Seriallar dəyərləri dəyərsizləşdirir

Seriallar dəyərləri dəyərsizləşdirirEkrandan evimizə daxil olan müxtəlif verilişlərin, o cümlədən filmlərin insan tərbiyəsində rolu əvəzsizdir. Tarix boyu dövlətlər və onun başçıları təbəələrini formalaşdırmaq üçün kinodan istifadə etmişlər. Böyük tiranlardan Lenin kinoya boyük dəyər vermiş, Stalinlə Hitler müharibənin odu-alovu içində həm film çəkdirmiş, həm də onu əsgərlərinə, xalqa göstərmişlər. İndi film, xüsusilə də dizilər qlobal hal almış, artıq dünya məkanında böyük güclərin ən təsirli təbliğat aparatına, həm də böyük biznesə çevrilmişdir.

Son vaxtlar Türkiyə diziləri vaxtilə ekranlarımızı işğal edən yabançı serialları müsbət mənada geridə buraxdı. Müxtəlif mövzularda çəkilən bu filmləri Azərbaycanın da bir çox kanalları artıq "çevirməyə" və nümayişinə başladı. Əvvəllər çevirmədə və səsləndirmədə yetərsizlik olsa da, get-gedə peşəkarlıq formalaşır. Və bu sahədə böyük uğurların çox da uzaqda olmadığını düşünürəm. Səsləndirmədə iki amil əsas rol oynayırdı. Biri o idi ki, hələ o sahədə həm çevirmə, həm səsləndirmədə ustalaşmaq üçün vaxt lazım idi, bir də çevrilən türk filmləri isə? "Bir millətin" dilindən-dilinə çevirmə asan gəlməsin. Hələ elə filmlər vardı ki, onun qəhrəmanlarının atmacalarını, zarafatlarını tamaşaçıların çoxu az qala əzbər bilir və olduğu kimi yamsılayırdı. Həm də buna alışmışdı artıq. İndi deyək ki, Zazanın yerinə ("Qurdlar vadisi") kim gəlsə, yəni onun sözlərini kim səsləndirsə, o şirinliyi verə bilməyəcəkdi. Burada Sabirin "Osmanlıcadan tərcümə türkə nə demək" fikri yada düşür. Bununla belə, artıq bu məsələ də öz həllini tapacaq yəqin ki. Ancaq bu yazıda məqsədimiz heç də bunlar deyil. Son illər türk seriallarında diqqətimizi çəkən və bizə də birbaşa dəxli olan məsələlər üzərində durmaq istəyirik. Yəni nümayiş etdirəcəyimiz filmi qardaşlarımız çəksə belə, "Biz tamaşaçılarımıza hansı filmi uyğun görürük və niyə, bundan biz nə alacağıq, bu bizə nə verər?" deyə düşünüb ondan sonra "tər tökməyə" dəyər.

Bu filmlərin çoxu, haradasa, bir əsr, əsr yarım bundan əvvəl yazılmış romanlar əsasında çəkilib. Əsərlər də o vaxt yazılıb ki, kommunist ideologiyasının Avropadan, xüsusən də Fransadan Osmanlı ərazisinə yeridiyi "Jon Türklər"in ("Gənc Türklər" - ideoloji hərəkat) ideoloji cəbhəsinin və bunun da təsiri ilə "Tənzimat ədəbiyyatı"nın formalaşdığı bir dövr idi. ("Jon Türklər"in Osmanlını haraya aparacağını vaxtında görən o dövrün böyük mütəfəkkiri belə demişdir: "Siz dini incitdiniz, qeyrətullaha toxundunuz, şəriəti təzyif etdiniz, nəticəsi vahim olacaqdır". Başqa bir mütəfəkkirin fikrincə, onların niyyəti bəlkə də gözəl idi, ölkənin xeyri üçün bir hədəf bəlləmişdilər, amma yol, yöntəm düz deyildi). Bu əsərlərdə fransız həyat tərzi, fransız kültürü artıq hər şeyi silib süpürürdü. Bu qlobal bir məsələ idi. Rusiya belə, bu təsirdən kənarda qala bilmədi. Alman ənənələrini rus ordusuna gətirən Yekaterinaya qarşı çıxan türklüyündən xəbəri olmayan rus ordusunun baş komandanı Suvorov "Almanlardan əxz edilməli nə var ki, axı biz onları həmişə əzmişik" deyəndə çariça onu vəzifədən uzaqlaşdırır. Almançılığı sonra Rusiyada fransaçılıq əvəz edir. Elit təbəqəyə bu dili bilmək, bu dildə danışmaq "fərz" olur. L. N. Tolstoy, N. Turgenev kimi yazıçılar obrazlarını çox halda fransızca danışdırır. Evlərində fransız dayələr saxlayırlar. Bu təsir Azərbaycandan da yan keçməyib. M. F. Axundovun "Müsyö Jordan"ındakı Şahbaz bəylər bir az sonra Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvələrinin timsalında əvvəl alman, sonra fransız dayəsinin "tərbiyəsinə" tapşırılır (Ümbül Banu "Qafqaz günləri"). Hətta S. S. Axundovun bir kəndin bir bəyinin evində ("Qaraca qız" hekayəsi) belə, qızı Ağca xanımın tərbiyəsi ilə bir əcnəbi dayə məşğul olur (Çox təəssüf ki, bu cür "ənənə" hələ də davam etməkdədir. Şahbaz bəylə başlayan fransız - onun timsalında Qərb heyranlığı bizim "Fransız filmi"ndə uğurla "başa çatdı").

