"Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir"

"Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir"İyulun 19-da Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan-İtaliya biznes forumu keçirilib.

BiG.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella biznes forumda iştirak ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və İtaliya Prezidentinin qızı Laura Mattarella da biznes forumda olublar.

Biznes forumda Azərbaycan və İtaliya tərəfindən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, dizayn və memarlıq, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, logistika, mühəndislik, sənaye sahələrində fəaliyyət göstərən 350-dək iş adamı iştirak edib.

Prezident İlham Əliyev biznes forumda çıxış edib.

Modern.az Azərbaycan Prezidentinin çıxışının mətnini təqdim edir:

"Hörmətli cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram, "Xoş gəlmisiniz" deyirəm. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Dünən keçirdiyimiz görüşlərdə apardığımız müzakirələr zamanı bir daha gördük ki, İtaliya ilə Azərbaycan çox yaxın dost və tərəfdaş ölkələrdir. Bizim tərəfdaşlığımızın təməlində birgə maraqlar, beynəlxalq məsələlərə ortaq münasibət dayanır. Təsadüfi deyil ki, bir neçə il bundan əvvəl İtaliya və Azərbaycan öz strateji tərəfdaşlığını rəsmən təsdiq etdilər, müvafiq bəyannamə qəbul olunmuşdur.

Sizin Azərbaycana səfəriniz bir daha bizim strateji tərəfdaşlıq əlaqələrimizi təsdiqləyir. Dünən bir sıra məsələlər ətrafında çox açıq, səmimi fikir mübadiləsi aparılmışdır. Biz istəyirik ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da uğurla, sürətlə inkişaf etsin. Prezidentin səfəri bu əlaqələrin inkişafına çox güclü təkan verir. Əlbəttə ki, siyasi əlaqələr yüksək səviyyədə olduqda biznes dairələri də bunu dərhal görür, dərk edir və öz addımlarını atmağa başlayır. Bizim siyasi əlaqələrimiz, - biz dünən də bu barədə cənab Prezidentlə fikir mübadiləsi apardıq, - ən yüksək səviyyədədir. Deyə bilərəm ki, mükəmməldir, həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlıq çox müsbətdir.

Bu imkanlardan, əlbəttə ki, biznes dairələri də istifadə etməlidirlər və edirlər. Bunun bariz nümunəsi dünən birgə açdığımız polipropilen zavodudur. Bu, bizim birgə yaratdığımız gözəl müəssisədir. Mən cənab Prezident Sercio Mattarellaya dünən dedim ki, bu, İtaliyanın Azərbaycanda müasir texnoloji əsəridir. Əlbəttə, bu zavodun timsalında biz şirkətlər arasındakı əməkdaşlığı görürük. Biz istəyirik ki, bu əməkdaşlıq gələcəkdə dərinləşsin, genişlənsin, yeni layihələr icra edilsin. Azərbaycanın sənaye və iqtisadi inkişafı ilə bağlı planlar kifayət qədər çoxdur. Azərbaycanda çox sürətlə sənayeləşmə prosesi gedir. Əlbəttə ki, bizə çox gözəl, etibarlı, sınanmış tərəfdaşlar lazımdır. İtaliya şirkətləri bu tərəfdaşlardandır. Çünki uzun illər Azərbaycan ilə bağlıdırlar, çox gözəl reputasiyaya və ən yüksək texnoloji imkanlara malikdirlər.

Ona görə, iqtisadi sahədəki gələcək əməkdaşlıq hesab edirəm ki, bir neçə istiqamət üzrə getməlidir. Biz İtaliya şirkətlərini Azərbaycana dəvət edirik, həm prezidentlər səviyyəsində, həm hökumət qurumları səviyyəsində. Hesab edirəm ki, bizim sənaye inkişafımızla bağlı olan gələcək layihələrdə İtaliya şirkətləri fəal iştirak edəcəklər. Biz şad olardıq ki, İtaliya şirkətləri Azərbaycana daha böyük həcmdə investisiya qoysunlar. Bunun üçün yaxşı imkanlar var. Azərbaycana 250 milyard dollara yaxın xarici və yerli sərmayə qoyulub. Sərmayə iqlimi çox yaxşıdır və xarici sərmayə qanun çərçivəsində yüksək səviyyədə təmin edilir və qorunur.

İtaliya şirkətləri Azərbaycanın müxtəlif sahələrində podratçı, kontraktor kimi fəaliyyət göstərirlər. Hazırda biz bunu görürük. İnşaat, infrastruktur, ağır sənaye, kənd təsərrüfatı, emal sektorlarında belə əməkdaşlıq var. Ancaq hesab etmirəm ki, bu, lazımi səviyyədədir. Biz bu səviyyəni qaldırmalıyıq və hesab edirəm ki, biznes dairələri bu barədə bu gün danışacaqlar. Ona görə, sərmayə qoyuluşu və podratçı kimi fəaliyyət hesab edirəm ki, növbəti illər üçün əsas istiqamətlər olmalıdır.

