Nobel ödülçüsü ilə möhtəşəm müsahibə

Nobel ödülçüsü ilə möhtəşəm müsahibə"Faciəvi sonluqlu hekayələr yazmaqdan həzz alırdım"

Dekabrın 7-də Nobel mükafatının təqdimetmə mərasimində Elis Munronun "Aparılmış" hekayəsi ixtisarla İsveç aktyoru Pernilla Avqust tərəfindən oxunub.

- Mən mütaliənin nə olduğunu hələ uşaqkən bilirdim. Çünki mənə nağıl, hekayə oxuyurdular. Hans Kristian Andersenin "Balaca su pərisi" nağılını xatırlayıram. Heç bilmirəm, siz bu nağılı xatırlayırsınızmı? "Balaca su pərisi" çox kədərli bir nağıldır. Balaca su pərisi şahzadəyə vurulur, ancaq o onunla evlənə bilməz. Çünki o, su pərisidir. Bu mənə çox pis təsir edirdi, nağılı xırda detallarına kimi sizə danışmağa ehtiyac duymuram. Nağılı dinləyəndən sonra otaqdan çıxdım, kərpicdən tikilmiş evimizin həyətində gəzməyə başladım, həyətdə gəzə-gəzə özümdən yeni bir nağıl uydurdum - xoşbəxt sonluğu olan nağıl... Bu nağılda su pərisi xoşbəxt olurdu, su pərisinin xoşbəxt olmağa haqqı vardı. Uşaqlıqda uydurduğum bu nağıl indi yadımda deyil. O nağıl bütün dünyaya yayılmayacaqdı, bununla belə, mən su pərisini xoşbəxt etmək üçün əlimdən gələni etmişdim. Uydurduğum nağılda su pərisi ömrünün sonunadək şahzadə ilə bir yerdə ömür sürürdü. O, xoşbəxt olmağa layiq idi, çünki o şahzadənin sevgisini qazanmaq üçün çox şeyə dözmüşdü - insan kimi yerimək öyrənmişdi. Addım atıb yerimək onu çox incidirdi, amma o buna dözürdü. Uydurduğum nağılı qələmə almadım, dünyanın bu nağıldan xəbərsiz qalması məni heç narahat etmirdi, düşünürdüm ki, artıq su pərsi haqda olan nağıl bütün dünyada məşhurdur. Hə, bax mən hekayə yazmağa beləcə başladım.

- Deyin görək siz hekayə söyləməyi, hekayə yazmağı necə öyrəndiniz?

- Bütün günü hekayə quraşdırırdım. Evimizdən məktəbə qədər olan yol uzaq idi, bu yolla gedib-gələrkən adətən hekayə quraşdırırdım. Böyüdükcə bu hekayələrin çoxu elə öz haqqımda olardı, yəni müəyyən situasiyalarda bu hekayələrin əsas qəhrəmanı elə özüm idim. Uydurduğum hekayələrin çap olunub dünyaya yayılmaması məni heç də narahat etmirdi. İndi xatırlaya bilmirəm, mən o vaxt uyduduğum hekayələrin insanlar tərəfindən oxunmasını yaxud çap edilib yayılmasını arzu etmişəm ya yox. O vaxtlar uydurduğum hekayələr mənə kifayət qədər mənalı görünürdü. Hekayəmdəki su pərisi ağıllı idi, o həyatını gözəl etməyə qadir idi, o artıq insanlar kimi tullana bilirdi və s.

- Qadın olmağınızın uydurduğunuz hekayələrə təsiri vardımı?

- Yox, qadın olmağımın hekayələrimə heç dəxli yoxdu. İnanın ki, o vaxtlar qadın cinsinin nümayəndəsi olmağım barədə heç vaxt düşünməmişəm. Bununla belə, balaca qızlar və qadınlar haqqında çoxlu hekayələr quraşdırmışdım. Adətən yeniyetməlik yaşlarında qızlar yaşıdı olan oğlanların sevgisini qazanmaq istəyirlər, mən heç vaxt belə etmədim. Bəlkə də buna səbəb o idi ki, mən Ontarionun elə bir hissəsində yaşayırdım ki, orada kişilər evdə olmurdular, onlar vacib işlər görmək üçün çöldə-bayırda olurdular, qadınlar isə bir–biriylə söhbət edir, başlarına gələni bir-birlərinə danışırdılar. Demək olar ki, mən bütün günü evdə olurdum.

