşaçı artıq onun konsertinə getməyə ehtiyac görmür?
-Yox, səbəb o deyil. Düzdür, markanı saxlamaq üçün gec-gec görünmək lazımdır. Amma indi heç marka da qalmayıb.

-Biz sözlə, sənət aləmində xaos baş alıb gedir...
-Bəli, əməlli-başlı xaosdur. Kim necə tutuzdurdu, kimin bəxti nədə gətirdi, bax budur vəziyyət. Başa düşürsünüz nə demək istəyirəm?

-Bu xaosa görə nə vaxtdır klip çəkdirmirsiniz?
-Niyə çəkdirim axı? Əvvəllər klip blokları var idi. Bilirdik ki, hər gün klipimiz yayımlanacaq. Əslində bizdə də xüsusi klip kanalı olmalıdır. Bizdə nəinki bu yoxdur, artıq klip bloklarını da yığışdırıblar. O klipi nəyə görə çəkdirməliyəm? Reklam əvəzi boşluğu doldurmaq üçün mənim klipimi verəcəklərsə, mən o klipi çəkmək istəmirəm.

-Axı belədə də yaradıcılığınızda durğunluq yaranır?
-Durğunluq deyəndə, mən rəqabət görmürəm axı nə isə edim? Hərdən oturub fikirləşirəm ki, mən nə etsəm, özümü keçə bilərəm? Çünki mən Azərbaycan səviyyəsində nə lazımdır etmişəm. Belə çıxır ki, mən hər şeyi vaxtından əvvəl etmişəm. Çünki o həvəs artıq qalmayıb. Bax, İlhamə Qasımovanın klipinin yayımlanması məni çox qane edir. Bu böyük işdir. Mənim arzularımdan biri klipimin MTV-də yayımlanması olub.

-Bəs sizə nə mane olur, pulunuz yoxdur?
-Burada əsas işi maliyyə həll etmir. Burada dünya səviyyəli yaxşı prodüserin olması vacibdir. Dünya şöhrətli prodüser mərkəzinin əlinə düşmək böyük şansdır.

-Azərbaycanda ən yaxşı prodüser sizin Nigar xanımdır. Bəlkə elə bunda da bəxtiniz gətirdi?
-Gətirərsə lap yaxşı. Əlbəttə ki, hər şey o fortunadan asılıdır. Amma "mən işləmək istəmirəm", "mahnı yazmıram" deməyə ixtiyarımız yoxdu. Çünki mən müğənniyəm, mənim sənətim budur. Mənim işim nədən ibarətdir? Mahnılarımla insanların ruhunu oxşamaqdan. Məcburən yox, ürəklə, həvəslə. Düzdür, xoşagəlməz hallar bizi həvəsdən sala bilər, amma əli-qolu bağlı oturmaq olmaz, mütləq mahnılar yazdırmaq lazımdır.

-Klip çəkdirməyi lazım bilmirsinizsə, konsertdən danışmağa heç dəyməz?
-Niyə ki? Böyük məmnuniyyətlə konsert verərəm. Mən belə konsertləri çox vermişəm. Artıq böyük konsertlər istəyirəm. "Canım məmləkətim" layihəsinin konsertlərində gördüyüm o tamaşaçı kütləsindən sonra ondan da artığını istəyirəm. Hər konsertimdə on minədək tamaşaçı olurdu. Konsert o idi... Millət sənin sorağına yığışıb, səni görmək istəyir, səni eşitmək istəyir. Mən Azərbaycanımın hər yerində belə qarşılanmışam. Siz fikir verirsiniz ki, qapalı yerdə və yaxud da açıq havada olmasından asılı olmayaraq dünya ulduzlarının konsertləri məhz belə olur.

