"Anası ölüm ayağında, məni də diri-diri basdırdı..." - İntihar edən 15 yaşlı qızın nakam hekayəti

"Anası ölüm ayağında, məni də diri-diri basdırdı..." - İntihar edən 15 yaşlı qızın nakam hekayəti

"Qızım nişanlı olmayıb. Ata-babaların qayda-qanunu ilə "aldım-verdim" eləmişik. Əvvəldən də qohum idik. Kirvə olmuşuq. Burada nə var ki?! İki-üç ağbirçək onlar tərəfdən, bir-iki ağsaqqal bizdən... Xoşumuz gəlir, istəyirik gəlinimiz olsun deyiblər. Dedim ki, vaxtı çatanda gəlib gəlininizi apararsınız. Ortada nə üzük olub, nə aşıq çalıb, nə də video olub. Sadəcə, qohumluğumuzu davam etdirmək üçün "hə" demişik. Heç nə, beləcə də qaldı..."

Nəsimi kişi ilə ayaqüstü söhbət etdikdən sonra bir siqaret yandırıb əyləşir, bizə də "oturun" - deyir. Siqaretə bir-iki tüstü vurduqdan sonra Səkinənin – 16 yaşlı qızının intihar etməsinin səbəblərindən bizi agah eləməsi üçün suallarımızı yağdırmaq istəyirik. Üzünün tüklərini sığallayıb, gözünü məchul bir nöqtəyə dikib susur.

Hə, unutmamışdan deyim ki, bu dəfə Lent.az-ın əməkdaşı Biləsuvardadır. Bir neçə gündür, bütün ölkə gündəmini zəbt edən Ağalıkənd orta məktəbinin 9-cu sinif şagirdi Səkinə Məmmədovanın dəhşətli intiharı ilə bağlı yayılan şayiələrə, yeniyetmə qızın ölümündən bir neçə dəqiqə əvvəl çəkdiyi son videodakı xəyanət ittihamlarına aydınlıq gətirmək üçün atasının qapısını döymüşük.

"Evimin son beşiyi idi..."

Nəsimi Məmmədov siqaretini söndürdükdən sonra o birisini yandırır. Ağır-ağır nəfəs alır. Qəfil başını qaldırıb üzümüzə baxır. Deyəsən, nəsə soruşacaq. Amma sözünü kəsirəm. Səkinənin ittiham etdiyi Tərlanın aqibətini soruşuram.

- Bəs Tərlan indi haradadır?

- Vallah, bilmirəm.

- Şayiələr gəzir ki, guya tutulub...

- Heç yerə çıxmıram, heç nədən xəbərim yoxdur. Balışıma bax (həyətdə yerdən salınmış yorğan-döşəyini göstərir), burada yatıb-dururam. Özüm bu həyətdə oturub dərdimi çəkirəm. Gücümü vermişəm papirosa. Ancaq papiros çəkirəm. Dərdimi heç kəsə deyə bilmirəm. Oturub dərdimlə əlləşirəm.

- Nəsimi kişi, neçə uşağınız var?

- Dörd uşaqdı, ikisi oğlan, ikisi də qız. İki qızdan biri getdi. Sonbeşiyim idi. İndi Allaha yalvara-yalvara qalmışam... Oturub burada ağlayıram. Həyat yoldaşım görməsin, səsimi eşitməsin deyə gedib o tərəfdə göz yaşı tökürəm. O da içəridə yarımcan qalıb. Yatağından qalxa bilmir.

- Səkinə özünü bu həyətin harasında asmışdı?

- Həyətdə asmayıb, əl damında asıb. Deyin görüm, bəs siz nəyə gəlibsiniz?

- Bu intiharla bağlı hərə bir şayiə danışır. Həqiqəti ilk mənbədən - sizlərin ağzından eşitməyə gəlmişik.

- Kim nə danışır, qoy danışsın, özləri bilər. Hökumətimiz, şükür Allaha, polisimiz var. Qayda-qanun da öz yerində. Özləri araşdıracaq. Biz kimik ki, nəsə araşdıraq. Allah hamısının köməyi olsun. Heç kimə heç nə olmayıb, olan mənə olub, balam əlimdən gedib.

