Şəhid Fərid Əhmədovun hekayəti

Şəhid Fərid Əhmədovun hekayəti

ANS PRESS Qarabağ bölgəsində ötən il sentyabrın 4-də Ermənistan ordusunun növbəti hücumunu dəf edərkən qəhrəmanlıq göstərərək şəhid olmuş Fərid Əhmədov barəsində "El" jurnalında dərc olunmuş məqaləni təqdim edir.

Fərid Əhmədov haqqında yazacağımı biləndə çox həyəcanlandım. Əslində, bu sevinc bir az kədər, bir az qürur və şərəf dolu bir duyğu idi. Sağlığında varlığı, öləndən sonra şərəfli adı ilə Azərbaycanın qəhrəmanlıq tarixini yazan bir igid barəsində yazmaq çox məsuliyyətli bir işdir.
İnsanı ən yaxşı tanıyan, əlbəttə ki, onun hər bir əziyyətini çəkən, heç nəylə borcunu qaytara bilməyəcəyimiz analardır. Ona görə də Fərid kimi qəhrəman oğul dünyaya gətirən Nərgiz ana ilə görüşmək istədim. Mənim üçün çox ağır idi. Axı sağalmayan, onsuz da həmişə sızıldayan bir yaranı yenidən qanatmalı olacaqdım. Necə başlayacağam, nədən başlayacağam, nə soruşacağam? Ürəyimdə bu sualları çək-çevir edə-edə Nərgiz ana ilə görüşə getdim.
«Ana! O adın qarşısında bir qultək həmişə səcdədə olmaq, bizə fəxarətdir!» - deyib böyük sənətkarımız Cəfər Cabbarlı.

Budur, Fərid kimi igid oğul dünyaya gətirən bir qəhrəman ana ilə üzbəüz oturmuşam. Göz yaşları dayanmır ananın… Necə, nə ilə ovudum onu, bilmirəm, söz tapmıram. Bu anda düşündüm ki, belə qəhrəman analar hər tərifə layiqdirlər!
Nərgiz ana oğlu Fəridin ona yazdığı bir şeiri mənə göstərir.
Həyatda şərəfim, qəlbdə qürurum,
Qollarımda gücüm, gözümdə nurum,
Güvəncim, qeyrətim, ürəyim, ruhum,
Qibləgahım anam, Kəbəm atamdır.

Dörd misralıq bu şeiri Fərid ad günündə anasına göndərdiyi şəklinin arxasına yazmışdı. Sanki olacaqları qabaqcadan duyan oğul ana üçün ən gözəl hədiyyənin elə məhz övlad rəsmi olduğunu bilirdi. Bu əvəzsiz hədiyyəni alan ana isə olacaqlardan xəbərsiz, sevinclə oğlunun ad gününü qeyd etdi. Dörd il idi ki, atasını itirən Fərid üçün Nərgiz ana həm ana idi, həm də ata. Neçə minlərlə uşağın tərbiyəçisi olan Nərgiz Əhmədova 1999-cu ildə «İlin müəllimi» adını layiq görülüb. Məhz belə ananın belə də övladı olmalı idi!

…Fərid 1986-cı il yanvarın 19-da Cəlilabad rayonunda anadan olub. 1992-cı ildə N.Gəncəvi adına Cəlilabad rayon 1 saylı orta məktəbinin birinci sinfinə gedib. 2003-cü ildə məktəbi bitirən Fərid Heydər Əliyev adına Ali Hərbi Akademiyaya qəbul olub. 2007-ci ildə oranı əla qiymətlərlə bitirən müdavim Fərid Əhmədov rütbə almaq üçün Təlim-Tədris Mərkəzinə göndərilir. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alır və Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissədə tağım komandiri vəzifəsinə təyin edilir. Xidmətə başlayandan sonra Türkiyəyə göndərilir. Orada 6 ay yüksək təlim kurslarını başa vurur və fərqlənmə nişanı və diplomla təltif olunur. Sonra Gəncədəki «N» saylı hərbi hissəyə xidmətə qayıdır. 2009-cu ildə Gəncədəki xidmətini başa vuran Fərid öz ərizəsi ilə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətə başlayır. Qısa müddət ərzində hərbi hissədə hörmət və etimad qazanan Fərid Əhmədov kəşfiyyat bölüyünün komandiri təyin edilir.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında erməni qəsbkarlarına qarşı vuruşan Fərid qəhrəmancasına şəhid olur.
Birbaşa döyüş xəttində həlak olduğu üçün Fərid Əhmədovun meyidi düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.
2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş leytenant Fərid Güloğlan oğlu Əhmədovun "İgidliyə görə" medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, şəhid Fərid Əhmədov bu medala hərbi borcunu həyatı təhlükə altında yerinə yetirərkən igidlik göstərdiyinə görə layiq görülüb.
Fərid Əhmədov Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi imzanı atmış oldu.

