Nisə Qasımova: "Evdəkilərin üzünə baxmağa utanırdım..."

Nisə Qasımova: Azərbaycanın xalq artisti Nisə Qasımovanın "EL" jurnalına müsahibəsi

O, səhnəyə tamamilə başqa üslubda - fərqli saç düzümü və Avropa ilə Şərqin cizgilərini özündə birləşdirən yaraşıqlı siması ilə gəldi. Əslində, standartçılıqdan bezmiş tamaşaçı üçün bu, yeni səs, yeni görkəm idi. O vaxt çoxları bu sarışın gözəli dinləmək, uzaqdan-uzağa olsa da, onu görmək həsrətində idilər. Bu hörməti Nisə xanım özü qazanmışdı. Onun şöhrəti artdıqca paxıllığını çəkənlər də çoxalırdı. Bəziləri onu sadəcə, həzm edə bilmirdilər. Əslində, bu, Nisə xanımın böyük qələbəsi idi! Aradan illər keçməsinə baxmayaraq Nisə xanım bu gün də öz kübarlığı, hələ də təravətini itirməyən səsi ilə milyonların sevimlisidir.
Onun sənətinin vurğunu olan bir insan kimi, bu xanımla görüşmək mənim üçün də çox xoş idi. Sən demə, Nisə xanım düşündüyümdən də çox sadə imiş.

- Nisə xanım, istərdim ilk olaraq söhbətimizə sizin soykökünüzdən, nəsil şəcərənizdən başlayaq. Harda doğulmusunuz, uşaqlığınız necə keçib?
-Mən Bakıda orta, sadə bir ailədə doğulmuşam. Bizim nəslə yeddi arxa deyirlər, İranda İmam Cəfər Sadiq əleyhissəlamın törəmələrindəndir. Düzünü deyim ki, mən bunu son zamanlar araşdırdım. Əslində, hər insan doğulandan sonra öz nəsil şəcərəsini araşdırmalı, bilməlidir. Ailədə 5 uşaq olmuşuq. Məndən əvvəl bir qız və bir oğlan uşağı dünyaya gəlib, amma çox yaşamayıblar. Qızın adını Nisə qoyublarmış. Sonra mən doğulmuşam və bacımın adını mənə qoyublar. Uşaqlığım yaxşı keçib. Çox ərköyün olmuşam. Atam mənə həmişə Nisqama deyərdi. Yəni Nisə mama. Nisə - ana nənəmin adıdır. Bir bacıma isə ata nənəmin adını qoyublar; Kövsər. Adları öz aralarında bölüşüblər. Atam o vaxt üçillik pedaqoji məktəb vardı, ali təhsil verirdi, oranı bitirmişdi. Milisdə işləyirdi. Daha doğrusu, NKVD-də. O vaxt 1930-cu illərin əvvəlləri 1940-cı illərə qədər KQB və NVD bir yerə daxil idi, NKVD adlanırdı.

-Deyilənə görə, atanız Fətulla müəllimin çox gözəl səsi olub...
-Hə, atam rəhmətliyin gözəl səsi vardı. Xüsusilə də muğamlarımızı gözəl bilirdi. Amma onun müğənni olmaq arzusu həyata keçməmişdi. Ona görə də həmişə arzulayırdı ki, heç olmasa mən müğənni olum. Atam gənclik illərində Filarmoniyada keçirilən müsabiqədə iştirak etmək üçün oraya gedir. O vaxtlar indiki kimi deyildi, xanəndələr, müğənnilər müsabiqə yolu ilə seçilərmiş. Təəssüf ki, bu gün müğənnilərin bir çoxu heç öz üslublarını belə bilmirlər. Atam Segah, Zabul muğamlarını, "Heyratı"nı çox sevərdi. Ən çox bəyəndiyi muğam Zabul segah olub. Filarmoniyada atamdan soruşurlar:
- Nə oxuyacaqsan?
- Zabul segahı.
- Ay bala, sən gəl "Qarabağ şikəstəsi" oxu.
Atam duruxur.
- Olar ki, Şirvan şikəstəsini oxuyum?
- Yox, olmaz. Ancaq "Qarabağ şikəstəsi"ni oxumalısan.
- Axı mən qarabağlı deyiləm!
Atama qulaq asmadılar. Bununla da onun Filarmoniyaya qəbulu alınmamışdı. Mən sonralar ondan soruşanda ki, ay ata, niyə razı olmadın? İndiki kimi yadımdadır, atam belə dedi:
- Nisqama, bilirsən necədir? Mən tam əminəm ki, "Qarabağ şikəstəsi"ni qarabağlıların özü kimi heç kəs oxuya bilməz. Mən çıxıb qarabağlıların qabağında "Qarabağ şikəstəsi" oxuya bilmərəm.
Çox sonralar mən atamın sözlərindəki bu həqiqəti anladım. Biz dağlı olduğumuz üçün daha çox Şirvan zonasına yaxınıq və ən çox Şirvan muğamlarına üstünlük veririk. Bu məndə də belədir. Genetikdir. Çünki mən də bu üsluba üstünlük verirəm. Həmişə deyirəm ki, müğənni nəyi yaxşı bilirsə, nəyi bacarırsa, onu ifa eləməlidir. Mən durub indi caz çalıb oxuyum? Bu mənim üslubum deyil axı.

