Toy bazarının lideri... Nadir Qafarzadə

Toy bazarının lideri...  Nadir QafarzadəBu gün sirr deyil ki, Nadir Qafarzadə bir sənətçi kimi toy bazarında liderdir. Bu əlbəttə ki, çoxlarını qıcıqlandırır və cürbəcür planlar qurulur ki, neyləyək ki, Nadiri gözdən salaq? Çoxları məni qınayır ki, qalmaqala gedirsən. Qalmaqal əslində elə yaşamaq uğrunda mübarizədir.
Bir faktı deyim: bu yaxında bir qız toyu oxudum. Toy sahibi mənə yaxınlaşdı ki, biz istəyirik, oğlan toyunu da sən aparasan.
Düzdür, onlar məndən də adlı-sanlı, bahalı müğənnini əvvəlcədən görüb, behini də vermişdilər. Amma indi istəmirdilər. Hətta dedilər ki, biz aldığımız behin üstünə pul qoyub qaytarırıq, sənin tutduğun toyun da behini qaytarırıq, sənə də ikiqat pul veririk, amma toyumuzu sən apar. Mən etiraz etdim. Çünki başqasının çörəyini əlindən ala bilməzdim. Mən sənət yoldaşıma xəyanət edə bilmərəm. Amma başqası, lap elə həmin müğənninin özü olsaydı, ikiəlli razı olardı. Üstəlik, bunu özünə fəxr sayardı, reklam edərdi.
Bir dəfə də toyda mənə kübar bir xanım yaxınlaşdı. Dedi: «ay bala, səni niyə efirdən olduğun kimi yox, əcaib-qəraib təqdim edirlər? Sən insanlarla necə səmimi, mehribansan, böyük-kiçik yeri bilirsən. Sən sənətkarsan, ifanla musiqimizdə ad qoyacaqsan. Amma efir səni pis təqdim edir. Bəlkə bundan sonra elə verilişlərə çıxmayasan? Toyda mən nə ilə seçilirəm? Bir var toy aparmaq, bir də var toy oxumaq. Mən toyu oxuyuram. O toyda həm sənət, həm şou, həm toy olur. Bu dəqiqə mən toyda elə şeylər edirəm ki, onu başqa müğənnilər edə bilmir. Deməli, fərqli şeylər var ki, tələbat da var.
Bir də son konsertimdən sonra özüm üçün bir şeyi təsdiqlədim: məni sevən kifayət qədərdir. Düzdür, konsert öncəsi 2 dəfə çox ağır mənəvi zərbə aldım. Əgər stress keçirməsəydim, konsertdə daha yaxşı oxuya bilərdim. Etmədiyim bir şeyi, demədiyim bir sözü mənim adımdan təqdim etmək kimə xoş gələr ki?. Hətta sənəti tərk etməyi düşünürdüm. Amma səbr etdim. Kimsə nəyəsə nail oldusa, mən də sözümü demişdim artıq… Bu, mənə bir daha dərs oldu: daha heç kimə inanmayacağam. Bəlkə də bundan sonra tamam başqa Nadir oldum.