- Neçənci sinifdə oxuyurdu Səkinə?

- 9-cu sinifdə oxuyurdu. Axırıncı sinifdə idi.

- Məktəb 9 illikdi bu kənddə?

- Hə.

- Deyilənə görə, Səkinənin "hə"si veriləndən sonra məktəbə də getmirmiş...

- Gedirdi məktəbə, son bir ili getmədi. Bir il əvvələ qədər əlaçı idi. Bütün müəllimlər onun savadından danışırdı. Hər il son zənglərdə aktiv iştirak edərdi, şeirlər deyərdi. Bu il də taleyi belə gətirdi.

Nəsimi kişinin səsi xırıldayır. Stolun üstündəki qrafindən su töküb içir. Ardınca bir siqaret yandırır...

- Nəsimi kişi, bəs bu məlum videonu kim yayıb?

- Bilmirəm, qardaş, mənimki o vaxtın telefonudur. Gətirsəm, görərsiniz, bilmirəm indi haradadır. Balaca, sadə telefondur. Dəqiqini bilmirəm, özü nə çəkib qoyub, mən bilmirəm. Əlimdən heç nə gəlmir, oturub burda ağlamaqdan savayı (Nəsimi kişini qəhər boğur. Ortaya ani sükut düşür). Allah heç bir ata-anaya bunu göstərməsin. Heç kəsə... Kim həmin videonu bu işin xeyrinə yayıbsa, Allah köməyi olsun, ziyanına yayıbsa, Allah başına gətirsin. Beş bacı, beş qardaşıq. Balalarımın da tərbiyəsini düşüb kənddən evbəev soruşa bilərsiniz. Bir adam deyə bilməz ki, onlar kiminsə toyuğuna daş atıb. Birinci dəfə bu işlə bağlı qarıma polis gəldi. Kasıb, başıaşağı adamam. Dörd uşağım var. Heç yerdə də işləmirəm. Bu köhnə maşınla başımı girələyirəm.

- Bəs "hə"ni indidən vermişdinizsə, toy nə zaman olacaqdı?

- Hələ toy haqda fikirləşmirdik. Sadəcə, razılığımızı vermişdik. Dədə-babadan adət bu cür olub də. Vaxtı çatanda toy da olacaqdı. Amma axırı belə... Qurban olum Allaha, deməli qismətdə yox imiş.

- Qardaşları haradadır bəs?

- Əsgərlikdədi ikisi də. Biri hərbi qulluqçudur. O biri də bir il altı aylıq gedib. Hərbi xidmət çəkir. Biri cəbhə bölgəsində, biri də Bakıda hərbi hissədə qulluq edir.

- Qardaşlarının intihardan xəbəri varmı?

- Hə, xəbər vermişdik. Sağ olsunlar, dəfnə gəlmişdilər.

Su gətirməyə getmişdik, yoldan qayıtdıq...

Nəsimi kişinin beş-on sotluq həyətyanı sahəsinə göz gəzdiririk. Bu balaca əkin sahəsində qarpız kollarından tutmuş, xiyar tağına, pomidor ləkinə kimi hər şey var. Deyir ki, heç yerdə işləmir. Başını elə bu bağçada, dirrikdə qatır. Gündəlik dolanışığını, yemək içməyini bu bağçadan çıxarır. Nəsimi kişi əkdiklərinə baxıb danışsa da, mənim bir gözüm Səkinənin intihar etdiyi "əl damı"nda qalıb. Nəsimi kişinin üzünə baxdıqda bu dəhşətli hadisədə kimisə günahlandıra bilmirəm. İki bükülmüş atanı saçları dağınıq, gözləri qızarmış, duruşu halsız görsəniz yəqin ki, siz də bu sualı verərdiniz:

- Hadisədən sonra gəlib-gedirlərmi kirvələriniz?

- Əvvəl də gəlib-gedirdilər, indi də. Onlar yenə də mənim üçün əzizdir. Əlimizdən nə gəlir ki... Allah-təala hər kəsi bir yolla aparır, bunun da qisməti beləymiş. Biri dirəyə çıxıb yıxılır, o birini "tok" vurub öldürür. Kim nə bilir ki, sabah başına nə gələcək?! Biz hüzrə görə televizor açmırıq, dünən burada söhbət edirdilər ki, hansısa rayonda müəllimə son zəng günü uşaqları təbrik edib, mikrofonu yerə qoyub və ölüb. Ona görə də, heç kim beş dəqiqə sonra başına nə gələcəyini bilmir. Allah qızımın, mənim də qismətimi bu cür yazıbmış. Qızım yox e, mən öldüm.