Əlbəttə ki, İtaliya şirkətləri bilməlidirlər ki, bizim planlarımız nədən ibarətdir. Bizim planlarımız hər il dərc edilir, dövlət investisiya proqramı hər il icra edilir və bizim beşillik sosial-iqtisadi inkişaf planlarımız var. 2004-cü ildən başlayaraq bu proqramlar dərc olunur, icra edilir və orada Azərbaycanda görüləcək bütün işlər göstərilir. Şəhərlər, hətta qəsəbələr, kəndlər üzrə infrastruktur layihələri, sosial obyektlərin tikintisi, texnoloji inkişafla bağlı hər şey orada göstərilir. Sadəcə olaraq, bu məlumatı əldə etmək lazımdır. Hesab edirəm ki, biznes forum bu məlumatın təqdim edilməsində də müsbət rol oynayacaq.

Azərbaycanın ümumi iqtisadi inkişafı çox müsbətdir və uğurludur. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır. Ancaq etiraf etməliyik ki, bunun təməlində xam neft amili dayanır. Çünki Azərbaycan ən çox xam nefti İtaliya istiqamətinə göndərir və beləliklə, ticarət dövriyyəsi böyük rəqəmlərlə ölçülür. Biz isə istəyirik ki, bizim ticarət dövriyyəmiz çoxşaxəli olsun. Biz həm İtaliyaya daha çox qeyri-neft məhsulları ixrac edə bilək və İtaliyadan idxal edə bilək. Ona görə, biz gələcəkdə ticarət dövriyyəsinin şaxələndirilməsi məsələlərinə də mütləq baxmalıyıq.

Azərbaycan son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf edib. Son 15 ildə iqtisadiyyat, yəni, ümumi daxili məhsul 3,2 dəfə artıb. Hesab edirəm ki, bu, dünya miqyasında rekorddur. Hesab edirəm, bundan daha vacib məsələ odur ki, biz sosial məsələlərin həllində də yaxşı nəticələrə nail olmuşuq. Azərbaycanda işsizlik kəskin şəkildə aşağı düşüb və 5 faiz səviyyəsindədir. Yoxsulluq təxminən 50 faizdən 5,4 faizə enib. Bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir. Azərbaycanın valyuta ehtiyatları ümumi daxili məhsula bərabərdir. Yəni, bütün bu göstəricilər göstərir ki, makroiqtisadi vəziyyət müsbətdir. Dünyanın aparıcı beynəlxalq qurumları da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir. O cümlədən Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünya miqyasında 35-ci yerə layiq görüb. Hesab edirəm ki, bu, çox gözəl göstəricidir. Digər hesablamalara görə, məsələn, həmin Davos Forumunun infrastrukturun inkişafı ilə bağlı hesabatında Azərbaycan dünyada 26-cı yerdədir. Son illərdə çox böyük infrastruktur layihələri icra edilib və inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə Azərbaycan üçüncü yerdədir.

Bildiyiniz kimi, biz böyük enerji layihələrini uğurla icra etmişik. Biz dənizləri birləşdiririk. Xəzər dənizini Qara dənizlə neft kəməri ilə birləşdirdik. Ondan sonra Xəzər dənizini Aralıq dənizi ilə neft kəməri ilə birləşdirdik. Bunlar tarixi layihələrdir. Biz Avrasiyanın enerji xəritəsini demək olar ki, yenidən tərtib etmişik və buna davam edirik. Hazırda isə biz "Cənub Qaz Dəhlizi" layihəsini uğurla icra edirik. Bu barədə də qısa məlumat vermək istərdim. Cənub Qaz Dəhlizi dörd layihədən ibarətdir. Nəhəng "Şahdəniz" qaz yatağının işlənilməsinin ikinci fazası – bu layihə başa çatıb. Cənubi Qafqaz Qaz Kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstan istiqamətinə göndərir. Trans-Anadolu qaz kəməri – TANAP, bu da Türkiyə ərazisindən çəkilən qaz kəməridir və Trans-Adriatik qaz kəməri - TAP. Bu dörd layihədən üçü artıq reallaşıb. Bu ilin may ayında Bakı şəhərində Cənub Qaz Dəhlizinin, iyun ayında isə Türkiyədə TANAP layihəsinin rəsmi açılışları olmuşdur. Maliyyə tutumu 40 milyard dollardan çox olan bu nəhəng layihə bir neçə ölkəni, bir çox şirkətləri birləşdirir. Bu layihə başa çatmaq üzrədir və dörd layihənin üçü müvəffəqiyyətlə başa çatdırılıb. Beləliklə, yaxın zamanlarda Azərbaycan qazı Avropa İttifaqı məkanında öz yerini tutacaqdır.