- Ətraf mühitin sizə təsiri necəydi, ilham alırdınızmı ətraf mühitdən?

- Bilirsinizmi, ilham almağa ehtiyac duyduğumu fikirləşmirəm. Düşünürdüm ki, uydurduğum hekayələr bu dünya üçün çox vacibdir. Mən hekayə quraşdırmaqda davam edirdim. Bu hekayələri kimsəyə deməyə ehtiyac görmürdüm. Sonralar dərk etdim ki, başqalarının bu hekayələri oxumağı çox maraqlı olardı.

- Hekayə yazarkən sizin üçün ən vacib olan nədir?

- Hekayə yazdığım ilk vaxtlarda mənə görə ən vacib olan hekayəni xoşbəxt sonluqla bitirmək idi. Sonu bədbəxtliklə bitən hekayələrə dözə bilmirdim. Xüsusən də, hekayəmin əsas qəhrəmanının heç cür bədbəxt olmasını istəmirdim. Sonralar mən Emil Brontenin "Vutherinq yüksəklikləri" əsərini oxudum. Bu əsərdə çox bədbəxt sonluqlar vardı. Beləliklə, mən öz ideyalarımı dəyişdim və faciəvi sonluqlu hekayələr yazmağa başladım, bundan həzz alırdım.

- Balaca rayonda yaşayan kanadalının həyatını necə təsvir edərdiniz?

- Bundan ötrü siz gərək orada yaşayasınız. Hər yerdə həyat maraqlıdır, ətraf mühit hər yerdə maraqlı ola bilər. Düşünmürəm ki, mən bu balaca rayonda yox, mədəni səviyyəsi yüksək olan insanlar arasında yaşasaydım, daha çox şey əldə edə bilərdim. Yox, belə düşünmək mənasızdır. Yaşadığım ərazidə özümdən başqa hekayə yazan tanımırdım. Düzdür, hələ o vaxtlar hekayə yazdığımı heç kimə deməsəm də, bilirdim ki, ətrafımda olanlardan heç kim mənim kimi deyil. Mənə görə dünyada məndən başqa hekayə yazan yox idi.

- Yazarkən həmişə özünüzə inamlı olursunuzmu?

- İlk vaxt çox inamlı olurdum. Ancaq böyüyüb bir neçə yazıçı ilə görüşəndən sonra özümə inamım çox azalmışdı. Onda dərk etdim ki, bu iş heç də düşündüyüm kimi asan deyil, ağır işdir. Bununla belə, yazmağı tərgitmədim, bu mənim işim idi.

- Hekayə yazmağa başlamazdan əvvəl plan çızırsınızmı, süjet qurursunuzmu?

- Bəli, plan cızıram, ancaq yazarkən süjet tez-tez dəyişir. Yazarkən süjetlə başlayıram, hekayəni yazarkən başqa hadisələr baş verir, süjeti dəyişməli oluram.

- Yazmağa başlayarkən nə edirsiniz?

- Bütün qüvvəmi işimə sərf edirəm. Amma onu da deyim ki, həmişə uşaqlarım üçün yeməyi özüm hazırlamışam. Mən evdar qadın idim, buna görə də müəyyən vaxtlarda yazmağa fasilə verməli olurdum. Bu o demək deyil ki, yazmağı tamam atırdım. Vaxt olurdu ki, tamamilə ümidsiz vəziyyətdə olurdum. Çünki görürdüm ki, yazdığım hekayələr çox da yaxşı deyil, hələ çox şey öyrənməli olduğumu dərk edirdim, bu işin gözlədiyimdən də ağır bir iş olduğunu anlayırdım. Ancaq heç vaxt yazmağı dayandırmırdım, bu, ağlıma da gəlmirdi.

- Hekayə yazarkən sizinçün ən çətin hissə hansıdır?

- Təsəvvür edin ki, hekayəni yazmağa başlayırsınız və hekayənin pis hekayə olduğunu hiss edirsiniz. Birinci hissə həyəcanlıdır, ikinci hissə çox qəşəngdir, amma bir səhər hekayəni oxuyub görürsünüz ki, cəfəngiyyat yazmısınız. Bu halda yenidən başlamaq gərəkdir. Mənə görə elə belə də olmalıdır, əgər hekayə pisdirsə, bu mənim günahımdır, hekayənin yox.

- Əgər hekayə sizi qane etmirsə?

- Bu halda daha çox işləyirəm. Bunu izah etməyi çalışacam. Təsəvür edin ki, hekayədə obrazlar var və siz bu obrazlara lazımı imkan verməmisiniz. Heç fikirləşməmisiniz ki, bu obrazlarla daha fərqli rəftar edə bilərdiniz. Yazmağa başladığım ilk vaxtlarda təsvirə çox yer ayırırdım. Sonralar yazdıqlarımdan bəzi şeyləri çıxarmağı öyrəndim. Hekayənin nədən bəhs etdiyi barədə çox, lap çox düşünmək lazımdır.

- Nə qədər hekayənizi cırıb atmısınız?

- Çox, lap çox. Cavan olanda elə hey cırıb atırdım. Son illərdə belə etməmişəm. Tədricən hekayələrimin yaşaması üçün nə etmək lazım olduğunu öyrəndim. Bəzən olur ki, hardasa səhv olduğunu başa düşürəm, anlayıram ki, bu belə olmamalı idi, amma sonra bunu unuduram.

- Yazdıqlarınızı cırıb atandan sonra peşman olursunuzmu?

- Yox, deməzdim ki, peşmançılıq çəkirəm, çünki onları atmazdan əvvəl çox götür-qoy edirəm. Başa düşürəm ki, yazdığım əvvəldən düz alınmayıb. Amma bu hallar çox az olur.

- Yaşınızın artmağı yazı prosesinizdə nəyi dəyişib?

- Yazmağa başlayanda gənc şahzadələrdən yazırsan, sonra evdar qadınlardan və uşaqlardan, sonra isə yaşlı qadınlardan. Heç adam özü də bilmədən bu dəyişiklik baş verir, çünki təxəyyülü dəyişir.

- Necə bilirsiniz, evdar qadın olub yazmağı davam etdirməyinizlə siz başqa qadın yazarlara nümunə ola bilmisinizmi?

- Deyə bilmərəm. Ümid edirəm ki, az da olsa onlara təsir etmişəm. Cavan olanda başqa qadın yazarlarla əlaqəm vardı, bu da məni ruhlandırırdı. Ancaq mənim başqalarına təsirim olub-olmadığını deyə bilmərəm. Əgər qadınlar yazmağı ciddi iş kimi qəbul etsələr, onlara heç nə mane ola bilməz.

- Hekayənizi oxuyanlara, xüsusən də qadın oxuculara sizin hekayələrin hansı təsiri olubmu?

- Əlbəttə. İstəyirəm ki, hekayələrim oxucuları kövrəltsin, onlarda dərin təsir buraxsın. Bu halda oxucularımın qadın, yaxud kişi olmasının mənimçün heç bir fərqi yoxdur. İstəyirəm ki, hekayələrim həyatın elə bir parçası olsun ki, onu oxuyanlar desin ki, "yox, bu, həqiqət deyil" amma ürəklərində haqlı olmadıqlarını hiss etsinlər. Bu halda hekayənin xoşbəxt, yaxud pis sonluqla bitməsinin heç bir əhəmiyyəti yoxdur. Hekayə sona çatarkən oxucu təsirlənirsə, deməli, hekayə az da olsa onu dəyişdirə bilib.

- Siz kimsiniz? Bu ifadə sizinçün nə məna verir?

- Mən təbiətəin qoynunda böyümüşəm. Əslən Şotland və irlandıyalılar olan insanlar arasında boya-boşa çatmışam. Burada belə bir ideya formalaşıb ki, özünü heç vaxt güclü hesab etmə. Özünü güclü hesab etmək elə məşhur olmağa bərabərdir. Yazmaq kimi bir işlə məşğul olmaq özünü güclü hesab etməkdir, mən bu işlə məğul idim.

- Siz erkən vaxtlardan feminist olmusunuzmu?