Uşaqlıq

Atam anama çox əziyyət verib.
«Mənim anam əslən Maştağalı, atam Əziz isə dağlı, Xızılı olub. Atam «kefkom» kişi idi, içər, çəkər, özü də 3 dəfə evlənmişdi. Hətta bir sirri sizə açım, atam 14 il həbsdə olub. «Lotularla», avtoritetlərlə oturub-durub. Atasız-anasız, yetim böyüyüb. Dağlılar məhləsində damları qırlamaqla dolanırmış. Köməkçisi olan erməni bir dəfə atamın anasını söyür, o da dözməyib, ermənini itələyib, qır qazanına salır. Buna görə ona 14 il iş kəsdilər. Anam atamın üçüncü həyat yoldaşıdır. Anam da yetimçiliklə böyüyüb. Qardaşı baxırmış ona. Anam danışırdı ki, çarəsizlikdən ərə getdim. Onun-bunun uşağına baxmaqdan, işini görməkdən bezmişdim. Amma yağışdan çıxıb, yağmura düşüb. Heç atam da ona gün vermədi. Anamın daldabadal 6 qızı doğulub. Atam deyib ki, bu dəfə də qız olsa, daha evə qayıtma. Amma xoşbəxtlikdən mən olmuşam, sonra da kiçik qardaşım. Amma bacılarımın biri rəhmətə getdi, qaldı 5 bacım.
Atam evə pul gətirən, arvad-uşağa baxan olmayıb. Elə içkiyə,kefə –damağa xərcləyərdi. Anam deyirmiş ki; «ay kişi, bəsdir içdin, çəkdin. Nə qədər palazın altından siqaret kötüyü yığım, boş butulka yığım?»
Bir kəlmə də artıq danışan kimi, yazıq qadını döyərdi. Böyük bağımız vardı, həyətdə mal-qara, toyuq-cücə... Elə onların hesabına dolanırdıq. Anam öz alın təriylə 5 qızına cehiz yığdı. Arada işləyirdi: idarədə xadimə, quşçuluq fabrikində fəhlə… Bir qarnıac, bir qarnıtox, birtəhər böyüdük.
Atam 1983-cü ildə rəhmətə gedəndə mənim 13 yaşım vardı. Yadımdadır, anamdan halallıq istədi. Amma anam dedi ki: « Sən mənə elə dağ çəkmisən ki, halallıq da verə bilmirəm».
Sonradan biz anamıza dedik ki, «ay ana, adam da bu qədər daşürək olar?» Dedi: «ay bala, dilimdə elə dedim, ürəyimdə bağışladım. Daha ölürdü, onunla nə ədavət çəkəydim ki?».
Atam rəhmətə gedəndən sonra anam deyirdi: «bu kişi getdi, özüylə evimizin bərəkətini də apardı. Bağımızın barı azaldı»
Mən də məcbur olub işləmişəm: qoyun-quzu otarmışam. Qolumda o illərdən bir nişanə var. Yay tətilində anam məni xalamın kolxozda işləyən ərinin yanına şagird qoydu ki, əkin-biçini öyrənim. Əkin sahəsində kombaynın darağını düzəldəndə dəmir dirsəyimi sıyırdı. Bir ay qolum sarğıda qaldı. Dirsəyimdə olan bu çapıq izləri mənim ilk çörəyimin, ilk qazancımın yadigarıdır.
Anam 2000-ci ildə dünyasını dəyişdi. Onun getməyi məni çox yandırdı. Çünki bu həyatda bir gün görmədi. Ancaq bizim üçün yaşadı.
Bu gün artıq özüm ailə sahibiyəm. Amma atamdan fərqli olaraq, mən həyat yoldaşıma da, uşaqlarıma da hər cür diqqət, qayğı ilə yanaşıram. Uşaqlarımın gələcəyi üçün indidən bəzi şeylər alıram. Mən öləndən sonra lənətlənməkdən çox qorxuram. Deməsinlər ki, Nadir Qafarzadə bu qədər qazandı, amma uşaqlarına bir gün ağlamayıb getdi. Atama bənzəməməyə çalışıram. İçmirəm, çəkmirəm, əziyyətlə, zəhmətlə öz çörəyimi qazanıram.