Anası Nərgiz xanımın dedikləri:
«Fərid uşaqlıqdan qeyrətli, namuslu idi. Çox istedadlı, qeyri-adi uşaq idi. Uşaq vaxtlarında gözəl şəkillər çəkərdi. Həmin şəkillərdə də vətənpərvərlik hissləri vardı. Hələ altıncı sinifdə oxuyanda mərhum prezident Heydər Əliyevin şəklini çəkmişdi. Rəsmlərində cəngavərlik səhnələrini təsvir etməyi xoşlayırdı. Bir dəfə də şirlə pələngin döyüş səhnəsini canlandırmışdı. Həmişə mənə deyərdi ki, bunları elə-belə çəkirəm. Bir dəfə oturarsan, sənin şəklini də çəkərəm. Yas məclisinə gələn kurs yoldaşı mənə danışdı ki, bir dəfə dərsdə müəllim danışdıqca Fərid də şəkil çəkirmiş. Birdən müəllim soruşur ki, sən orda neyləyirsən? Fərid şəkli müəllimə göstərir. Müəllim heyranlığını gizlədə bilməyib deyr: «Fərid, sənin ki belə istedadın vardı, hərbiyə niyə gəlirdin, gərək rəssam olaydın». Dediyim kimi, Fərid həm də gözəl şeirlər yazardı. Uşaqlıqdan mərd, sözübütöv idi. Məktəb illərində öz yoldaşlarını müdafiə edərdi. Hər işini özü həll edər, narahat olmayım deyə, çox şeyləri mənə deməzdi. Hərbi Akademiyada oxuduğu müddətdə iki dəfə əməliyyat keçirmişdi. Bir dəfə qrıcadan, bir dəfə də əlindən. Amma mənə 3-4 ay keçəndən sonra bildirməmişdi. Hərbi məktəbdə çavuş idi. İki kursant dalaşanda onları ayıran zaman əlindən zədələnmişdi. Ona görə də əməliyyat etmişdilər. İstəmirdi ki, mən narahat olum.
Yadımdadır, Fəridin 8 yaşı vardı, evimiz tikilən zaman idi, bir dəfə oynayanda dəmir qolunu kəsdi. Həkim tikiş qoymalı oldu. Həmin tikişin izləri qalmışdı. Həmişə zarafatla mənə deyərdi ki, itsəm məni bu çapıqla taparsınız. Elə bil hər şeyi bilirdi. Onun bu uşaq zarafatı kədərli gerçək oldu. Sonradan xəstəxanada biz Fəridi əlində və qolundakı həmin çapıqla tanıdıq. Fərid haqqında danışmaq mənə çox ağırdır.
Hərbi məktəbdə oxuduğu 4 il ərzində də hamıdan seçilib. 9-cu sinifdən hərbi məktəbə hazırlaşırdı. Həm özünün marağı vardı, həm də atası onun hərbçi olmasını istəyirdi. Cəmi iki uşaq idilər ailədə, bir bacı , bir qardaş. 5 ay əvvəl, aprel ayında bacısını gəlin köçürdü. Deyirdi ki, Gülü, nə çətinliyin varsa, mənə de. Fərid mənim arxam, dayağım idi. İstər orta məktəbdə, istərsə də hərbi məktəbdə yaxşı oxuyurdu. Hərbi məktəbə qəbul olunandan sonra mənə təşəkkürnamələr gəlməyə başladı. Yazırdılar ki, belə övlad böyütdüyünüzə görə çox sağ olun. Təbii ki, mən bir ana kimi bu sözlərdən qürur hissi keçirirdim. Və onu da bilirdim ki, Fəridin hərbi işə marağı çox güclüdür. Təsadüfi deyil ki, sonralar Türkiyədə təhsil alanda ona sertifikat verən türk general Fəridin əlini sıxaraq demişdi: «Sən əsl hərbçisən!».