-Siz səhnəyə fərqli üslubda, fərqli imicdə gəldiniz. Tamaşaçılar üçün də çox maraqlı idi. Sarışın qıvrım saçları çiyinlərinə dağılmış, iri mavi gözlü şıltaq bir xanım…
-(Gülür). Bəli, ilk sarışın mən olmuşam. O vaxt hamı elə bilirdi ki, mənim gözlərim mavidir. Əslində isə xamelyondur. Zamanla gah mavi olur, gah açıq yaşıl. Bilirsiniz, mən işığı çox sevirəm. Efirdə işıq vururdu gözlərimə, gözlərim də parıldayırdı. Bəli, xalqım təqdir elədi mənim gəlişimi. Zərif plastik hərəkətlər, sözün fərqində olmaq… Qəmli mahnıda az qalırdım kövrəlim, ağlayım. Oynaq mahnılarda çalışırdım gülüm, şıltaqlığımı bildirim. Belə şeylər yox idi o zaman. Müğənni əllərini yanına salıb oxuyurdu, belə emosiyaları özünə rəva bilmirdi.

-Nisə xanım, siz atanızın arzusu ilə böyük sənətə qədəm qoydunuz. Həm də yeni imicdə, yeni görkəmdə. Necə qarşıladılar sizi bu təzadlarla dolu sənət aləmində?
-Düzunü deyim ki, əvvəllər hər şey yaxşı idi. Özümə qarşı qısqanclığı o qədər də hiss eləmirdim. Amma zaman, illər keçdikcə mən bunu açıq-aydın hiss etməyə başladım. Və bundan sonra həyatımda o qədər mənəvi zərbələr aldım ki, bəlkə hələ indiyə qədər də onun izləri qalıb. 1990-cı ildən bu yana ailəlikcə ibadətlə, namazla məşğul oluruq. Həmişə Allaha dua edirdim ki, mənə səbr ver. Elə bil Allah-Taala məni eşitdi. Səbr verdi. Çox olub ki, susmuşam, nə barədəsə danışmağı özümə sığışdırmamışam. Amma zaman keçdikcə həyatımda aldığım mənəvi zərbələri insanlarla, məni sevənlərlə bölüşməyi özümə borc bildim.
O illərin milli kaloritdə oxuyan xanım müğənnilərinin böyük səhnədə çıxış eləmək istədikləri bir ünvanı vardı: bu, dahi Füzulinin əsəri əsasında Üzeyir Hacıbəylinin səhnə həyatı verdiyi Leyli obrazı idi. Təbii ki, bu mənim də böyük arzum idi. Ələkbər müəllimin də (bəstəkar Ələkbər Tağıyev nəzərdə tutulur - red.) ən böyük arzusuydu bu. O məni bu obrazda görürdü. 1974-75-ci illərdə Opera və Balet Teatrında bu əsər rejissor Mehdi Məmmədovun yeni quruluşunda hazırlanmağa başladı. Və rəhmətlik Bəhram Mansurov, Nicat Məlikov və o zamanlar teatrın direktoru Azər Rzayev və başqaları Leyli roluna məni hazırlayırdılar. Mən, əlbəttə, öz potensialıma bələd idim və bilirdim ki, bu obrazı oynaya bilərəm. Doğrudur, vizual baxımdan heç də Leyliyə bənzəmirdim. Bilirsiniz ki, Leyli qara ərəb qızı olub. Mən isə sarışın idim, hətta bir qədər rus və almanlara bənzəyirdim. Amma daxil ilə zahir ayrı-ayrı şeylərdir. Zahir nə qədər gözəl olsa da, əslində, insanın daxili əsasdır. Çünki insan daxilən özüdür. Və mən inanırdım ki, Leyli obrazını oynasaydım, onu yarada bilərdim. Amma təəssüf ki, o gün mənim qəlbimdə bir arzu, bir istək olaraq qaldı. Bəlkə də öldü. Bilmirəm. (Susur, təsirlənir).

-Bu necə oldu axı, Nisə xanım? Mümkünsə, bir qədər ətraflı danışın.
-Bilirsiniz, hər şey yaxşı gedirdi. Operanın ilk premyerası olmalı idi. Və mən yüz faiz düşünürdüm ki, premyerada Leylini mən oynayacağam. O vaxt gözəl Leylilərimiz çox idi: Rübabə Muradova, Nəzakət Məmmədova, sonra çox hörmət etdiyim möhtəşəm Zeynəb Xanlarova. Bilirsiniz, o vaxt bəzi böyüklərimiz mənə demişdilər ki, a bala, sən getmə ora. Orda neçə-neçə leylilər var, səni ora yaxın buraxmazlar. Mən isə inanmırdım bu sözlərə. Çünki o arzu, o istək qəlbimdə elə dərin kök salmışdı ki, mən ətrafdan deyilən sözlərə əhəmiyyət belə vermirdim. Amma belə bir məsəl var ey, deyirlər, elin sözü düz olar. Oxudum, əl çaldılar, dedilər əla. O vaxt səhnədə indiki kimi mikrofon qoyulmurdu. Mən bilirdim ki, əgər səhnəyə Leyli kimi çıxsam, anşlaq olacaq, zal ağzına kimi dolu olacaq. Təəssüflər olsun ki, buna imkan vermədilər.

