Bir çinli üçün Azərbaycanda ən baha olan şey... – FOTO

Bir çinli üçün Azərbaycanda ən baha olan şey... – FOTOBiG.AZ axar.az-a istinadən xəbər verir ki,BDU-nun 1 nömrəli yataqxanasında ancaq xarici vətəndaşlar qalır. Bura Azərbaycan tələbələrinin yaşadığı yataqxanadan xeyli fərqlənir. Daha səliqə-sahmanlı olmaqla yanaşı, hər bir otağın özünün mətbəxi belə var. Özü də xarici vətəndaş dediyimiz ancaq çinlilərdir. Burdakı yaşayış, çinlilərin Azərbaycan haqqındakı təəssüratları və başqa təfərrüatların oxucular üçün də maraqlı olacağını düşünüb yolumuzu yataqxanadan saldıq.

Çin qonaqpərvərliyi

Hər qapıya yaxınlaşanda heç vaxt duymadığın qəribə, tanış olmadığımız yemək qoxuları gəlir burnuma.

Otaqların qapısını açan kimi öncə mətbəx görünür. Amma çinlilər də qonaqpərvərdirlər. Kim olduğumu soruşmadan içəri dəvət edirlər. Mən də məqsədimi əvvəldən deyirəm ki, xırmanda davamız düşməsin. Çinlilər üçün isə bunun fərqi yoxdur - gülə-gülə qapını üzümə açırlar, salamlaşandan sonra evə dəvət edirlər, ayaqqabılarımı çıxartmaq istəyirəm, amma məni otağına dəvət edən xanım buna qətiyyən imkan vermir. Təşəkkür edib, içəri girirəm.

2 saatlıq söhbət

İlk sualım adını soruşmaq olur. Aylan. Səmimi söhbət başlayır. Elə qapıdan içəri girən kimi Aylan əlindəki çubuqla (kuaytszı) yeməyin bişib-bişmədiyini yoxlayır. Sonra mənə oturmağa yer göstərir. Özü də elə bil, illərdir məni tanıyır - o qədər rahat, o qədər səmimi danışırıq ki, söhbətimiz düz 2 saat çəkir. Yeri gəlmişkən, onunla ingiliscə danışmışıq.

Əvvəla, onu deyim ki, Aylan Azərbaycana bir illik gəlib. Elmi-araşdırma yazısından ötrü bir il Azərbaycanda qalmalıdır və "Dil siyasəti" haqqında araşdırmasını Azərbaycan dili haqqında etməlidir. Bizim dili öyrənməyə başlayıb. 17 ildir ki Çin universitetində ingilis dili müəlliməsi işləyir.

Gülərüz çinlinin üzü dəyişir

Qiymətlərin bahalaşdığı bir vaxtda Aylanın da ilk şikayət etdiyi bahalıq olur. "Necə yaşayırsız?" - sözarası verdiyim bu sual məni gülə-gülə evinə dəvət edən xanımın üz ifadəsini o dəqiqə dəyişir:

- Bakı çox bahalıqdır. Burda maaşla qiymətlər arasında uyğunsuzluq var.

20 qəpiyə Çində qucaq dolusu qəzet ala bilərəm...

Ondan ən bahalı görünən məhsulumuzu soruşuram. Burda Aylan əlini başına tutub kitabların od-tutub yanmasından çox təəccübləndiyini deyir. Xarici vətəndaşlar üçün nəzərdə tutulmuş ingilis dilində "Azərbaycan Dilinin Qrammatikası" kitabını göstərir və bu kitabın dükanda 70 manat olduğunu deyir. Bir də qəzetlərin Çinlə müqayisədə çox baha satıldığını bildirir.

Sözün düzü, bahalıqdan şikayət edən Aylandan ilk cavabının qəzet və kitab olması məni təəccübləndirdi. Daha nəyin baha olmasını soruşanda Aylan ümumiyyətlə Bakının çox bahalı bir şəhər olduğunu deyir.

Qızlarınız bu qədər vaxtı haradan tapır

- Məni təəccübləndirən odur ki, sizin xalq özünə bu qədər baxmaq üçün vaxtı haradan tapır?

Deyəsən Aylan bizi çox yaxşı müşahidə edib:

- Burda hər kəs daha çox öz xarici görünüşünə fikir verir. Həmişə gözəl görünmək istəyirlər. Xanımlar küçəyə eleqant geyinir, ətirdən çox istifadə edirlər. Mənə elə gəlir ki, gözəl görünmək sizin həyatınızda əhəmiyyət kəsb edir. BDU-da dərslərdə otururam, tənəffüs olan kimi qızlarda böyük bir axının tualetə getdiyini görürəm. Güzgünün qarşısında özlərini səliqəyə salır, parfüm vururlar. Çində qadınlar ətirdən istifadə etmirlər, bəziləri edir, o da nadir hallarda. Kişilər isə, bizdə ümumiyyətlə ətirdən istifadə etmir. Çin qadını da gözəl görünmək istəyir, amma onların vaxtı yoxdur. Məni təəccübləndirən odur ki, sizin xalqınız bu qədər vaxtı haradan tapır özlərinə fikir verməyə?

"Məsələn mənim artıq vaxtım olsa, kitab oxuyaram, pul qazanmaq üçün bacarıqlarımı artıraram, ya da yataram",- deyirəm.