-Demək istəyirsiniz ki, 2000 yerlik Heydər Əliyev Sarayında konsert verməyi özünüzə ar bilirsiz?
-Təkcə ona görə yox ki, balaca yerdi. Mən onu nəzərdə tutmadım. İndiyədək verdiyim konsertlərdən artığını istəyirəm. Vaxtında narkomaniyaya qarşı, QİÇS-ə qarşı çox klub konsertləri vermişəm. "Ən güclü narkotika musiqidir!" adı altında konsertim olub. Mən bunların hamısını etmişəm. İndi nə isə başqa bir şey istəyirəm. Mosəl üçün, gənclərlə maraqlı bir layihə etmək istərdim. Sadəcə mahnı oxuyub, konsert vermək istəmirəm. Fərqli bir şey istəyirəm. Verəcəyim konsertimin cəmiyyətə bir faydasının dəyməsini istəyirəm. Deyinmək kimi çıxmasın, həvəs var, cəmiyyətdə maraq yoxdu.

-Bəlkə rəqabət yoxdur, meydan boşdur?
-Bunun da təsiri var. Ən birinci növbədə isə tamaşaçıların zövqündəki problem məni çəkindirir. Zövqlər korlanıb, daha doğrusu yaxşı musiqi ilə pis musiqi arasında seçim etmirlər, fərq qoymurlar. Hansı mahnını çox eşidirlərsə ona qulaq asırlar, onu sevməyə başlayırlar. Dinləyici haya-küyə gedir. Bizim musiqi duyumumuz çox zəngindir. Mənim yadımdadır, o vaxtlar kasıb-dövlətli fərqi yoxdur, hər ailənin evində bir pianino olmalı idi. Başa düşürsünüz bu nə deməkdir? Bu artıq o demək idi ki, zövqsüz insanlar yox idi. Pianino elə bir şeydir ki, özü-özlüyündə insanda zövq formalaşdırır. İndi isə...

Hal-hazırda elə populyar adlar var ki, mən onların ifalarını eşitməmişəm. Heç bilmirəm, nədir, nə deyil? Amma hansı verilişə baxırsan onlardan danışırlar, hara baxırsan onlardan yazırlar.

-Belələri əsasən tənqid hədəfimiz olurlar...
-Onları hətta pisləmək də olmaz. Bu da onlar üçün bir reklamdır. Onların adının çəkilməyi onlar üçün şan-şöhrətdir. Yeri gəlmişkən, hazırda elə populyar müğənnilərimiz var ki, onları ələ sala-sala sənətkar olduğuna inandırıblar. Əslində onu gülünc vəziyyətə qoymaq istəyiblər, yalandan tərifləyiblər, o da inanıb, ciddi qəbul edib. Yəni ikibaşlı, ikimənalı, kökaltında başa salmaq istəyiblər ki, sən müğənni deyilsən, get öz işinlə məşğul ol. Amma o başqa cür, özü istədiyi kimi qəbul edib buna inanıb və hazırda populyarlığı ilə çoxlarına meydan oxuyur.

-Razıyam sizinlə, belələri çoxdur...Zülfiyyə xanım, verilişlərdəki yalançı-doğru qalmaqallara, qurulmuş səhnələrə baxanda hansı hissləri keçirirsiniz?
-Tamaşaçılara yazığım gəlir. Bizim millət çox gülməlidir. Yalandan kiminsə ürəyi getsin, kimsə yıxılsın, kim nə desə inanır. Doğrudanmı millətimiz bu qədər sadəlövhdür?

-Bəs müğənnilərin efirdə səmimi olmalarına necə baxırsınız?
-Baxır nədə və necə? Mən bu gün verilişdə ağzıma gələni danışıb, adımı səmimi qoyacamsa, bu mənə lazım deyil. Səmimiyyət başqa şeydir. Mən evdə başqa cürəm, emosionalam. Evimdə istədiyim hərəkəti edə bilərəm. Çünki bura mənim evimdir, mənim ocağımdır. Mən evimdə başı-aşağı da dayana bilərəm, o demək deyil ki, mən efirdə də bunu edə bilərəm. Əgər buna səmimiyyət deyilirsə, etiraf edirəm, mən səmimi deyiləm!