-Səbəb nə idi?
-Səbəbini indiyə qədər bilmirəm. Bir gün Ələkbər Tağıyevə Mədəniyyət Nazirliyindən zəng gəldi. O vaxt mədəniyyət naziri Zakir Bağırov idi. Dedi ki, Nisə Qasımova daha gəlməsin. Ələkbər müəllim soruşdu ki, axı niyə gəlməsin, hər şey yaxşı idi, indi birdən-birə nə oldu? Telefonda bilmirəm ona nə dedilər, Ələkbər müəllimin rəngi dəyişdi. Nə qədər soruşdum nə olub, səbəb nədir, bunu mənə açıqlamadı. Dedi ki, əşi, narahat olma, olur da, paxıl insanlar çoxdur. Yəqin, istəmədilər.

-Nisə xanım, heç şübhəsiz ki, sizə məlum idi kim mane olub?
-(Susur. Sanki deməkdə çətinlik çəkir. Bu vaxt onun qohumu Hüseyn söhbətə qoşulur). Bilirsiniz, xanım, adama ən çox təsir edən budur ki, o boyda görkəmli insanlar, musiqişünaslar Nisə xanıma qulaq asmış və razılıq vermişdilər. Qəbul eləmişdilər. Amma sonra işi burdular.
(Nisə xanım özü cavab verir) Dedilər ki, guya səsi operalıq deyil. Yaxşı, bunu əvvəldən görmürdülər? Bəs onda niyə razılıq vermişdilər? Bilirsiniz, mənə elə gəldi ki, məni oradan uzaqlaşdırmaq üçün dedilər ki, səsi operalıq deyil. Məgər Ələkbər Tağıyev, Bəhram Mansurov ilk məşqə başlayan gündən görə bilmirdilər ki, məndən Leyli olar, ya olmaz? Əksinə, onlar böyük həvəslə çalışırdılar ki, mən keçim. Bəhram müəllim bir ölçü vahidi, meyarı idi. Yalnız onun süzgəcindən keçən leylilər və məcnunlar bu səhnəyə qədəm qoya bilərdi. Yəni onun sözü qanun idi. Aparıcı qüvvə o idi. Sön sözü o deyirdi. Nə qədər leylilər, məcnunlar yetişdirmişdi. Onunla hamı hesablaşırdı. Rübabə Muradovanı da o hazırlaşdırıb. Son sözünü dedi ki, Nisə səhnəyə gedəcək! Mehdi müəllimdə Kəbənin şəkilləri var idi. O, səhnədə gözəl bir dekor yaratmışdı. Kəbədə Leyli ilə Məcnunun görüş yerləri, məktəbdə oxumaq səhnələrini o, əsas fonda verə bilmişdi. Məcnun rolu üçün Məmmədbağırı nəzərdə tutmuşdular (Məmmədbağır Bağırzadə - red.). Kim desə ki, Məmmədbağırın səsi opera üçün deyil, yalandır! Bu absurddur. Dünyasını dəyişib, Allah ona rəhmət eləsin. Bu, operadır və operada canlı insanlar oxuyur. Bu, bugünkü gənc estrada müğənniləri deyil ki, birdən-birə operaya girişiblər. Nə isə… Hər şey hazır idi, hə, bu gün-sabah işlər tamamlanacaq deyirdilər. Və birdən xəbər gəlir ki, olmaz! Yaramır. Bilirsiniz necədir? Dünyadan köçən köçüb-gedib, sağ qalan qalıb. Mən özümə yaraşdırmıram ki, bir fikrin üstündə dayanım və deyim ki, hə, o qoymadı məni. Amma bir şeyi dəqiq bilirəm ki, bu, sifariş idi. Yüzdə yüz faiz sifariş idi. Çünki sovet vaxtı indiki kimi çətin deyildi. O vaxt kabineti olan hər bir adam xahiş-minnətlə məsələni həll edə bilərdi. Qoymadılar, canları sağ olsun. Yadımdadır, mən o vaxt çox pis olmuşdum. Ələkbər müəllim mənə dedi ki, Nisinka, mən mütləq çalışacağam ki, sən Leyli obrazını oynayasan. Hətta televiziyada olsa belə. Doğrudan da belə bir məqam oldu. Ələsgər Məcidov "Klassik irsimizdən" rubrikalı verilişində Füzulini əks etdirməli idi. Və "Leyli və Məcnun" operasının televersiyasını yaratdılar. Orada mənimlə Məmmədbağır Leyli ilə Məcnunu oynadıq. Məncə, alındı. O vaxt bir, ya iki dəfə ekranlarda canlandı, göründü, vəssalam. Ondan sonra o iriplyonkalı kaset ordan itdi. Ləğv oldu. Bilmirəm neylədilər. Çünki heç yerdə yoxdur. Biz axtardıq ki, heç olmasa, üzünü köçürək, saxlayaq. Olmadı.