İlk sevgim:
İlk sevgim əsgərlikdən əvvəl olub. O da mənim anamın xalası qızı Südabə idi. Qızın özu bilirdi, məktub da yazmışdım. Amma mən əsgərlikdə olanda o qızı ərə verdilər. Əsl depressiyaya, bax, onda düşmüşdüm. Sonra yenə birini gözüm tutdu. O da bacımın baldızı qızı idi. Onun da anası razı olmadı. Qız məni istəsə də, başqasına verdilər. Düzdür, sonradan hər ikisi peşman olub. Deyirlər ki, biz nə biləydik ki, belə olacaq. Artıq gec idi.
Həm də mən artıq həyatımın qismətini, Sevinci tapmışdım. Amma qaynatam hər dəfə bəhanə ilə toyu uzadırdı. Anam da onlardan gözüyaşlı qayıdırdı. Axırda mən də dözmədim. Gəldim qaynanamgilin yanına. Sevincə dedim ki, əgər məni istəyirsənsə, mənimlə gedək, istəmirsənsə, bu üzüyün, bu da sən. Nəhayət, razılaşıb, onu qaçırdım, kənddə toyumu etdim. Çox sonralar məlum oldu ki, qaynatam üzdə elə deyirmiş, əslində, ürəyində razıymış, toya hazırlaşırmış. Nə isə, olan olmuşdu…
Mənim pis günlərimin canlı şahidi Sevincdir. O, elə bil mənim həm bacım, həm atam, həm anam, həm dostumdur. O olmasa mən təsəvvür etmirəm ki, mən necə olaram. Demək olar ki, onunla ikinci dəfə doğulmuşam. Onunla bir böyümüşəm. Hərdən deyirəm ki, Seva, Allah mənim canımı səndən qabaq alsın ki, sənsizliyi çəkməyim.
İlk dəfə onun xətrinə toydan 3-4 gün sonra dəydim, incitdim onu. Hətta dedim ki, çıxıb, atanın evinə gedə bilərsən. Sevinc çox incidi, ağladı. Mən bildim ki, səhv etmişəm. O hadisədən sonra mənə dedi ki: «Sən həqiqətən məni çox istədiyini sübut edə bilərsən?». Dedim: «Necə sübut edim ki?» Onda Quranı gətirdi və mənə and içdirdi ki, sən mənə heç vaxt xəyanət etməyəcəksən.
Bilirdim ki, kişi üçün bu mümkün olan şey deyil, amma əlimi basdım və o gündən 14 ildir ki, mən xanımıma xəyanət etmirəm. Buna cəhdlər olub, fikrimdən keçib, amma son nöqtə olmayıb. Öz nəfsimi boğa bilmişəm….

Getsin o günlərim, dönməsin geri…
Ailə qurandan sonra çətin günlərim başladı. Bir otaqda qalırdıq. Hamı bilir ki, mənim ilk övladlarım imkansızlıqdan, aclıqdan vaxtından əvvəl doğulub, ölmüşdü. İş tapmaq çətin idi. Mühasib işləyirdim, o vaxt 3-4 şirvan maaş alırdım. Pul qazanmaq üçün hər vasitəyə əl atmağa hazır idim. Dostlarım var idi, alveri məsləhət gördülər. Satmağa uşaq paltarları da verdilər. Elə utanırdım, malları düzürdüm, yığırdım, alıcı gəlib soruşurdu, cavab vermirdim. Xəcalətimdən ət tökürdüm. Bir dəfə də mallarımı oğurladılar, ziyana düşdüm. Səhər 5-dən durub, evdə peraşki bişirib, işə aparıb satırdım. Pal-paltarımdan yağ iyi gəldiyinə görə, metroda camaat məndən uzaq dururdu. İndiyə qədər peraşki bişirdiyim qazan durur. O günlərimdən yadigar kimi… Maaşımı o biri aya çatdıra bilmirdim. Çox şeylərimizi satmışdıq. Çünki heç kimə ağız açmırdım, kömək ummurdum.
Bu bəs deyilmiş kimi, işlədiyim idarədə mənə çox doğma olan bir xanım bir səhər üstümə şər atdı. Onun 50 dolları itmişdi, o da məndən şübhələndi. Bu mənə çox toxundu. Nə qədər and-aman etdim, inanmadı. Adam kasıb, imkansız olanda məgər ondan şübhələnərlər? Evdə də pul yox idi ki, gətirim, verim. Yoldaşıma zəng etdim ki, bilirəm, evdə heç nə qalmayıb. Bir nişan üzüyün var, onu göndər. O üzüyü mən 8-ci sinifdə oxuyanda anam adıma almışdı. Düzdür, o qadın almadı üzüyü. Qışqırırdı ki, mən sənin üzüyünə qalmışam? Sənə ondan da bahalı üzüklər verərəm. Onda hirsimdən evə necə getmişəm, Quran kitabını necə götürmüşəm, yadımda deyil. And içmək üçün mən Quranın üstünə çıxdım. Bilirdim ki, düz eləmirəm, amma günahsızlığımı başqa cür sübut edə bilmirdim. Bu hadisədən sonra işdən özüm çıxdım. Öz-özümə deyirdim ki, ay Allah, nə qədər bədbəxt insanam mən. Heç bəxtim gətirmir. Çox sonralar o qadın səhvini başa düşdü və bunu mənə dedi. Barışdıq onunla.
Sonra balaca bir yeməkxanada işlədim, günümə köhnə pulla 5 min manat qazanırdım… Həm ofisiant idim, həm yemək bişirirdim, həm qab yuyurdum. Axşam evə ayaqlarım şişmiş gəlirdim, heç ayaqqabılarımı çıxarmamış, yatırdım. Oradan dava edib, çıxdım. Nəhayət ki, mən sevdiyim sənətim üzrə iş tapa bildim. Əvvəlcə açıq kafedə müğənnilik etdim, getdikcə daha yaxşı yerlərə gedib çıxdım. Və beləcə, öz sevdiyim işlə məşğul oldum, tanındım. Mənim əsl çörəyim elə səsimdən, oxumağımdan çıxdı. Mən həmişə Sevincə də deyirdim ki: Görərsən, mən məşhur müğənni olacağam. O da mənə deyirdi: hə, ac toyuq yatıb, yuxusunda darı görər.
İndi hər şey dəyişib. Üzümə qapı çırpan insanlar bu gün mənimlə ikiəlli görüşürlər. Bir vaxt məni insan kimi saymayanlar, bu gün məndən borc istəyirlər. Mən buna sevinmirəm. Allah heç kimi kasıbçılıqla, aclıqla sınağa çəkməsin.

