Ölkəmizin yeganə retro avtomobil muzeyi - VIDEO

Ölkəmizin yeganə retro avtomobil muzeyi - VIDEOBiG.AZ axar.az-a istinadla xəbər verir ki, bir çox retro avtomobil həvəskarlarının bu məkandan xəbəri belə yoxdur. Bakının Biləcəri qəsəbəsində yerləşən və ötən il rəsmi şəkildə muzey statusu alan "Retro avtomobil klubu" haqda biz də təzəcə xəbər tutmuşuq.

"Retro avtomobil" layihəmizin davamı olaraq reportaj üçün bu məkana yollanıb klubun icraçı direktoru Kamran İsmayılzadə ilə həmsöhbət olduq:

Saat 11-dən ta axşama kimi...

"Klub 2003-cü ildən fəaliyyət göstərir və klubun üzvləri hər il getdikcə artır. Hazırda klubumuzun 60-a yaxın üzvü var və hər bir üzvün minimum 1 retro avtomobili var. Hər bazar günü saat 11-dən ta axşama kimi klubun üzvləri burada yığışır.

Azərbaycanda yeganə olan "Buick"

Retro kateqoriyasına aid olan avtomobillər təxminən 1974-1975-ci ilə qədər olan avtomobillərdir. Bizim klubda 1935-ci ilin də maşını var. Özümüz restovrasiya işləri ilə məşğul olsaq da, əlimizdə 1938-ci ilin "Opel Admiral" avtomobili var ki, hələ də onun ehtiyat hissələrini tapa bilmirik. Müəyyən baxımdan və ehtiyat hissələrini nəzərə alsaq, bizim üçün ən rahatı sovet maşınlarını yığmaqdır. Çünki bura post-sovet məkanıdır. Misal üçün, bizdə Azərbaycanda yeganə olan "Buick" avtomobili var ki, onun ehtiyat hissələrini ancaq Amerikadan, İngiltərədən sifariş edə bilirik.

Bir insan onda xoşbəxt olur ki...

Buranın yaranmasının da təşəbbüskarı klubun prezidenti Elşən İsmayılovdur. Bu iş ilk olaraq bir hobbi kimi yarandı. Yəni 3-4 nəfər retro avtomobil həvəskarı həftədə 1-2 dəfə köhnə avtomobilləri ilə bir yerə yığışırdı ki, daha sonra bu klub onları cəlb etməyə başladı. Hobbi kimi baxdığımız bu iş getdikcə ciddi iş səviyyəsinə çatdı və artıq "Retro klub" cari ilin fevral ayında muzey statusu da aldı. Zənnimcə, bir insan onda xoşbəxt olur ki, sevdiyi bir iş zamanla onun gəlir mənbəyinə çevrilir.

Problem muzey statusu alana qədər idi

Klubumuzda 11 illik fəaliyyətimiz ərzində əsas sovet maşınları olmaqla 100-dən çox retro avtomobil olub və bizim üçün ən böyük problem muzey statusu alana qədər idi. Çünki xaricdən bura köhnə maşın gətirtmək çətin olurdu.

Adam məəttəl qalır...

Bəzən Azərbaycanın müxtəlif rayonlarına gedirdik, hərdən qarşımıza bir qədim avtomobil çıxırdı. Bir də görürdün ki, hansısa bir daxmanın qabağında tarixi qədim olan bir maşın var. Ev yiyəsinin də o maşının tarixindən, dəyərindən xəbəri belə yoxdur. Kənardan baxıb görürdük ki, məsələn, bu BMV-dir. Adam məəttəl qalırdı ki, görəsən 1941-ci ilin maşını burda nə gəzir. Yaxınlaşıb soruşurduq, əksər hallarda deyirdilər ki, atadan-babadan yadigar qalıb, biz də saxlamışıq. Belə hallarda maşının sahibi ilə razılığa gəlib onu alırdıq.

Adamı dəhşətə gətirən odur ki...

Elə bu yaxınlarda bir rayona dincəlməyə getmişdik, bir qədim maşın gördüm. Bu, adi mənzərədir, adamı dəhşətə gətirən odur ki, xarici retro avtomobilin üstünə odun qoyub daşıyırdılar (gülür). Belə şeylər də olur...

1937-də "doğulan" avtomobil

Klubun ən "cavan" avtomobili 1965-ci ilin "Zaz"ıdır. Ən qocası da ki repressiya baş tutan ildə "doğulan" 1937-ci ilin BMV-sidir.

3 saatlıq icarə haqqı...

Biz ilk öncə istəyirik ki, bura girən adam hiss etsin, beynində fikir formalaşsın ki, bura doğurdan da "Retro klub"dur. Biz retro avtomobillərin satışını da həyata keçiririk. Satışda elə maşın var ki, 65-70 min qiyməti var, bütün ehtiyat hissələri öz üstündə gələndir. Bundan əlavə klubdakı maşınlar müxtəlif tədbirlər, toy şənlikləri üçün icarəyə də verilir. 3 saatlıq icarə haqqı 300 manatdan 800 manata kimi dəyişir. Təbii ki, bu, avtomobilin modelindən asılıdır.

DYP müşayiət edir

Bu maşınlar 9 may, 28 may və başqa bayram günləri dövlət tədbirlərində yürüşə çıxır. Bütün bu yürüşlər Nəqliyyat Nazirliyi və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçirilir. Məsələn, kortejin yolda hər hansı problemi yaranmaması üçün yol polisi avtomobilləri müşayiət edir. Bir sözlə, bu işlər dövlət dəstəyi sayəsində keçirilir.

Adam var ki, "Qalenvagen"i, "Porşe"si var...

Ümumiyyətlə, retro avtomobil aşıqləri prestiji sevən insanlardır. Onlar buna hobbi kimi yanaşırlar. Adam var ki, "Qalenvagen"i, "Porşe"si var, amma ayrıca retro avtomobil alıb həyətində saxlayır.

Geyindirib göndəririk...

Bunlar kaprizli maşınlardır. Sürmək üçün gərək professional olasan. Arendaya veriləndə də hər adama verilmir. Bütün avtomobilləri şəxsi sürücümüz idarə edir. Onu gündəlik paltarla yox, qəşəng geyindirib göndəririk.

Retro-restoran

Bura "Retro klub"dan əlavə ailəvi restoran kimi də fəaliyyət göstərir. Restoranın dizaynında isə bu məkana uyğun olaraq retro avtomobil elementlərindən yararlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 8419   Tarix: 03 iyun 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040