-Gənc ikən qarşılaşdığınız bu haqsızlıq sizə necə təsir etdi?
-(Ani sükut). Bilirsiniz, mən həyatda Ələkbər Tağıyevdən çox şey öyrənmişəm. Onu özümə hər zaman müəllim hesab edirəm. O, həmişə mənə deyərdi ki, məğlubiyyətin özü də insan həyatında böyük bir məktəbdir. Deyirdi, məğlub olmaqdan qorxma, qızım, məğlubiyyət həm də qələbədir. Bax bu sözlər o zamandan beynimə həkk olub. Bəlkə də onun tövsiyələri, məsləhətləri olmasaydı, daxilən, mənən çox sarsılardım. Ümumiyyətlə, mən həssasam. Buna görə də tez ruhdan düşən insanam. Və məni həqiqətlə, reallıqla tez ruhlandırmaq da olar. Əgər o vaxt mən Leyli obrazında oynamış olsaydım, bu günə qədər bildiyim muğamların üzərində işləyib, eyni zamanda həm xanəndə olardım, həm də estrada musiqilərini oxuyardım. Mənim qanadlarımı elə qırdılar ki, inanın, hətta bu günə qədər çapalayıram. Əsl Nisəni axtarıram. Əsl Nisə məndə var. Onu hələ kəşf eləməmişəm. Çox gənc yaşlarımda kəşf etmişdim onu. Amma mənə qadağa qoydular. Dedilər muğam oxuma. Çaşıb birdən oxuyarsan ha! Axı mən sənətə ilk dəfə muğamla gəlmişəm. Yadıma gəlir ki, Ceyran xanımın ansamblında ("Lalə" qızlar ansamblı nəzərdə tutulur - red.) həmişə muğam oxuyurdum. Mirzə Hüseyn segahı, Çahargah dəsgahı və s. Tez-tez rayonlarda qastrollarda olurduq. İndi o dəsgahlardan məndə əsər-əlamət qalmayıb. Elə bil ki, bilərəkdən bunu mənə unutdurdular. Axı bu boğaz, bu ürək, bu psixologiya muğam oxumursa, muğamı inkişaf etdirmirsə, muğam mexanizmi məndə pas atıbsa, bu gündən sonra hansı dəsgahdan söz aça bilərsən, oxuya bilərsən? Mahnı janrı, səsin telləri, qırtlaq artıq buna - pop musiqilərə öyrəşib.

-Yəni potensialınızı içinizdə boğdular?
-Bəli, boğdular. Düzü, mən əvvəllər inanmırdım bu sözə. Deyirdilər, filankəsin potensialını boğdular və ya ruhdan saldılar. İllər keçdikcə inandım bu sözə. Həyata yenidən atılmaq istədim. Amma yenə zərbə endirdilər mənə. Heç yadımdan çıxmaz, hardasa 80-ci illərin ortaları olardı. Dzerjinski adına klubda (indiki Şəhriyar adına klub - red.) AzTV-nin yaranmasının bilmirəm neçə illiyisə keçirilirdi. Mən getdim çəkilişə, bir mahnı oxudum, Çahargah üstündə. Bunun da zili təmiz segahdır. Uşaqlarla danışdıq ki, zil segahı keçəndə mən orda muğam oxuyum. Və muğamdan keçim «Qarabağ» mahnısına. Məşq elədik, çox qəşəng, qısa, maraqlı popuri alındı. Çıxdım səhnəyə, oxudum. Şahin Əlibəylinin oğlu rejissor idi, konserti o çəkirdi. Məndən sonra Yalçın Rzazadə oxumalı idi. Ən axırda isə Zeynəb Xanlarovanın ifası ilə konsert bağlanacaqdı. Mənim çıxışımın sonuna yaxın, Allah eləsin o materiallar arxivdə olsun, bir nəfər çıxdı səhnəyə və mənə güllər təqdim etdi. Mahnı bitəndən sonra isə o qədər güllər gəldi ki, elə bildim batacağam güllərin içində. Axşam sevinə-sevinə evə gəldim və dedim ki, bəs belə, çox yaxşı qarşılandım, konsert efirdə göstəriləcək. Anam rəhmətliyə dedim ki, ana, sən istədiyin muğamı oxumuşam. Atamın bir vaxtlar oxuduğu muğamı:
Dil bilən, söz anlayan bir nazlı yar istər könül,
Lalədən, güldən gözəl bir növbahar istər könül.
Etibarın görməyincə sevmərəm bir dilbəri,
Nazənin mehparələrdən etibar istər könül.
Anamın bu qəzəldən çox xoşu gəlirdi. Muğamın xırdalıqları dəqiq olanda, gözəl olanda, həlim olanda yaxşı alınır. Dedim, ana, Allaha and olsun ki, oxumuşam, özü də qəşəng, belə zil segah eləmişəm ey, əsl sən istədiyin kimi. Anam çox sevindi. Mən həsrətlə o günü gözləyirdim. Müəyyən olunmuş gündə konsertin çəkilişini efirə verdilər. Hamımız oturub baxırıq. Birdən sevincək dedim ki, hə ana, bundan sonra mənəm. Amma mənim oxumaq məqamımda hiss etdim ki, montaj oldu və zalın lüstürünü göstərdilər. Sonra da elan elədilər ki, oxuyur Yalçın Rzazadə. Donub qaldım. Aa… axı o məndən sonra oxumalı idi?! Düşündüm ki, bəlkə məni sonraya saxlayıblar. Və yenə də ümidimi itirmirəm, gözləyirəm. Bu vaxt elan etdilər ki, Zeynəb Xanlarova oxuyacaq. Vəssalam. Konsert qurtardı.
Yadımdadır ki, evdə böyük bir sükut vardı. Mən evdəkilərin üzünə baxmağa utanırdım. Mənə paxıllıq edənlərin yerinə utanırdım. Anam da mənə görə çox pis oldu. Əlini çiynimə qoyub dedi:
- Heç narahat olma, qızım. Ürəyini qətiyyən sıxma. Bu sənin bəxtindir. Bəxtinlə razılaşmalısan. Eybi yox, gələn dəfə oxuyarsan.
Özümdə güc tapıb rəhmətlik Şahinə (Şahin Əlibəyli - red.) zəng elədim:
- Şahin, nə olub, nə məsələdr? Niyə mənim çıxışımı efirə vermədiniz?
İndiki kimi yadımdadır, belə dedi:
- Bilirsiniz, Nisə xanım, Rafiq Cəbiyev belə məsləhət gördü.
- Niyə?
- Çünki mahnı çox alınmışdı. Əvvəlcə istədik ki, muğamı götürək, iki mahnı qalsın. Alınmadı. Sonra da istədilər mahnının əvvəlini çıxartsınlar, muğam qalsın, onda baxdıq ki, mahnıdan heç nə qalmır. Sonra dedilər ki, gülvermə səhnəsini çıxardaq, mahnının axırı kəsilsin. Bu da düz gəlmədi. Axırda da dedilər ki, hamısını çıxardın. Buna görə də mümkün olmadı.
Yüz faiz bildim ki, bunlar bəhanədir. Necə yəni mümkün olmadı? Mən mahnıdan mahnıya keçid edirdim, yəni bir bənd o mahnıdan, bir bənd də bu mahnıdan oxuyurdum, ortada da muğamdır, yəni 3 bəndlik mahnı oxumuşam. Bunun nəyi çox oldu? İndiyə qədər də bunu başa düşə bilmirəm. Siz görsəydiniz, mənim səhnəyə gəlişimi necə alqışlarla qarşıladılar… Muğamı zil segah üstündə oxuyanda isə zal alqışdan titrəyirdi. Hamısı bəhanə idi. Xarici səfərlərə də yollarımı bağlamışdılar, qoymurdular.