O vaxtkı Osmanlı da bundan öz nəsibini aldı. Hətta bir çox müsbət mənəvi dəyərlərin daşıyıcısı "Çalı quşu" romanına da nüfuz etdi. Orada bir epizod var. Fəridə Təhsil şöbəsinə dəfələrlə iş üçün ərizə versə də, "Bir ərizə daha yaz" deyən müdir rəfiqəsi ilə rastlaşan Fəridənin fransızca danışdığını görəndə əriyib muma dönür və anında onu işlə təmin edir. ("Müsyö Jordan" əsərindəki Şahbaz bəyə görə "bu dili bilən hər məclisdə hörmətli olar"). "Mən də deyirəm, Rusiyada bu film niyə belə çox göstərilir. Hətta biz ona əvvəllər rus dilində tamaşa edirdik". "Möhürlü güllər", "Asi", "Mazi kalbimdə yaradır", "Küçük hanıməfəndi", "Hanımın çiftliği" "Haziran gecəsi" və s. filmlərdə, haradasa, eyni epizodlar, eyni hadisələr təkrar olunur, eyni məsələ qoyulur. Bu filmlərdəki obrazların adlarını dəyişib Jordan, Albert, Mişa, Maşa, Daşa... və s. qoysaq, istənilən Avropa ölkəsinin ədəbi əsəri saymaq olar. Bu əsərlərdə ailə, mətbəx-məişət mədəniyyəti oralardakı kimidir. Hamı evində ayaqqabı ilə gəzir. Baş qəhrəmanların üzü tüklüdür. Hamının qulluqçusu var. Hamı "parti" təşkil edir. O "parti"lərdə fransız və ya russayağı "dans"lar olur. Kimin kimlə oynadığı bəlli deyil. Eynən bizim toylardakı "medlenni"lər kimi. Bu filmlərin az qala hamısında qəhrəmanın bir gənclik sevgilisi var, bir sonrakı həyat yoldaşı (Mirzə Cəlilin təbirincə desək, uşaqların anası), bir də qoca vaxtında "son" sevgilisi. Yəni istəyəndə gedib könlünü əyləndirəcəyi bir "bülbülü" ("Asi" filmində Asinin bizim Məşədi İbadın atası yaşda babasının "Sarmaşığ"ına verdiyi ad). Bəzən də bu ilk sevgililər ömrün "dadlı" vaxtlarında, haradasa, unudulanda ortaya çıxır. Çox vaxtlar da gənclik "xatasının" meyvəsi - uşaqları ilə birgə. Bu filmlərin çoxunda tam sərbəstlikdir. Sonunun nə ilə qurtaracağını hesaba almadan qarşı cinslər bir-biri ilə yaxın təmasdadırlar. Bir-birinin əlindən tutur, vaxt keçirir, hətta öpüşürlər. Bir "dost" kimi, bir "arkadaş" kimi. Sonra bu aşırı "səmimiyyətlər" başlarına iş açsa da, bu cür münasibətlər film qəhrəmanlarına görə normaldır. Adi şeylərdir. "Burda nə var ki!.."