Digər vacib istiqamət nəqliyyatla bağlıdır. Coğrafi cəhətdən bizim açıq dənizlərə çıxışımız yoxdur. Ancaq buna baxmayaraq, biz Azərbaycanda beynəlxalq nəqliyyat və logistika mərkəzini yaradırıq. Bunun üçün məqsədyönlü, çoxşaxəli iş aparılıb. Son 15 il ərzində Azərbaycanda 6 beynəlxalq hava limanı yaradılıb. Azərbaycan daxilində dəmir yollarında təmir-bərpa işləri gedir. Xəzər hövzəsində ən böyük dəniz ticarət limanı bu ilin may ayında istifadəyə verilib. Onun hazırda yükaşırma qabiliyyəti 15 milyon ton, gələcəkdə isə 25 milyon ton olacaq.

Son 15 il ərzində 15 min kilometr magistral yollar çəkilib. Bütün qonşu ölkələrlə bizi çox gözəl yeni yollar bağlayır. Keçən ilin oktyabrında Azərbaycanı Türkiyə ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Beləliklə, Asiyadan Avropaya və əks istiqamətə ən qısa yol Azərbaycan ərazisindən açılıb. Əgər ənənəvi dəniz yolu 30-35 gün tələb edirsə, yeni Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yüklər Asiyadan Avropaya cəmi iki həftə ərzində daşınır. Biz görürük ki, bu yolla yükdaşımalar gündən-günə artır və bu, çox etibarlı yeni bir nəqliyyat damarı olacaq.

Bununla paralel olaraq, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır, üzvüdür. Biz bu sahəyə də böyük vəsait qoyuruq. Şimal-Cənub nəqliyyat dəhlizi hazırda fəaliyyətdədir. Azərbaycan ərazisində lazım olan bütün infrastruktur yaradılır. İndi yüklər Azərbaycan ərazisindən rahatlıqla daşınır. Gələcəkdə qonşu ölkələrdə əlavə vəsait qoyuluşu nəticəsində bu yolun yükaşırma qabiliyyəti daha da artacaq.

Bütün bu infrastruktur imkan verir ki, Azərbaycana bundan sonra da böyük həcmdə sərmayə qoyulsun. Çünki neft-qaz sektoruna qoyulacaq sərmayə üçün bütün neft-qaz kəmərləri var və onun tikintisi davam edir. Yeni sənaye müəssisələri ilə bağlı investisiyalar üçün nəqliyyat imkanları çox genişdir. Onu da qeyd etməliyəm ki, Azərbaycanın Xəzər hövzəsində ən böyük ticarət donanması, gözəl investisiya iqlimi var. İndi 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Azərbaycan çox sabit ölkədir, həm siyasi, həm iqtisadi cəhətdən. Ona görə, mən hesab edirəm ki, sərmayə qoyuluşu üçün Azərbaycan çox gözəl ölkədir.

Əlbəttə, xarici qonaqlar hesab edə bilərlər ki, mən burada ölkəmizi tərifləməklə məşğulam. Mən bunu gizlətmirəm, edirəm və etməliyəm. Çünki hər bir dövlət başçısı çalışmalıdır ki, onun ölkəsini daha yaxından tanısınlar, daha çox vəsait qoysunlar. Ancaq bu tərif ədalətlidir. Mən tam həqiqəti qonaqlara çatdırıram və ümid edirəm ki, onlar mənim sözlərimdən sonra Azərbaycana daha da böyük həvəslə gələcəklər və işləyəcəklər.

Cənab Prezident, mən Sizə bir daha təşəkkürümü bildirirəm ki, Siz Azərbaycana səfər etmisiniz, bizə böyük şərəf vermisiniz. Dünən Sumqayıtda polipropilen zavodunun açılışının iştirak etmisiniz. Bu gün də bizimlə bərabər iş adamlarına öz sözünüzü deyəcəksiniz. Sağ olun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 709   Tarix: 19 iyul 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19.04.2024 219
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 302
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 178
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

19.04.2024 252
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 155
.

İran dövlət televiziyası: İsfahanda 3 dron məhv edilib

İran dövlət televiziyası İsfahan üzərində səmada üç dron müşahidə edildikdən sonra məhv edildiyi açıqlayıb. BİG.AZ xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb. Həmçinin Fars xəbər agentliyi İsfahanın beynəlxalq hava limanı yaxınlığında partlayışların eşidildiyini bildirmişdi. İranın dövlə

19.04.2024 183
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769