Zülfiyyə Xanbabayeva: Zülfiyyə Xanbabayeva: Zülfiyyə Xanbabayeva: Zülfiyyə Xanbabayeva: Zülfiyyə Xanbabayeva: Zülfiyyə Xanbabayeva:


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5438   Tarix: 05 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Zövqün yoxdursa, bataqlığa gedəcəksən"

"Savad və görüntü önəmlidir, amma zövqün yoxdursa, sən daim bataqlığa getməyə qaçacaqsan". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə aparıcısı olduğu proqramda deyib. O, zövqdən danışıb. "Zövqün varsa pisin içindən bir yaxşını tapıb göstərəcəksən. Seçdiyin mahnı, geyi

18.04.2024 623
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17.04.2024 1713
.

Sevdanın geyimi tənqid olundu - Video

Müğənni Sevda Yahyayeva "24/7" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. Axşam.az xəbər verir ki, sənətçi görüntüləri instaqram hesabında paylaşıb. Büstqalterin üstündən qara uzun pencək seçimi edən sənətçinin geyimi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bəziləri müğənnini

16.04.2024 8090
.

Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?

Müğənni Rəqsanə İsmayılova Azərbaycandakı mülklərinə həbs qoyulub. Qaynarinfo-ya daxil olan məlumata görə, müğənninin külli miqdarda borcu var. Həmin borcla bağlı qərar qəbul olunsa da, Rəqsanə İsmayılova qərarı icra etməyib. Bu səbəbdən icra məmuru tərifindən Nəsimi rayon Məhkəməsinə müraciət edilib

18.04.2024 1190
.

Ramal qızı ilə görüntülərini paylaşdı

Müğənni Ramal İsrafilov qızı Liya ilə bağlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, ifaçı qızı ilə olan görüntülərini izləyiciləri ilə bölüşüb. O, videoya "Sadəcə bir eşq" qısa şərhini yazıb. Qeyd edək ki, R.İsrafilov 2014-cü ildə Sevda adlı xanımla ailə qurub. Cütlüyün qızı 2015-ci ild

15.04.2024 1041
.

Vüsalə ana olacaq

Aparıcı Vüsalə Tağıyeva ana olacaq. OLAY yazır ki, bu barədə o, özü məlumat yayıb. Vüsalə hamiləlik fotosunu paylaşaraq xəbəri izləyiciləri ilə bölüşüb

18.04.2024 7834
.

Fahriye Evcen və Burak Özçivit oğlunun ad gününü qeyd edib- FOTOLAR

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit ilk oğulları Karanın 5 yaşını qeyd ediblər. xəbər verir ki, bu barədə cütlük sosial şəbəkədə paylaşım edib. "Karanım 5 yaşında. Neçə belə yaşlara" ,- deyə Burak Özçivit əlavə edib. Qeyd edək ki, cütlüyün 2 övladı var

15.04.2024 1473
.

Dilan Polatla həyat yoldaşının işində növbəti qərar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polata qarşı vergi proseduru qanununu pozma maddəsi ilə açılmış ittiham işi nəticələnib. Axşam.az xəbər verir ki, cinayət iş

19.04.2024 426
.

"Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoyulmasaydı, bu qədər izlənməyəcəkdilər" - Armağan Çağlayan

"RTÜK (Radio və Televiziya Ali Şurası) "Kızıl Goncalar" və "Kızılcık Şerbeti"nə qadağa qoymasaydı, bu qədər izlənməyəcəkdilər". xəbər verir ki, bu sözləri türkiyəli aparıcı Armağan Çağlayan deyib. Qeyd edək ki, bir müddət öncə RTÜK bu iki seriala məhdudiyyətlər qoyub

19.04.2024 521