-Niyə, səbəb nə idi?
-Adlarını çəkmək istəmirəm, müəyyən təşkilatlar, müəssisələr məni xarici səfərə göndərəndə mütləq işi elə qururdular ki, mənim xaricdə otağım tək olmalıdır. Bu da aydın məsələdir ki, nə deməkdir.Yəni filankəsov filankəsin mənə gözü düşüb. Amma filankəsov filankəs yaxşı bilirdi ki, gözü mənə düşsə, mənim qolumdan belə tutsa, külqabı gələcək onun təpəsinə. Mən deyirdim ki, qardaş mən bura əxlaqsızlığa gəlməmişəm. Ona görə də sərfəli müğənni olmadığım üçün məni xarici səfərlərdən uzaqlaşdırdılar.

-1990-cı illərdə Moskvaya gedişinizin sizə olan haqsızlıqlarla əlaqəsi vardımı?
-Bəli, var idi. Bilirsiniz ki,1996-97-ci illərdə ilk əyləncəli şou-proqramını mən eləmişəm. AzTV-də "Ulduzlar görüşəndə" proqramı ilə. Məqsədim o idi ki, mənimlə küsülü olan müğənnilər vardı o vaxt, mən cavan da olsam çox istəyirdim barışıq olsun. Ömür əbədi deyil. Bir gün gələn, bir gün də gedəcək. Allah hər bir insana ona layiq olan qabiliyyətini, ayrıca taleyini verir. Axı biz nəyi paylaşmırıq? Cavabı budur: hansısa bir nailiyyəti, uğuru. Bəli, kiminsə uğurunu kiminsə gözü götürmür. Bax, faciə bundadır. Moskvaya gedişim də elə-belə olmadı. "Ulduzlar görüşəndə" teleşousunda mən dekolte geyinmişdim. Adi dekolte. İnsanı xalqın gözündə utanca vardırmayan bir dekolte. Bu gün anam rəhmətliyin sözü olmasın, tumançaqlar, yaxası-başı açıqlar, abır-həya bilməyənlər efirlərdədir. İnsanların gözünü mazol ediblər. 1995-ci illərdə mən Moskvanın iki nəhəng konsert salonuna dəvət aldım. Dəvəti qəbul etdim. Çünki maddi vəziyyətim ürəkaçan deyildi. Çox sənətçilər öz var-dövləti ilə gündəmdə idilər. Vaxt vardı ki, Nisə Qasımovanın adının yanında heç vaxt demirdilər ki, imkanlıdır, villası var. Bir ad, bir familiya bəs eləyirdi. Mən hiss etdim ki, bəzi çevrələrə, bəzi qruplaşmalara bu lazımdır ki, Nisəni məzlum, ruhdan düşmüş görək. Bu isə çox toxunurdu mənə. Mən o vaxtlar "Cıdır" restoranında işləyirdim. İlk əyləncəli şou-proqramı da mən orada yaratmışam. 1994-cü ildə. Allah ulu öndərimizə rəhmət eləsin. Tam müstəqilliyimiz olandan sonra mən şüurlu surətdə bildim ki, bəli, hər bir müğənni istənilən məkanda, istənilən yerdə sərbəst, müstəqil bir proqram yarada bilər. Əvvəlki sovet dövrü deyildi ki, mən toylara getməyim. İnanın, səmimi deyirəm, mən sovet dövründə heç bir toya getməmişəm.