Onu da deyim ki, Fərid Türkiyədən qayıdandan sonra özü ərizə yazıb döyüş bölgəsinə - Tərtər rayonuna xidmətə gedib. İstəmirdi ki, fikir çəkim, ona görə çox şeyi mənə bildirmirdi. Hər dəfə zəng edəndə deyirdi ki, Gəncədə işlərim yaxşı gedir, narahat olma. Sonradan bilmişəm ki, Fərid Gəncədə yox, düz bir il iki ay imiş Tərtərdə qulluq edirmiş. Dediyim kimi, könüllü getmişdi ora. Sonradan hərbi hissənin rəisi, zabitlər bildirdilər ki, Fərid necə işlər görüb, hərbi hissədə hamının hörmətini qazanıb, bir komandir kimi orda necə nizam-intizam yaradıb. Onun bacarıqlı olduğunu diqqətdən yayınmır. Fəridə leytenant rütbəsi verilir və qərargah rəisi onu rota komandiri təyin edir. O vaxt Fərid çox gənc idi, cəmi 23 yaşı vardı. General şəxsən özü Fəridə demişdi ki, sən yeganə zabitsən 23 yaşında bu rütbəni qazanmısan. Mənə deməmişdi, amma sonradan bildim ki, Fərid kəşfiyyat bölməsinin də rəisi olubmuş.
İyul ayında məzuniyyət götürüb Bakıya bacımgilə getmişdim. Fərid zəng etdi ki, ana, gəlmək istəyirəm, üçgünlük məzuniyyət götürəcəyəm. Mən də dedim onda Bakıya gəl. Cavabında Fərid bildirdi ki, ana, sən qal istirahət elə, mən gedim rayona, Cəlilabada getmək istəyirəm. Balam ildə iki-üç dəfə mənim əziz qonağım olurdu. Ürəyim necə dözərdi? Beləliklə, mən də getdim rayona. İyulun 14-15-i olardı. Əhvalı mənə xoş gəlmədi Fəridimin. Narahat oldum. «Oğul, sənə nə olub axı?» - deyə soruşanda: «Narahat olma, ana, havalar isti keçir, yemək olmur. Ona görə beləyəm».
Hələ də bilmirəm ki, o nə üçgünlük məzuniyyət idi? Elə bil vidalaşmağa gəlmişdi. Gələn kimi bacısını görməyə getdi. Çox fikirli, qəmli görünürdü. Sanki məndən qaçmağa çalışırdı. Gedəndə də mənimlə pilləkəndə görüşdü, onu darvazaya qədər ötürməyə qoymadı. Mən evdə olmayanda mobil telefonunda Mübariz İbrahimovun şəkillərini nənəsinə göstərib, deyib ki, gör necə oğuldur? Vaxt gələcək, mən də şəhid olacağam.

Mübarizin cəsədinin düşmən tərəfdə qalması onu çox üzürdü, buna görə çox narahat idi. Mənə deyilənlərə görə, Fərid Mübarizin meyiti ilə dəyişdirilməsi üçün erməni zabiti ələ keçirmək istəyirmiş. Ona görə də tez-tez kəşfiyyata gedirmiş. Həmişə əsgər və zabitlərə deyirmiş ki, görərsiniz, bu oğul (özünü göstərib) gedib Mübarizi gətirəcək! Mübarizlə fəxr edirdi. Həmişə də deyirmiş ki, biz necə hərbçiyik ki, onun cəsədini qaytara bilmirik. Telefonunda Mübarizin şəkillərinin üstündən yazıbmış ki, biz səninlə fəxr edirik. Bunu yoldaşları da görübmüş.
Birinci kursda oxuyanda Ramil Səfərov Fəridə dərs demişdi. Sonradan Ramil Macarıstanda həbs olunanda Fərid özünə yer tapa bilmirdi. Fərid mənim ona ehtiyacım olan vaxtda, vətənə lazım olan zamanda getdi. Amma bir şeylə təsəlli tapıram ki, Vətən üçün, torpaq uğrunda canını qurban verdi. Sentyabrın 3-də kapitan Əhməd Abdullayevlə birlikdə (o da bizim rayondan idi) kəşfiyyata gediblər. Əhməd yaralananda Fərid rabitəçi və əsgərlərə əmr edib ki, Əhmədi götürüb geri çəkilsinlər. Özünü ermənilərin səngərinə ataraq Əhmədə deyib ki, «Sən ailəlisən, balaların var, mən isə subayam, səni qoruyacağam!».