Övladlarım:

İlk övladım qız olmuşdu. 10 gün qaldı, öldü. Yadımdadır ki, «küvez»də ona baxıb, mahnı da oxuyurdum. Onu görmüşdüm deyə, indiyə qədər o ölüm məni yandırır. Sevinc ondan sonra çox depressiyada oldu. Uşaqların qalmamağı onu bezdirmişdi. Fikrindən keçirdi ki, ayrılsın. Amma mən razı olmazdım axı. Evlənmək müqaviləylə deyil ki, mənə uşaq doğmasan, atacam səni. Qız həsrəti hələ də içimdə var, amma Sevinc nədənsə razı olmur. Daha nə dillər tökmüşəm, xeyri yoxdur.
Oğlanlarımı da Allah-Təala mənə gec, ağır sınaqlardan sonra bəxş edib. Böyük oğlumun adını Qurandan götürmüşük: Loğman. İkinciyə atamın adını qoymuşuq: Əziz.
Böyük oğlum Loğman mənə oxşayır. Futbola həvəsi var, amma mən onu diplomat görmək istərdim. Kiçiyimiz Əziz dəlisovdur, toppuş keçilər kimi dəcəllik edir. İstəyirəm, onları tez evləndirim. Canım nə qədər sağdır, onları yerbəyer edim. Nəvələrimi artıq qucağıma alım.