-Amma dəvətlər olurdu, şübhəsiz?
-Bəli, dəvətlər olurdu. Rəhmətlik Elşad Quliyevə (Az.TV-nin keçmiş rəhbəri - red.) nə qədər zənglər gəlirdi mənə görə. Yəqin ki, oğlu Cəmil bilər, Elşad müəllimə zəng edib deyirdilər ki, təzə bir maşının açarını verirəm ona, istədiyi qədər də pul verirəm, gəlsin əkiz qızlarımın toyunda oxusun. Bəlkə də çoxları biləcək söhbət kimdən gedir. Amma mən toylara getmirdim.

-Dövlət adamı idi?
-Yəqin ki, dövlət adamı idi. Çox imkanlı bir şəxs idi. Hərdən düşünürəm ki, bəlkə də belə dəvətləri qəbul etsəydim, məsələn, mənə təklif olunan çox bahalı neçə karat dəyərində bir brilyant üzüyü alsaydım, mən indi ömrümün axırına qədər nəslimi də onunla təmin eləyərdim. Belə şeylərdən hər zaman qaçmışam, ona görə yox ki, mən qürurluyam. Xeyr, qürur ayrı məsələdir. Ona görə razılaşmamışam ki, mən sovet dövrünün uşaqlarından idim. Əsl vətəndaş kimi sovet tərbiyəsi almışdım. Amma sonra gördüm ki, camaat artıq belə şeylərə fikir vermir. Daha çox maddiyyata fikir verirlər. Və Moskvaya getdim. Orada iki konsertdən sonra bir neçə el şənliklərinə, toylara dəvət aldım və düşündüm ki, bir müddət pulumu-paramı qazanım. Beləliklə, orada qaldım. Və qala-qala daha çox düşünməyə başladım. Sənətə gəldiyim ilk vaxtlarda kəsilən qol-qabırğam, "döyüldüyüm", xarici səfərlərdən uzaqlaşdırıldığım vaxtlar - hamısı bir-bir gözümün qabağına gəldi. Dedim mən niyə getməliyəm Azərbaycana? Beləcə üç il orada qaldım. Amma vətən həsrəti çəkib gətirdi. Və mən qayıtdım!

-Bir mahnınızda deyildiyi kimi, "Mən yenə qayıtdım!".
-Bəli. Qayıtdım - ona görə ki, mən vətənsiz-anasız yaşaya bilməzdim. İnsan vətənini kənarda daha çox hiss edir.

-Nisə xanım, o vaxtlar sizə ən çox simpatiya göstərən kişilər idi. Hətta mənim yaxın qohumumun ailəsində belə bir hadisə olmuşdu ki, evin kişisi sizə olan rəğbətini gizlətmədiyinə görə evində tez-tez dava-dalaş olurdu…
-(Ürəkdən gülür). Vallah mən bilmirdim bunu. Amma bir həqiqəti sizə açıqlayım ki, dərdimdən dəli olanlar çox idi. İnanın, tam səmimi deyirəm. Çox vaxt qaçıb gizlənirdim. Vaxtım olmurdu. Tutalım ki, hardasa bir konsertim olacaqdı. Çıxışıma 10 dəqiqə qalmış gəlirdim konsertin baş tutacağı məkana. Mahnını oxuyub qurtarırdım. Başımı salırdım aşağı, şərfimi bağlayırdım ağzıma, qaçırdım maşına, maşın da evə. Yəni bir adamla ünsiyyət eləməyə nə özümə, nə də qarşı tərəfə imkan vermirdim.

