Uşaqlarda erkən sevgi hisslərinin yaranma səbəbləri: İntihara meyllilik... - AÇIQLAMA
"Əgər bu gün valideyn övladını nəzarətdən kənarda qoyarsa, fikirlərini önəmsəməsə uşaq özünü boşluqda hiss edib, axtarış içərisində olacaq".
Bunu BiG.AZ-a açıqlamasında psixoloq Könül Telmanqızı deyib.
Könül Telmanqızı qeyd edib ki, ətrafda dost axtarışı sevgiliyə də çevrilə bilər: "Sonda, əlbəttə, bu axtarış müəyyən etaplara keçir. Uşaqlardakı boşluqları valideynlər doldurmalıdır. Təəssüf ki, bunu valideynlər görə bilmirlər. Fikirləşirlər ki, bütün sevgimi uşağıma verirəm. Övladına lazım olan yöndən yanaşmırlar. Valideyn ilk olaraq övladının hərəkətlərinə diqqəti artırmalıdır. Əgər valideyn övladının hərəkətlərində yenilik görərsə müəyyən addımlar atmalıdır. Səbəbi axtarılmalıdır. Valideyn bununla bacara bilmirsə, psixoloqa müraciət etməlidir. Artıq psixoloq valideyni söhbətə qataraq ikili danışıqlar aparmalıdır. Burada uşaq valideynindən nə istədiyini açıq şəkildə bildirəcək. Bu gözləntilər beynində tamamlanarsa uşaqlar ətrafda heç nə axtarmayacaq. Yenilik təhsil istiqamətində olacaq. Valideynlər dostcasına söhbət aparmalı, bacardıqları qədər övladlarına çoxlu vaxt ayırmalıdır".
Psixoloq vurğulayıb ki, valideynlər uşaqların seriala olan marağını izləməlidir: "Övladını düşünüb həmin serialı izləməkdən imtina etməlidir. Uşaqlar özlərinə bir dünya yaradırlar. Həmin dünyanın içərisində kəşflər etməyə çalışırlar. Hətta izlədikləri serialdakı aktyorlar kimi hərəkət edirlər. Bir anlıq süni dünyanın içərisinə düşürlər. Psixoloji baxımdan uşaq özünü o dünyada hiss edir. Özünü inandırmağa çalışır. Əgər kənarda bu cür hərəkətlər edirsə artıq evdə də təkrarlayır. Valideyn fərqliliyi hiss etsə də əsas nöqtəni tuta bilmir. O, kökü axtarıb tapmaq əvəzinə valideynlər problemdə köklənib qalırlar. Problemi ətrafda müzakirə etməyə başlayırlar. Müzakirə etmək əvəzinə problemin həlli yolunu tapsalar hətta gələcəkdə yaranacaq intihara meylliliyin qarşısı alınacaq".
Könül Telmanqızı bildirib ki, həyat yoldaşlar arasında problem varsa, uşağa vaxt ayrılmırsa bu cür ailələrin övladlarında problemlər daha çox olur: "Uşaqlar ətrafa mən bunu edə bilirəm deyə örnək olmağa çalışırlar. Bu tipli uşaqlar digərlərinin də psixologiyasına pis təsir edə bilər. Bu cür uşaqlar qəbul edilə də bilərlər və yaxud da ətrafdan yoldan çıxarıla da bilərlər. Belə uşaqların sayının artmaması üçün psixoloqlarımız çoxlu çalışmalıdır".
Psixoloq onu da qeyd edib ki, məktəblərdə psixoloqlarımızın sayı azdır: "Bir psixoloq o qədər şagirdin öhdəsindən gələ bilməz. Hər məktəbə ən azı 2 psixoloq lazımdır. Psixoloqlar siniflərə girib testlər aparmalıdır. Bəzi məktəblərdə psixoloqlar işlərini düzgün qurmurlar. Mən istərdim ki, psixoloqlarımız can yandırsın, işlərini sevsinlər. Təhlükəli gördüyü uşağı ən azından yola gətirməyə çalışsınlar. Psixoloqlar uşağın xəbəri olmadan valideynlə danışmalı, ailə ilə işləməlidir. Məktəbdə baş verəcək neqativ halların qarşısını ilk öncə psixoloq almalıdır. Psixoloq şagirdlər arasında test apararaq hansı uşağın necə olması barəsində məlumatlı ola bilər. İstərdim ki, məktəblərdə psixolq işi gücləndirsinlər. Hər məktəbdə də ən azı iki psixoloq fəaliyyət göstərin. Düşünürəm ki, sonuncu dəfə məktəbdə baş verən neqativ hadisənin qarşısını psixoloq ala bilərdi".
Aysel Yusifqızı
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş