Söz tapa bilməyəcəyik - I HİSSƏ

Söz tapa bilməyəcəyik - I HİSSƏ

Örnək həyat yoldaşı

Biz bir ailəyik. İnsanlar bugünün qədrini bilməlidirlər, çünki sabahın necə olacağını heç kim bilmir. Təzə ailə qurmuşdum və illər əvvəl üzümün sağ tərəfində bir xal çıxmışdı, mən isə bunu ciddiyə almayıb həkimə müraciət etmədim. Getdikcə bu xal üzümə yayıldı və mən simamı itirdim. Çətin vaxtlarımda həyat yoldaşım məni atıb getmədi, bilirsiniz mənə nə dedi? "Səni olduğun kimi sevəcəm, necə varsansa, sona qədər səninlə olacam və bizim uşaqlarımız da olacaq". Məhz onda mən başa düşdüm ki, seçimimdə yanılmamışam. Artıq bizim bir uşağımız var və mən ailəmi çox sevirəm. Həyatınızın dəyərini bilin, yaxınlarınızı sevin, onların hər anında yanında olun. ©

Söz tapa bilməyəcəyik - I HİSSƏ

Pinəçi Mustafa dayı

1953-ci il avqustun 26-dan ayaqqabı tikirəm. Hətta hərbi xidmətdə olduğum müddətdə də bu peşə ilə məşğul olmuşam. Günüm vaxt öldürməklə keçir, ancaq qəzet oxuyuram, yaxınlıqdakı çayxanada domino oynayıram. 61 ildir ki, bu sənətdəyəm. Hətta ondan qabaq da 12-13 yaşlarımda, sənətə yiyələnmədiyim vaxtlarda ayaqqabı silib, səndəl düzəldib pul qazanardım. Əvvəl çörək var idi, sənətkara qiymət verilirdi, indi isə yox. Sual verirsiniz ki, yanınıza sənəti öyrənmək üçün gələn varmı?! Bazarı ölmüş sənəti kimə və niyə öyrədəsən?! Bununla belə, hər ay fəaliyyətimə görə vergi verirəm. Gördüyünüz bu balaca köşkü (butkanı) vaxtı ilə 100 şirvana özəlləşdirmişəm. Oğlum da bu sənətlə məşğuldur. Onun da balaca bir köşkü var idi. Rayonun gözdə olan küçəsində olduğundan fəaliyyətinə icazə verilmədi. İndi isə evinin önündə fəaliyyət göstərir. 80 yaşım var. Sənətimi sevirəm. İstərdim ki, məndən sonra sənətim yaşasın, çünki bu sənətə ömrümü həsr etmişəm ©

Pinəçi Mustafa dayı (Cəlilabad)

Söz tapa bilməyəcəyik - I HİSSƏ

Bir Rəssamın Həyatı

5 yaşından rəsm çəkməyə başlamışam. Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsil almışam. Müəllimim Qafar Seyfullayev olub. 1968-ci ildə Moskvaya gedib bu sənəti daha dərindən öyrəndim, sonra Naxçıvana işləməyə getdim.

Naxçıvanda olduğum vaxtlarda bir polisi öldürmüşdülər. Məni çağırıb xahiş elədilər ki, şahidlərin sözlərinə görə cinayətkarın simasını təsvir edim. İndiki kimi desək, onun fotorobotunu çəkdim və həmin cinayətkarı tapıb həbs elədilər. Bu məsələdən sonra məni Bakıya çağırdılar, MTN üçün fotorobotlar çəkməyə başladım, amma texnologiya inkişaf edəndən sonra əllə çəkilən fotorobotları kompüterlər əvəz elədi və beləliklə, mənim işim də bitdi.
İşsiz qalandan sonra səyyat olaraq rəsmlər çəkib satmağa başladım. Əsərlərimin qiyməti onda 4000-5000$ idi.

Bir gün isə həyatımın, demək olar ki, ən böyük zərbəsini aldım, oğlum çəkdiyim əsərlərdən bir neçəsini oğurlayıb onları çox ucuz qiymətə, bir neçə içki butulkasının qiymətinə satmışdı

Çoxdandır bu balaca emalatxanamda qalıram, işsizəm və neçə ildir ki, heç bir şey çəkmirəm. Artıq qocalmışam, bütün ömrümü bu işə vermişəm, amma indi əlim fırça tutmur. Bundan sonra ancaq bir arzum var, o da çəkdiyim əsərlərdən ibarət həyatımda son dəfə sərgi keçirim....

Söz tapa bilməyəcəyik - I HİSSƏ- Bu iş qumar kimidir, elə gün olur ki, heç bir məmməd də gətirmirəm evə, heyf deyildi Basin?! Paçka ilə pul qazandığım vaxtlar olub orada, burda isə boş-boş günümü keçirirəm.

48 yaşım var, elektrik cihazlarının təmiri ilə məşğulam. Gördüyünüz kimi iş otağım oturduğum bu kiçik və dar vaqondur.
Montində yerləşən 12 saylı peşə məktəbini bitirmişəm. İyirmi ilə yaxın Tarqovı-da işləyirdim. Bu yaxınlarda icarə haqqını qaldırdılar, çarəsiz qalıb bura köçdüm. Allah canını sağ eləsin, vaqonun yiyəsi icarə üçün bir qəpik də almayıb hələ ki, məndən. Məhlədə isə hər kəs məni tanıyır, qiymət deyə bilmirəm, nə versələr ona razı oluram. Eləsi olur ki, heç pul da vermir.
Bəzən müştərilərlə kiçik problemlər də olur. Canı sağ olsun, bu dünya ki, Zeynəlabdin Tağıyeva qalmadı, kimə qalacaq ki?!

Mənim 4 uşağım və nəvələrim var. Aylıq qazancları ehtiyaclarını ödəməyə bəs eləmir. Biri pərdə pulu istəyir, nə bilim, biri süfrə pulu istəyir, məndə də yoxdur, hardan verim axı. Oğlum 8-ci sinfə keçdi bu il, özü çıxmaq istədi məktəbdən, dedim ki, gəl sənə peşəni öyrədim, istəmədi. Dəmirçilik öyrənir indi, yəgin gələcəkdə yaxşı pul qazanar. Özünə də demişəm, əsas halallıqdır.

"Həyatımda bir şeyi başa düşdüm ki, pul hər şey demək deyil! Əsas odur ki, insan vicdanlı, şərəfli və alnıaçıq olsun!"

- Gülbala müəllim

Söz tapa bilməyəcəyik - I HİSSƏ

"İnsanlar kitabdan qaçır, mən isə əlimdə iki torba kitabla insanlara doğru qaçıram".....

İnanırsınız, bu kitablardan mənə bəlkə heç 20 qəpik belə qalmır. Bəzi insanlardan elə reaksiya görürəm ki, sadəcə ağzım açıq qalır və bu, mənə çox pis təsir edir. Hətta elə vaxtlar olub ki, imkanı olmayan birilərinə kitabları hədiyyə eləmişəm, qoy mənim haqqımdan bu pulu çıxsınlar. Bir maraqlı hadisə də danışım, deməli, keçən dəfə İqtisad Universitetinin yaxınlığında əlimdə kitablarla dayanmışdım, tələbələrə bəlkə maraqlı olar və almaq istəyən olar deyə. Bir polis mənə yaxınlaşıb bildirdi ki, götür bu kartof, soğanını və get burdan. Bildirdim ki, bu kartof, soğan deyil, kitablardır, burda dayanmışam və tələbələrə kitab satıram. O isə mənə dedi ki, indiki tələbələrə kitab lazım deyil. ©

Qurban Məmmədov


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 9798   Tarix: 19 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040