Fəridin kəşfiyyatdan qayıtmadığını eşidəndə yoldaşları da sərhədi keçmək istəyiblər…
İndi də yuxularımda məndən halallıq istəyir… Onun telefonunu özümdə yadigar saxlayıram».

Dayısı Aslan müəllimin dedikləri:
«Biz din adamlarıyıq, yəni namaz qılan, oruc tutanıq. Fərid də namaz qılırdı. Onu uşaqlıqdan kiçik dayısı öyrətmişdi. Hərbi məktəbə gedənə qədər hər zaman namazını qılardı. Amma sənəti ilə əlaqədar sonradan vaxtın azlığına görə qıla bilmədi. Bununla belə, qəhrəmanlıqla həlak olduğu gün ramazan ayına təsadüf etdiyi üçün Fərid oruc idi.

Biz təkcə dayı-bacıoğlu yox, sanki yaxın dost idik. Həmişə nə isə olanda «dayı canı» deyərdi. Danışırdı ki, bir dəfə Gəncədən avtobusla gələndə yanında bir qız oturubmuş. Arxada oturan iki oğlan qıza söz atıblar. Fərid də dözməyib birinə bir kəllə vurur. Deyirdi, «Dayı canı, o biri qorxusundan özünü yuxuya vurdu». Yəni sözüm odur ki, Fərid qeyrət, namus çəkən idi. O, haqqın tərəfdarı idi. Bir dayı kimi, Fəridin qəhrəmanlığı mənim üçün həm fərəhli, qürurverici, həm də kədərli bir işdir. Burda sevinc, kədər, vətənpərvərlik hamısı birləşib. Biz həm də sevinirik ki, o, şəhadətə çatıb. Şəhidlik çox şərəfli bir işdi və bu şərəf hər kəsə nəsib olmur. Allah da şəhidliyi yüksək qiymətləndirir.
«Uzaq sahillərdə» Fəridin ən çox sevdiyi film idi. Necə ki Mehdi Hüseynzadə şəkillər çəkirdi, o da elə olmaq istəyirdi. Necə ki Mehdi Hüseynzadə «Mixaylo» ləqəbi ilə tanınırdı, Fərid də düşmən tərəfdə hansısa bir ləqəblə tanınırmış. Hətta onu vuran ermənini general şəxsən özü səngərdə mükafatlandırmışdı. Bu haqda erməni televiziyalarında məlumat verilmişdir. O, lap uşaqlıqdan gözəl rəsmlər çəkirdi. Özü də adi karandaşla, yəni heç bir boyadan istifadə etmədən. Çəkdiklərinə baxanda heç fikirləşmək olmaz ki, bu, uşaq təxəyyülünün məhsuludur».
Xalası Kəmalə Həsənovanın dedikləri:

«Hərbi məktəbə imtahan verməyə gələndə Fərid bizdə qalırdı. Bir dəfə evə gec gəldi. Çox narahat oldum. Dedi ki, mənə görə narahat olma, sən bilmirsən ki, mənə heç nə olan deyil? Uşaqlıqdan qorxmaz idi Fərid… Heç nədən çəkinməzdi».

Bəli, Fərid Əhmədov ömrünün bahar çağında nəinki Nərgiz ananın, bütün nəslin ümidlərinin ona kökləndiyi bir vaxtda həyatdan köçdü. Onun vaxtsız, lakin qəhrəman kimi həyatdan gedişi nəinki bir ailənin, bir nəslin, bir rayonun, ümumiyyətlə, bütünlükdə xalqımızın - qəhrəmanlarıyla hər zaman öyünən Azərbaycanımızın kədəridir. Həm də fəxridir! O öz qəhrəmanlığı ilə Vətənimiz Azərbaycanın adını daha da yüksəklərə qaldırdı.

Şəhidliyin mübarək, igid Türk evladı!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 7245   Tarix: 21 aprel 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24.04.2024 1617
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 348
.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 164
.

"Nişanlım dünyasını dəyişib" - Video

"Nişanlım da olub, istədiyim, sevdiyim bir şəxs də. Amma həmin şəxs biz ailə qurmadan dünyasını dəyişib. Onun yerinə isə heç kimi qoya bilmərəm. O tamamilə fərqli bir insan idi. Onun atası böyük şəxsiyyət, alim idi. Yarı alman idi. Onun atası mənim atamı da tanıyırdı. Onun da ürəyi götürmədi ki

11:46 511
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 234
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 334
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. BİG.AZ -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib

11:10 1040
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 1328
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 291