- Şayiələr gəzir ki, siz fikrinizdən daşınıb Səkinəni başqasına verəcəyinizi deyibsiniz. O da buna etiraz olaraq özünü asıb...

- Yox başına dönüm, elə şey olmayıb. Qız oğlana olan bütün ürək sözlərini telefona yazıb. Onlara aid nə varıymışsa, hamısını ayırıb qırağa qoyub. Allahın yazısı idi, oldu.

- Bəs hadisə nə vaxt oldu, necə baş verdi?

- Bir stəkan çayımı içib yoldaşımla su gətirməyə getmişəm. Yoldaşım əsəb xəstəsidir. Böyrəklərində də problem var. Qızım elə olandan sonra yoldaşımın vəziyyəti daha da pisləşdi. Yataqdan qalxa bilmir. Hə, başağrısı olmasın, bidonları maşına yığıb su gətirməyə getdik. Bulağa çatmağa az qalmışdı, qardaşı zəng vurdu ki, hara, uşaq getdi. Soruşdum ki, ayə, nə oldu? Gördüm ki, telefonun o başında qışqırıq gəlir. Təzədən geri qayıtdıq. Qardaşımgil, qonşular hay-küyə tökülüb bizə gəliblər. Mən birbaşa xəstəxanaya getdim. Heç evə də yollanmadım, qardaşım qızımı maşına qoyub xəstəxanaya özü aparmışdı.

- Maşında keçinmişdi?

- Bilmirik. Yəqin ki, xəstəxanaya qədər yolda keçinib. Təcili yardım da gəldi, müdaxilə eləməyə çalışdılar. Amma dedilər ki, artıq keçinib.

- Deməli, gündüz intihar edib...

- Hava qaralan çağı. Saat yeddiyə qalmış.

- Həmin gün nə olmuşdu ki, Səkinə bu cür addım atmağa qərar verib?

- Heç nə, halı-vəziyyəti də qaydasında idi. Ağaclığın altında oturmuşduq. Bir-iki qarpız kolumuz var dirrikdə, onun dibinə stəkanla su tökmüşük. Dirrikdən gələndən sonra bizə bir çay verdi, içdik. Sonra qızım qayıtdı ki, papa, suyumuz qurtarıb. Bidonları da maşına özü yığdı. Anası ilə ikimiz maşına oturub yola düşdük. Elə suyu gətirdiyimiz yerə yenicə çatmışdıq ki, gördüm evdən zəng gəldi...

- Demək hər şey bir saatın içərisində olub?

- Heç bir saat da çəkməyib, vur-tut yarım saat... Cəlilabadın Andreyevka kəndi var, suyu oradan gətiririk. Buradan ora 12-13 kilometrdir. Bəlkə heç o qədər də deyil. Biz gedəndən sonra qardaşı ilə oturub çay içiblər. Sonra qardaşı deyib ki, dur qazları yerinə sal. Bir "cıqqana" qazımız-ördəyimiz var. Durub qazı-ördəyi yerinə salıb. Sonra gəlib qardaşının üzündən öpüb. Qonşunun qızı var, gedib onun çağırıb, heç nə demədən onun da üzündən öpüb. Sən demə, artıq planlaşdırıbmış... (ah çəkir, siqaret yandırır).

Nəsimi Məmmədovun sözlərinə görə, oğlu Nurlan da həmin vaxt həyətdəymiş. Əmisinin yoldaşı onu toyuq kəsməyə çağırır. Nurlan küçəyə çıxır, Səkinə həyətdə tək qalır:

"Nurlan deyir ki, toyuğu kəsib qayıtdım, gördüm nənə həyətdə yoxdur. Öz aramızda ölən qızıma "nənə" deyirdik. Anamızın adını qoymuşuq deyə, adını çəkmirdik, qapıda-bacada nənə deyə çağırırdıq. Nurlan danışır ki, ay nənə, ay nənə - deyə çağırdım, gördüm yoxdur. Deyir gördüm ki, əl damının işığı yanır. Stəkan-nəlbəkiləri, su bidonlarını oraya yığırıq".