Nadirin həyat yoldaşı Sevinc:
Onu görən kimi bəyənmişdim. Nadir qədər məni başa düşən insan yoxdur.
«Mən Sumqayıtda böyüyüb, boya-başa çatmışam. Elə orda da orta məktəbi bitirmişəm. Atam əslən Türkanlıdır.
Məktəbi bitirəndən sonra elə Sumqayıtda, Tibb Məktəbinə daxil oldum. Evimizin yaxınlığında yerləşən poliklinikada işləyirdim. Düzünü desəm, 20 yaşım olmasına baxmayaraq, nə sevgi, nə kiminləsə tanışlıq, nə də ailə barədə düşünmürdüm. Heç evdə də bu barədə söhbət getməzdi. Öz taleyimi öz ixtiyarıma buraxmışdılar. Özüm üçün sadə, təmiz, adi bir gələcək düşünürdüm. Təki məni başa düşsün... İndi fikirləşirəm ki, mənim ilk sevgim elə Nadir olub. Onunla tanışlığımız da gözlənilmədən oldu. Poliklinikada, mənim sahəmdə Könül adlı gəlin var idi, onun uşaqlarına baş çəkirdim. Münasibətimiz yaxşı alınmışdı. Könül Nadirin bacısı idi. Bizi tanış edən də Könül oldu.
Bir gün işdə oturmuşdum. Gördüm, hündürboylu, «simpatiçnı» oğlan qapını açdı və soruşdu ki: «Sevinc xanım burda oturur?». Mən çaş-baş qalmışdım ki, bu kimdir, tanımıram axı...» Özünü təqdim etdi ki, mən Könülün qardaşıyam. İşin nə yerdə olduğunu başa düşdüm. Amma heç nə demədim. Sonradan çox qoymadım iş yerimə gəlib-getməyə... O vaxt imkan yox idi ki, çıxasan, görüşəsən, söhbət edəsən. Dedim ki, əgər fikrin ciddidirsə, ailəmlə danış. Amma ilk baxışdan Nadir xoşuma gəlmişdi. Görünür, o da məni bəyənmişdi. Çünki anasını bizə göndərdi. Atam əvvəl razı deyildi. Bakılılar uzağa, yada qız verməzlər axı... Mən anamın vasitəsilə atamı inandırmağa çalışırdım ki, bu, mənim seçimimdir. Nadirin xasiyyətinə, davranışına söz ola bilməzdi. O qədər nəzakətli, xeyirxah, diqqətcil, utancaq idi ki... Az danışardı… Özü də dəblə geyinirdi. Onda əsgərlikdən təzə gəlmişdi, texnikumda oxuyurdu. Bu məsələdə məni çəkindirən bir o oldu ki, Nadirgil kənddə yaşayırdılar: Xızı rayonunun Sitalçay kəndində... Günlərlə fikirləşirdim ki, «yox, mən hara, kənd hara? Öyrəşə bilmərəm».
Atam da, anam da, qohumlarım da məni fikrimdən döndərməyə çalışırdılar: «Ay qız, kənddə şərait yoxdur. Palçıqda qaloş geyəcəksən, tövlə təmizləyəcəksən. İşləyə bilməyəcəksən».
Atam gördü ki, mən istəyirəm, razılaşdı. Amma sözü də o oldu ki: özün qərar verdin. Peşiman olsan, bil ki, öz günahındır.
Demək olar ki, ailə qurmağımda mənə heç kim dəstək olmadı. Özüm öz həyatıma cavabdeh oldum.
Amma nədənsə hər dəfə toydan söhbət düşəndə atam toyu yubadırdı. Ona görə də 2 il nişanlı qaldıq. Elə qorxurdum ki, atam birdən fikrindən dönər. Elə də oldu… Bir gün axşam atam dedi ki, «yox, mən bu evliliyə razı ola bilmərəm».
Bilmirdim neynim? O qədər ağlayırdım ki… Qərara gəldim ki, Nadir nə desə, ona razılaşım. Öldü var, döndu yox idi.
Nadir məni evimizdən çıxarıb, şəhərdə, əmisi oğlugildə qoydu. Toya hazırlıq gedirdi. Məni öz evimizdən yox, Nadirin Sumqayıtdakı qohumlarının evindən gəlin apardılar. Sonradan bildim ki, atam çox pis olubmuş. Hətta istəyirmiş məni qaytarsın. Qohumlarımız qoymayıb ki, artıq mənası yoxdur. Gedib, qoy xoşbəxt olsun. Çox gec barışdı bizimlə…
Toyumuz mayın 2-si oldu. Baxmayaraq ki, mayda toy eləmirlər, «düşər-düşməzi olur» deyirlər. Mən sınadım, yalan söhbətdir. Amma bu vaxta qədər bir şey ürəyimdə qaldı ki, toyumda ata-anamın xeyir-duasını ala bilmədim. Ailəmlə barışığım 2-3 aydan sonra baş tutdu. Birinci növbəmdə anamla… çünki mən onsuz dayana bilmirdim, o mənsiz…. Şəhərə köçəndə anam mənim üçün alınan cehizimi də verdi.
Toydan sonra kənddə az yaşadıq. Çünki Nadir özü də şəhərə can atırdı. Evimiz olmadığına görə, şəhərdə kirayə qalmağa mənzil axtardıq. O günlərdə xalam mənə çox böyük dəstək oldu. Xalam da sağ olsun, elə etdi ki, başqa ev lazım olmadı. Anamın bir dayısı var idi. Yaşlı, xəstə kişi idi. Özü də ailəsi yox idi, birotaqlı mənzildə tək qalırdı. Onun evində qalmağa qərar verdik. Çox çətin şərait idi. Evin ortasından pərdə çəkdik. Kişi bir tərəfdə, biz bir tərəfdə, birtəhər yaşayırdıq. 3-4 ildən sonra dayım rəhmətə getdi. Sonradan da o evi satıb, Keşləyə köçdük. Çünki əvvəlki ev ailəmiz üçün həqiqətən çox düşərsiz ev oldu. O evdə bizim övladlarımız da qalmırdı. 2 uşağım oldu, öldü. Bir qız, bir oğlan uşağı. Dayım da sonsuz idi. Hər dəfə xəstəxanaya gedəndə gözləyirdi qucağımda uşaq qayıdacağam. Tək gələndə pis olurdu.. Dayım rəhmətə gedəndən sonra bizim ilk övladımız oldu. Evliliyimizin ilk illəri maddi cəhətdən çox çətin keçib. Dözürdüm, ailədir, hər şey ola bilər. Mənə anam, xalam çox kömək oldular, qoymadılar əziyyət çəkəm. Nadir özünü oda-közə vururdu. Yadıma gəlir, Loğmana hamilə olanda pul qazanmaq üçün evdə pirajki bişirib, işdə satırdı. Bir ara istədi o vaxt dəbdə olan alverə, ticarətə qoşulsun. Amma alıb-satmaqda Nadirin əli gətirmir. Nadir həyatı boyu nəyə çatıbsa çətinliklə, uzun müddətə nail olub. Neçə ildir səhnədədir, hələ bu il özümüzə mənzil ala bilmişik. Artıq utanırdım, qohum-qonşunun, televiziyadan gələn çəkilişin yanında. Nadir əlinə gələni elə sənətə, dost-tanışa, yeməyə-içməyə xərcləyəndir.
Bir dəfə evimizin tavanı damandan sonra daha dözmədim. Qəti olaraq dedim ki, uşaqları da götürüb, çıxıb gedirəm. Sabahı gördüm Nadir hansısa tikinti şirkətinin reklam vərəqini qoyub stolun üstünə. Bildim ki, artıq ev almaq qərarına gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9110   Tarix: 03 noyabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni də oğlum idarə edir"