Ancaq Azərbaycan çayı

Söhbət edə-edə mənə çay gətirir. Əgər çin çayıdırsa, dadına baxacağımı deyirəm. Amma Aylan deyir ki, burda insanlar çox dostcanlı və istiqanlı olduqları üçün gətirdiyi bütün çayları burdakılara hədiyyə verib, özü isə Azərbaycan çayı içir. Burda aldığı ərzaqların heç birindən istifadə edə bilmir - bircə, bu çaydan başqa.

Onun kiçik sirri

Gözüm stolun üstündəki şəklə sataşır. Onun kim olduğunu soruşuram.

- Bu mənim müəllimimdir, ona sitayiş edirəm.

Sonra necə dua etdiyini mənə göstərmək üçün kiçik xalçanı yerə sərir. Buddist olduğu üçün onlara məxsus şəkildə ritual hərəkətləri edir. Şəklini çəkməyi xahiş edəndə, cavab verir ki, bu onun kiçik sirridir. Tələbələri isə heç vaxt onun hansı dinə sitayiş etdiyini bilməməlidir. Nədənini soruşanda Aylan belə cavab verir:

- Çünki auditoriyada marksizmi, leninizmi öyrənən və ya inanan tələbələrə buddizmdən danışmaq olmaz.

Cavanam, qocalmaq istəmirəm

Aylan məndən soruşur ki, nədən BDU-da tələbələrin yataqxanası yoxdur? Və sonra əlavə edir ki, onların həyatı çox cansıxıcıdır:

- Sizin tələbələrin ancaq bir işi var - evdən dərsə, dərsdən evə. Bunlar harada idman edirlər, nə zaman dərs oxuyurlar? Kitabxanaya getmirlərmi?

"Biz idmana meylli xalq deyilik",- deyəndə, Aylan həyəcanlı tərzdə: "Mən hələ cavanam, qocalmaq istəmirəm, bunun üçün idman etmək, hərəkət etmək lazımdır",- deyir.

Evdə otursaq, dalaşarıq

Yenə eyni sualı verir:

- Bunlar nə ilə məşğuldurlar (tələbələri nəzərdə tutur), dərsə gedib-gəlməkdən başqa? Məsələn, tətillərdə?

Cavab verirəm ki, çoxumuz evdə oturub TV-yə baxmağa üstünlük veririk. Bir də internet-filan.

Ürəkdən gülür, sonra da deyir ki, əgər Çində bütün günü evdə otursaq, biz səhərdən–axşama dalaşarıq, mübahisəmiz düşər. Yenə gülür.

Çində müəllimlər 600 dollar alır

Çin tələbələrinin həyat tərzindən ağızdolusu danışır.

- Tələbələr çox məşğuldurlar. Birinci növbədə universitetin yataqxanalarında qalırlar. Bu bir növ onların çox çalışmaqlarını sığortalayır. İdman, dərs, dərnəklər, kitabxanalar - bütün bunlar tələbə həyatı üçün vacib şərtlərdir. Çin tələbələrinin həyat tərzi də belədir.

Aylan müəllimlərin maaşından da danışır. Deyir ki, müəllim buna görə bütün günü universitetdə kilidlənib qalmamalı, əlavə başqa yerlərdə də işləməlidir.

- Çində müəllimlər 600 dollar maaş alır və bu maaşla normal dolanırlar. Çin müəllimi mühazirə deyəndə tələbələr onun sözünü kəsmir, axıra qədər dinləyib, sonra sual verirlər. Tələbələr müəllimlərə hörmət edir. Burda isə tələbələr müəllim mühazirə deyə-deyə onun sözünü kəsib suallarını verirlər. Davranış qaydaları, müəllimlərin geyimləri qəribədir. Çox nadir hallarda sizdə müəllim auditoriyaya cins geyinib gəlir. Ancaq kostyum və qalstuk.

Bizdə isə Amerkan stilində, yəni cins şalvarla gəlir müəllim dərsə. Ümumiyyətlə, burda kişilər də dəblə geyinir. Bizdə belə deyil. Kişi rahat paltarda gəzməlidir. Bir də ki, dəb onun nəyinə lazımdır, kişi ancaq pul qazanmalıdır.

Qaraya bürünmüş Azərbaycan kişiləri

- Çində küçə çox rənglidir, ona görə ki, biz rəngli geyinirik. Bakıda küçələrin bir rəngi var - qara. Buna baxmayaraq, küçələri bahalı maşınlar bəzəyir. Burda çoxlu brend maşınlar var. Müasir üslubda tikilmiş göydələnlər-filan... bütün bunları görəndə deyirəm, bura zənginlərin şəhəridir, amma az maaş alan müəllim bu şəhərdə yaşaya bilməz.

Bakı haqqında təəssüratları ümumilikdə çox pozitivdir. Özünün dediyinə görə, Bakının havası Çininkindən çox təmizdir:

- Bakını çox sevirəm, bəlkə nə vaxtsa yenə qayıtdım.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Digər   Baxılıb: 5821   Tarix: 21 dekabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərin taleyi necə olacaq? -VİDEO

"Dünəndən etibarən 9-11-ci siniflər üçün buraxılış imtahanları başlanılıb. Bu onların taleyini və gələcək müqəddəratını müəyyən edən bir məsələdir. DİM məlumat verib ki, imtahan binasına daxil olarkən hər kəs qoruyucu maskadan istifadə etməlidir". BİG.AZ xəbər verir ki, bu sözləri təhsil üzr

11.06.2020 3040