-Sizə sevgi etirafı edən olubmu?
-Olub. Bir dəfə maraqlı bir hadisə oldu. Bir restoranda oxuyurdum. Oradan çıxanda gördüm ki, çox yaraşıqlı bir kişi, yanında da 29-30 yaşlarında bir qızla yaxınlaşdılar mənə. Kişi dedi ki, Nisə xanım, tanış olun, bu mənim qızımdır, adı da Nisədir. Dedim çox sağ olun ki, mənim adımı vermisiniz. Dedi yox, bunun bir səbəbi var. Dedim nədir? Gördüm kişi orada haldan-hala düşdü. Qızı da elə gözəl baxışlarla mənə baxırdı ki, elə bil doğma bir insana baxırdı. Heç demə, bu yaraşıqlı kişi vaxtilə vurulubmuş mənə. Hər gün gələrmiş Az.TV-nin yanına ki, məni görsün, sevgisini bildirsin. Bəzi hallarda məni görərmiş, yaxınlaşa bilməzmiş. Bəzən gözləyərmiş, gözləyərmiş, çıxıb gedərmiş. Evlənmək istəyirmiş mənimlə. Mən də ki, imkan yaratmırdım. Axırda başqası ilə evlənir. Və qızı doğulur, adını da qoyur Nisə. Özü danışırdı ki, evdə də bunu bilirlər. Dedi, siz mənim ilk məhəbbətim olmusunuz. Sizə çox vurğun olmuşam. Görünür, bu da bir qismət, alın yazısıdır. Nə etmək olar ki?

-Sizi bu qədər sevən, vurğun olan kişilər olub. Bəs sizin özünüzün necə, ürəkdən, qəlbdən bağlandığınız bir insan olubmu həyatınızda? İstərdim, səmimi cavab verəsiniz…
-Mən çox gənc yaşlarımda bir qohumumu sevmişəm. Çox sevmişəm. Amma alınmadı. Onun öz taleyi oldu, mənim öz taleyim. Oxuduğum mahnılarda kiçik də olsa, onun ünvanına sevgi mesajları göndərmişəm. Sonradan, əlbəttə ki, açıqlamayacağam, uzaqdan-uzağa sevdiyim, simpatiya bəslədiyim insan olub. Ümumiyyətlə, sevgi, ailə qurmaq haqqında düşünəndə həmişə məyus oluram. Əlbəttə, mənim taleyimi yaşayan neçə-neçə xanımlarımız, qızlarımız var. Amma «El» dərgisi elin dərgisi olduğu üçün burda açıqlayıram, etiraf edirəm: Bəli, mən bir qadın kimi peşmanam ailə qurmamağıma, dünyaya övlad gətirmədiyimə, o ağrıları yaşaya bilmədiyimə görə. Çox peşmanam (kövrəlir).

-Bəlkə buna görə "Məni duya bilən bir eşq aradım, içimdə boşluqdu, talandı dünya" dediniz?
-Bilirsiniz, heç kəs öz gələcəyini əvvəlcədən bilmir. Yalnız Allahdan başqa. Əgər insan 10-15 il sonra onu nələr gözlədiyini, insanların etibarsızlığını, riyakarlığını görə bilsəydi, yəqin ki, həyatında səhvlərə yol verməzdi. Amma…

-Nə etmək olar, Nisə xanım. Həyat təzadlar üzərində qurulub. Özünüz demiş, bu da bir tale, bir qismətdir. Amma bildiyimizə görə, bu gün sizi tək qoymayan mənəvi övladınız, gəlininiz, nəvələriniz var...
-(Üzünə təbəssüm qonur). Hə, elədir. Allah-Taala bütün çəkdiklərimin müqabilində mənə elə bir gəlin nəsib eləyib ki, o mənim üçün qızı da, gəlini də, doğma övladı da əvəz eləyir. Mən anamı itirmişəm, zamanla maksimum çalışır ki, ana dərdimi unutdursun mənə. İnanın, səmimi deyirəm. Qohum-qardaşda mən elə gəlinlər görmüşəm ki… Həmişə bütün rəfiqələrimə, dostlarıma deyirəm ki, Allah-Taala sizə Samirə kimi bir gəlin yetirsin. Gəlinim gözəldir. Amma xasiyyəti ondan da gözəldir. Bilirsiniz, Allah-Taala bir tərəfdən kəsəndə bir tərəfdən verir. Önəmli olan Allahın verdiklərinə qane olmaqdır.

-Nisə xanım, bu gün də sizi sevən, dəyər verən və qiymətləndirməyi bacaran geniş tamaşaçı auditoriyası var. Sizin çox məşhur bir mahnınızda deyildiyi kimi: "Mən bu elin qızıyam, anamdır Azərbaycan".
-Bəli, mən bu xalqın, bu elin qızıyam. Xalqımın adını həmişə hər yerdə uca tutmağa çalışmışam. Və çox sevinirəm ki, xalq özü hər şeyi saf-çürük edir, əsl sənətkara dəyər verməyi bacarır. Əgər mən bu gün az da olsa, xalqın hörmətini qazana bilmişəmsə, şair demişkən, yaşamağa dəyər!