Nəsimi kişinin səsi yenə də xırıldamağa başlayır. Hiss edirəm ki, qəhər boğub. Amma özünü saxlamağa çalışır:

- Orada kəndir bağlamaq üçün yer var?

- Hə, var. Tavana taxtalar vurulub, üstündən də kartonla tavan vurmuşam. O vaxt karton çatmadı, bir-iki yer açıq qaldı. Bu da qızımın qisməti imiş. Nurlan görüb ki, artıq kəndirdən sallanır qalıb. Oğlumun qışqırığına qonşudakı gəlinlər tökülüb gəliblər. Çox abırlı-həyalı uşaq idi. Ufff...

Səkinənin atası o məlum videonu da görüb. Amma tam baxa bilməyib:

"Qızım videoda ağlayanda mən də ağladım, gerisinə baxa bilmədim. Ölümündən sonra göstərdilər mənə. Ən avam adam da o videoya baxanda hər şeyi başa düşər. Görünür, Tərlanla yola getmirmiş, aralarında nəsə varmış. Mən heç nə deyə bilmərəm, özləri bilər, Allahları bilər. Allah hamıya xoş gün qismət eləsin. Qızım öz ölümü ilə bizi də quyuya atdı. Uşaqların anası bu saat ölü vəziyyətində evdə uzanıb. Bu hadisədən əvvəl yoldaşımı təzyiqə görə İrana aparmışdım. Heç orda da götürmədilər, evə gətirdim. Təzyiq böyrəyinin birini vurub sıradan çıxarıb. Qızım da özünü asmaqla evimi yıxdı. Ağlayıram da qayıtmır, əlimizdən nə gəlir, Allahımıza yalvara-yalvara qalmışıq".

"Bax, buradan asıb..."

Oturduğumuz stoldan durub Səkinin özünü asdığı darısqal tikiliyə yaxınlaşırıq. Onu da deyim ki, "tövlədə intihar edib" xəbərlərinin də yalan olduğu burada üzə çıxır. İçəri keçəndə bizi istər-istəməz vahimə basır. Yarıqaranlıq otaqdır. Yerdə su bidonları var. Tavana baxırıq. Kəsik-kəsik karton parçaları mismarlanıb. Bəzi yerlərdə isə taxtaların üstü açıq qalıb.

Əlini qapının girişindəki nazik taxtaya uzadır:

- Balam bax buradan özünü asıb. Kəndiri haradan tapıb, bilmirəm. Yuxarı baxın, taxta ağırlıqdan çatlayıb amma qırılmayıb.

Gözümüzü tavana zilləyirik, Nəsimi kişi danışdıqca Səkinənin özünü necə asdığı təsəvvürümüzdə canlanır. Bizim də gözlərimiz dolur:

- Oğlum, baxın, su bidonları həmin gündən elə burada qalıb. Əlimizi də vurmamışıq. Bəlkə də qonşular Səkinəni ipdən almağa çalışarkən qırılıb o taxta da, nə bilim. Özünü necə asıbsa, heç nəyə toxunmayıb...

***

Səkinənin ittiham etdiyi Tərlanın yaşadığı ünvana - Əsgər Məmmədovun evinə yollanırıq.

"Həmin videonu bizim aldığımız telefonla çəkib..."

Ağalıkəndi dövrə vurduqdan sonra Əsgər kişinin evini bizə nişan verirlər. Bir xeyli çağırdıqdan sonra səsimizə üzü tüklü, ayağı çəkələkli bir kişi çıxır. Əsgər Məmmədovun evinin olub-olmadığını soruşuruq. "Düz gəlmisiniz, buyurun" – deyir. Səbəbi-ziyarətimizi ona izah edirik. Tərlanı soruşuruq:

- Tərlan indi evdə yoxdur. Lənkərana gedib. Müalicə alır. Mədəsində problemlər var. Hadisədən sonra neçə gün yemək yemədi. Bu hadisə ona da çox pis təsir etdi. İndi də Lənkərana zond udmağa gedib. Əvvəllər də mədəsində problem var idi. Yemək yemədiyinə görə halı son günlər daha da pisləşdi. Hər gün Lənkərana gedib-gəlir.