- Mən o vaxtlar heç "feminist" sözünün mənasını da bilmirdim. Amma bununla belə sözsüz, mən feminist idim. Çünki mən Kanadanın elə bir yerində böyümüşdüm ki, orda kişilər qadınlara nisbətən daha asanlıqla yaza bilirdilər. Burda böyük, məşhur yazıçıların hamısı kişilər idi. Qadının hekayə yazması insanlarda şübhə doğururdu.

- Əgər universitetdə təhsilinizi başa vursaydınız bu sizin yazı tərzinzi dəyişərdimi?

- Əlbəttə, təsiri ola bilərdi. Belə olsaydı, yazmağa ehtiyat edərdim, yazıçı olmaqdan qorxardım. Ola bilsin ki, bir müddət yazmağa ara verərdim, amma tamamilə əl çəkməzdim.

- Yazmaq bacarığınızı fitri istedad hesab edirsinizmi?

- Bilmirəm, bəlkə ətrafımdakı insanlar mənim yazmaq bacarığımı fitri istedad hesab edirlər, amma mən belə düşünmürəm. Mənə görə bu, sadəcə, bacardığım bir işdir. Yox, əgər bu fitri istedaddırsa, bunu "üzüyola" istedad hesab etmək olmaz.

- Heç nə vaxtsa fikirləşmisinizmi ki, siz kifayət qədər yaxşı yazmırsınız?

- Həmişə! Həmişə! Mən çap etdirdiklərimdən daha çoxunu cırıb atmışam. 20-30 yaşımda olarkən bu daha çox baş verirdi. Bununla da istədiyim kimi yazmağı öyrəndim. Bu, heç də asan deyil.

- Ananız sizinçün kimdir?

- Anam barəsində hisslərim mürəkkəbdir. Çünki o xəstəydi, əsəb xəstəliyindən əziyyət çəkirdi. Onun köməyə ehtiyacı vardı, danışığını başa düşmək çətin idi. Adamlar onun nə dediyini anlamırdılar. Bununla belə, o, ünsiyyət qurmağı, ictimai həyatda fəal olmağı çox istəyirdi, əlbəttə, onun nitqindəki qüsur səbəbindən bu mümkün deyildi. Beləliklə də onun hərəkətləri məni pərt edirdi. Mən onu sevirdim, amma onun yanında dayanıb deyəcəyi sözləri adamlara çatdırmağı istəmirdim. Heç bir yeniyetmə bunu istəməz. O yaşda yeniyetmələr daha çox azad olmağı, istədiklərini etməyi arzu edirlər.

- Heç ananız sizi yazmağa həvəsləndiribmi?

- Bəli, həvəsləndirib. Ancaq bunu elə edib ki, mən hiss etməyim, ya da başa düşməyim. Yadımdadlır, hələ hekayələri yazmazdan əvvəl, yəni uşaq vaxtı hekayə quraşdırarkən onları heç kimə söyləmirdim, heç anama da... Amma hekayələrimi yazandan sonra həm anam, həm də atam hekayələrimi oxudular. Məncə, anam mənim yazıçı olmağımı atama nisbətən daha çox razılıqla qarşıladı. O, fikirləşirdi ki, yazıçı olmaq maraqlı bir işdir. Ətrafımdakı adamlar bilmirdilər ki, mən yazıçı olmağı arzulayıram. İstəmirdim ki, onlar bunu bilsinlər. Çünki onların çoxu oxumağı xoşlamırdı, onlar həyatın praktik tərəfini üstün tuturdular.

- Bir qadın kimi hekayə yazmaq ağır deyilmi?

- Yox, bu mənim düşünmə yolumdur. Qadın olmaq heç vaxt məni bezdirməyib. Həm də mən böyüdüyüm mühitdə qadınlar kişilərə nisbətən daha çox oxuyurdular. Ətrafımda təhsili olanların çoxu qadın idi. Kişilər kənd təsərrüfatı ilə məşğul idilər.

- Və siz fəhlə sinfinə mənsub bir evdə böyümüsünüz...

- Bəli!

- Belə demək mümkünsə, sizin hekayələriniz də böyüdüyünüz o evdən başlayır.

- Bəli, o vaxt dərk etmirdim ki, mənim yaşadığım ev fəhlə sinfinə mənsubdur. Ətrafıma baxırdım, nə görürdümsə, onu da yazırdım.

- Siz müəyyən bir qrafiklə yazmağı xoşlayırsınızmı? Yoxsa uşaqlara qulluq etməyə, yemək bişirməyə vaxt ayırdığınız kimi, yazmağa da ayrıca vaxt ayırırdınız?

- Nə vaxt imkanım olurdu, onda da yazırdım. Birinci ərim mənə çox kömək edib. Ona görə yazmaq maraqlı bir iş idi. O bəzi başqa kişilər kimi düşünmürdü ki, yazmaq qadın işi deyil. Heç vaxt məni bu işdən çəkindirməyib. Biz kitab mağazası açmaq istəyəndə hami bizi axmaq hesab edirdi, deyirdilər ki, acından öləcəyik. Amma bu belə olmadı, biz çox işləyib istəyimizə nail olduq.

- Kitab mağazası sizin hər ikiniz üçün nə dərəcədə vacib idi?

- Kitab mağazası bizim üçün yaşamaq üçün bir vasitə idi. Bizim başqa gəlir yerimiz yox idi. Mağazanı açdığımız ilk gündə biz 175 dollar qazandıq. Siz fikirləşirsiniz ki, ilk gün üçün bu pis deyildi. Hər gün bu qədər qazanmaq üçün çox vaxt sərf etməli olduq. Mən piştaxta arxasında oturardım, alıcıların istədiyi kitabı tapıb onlara verırdim. Yalnız təkbaşına, başqa heç kim! Adamlar mağazaya girir, kitablar haqda danışırdılar. Kitab mağazası adamlar üçün təkcə kitab almaq üçün yox, həm də bir yerə toplaşmaq üçün yer idi. Ən çox da axşamlar belə olurdu, adamlar mağazaya girib mənimlə söhbət edərdilər, istənilən mövzuda... Bu, çox yaxşı idi. O vaxta qədər mən evdar qadın idim, bütün günümü evdə keçirirdim. Düzdür, mən yazıçıydım, amma evdən "dünyaya" çıxmaq imkanı qazanmaq çox əla idi. İnanmıram ki, biz o vaxt çox pul qazanırdıq, amma həmin vaxtlar həyatımın ən yaxşı mərhələsi idi. Təsəvvür edin, bir alıcı mağazaya girir və deyir ki, sizin kitablarınız mənə evimizi xatırladır. Ya da mən Amsterdamın cənubunda yaşayıram. Çox sağ olun, hələlik. Mən də həmin alıcıya təşəkkür edirdim. Kiminsə birbaşa mənə yaxınlaşıb kitabım haqda fikir deməsindən həzz alırdım. Bu təkcə avtoqraf almaq deyil, həm də avtoqraf almağının səbəbini deməkdir.

- Cavan qadınların sizin kitablarınızı oxuyandan sonra həvəslənib yazmasını istəyirsinizmi?

- Kitabımı oxuyarkən onların özlərini necə hiss etmələri məni çox da maraqlandırmır. İstədiyim odur ki, onlar oxumaqdan həzz ala bilsinlər, öz həyatları ilə əlaqələndirsinlər.

- Özünüzü mədəniyyət adamı hesab edirsinizmi?

- Əlbəttə...

- Görünür ki, siz hadisələrə çox sadə münasibət bəsləyirsiniz.

- Eləmi? Yəqin ki, elədir.

- Bir dəfə hardasa oxudum ki, siz hər şeyin asan yolla izah olunmasını istəyirsiniz.

- Belə demişəm. Ancaq fikirləşmirəm ki, mən hadisələrin asanliqla izah olunmasını istəyirəm, bu mənim yazdığım yoldur. Məncə, təbii qaydada yazıram, fikirləşmirəm ki, bu asandır, ya yox.

- Yazmadığınız vaxtlarda nə edirsiniz?