Spotlar

Çox olub ki, susmuşam, amma bu günə qədər demədiyim, açıqlamadığım bir fikri sizinlə bölüşmək, etiraf etmək istəyirəm

Yaxşı bilirdi ki, mənim qolumdan tutsa belə, külqabı gələcək onun təpəsinə. Qardaş, mən bura əxlaysızlığa gəlməmişəm axı…

Mən öz potensialıma bələd idim, bilirdim ki, bu obrazı oynaya bilərəm. Amma qoymadılar. Bir gün Mədəniyyət naziri zəng vurdu

Gördüm yaraşıqlı bir kişidir, yanında da bir qız, durublar AZTV-qabağında. Mən keçib getmək istəyəndə yaxınlaşdılar mənə

Bir gün zəng gəldi, imkanlı bir şəxs dedi ki, təzə bir maşının açarını, brilyant üzük, pul verirəm, gəlsin əkiz qızlarımın toyunda oxusun

Yüz faiz bildim ki, bunlar hamısı bəhanədir. Necə yəni mümkün olmadı? İndiyə qədər də bunu anlaya bilmirəm…

Dedi, mənim bura gəlməyimin başqa bir səbəbi var. Dedim axı nədir səbəbi? Gördüm kişinin rəngi dəyişdi, haldan-hala düşdü…

Sevincək anama dedim ki, bundan sonra mənim ifam olacaq. Birdən baxdım ki, montaj oldu və zalın lüstürünü göstərdilər

Mənə sevgi etirafı edənlər, dərdimdən dəli olan pərəstişkarlarım çox idi. Bir dəfə konsertdən sonra bir əhvalat baş verdi

Onun öz taleyi oldu, mənim öz taleyim. Oxuduğum mahnılarda kiçik də olsa, onun ünvanına sevgi mesajları göndərmişəm


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4270   Tarix: 29 mart 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toydan sonra alma sirkəsi ilə çimdiklərini açıqladı

Üçüncü dəfə ailə quran türkiyəli aparıcı Burcu Esmersoy nəzərə gəldiyini açıqlayıb. Axşam.az xəbər verir ki, bu səbəbdən aparıcı Nazım Akmandillə ailə qurduqdan sonra pis gözlərdən qorunmaq üçün sirkəli su ilə çimdiklərini etiraf edib. "Sirkəni çox sevirəm. Bəzən ərimin üstünə də tpkürəm. Toyda

21.04.2024 873
.

Popstar Bayhanın SON HALI - TANINMAZ HALDA + FOTO

Türkiyədə keçirilən "Popstar" yarışmasına qatıldıqdan sonra məşhurlaşan Bayhan uzun müddət sonra gündəmə gəlib. xəbər verir ki, o, ifa etdiyi "Fly Me To The Moon" mahnısını sosial media hesabında paylaşıb. Uzun müddət sonra kamera qarşısına keçən Bayhanın son halı maraqla qarşılanıb

21.04.2024 1343
.

Qarabaşaq yarmasını bir də bu cür bişirin - TƏƏCCÜBLƏNƏCƏKSİNİZ

Bəzi insanlar qarabaşaq yarmasını bişirməzdən əvvəl isladır, bəziləri isə qızadır. xarici mətbuata istinadən xəbər verir ki, bunun qarabaşaq yarmasının formasını saxlamasına və dadını maksimum dərəcədə artırmasına kömək etdiyinə inanılır. Bundan əlavə qarabaşaq yarmasını islatdıqdan sonra bir qaşıq limo

20.04.2024 792
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 1997
.

"Düzgün yolda deyillər"

Xalq artisti Nazpəri Dostəliyeva açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, sənətçi "Tarixin bir günü" verilişində gənc müğənnilərdən danışıb və onların düzgün yolda olmadıqlarını deyib. "Əslində bir nəfərin fikri çox azdır. Akademiyada, İncəsənət Universitetində, Milli Konservatoriyad

20.04.2024 556
.

O da "Korkma ben yanındayım"da olacaq - Foto

"Korkma ben yanındayım" serialının heyətində dəyişiklik edilib. Axşam.az xəbər verir ki, ekran işində aktyor Beran Kotan rol alacaq. O, layihədə "Okan" obrazına həyat verəcək. Qeyd edək ki, serialın baş rollarını Nilsu Berfin Aktaş və Eren Ören canlandırır

21.04.2024 503
.

Vüsalə mini ətəkdə əyləşib ELƏ POZ VERDİ Kİ... - FOTOLAR

Məşhur aparıcı Vüsalə Əlizadə sosial mediada paylaşımı ilə diqqətləri cəlb edib. BİG.AZ xəbər verir ki, aparıcı "instagram" hesabında fotolarını yayımlayıb. Vüsalənin mini geyimdə cazibədar görünüşü diqqət çəkib. Sözügedən fotoları təqdim edirik:

21.04.2024 2744
.

Lalədən qalmaqal yaşadığı Cavanşir Məmmədovla bağlı paylaşım

Aparıcı Lalə Azərtaş qalmaqal yaşadığı mərhum Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. OLAY yazır ki, o, instaqramın hekayə bölməsində müğənninin ölüm xəbərini paylaşaraq "Allah rəhmət etsin", - deyə, bildirib. Qeyd edək ki, bir müddət öncə C. Məmmədovla Azərtaş arasında gərgi

20.04.2024 2236
.

Camillanın heyran edən "Şirin dil"i – VİDEO

Gənc və istedadlı müğənni Camilla yeni ifasını təqdim edib. xəbər verir ki, sənətçi, məşhur bəstəkar Emin Sabitoğlunun dillər əzbəri olan "Şirin dil" əsərinə yeni nəfəs verib. Elvin İmanovun aranjımanı və rejissor Ramal Nəsiblinin ekran işi ilə möhtəşəm iş ərsəyə gəlib. Camillanın "Şiri

23.04.2024 382