Əsgər Məmmədov bizi içəri dəvət edir. Sərinlik olduğu üçün "ağaclığın altı yaxşıdır" – deyib, onu söhbətə tuturuq:

- Səkinənin özünü asdığını sizə kim xəbər verdi?

- Bizə axşam üstü xəbər çatdı ki, qız özünü asıb. Mayın 26-sı günü idi. Biz də getdik. Artıq keçinmişdi.

- Danışırlar ki, Tərlanı başqası ilə evləndirmək istəyirmişsiniz, Səkinə də məhz buna görə intihar edib...

- Əşşi, yalan söhbətdir.

- Bəs videoyazıdakı xəyanət ittihamı nə məsələdir?

- Bilmirəm, nə bilim. Elə bir şey yoxdur.

- Səkinənin oğlunuza göndərdiyi videonu kim paylaşıb?

- Özününkülər, qızın qohum-əqrəbaları. Bizlik deyil. "Hə"sini alandan sonra qıza telefon vermişdik. Həmin telefonla çəkib.

- Hadisədən sonra Nəsimi kişinin qapısını açırsınızmı?

- Hə, həmişə gedib-gəlirik. Elə dünən də getmişdik. Dərdinə şərik oluruq. Hüzrlərin hamısında iştirak edirik. Qohumluq münasibətlərimiz davam eləyir. Nəyə görə kin saxlamalıyıq axı? Kim istəyərdi ki, belə olsun. Başqası ilə aldatma, evlənmə məsələsi də boş şeydir. Əgər elə bir şey olsaydı, həmin qız da burada olardı.

Əsgər müəllim deyir ki, Tərlan evin tək oğludur. Qızlarını artıq köçürüb. İki bacının bir qardaşıdır:

- Tərlanın 26-27 yaşı var. Qızın da 15 yaşı tamam olmuşdu...

- Bəs qızı nə vaxt ad eləmişdiniz?

- Keçən il. Nişan taxmamışdıq, "hə"si alınmışdı. Vədəsi çatanda toyunu edəcəkdik. Məktəbi qurtarmasını, yaşının tamam olmasını gözləyirdik. Tərlan Bakıda gəmidə işləyir. 1 ay evdə, 1 ay dənizdə olur.

- Bəs məhkəmə işləri nə yerdədir? Sorğu-suala Tərlanı da çağırırlarmı?

- Hələ ki, iş gedir. İstintaq davam edir. Nə bilim, görək necə olur. Tərlanı da çağırırlar. Gedib suallarını cavablandırır. Deyirlər ki, iş hələ 3-4 ay davam edəcək. Tərlan neyləsin, kim istəyərdi ki, belə olsun?!

***

15 yaşlı Səkinənin gəlin köçə bilmədiyi bu qapıdan ayrılırıq. Yolüstü Səkinəgilin göy darvazasının önündən bir daha keçirik. Onun son görüntüləri, tavandakı ağırlıqdan çatlamış taxta, içi boş su bidonları gözümün önündə canlanır. Bir də o yarıqaranlıq otaq... Atasının bayaq dediyi sözlər isə təkrar-təkrar qulaqlarımda cingildəyir:

- O özünü asdı, anası ilə məni isə diri-diri torpağa basdırdı...

"Anası ölüm ayağında, məni də diri-diri basdırdı..." - İntihar edən 15 yaşlı qızın nakam hekayəti
"Anası ölüm ayağında, məni də diri-diri basdırdı..." - İntihar edən 15 yaşlı qızın nakam hekayəti
"Anası ölüm ayağında, məni də diri-diri basdırdı..." - İntihar edən 15 yaşlı qızın nakam hekayəti
"Anası ölüm ayağında, məni də diri-diri basdırdı..." - İntihar edən 15 yaşlı qızın nakam hekayəti

Şikayətiniz varsa Whatsapp: 050 3422489

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 5797 Tarix: 21.06.2018



Unvan.az - elanlar sayti
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Pulsuz elanlar sayti

Azərbaycandan son xəbərlər