Xalq artisti Nisə Qasımovanın qonaq olduğu "Zaurla Günaydın" verilişində maraqlı anlar yaşanıb. OLAY yazır ki, aparıcı Günay Baxşəliyeva sənətçinin dırnaqlarındakı hərflərə diqqət çəkib. Qasımova ailə üzvlərinin adlarının baş hərfləri olduğunu deyib və oğlundan danışıb. "Fətulla oğlum

24.03.2024 446
.

"Moskvadakı yaxınlarım üçün narahat idim"

Müğənnilər Sevil və Sevinc Səfərovalar Moskvada baş verən terror hadisəsi ilə bağlı paylaşım edib. OLAY yazır ki, onlar instaqram hesablarında bu sözləri paylaşıblar:. coskvada yaşananlar hər birimizi çox üzdü. Rəfiqələrim, yaxınlarım üçün narahat idim. Allah hər kəsə kömək olsun"

24.03.2024 447
.

Banu illər sonra...

Sosial medianın uşaq ulduzu Banu Muradovanın yeni videosu gündəm olub. OLAY yazır ki, onun indiki görüntüsünü anası Nigar Muradova (Moouradi) paylaşıb. İstifadəçilər Banunun böyüdüyünü yazıb və illər əvvəlki video-fotolarını xatırlayıb

28.03.2024 368
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

İlkin qızının ad günündən görüntü paylaşdı

Aparıcı İlkin Həsəninin qızı Alisin ad günü olub. Axşam.az xəbər verir ki, aparıcı övladı üçün evində məclis edib. İlkin ad günündən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, İlkin bloger Aysellə ailəlidir. Cütlüyün iki övladı var

26.03.2024 1013
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 584
.

Zaur Baxşəliyevdən arxasınca danışan şəxsə sərt cavab: "Onun telefonunu mən almışam" - VİDEO

"Ona aldığım telefonla sosial şəbəkələrdə canlı açıb dalımca danışır". Bu sözləri ATV-də yayımlanan "Bizimləsən" verilişinin aparıcısı Zaur Baxşəliyev bildirib. O qeyd edib ki, yardım etdiyi şəxslər onun arxasınca danışırlar:. "Onun telefonunu mən almışam. Bahalı da bir telefo

28.03.2024 653
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 0
.

Sevgiləri 9 ay çəkdi

Türkiyəli müğənni Burayla aktrisa sevgilisi Ezgi Şenler ayrılıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı aktrisa müsahibəsi zamanı verib:. "Hər münasibət eşqlə başlayıb, sonlana bilir. Aramızda bəzi anlaşa bilmədiyimiz məsələlər oldu, danışaraq bitirmək qərarı aldıq

24.03.2024 583