- Bəli, olub ki, yazmağı tərgitmişəm, deyəsən bir il əvvəl belə qərar vermişdim. Bu, sadəcə bir qərar idi. Bu o demək deyildi ki, yazmaq istəmirəm, ya da yaza bilmirəm. Bu qərara gəlməklə dünyanın başqa adamları kimi olmaq istədim bir müddət... Yazarkən başqaları sənin nə etdiyini bilmir, sən öz yolunu gizli bir dünyada tapırsan, sonra isə bu normal dünyaya qayıdırsan. Bu cür həyatdan yorulmuşdum. Bütün həyatım boyu belə olub. Hərdən bəzi yazıçılarla bir yerdə olarkən çox həyəcanlanırdım, çünki bilirdim ki, onlar kimi yaza bilmərəm. Belə bacarığım yoxdur.

- O yazıçıların hekayə söyləmək yolu fərqlidir, eləmi?

- Bəli. Mən heç vaxt belə yazmadım, necə deyərlər, mən özümü razı salan, rahat edən bir tərzdə yazmışam.

- Heç ağlınıza gələrdimi ki, nə vaxtsa Nobel mükafatı alarsınız?

- Yox! Yox! Heç vaxt! Mən qadınam. Düzdür, Nobel mükafatı alan qadınlar olub, bunu bilirəm. Mən şöhrəti sevirəm, amma bu heç ağlıma da gəlməzdi. Bəzi yazıçılar, özüm də daxil olmaqla öz əsərlərini lazımınca qiymətləndirmirlər, xüsusən də yazıb qurtarandan sonra. Belə olduğuna görə, onlar əsər yazıb qurtarandan sonra gedib dost-tanışlarına car çəkmirlər ki, filan əsərə görə Nobel alaçaqlar.

- Köhnə kitablarınızı oxuyursunuzmu?

- Yox! Səbəb odur ki, əgər oxusam, mütləq nəyisə dəyişmək istəyəcəm. Bir az bu yerini, bir az filan yerini. Kitab şkafımdakı bəzi kitablarımda bu cür düzəlişlər etmişəm. Amma sonra başa düşdüm ki, bundan sonra düzəliş etmək faydasızdır, onlar bu cür yayılıblar.

- Stokholmda yaşayanlara nə demək istəyirsiniz?

- Onlara demək istəyirəm ki, mən bu mükafatı aldığıma görə çox sevinirəm. Həyatda heç nə, heç nə məni bu mükafat qədər sevindirə bilməzdi. Təşəkkür edirəm!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 1975   Tarix: 17 fevral 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yeganə aparıcıyam ki, səsim göyün yeddinci qatından gəlir" - Səsini eşidib üzünü görmədiyiniz aparıcı ilə səmimi MÜSAHİBƏ

7 may dünyada Beynəlxalq Radio günü kimi qeyd olunur. Radio ixtira olunan ilk gündən insanlar xəbərləri bu vasitə ilə daha asan əldə ediblər. Bu gün də mətbuatın bu qədər inkişaf etməsinə baxmayaraq radio öz aktuallığını qoruyub saxlayır. Radioda işləmək mətbuatın digər qolları ilə müqayisədə daha çətindir

07.05.2020 8229
.

"Deputat olmaq arzum yoxdur, böyük bir kütlənin məsuliyyətini öz üzərinə götürmək asan deyil"- Elməddinlə MÜSAHİBƏ

Azərbaycanda ən uzunömürlü komediya serialının baş qəhrəmanı, adı çəkilən kimi tamaşaçıların üzündə gülüş yaranan, tanınmış aktyor Elməddin Cəfərov -ın qonağı olub. Aktyorla olan səmimi müsahibəni təqdim edirik:. Bir müsahibənizdə "Ailəmlə birlikdə baxa bilmədiyim heç bir film və yaxud serialı bəyənmirəm"

30.01.2020 3689
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360
.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

"İş adamları hər şeyə pul tapsalar da, idmançılara qarşı çox biganədirlər"-Dünya çempionu ilə MÜSAHİBƏ

Bu günlərdə Türkiyənin Anlatya şəhərində Dünya Kikboksinq Assosiyasının təşkilatçılığı ilə keçirilən dünya çempionatında bürünc medala layiq görülən, Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin üzvü, dünya çempionu, veteran idmançı Həsən Hüseynovun -a müsahibəsini təqdim edirik:. 54 yaşını

30.12.2019 2610
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695