"28 May"da kondisioner sistemi olacaq
Stansiyasının əsas giriş pavilyonundan sonra platforma səviyyəsində də söküntü işləri davam etdirilir
2011-2015-ci illərin Dövlət Proqramına uyğun olaraq, yenidən qurulan "28 May" stansiyasının əsas giriş pavilyonundan sonra platforma səviyyəsində də söküntü işləri planlı şəkildə davam etdirilir. Burada sərnişinlərin stansiyadan istifadəsinə mane olmamaq məqsədilə xüsusi konstruksiya qurulub. Platformanın orta zalının ardınca gecə növbəsində yol divarlarında da söküntüyə başlanılıb.
Bakı Metropolitenindən verilən məlumata görə, "28 May" metropolitenin fəaliyyətində həlledici əhəmiyyətə malikdir. İdarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəhbəri Arif Rəsulov qeyd edir ki, buna görə, həm də metronun şəhər sərnişindaşımasındakı rolu nəzərə alınaraq, bu kimi qərarlar verilir.
"Söz yox ki, bu addımlar təmir-bərpa işləri zamanı müəyyən çətinliklərlə müşayiət olunur. Lakin ən vacibi bütün bunlar işin keyfiyyətinə təsir göstərmir" deyərək rəis müavini bildirir ki, bu zaman metropoliten rəhbərliyi sərnişinlərin və sahədə çalışanların təhlükəsizliyini və rahatlığını əsas vəzifə kimi diqqətə alınır. Bu səbəbdən yalnız əlavə tədbirlər tükəndikdə əsas girişin bağlanması ilə bağlı qərar verilə bilər.
Stansiyada əsas əsas işi görən "Azəraqrartikinti"ASC-nin sahə rəisi Soltan Soltanov da platformanın orta zalında xüsusi konstruksiya quraşdırılarkən, əsas diqqətin sərnişinlərin təhlükəsizliyini təmin etməyə yönəldildiyini xüsusi vurğulayır. Söküntü işləri hələlik gecə növbəsində aparılır. Bununla həm də söküntüdən sonra hər hansı fəsadın törəməməsi və yaxud metro açıq olduğu müddətdə sərnişinlərə xətər yetirilməməsi, habelə sanitar-gigiyenik tələblərə, təmizliyə əməl olunması da nəzərə alınıb və lazım olan tədbirlər görülüb. Gecə növbəsində əsas elektrik işləri də yerinə yetirilir. Lakin xüsusi konstruksiya, ehtiyac yaranarsa, gündüzlər də bir sıra işləri yerinə yetirməyə imkan verir.
Umumi işlərə gəlincə, stansiya vestibülünün və platofrmasının divar və döşəməsinin mərmər və qranit təbəqəsi tam yenilənəcək. İstifadə olunacaq yeni materiallar İtaliya və İspaniya istehsalıdır. "Hələlik, əsasən, söküntü aparılır. Bununla belə, artıq giriş zalı səviyyəsində layihə üzrə bir sıra tikinti işlərinə də başlanılıb" deyən Soltan Soltanov qeyd edir ki, tikinti-bərpa işləri zamanı layihənin dəqiqliyinə xüsusi diqqət yetirilir.
Hazırda stansiya üzərində qurulacaq yeni konstruksiyasının sütunlarının qoyulması üçün bünövrə işləri yerinə yetirilir və izolyasiya olunur. Yeni konstruksiya əvvəlkindən 2 metr hündür olacaq. "Bütün işlər başa çatdıqdan sonra əmin ola bilərsiniz ki, "28 May" stansiyası yeniləşmiş görkəmi ilə zövqü oxşayacaq" deyən Soltan Soltanov giriş pavilyonunun 150 kv. metrə qədər genişlənəcəyini, həmçinin istifadə olunacaq materiallar və dizayn işlərinin kassa zalının həm xarici, həm də daxili görkəmini estetik cəhətdən dəyişəyini bildirir.
Zalın ümumi hündürlüyünün artması həm də tavan üstü ilə ventilyasiya işlərini yerinə yetirməyə şərait yaradacaq. Yeri gəlmişkən, burada tam yeni ventilyasiya sistemi qurulacaq və kondisionerləşdirmə də tətbiq olunacaq. Bu sistemlər platforma səviyyəsində yerləşən otaqlarda və eskalator maşın zalında quraşdırılacaq.
Yuxarı vestibüldə yerləşəcək stansiya rəisinin otağı, istirahət və nəzarət otaqları, həmçinin tibb məntəqəsinin arakəsmələri artıq inşa olunub. Burada daxili kanalizasiya xətti də tam yenilənir.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