Haqqında çox yazılan bir tarixi filmdən bəhs etməyəcəyəm. Təhrif olunan, eybəcər hala saldırılmış, şanlı tarixi keçmişimizin yalançı "salnaməsi" olan "Muhteşem yüz yıl" dizisinə, sadəcə, baxmamağı tövsiyə edərdim, yalanlarla könlünüz bulandırılmasın.

Nə bu günün Türkiyəsində, nə dünənin Osmanlısında, nə müsəlman-türk dünyasında birinin dostunun evinə girib onun nişanlısına göz dikməsi kimi bir əxlaq(sızlıq) nümunəsu yoxdur. "Mazi kalbimdə yaradır" filmində Rauf Balkanlının oğlu Səlim dostu Fəridi qonaq saxlayır. Fərid dəniz donanmasının zabitidir. Bu evdə Raufun saxlayıb böyütdüyü, vaxtilə sevdiyi, amma evlənə bilmədiyi bir qadının qızı Müjgan da yaşayır. Ailə bu qıza öz qızları Nalan qədər dəyər verir. Müjgan Səlimlə nişanlıdır. Ancaq Fərid Səlimin dostu da olsa, bu evdə qalıb çörəklərini də yesə, bir gün xəyanət - bizim təbirlə binamusluq eləyir, belə demək mümkünsə, Müjganı yoldan çıxarır. Bu Fərid eyni zamanda dostu Səlimin bacısı Nalana nişanlıdır. Nalan da onu dəlicəsinə sevir. Ancaq Fərid nə onu sevən Nalanın, nə də dostu Səlimin haqqını-hüququnu tanıyacaq, dəyər verəcək halda deyil. Müjgan da Fəriddən qalan deyil. O da bu vaxta qədər onu saxlayıb böyüdən bu ailəyə, nişanlısı Səlimə xəyanət edir. Hər ikisi - Fəridlə Müjgan bu evdə qala-qala, bu ailənin çörəyini yeyə-yeyə, ailə fərdlərinin gözlərinə baxa-baxa gizlicə görüşür və eşq macəraları yaşayırlar.

Yaşı altmışı haqlayan ailə başçısı Rauf isə öz ailəsindəki sevgi yoxluğunu başqa bir qadında tapır. Raufun ondan üç uşaq doğub böyüdən xanımı Suzan isə özünü xoşbəxt olduğuna inandırmağa, övladlarının da gələcək ailə planlarına bildiyi kimi müdaxilə etməyə və onu planlamağa çalışır. Bir çox filmlərdə olduğu kimi, burada da adamlar imkanlı (dəyərli) və imkansız (dəyərsiz) qruplara bölünüb. Suzan, oğlu Səlimin katibəsinə qarşı meylini görüb "Unutma ki, sən, sadəcə, bir sekretarsan" - deyir. Bu "aşağılanma" da bu katibə qızın onlardan intiqam almağı, şirkətin sirrini düşmənlərinə satmağı ilə nəticələnir. İnsanlara bu ikili münasibət, əlbəttə, kommunist ideologiyasından gəlirdi. Bu ideologiya Raufun kiçik oğlu Yusifin işçiləri atasına qarşı qaldırmağı və sonra özünün itkin düşməyi ilə sona çatır.

Fəridin bir gün türk ordusunun tərkibində Kıbrıs xalqının köməyinə getməsi, orada Vətəni layiqincə təmsil etməsi, yaralanıb əsir düşməsi və sonrakı əsgəri həyatı filmə nə qədər dəyər qazandırsa da, avropaçılıq həyat tərzinin təbliğinin önünə keçə bilmir, onun kölgəsində qalır.

Dəyərlər harada tapdanır? Müəlliflər onların bu hərəkətlərinə necə haqq qazandırır? - Dizidə görünən odur ki, burada bizlərə xas dəyərlər əslində yox dərəcəsindədir. Yox olan bir şeyin tapdanması deyə bir şey də yoxdur. Tamaşaçıda belə bir fikir formalaşır ki, insan sərbəstdir, azaddır. Təbii ki, bu "azadlıq" düşüncələrinin də haradan bizə sırındığı, nə qədər "azad" bir fikir olduğu da artıq sirr deyil. Bu "azad" adamlar ürəkləri nə istəsə edə bilərlər. Bu istəklər başqalarının azadlığını boğsa, haqqını tapdasa da...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Foto   Baxılıb: 8879   Tarix: 26 aprel 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş