Səyavuş Aslanın oğlu acınacaqlı vəziyyətə düşdü: "İsti ocağa, bir qab yeməyə möhtacam..."

Səyavuş Aslanın oğlu acınacaqlı vəziyyətə düşdü: "İsti ocağa, bir qab yeməyə möhtacam..."Tanınmışların təkcə özləri deyil, onların ailə üzvləri, yaxınları da hər zaman maraqlı olub. Bəzi tanınmışlar sağlıqlarında məşhurluğun zirvəsinə qalxmağı bacarıb, bəziləri unudulmuş, sönmüş ulduzlara çevrilərək ömürlərinin son günlərini yaşayıblar. Beləcə, hərənin bir ömür yolu, hərənin bir həyat nağılı yaranıb...

İstənilən halda tanınmışların ailəsi, övladları hər zaman maraq yaradıb. Bu səbəbdən də daim ictimai kəsimin diqqətində olan kəslər hərəkətlərində, davranışlarında daha çox məsuliyyətli olmağa çalışırlar. Amma bu, həmişə belə olmur.

Belə demək mümkündürsə, tanınmışların həyat yoldaşları, övladları, bacı-qardaşları olmaq, elə məşhur olmaq qədər məsuliyyətlidir. Çünki onların da atdıqları hər hansı bir səhv addım geniş kütlənin marağına səbəb ola bilir.

Bəs, tanınmışlar dünyasını dəyişdikdə necə, onların ailə üzvləri diqqətdən kənarda qalırmı? Məşhurların ailələri onlar dünyalarını dəyişdikdən sonra necə yaşayır, zaman-zaman ailələri onların yoxluğundan əziyyət çəkirmi, onların adı lazım gələndə övladlarına kömək ola bilirmi?

Elə bu sualların axtarışı ilə mərhum sənətkar, xalq artisti Səyavuş Aslanın ailəsinin axtarışına çıxdıq. Oğlu Çingiz Aslanı axtarıb tapdıq. Səyavuş Aslanın dünyasını dəyişdikdən sonra övladlarının yaşam tərzi ilə maraqlandıq.

Yeri gəlmişkən, onu da xatırladaq ki, Səyavuş Aslanın son müsahibəsi məhz "Şərq"ə olub. O zaman xalq artistinin oğlu Çingiz Aslanın köməyi ilə Səyavuş Aslanla görüşdük. Son müsahibəsini verdiyini hiss edirmiş kimi günahlarını etiraf etdi. Səhvlərindən, ömür yolundan danışaraq ağladı. Hətta müsahibə zamanı özü də ağır bir yükdən qurtulurmuş kimi bir anda otaqdan eyvana çıxaraq ürəkdən bir ah çəkdi... "Heyf ki, həyatımın sonu belə oldu" deyib, gözünü yola dikərək hönkür- hönkür ağlamışdı.

Həmin tarixi müsahibədən bir hissəni təqdim edirik:

- Necəsiz, Siyavuş müəllim?

- Yaxşıyam, qızım. Lap yaxşıyam. Bir az qocalmışam deyəsən... (susur)

- Səhnə üçün darıxırsız?

- Yox, darıxmıram (doluxsunur). Hərdən darıxıram. Nə bilim... Köhnə sənət dostlarım üçün darıxıram. Teatr əvvəlki teatr deyil axı.

Öləndən sonra istəmirəm desinlər ki, kimdənsə nəsə istədi, kiməsə ağız açdı, kömək istədi. Mənə bu yaşda yaraşmaz ki, gileylik edib, kimdənsə kömək istəyim. Səhvlərim çox olub. Günahlarımın olduğunu bilirəm. Amma peşmanam. Həyatımdakı yaşananlar üçün bu gün daha çox peşmanam. Amma çox gecdi (Sözünü bitirməmiş, hövsələsi daraldı, divandan durub eyvana keçdi. O anları sözlə ifadə etmək mümkün deyil. Sanki qəm yükü daşıdı o anda özü ilə. AĞIR BİR YÜK!!! Eyvandan uzun müddət ətrafı, insanların şütüyən, harasa tələsən izdihamını izlədi. Deyə bilmərəm tam olaraq o anda nələri, kimləri yada saldı. Nə düşündü? Ancaq mənalı-mənalı açıq səmanı seyr etdi. Gözləri doldu. Üzünü çevirdi ki, süzülən göz yaşını görə bilməyək. Bir ah çəkdi. Mən belə ah çəkən görməmişdim. Səyavuş Aslanın qəlbində qubar bağladığı iztirab, həsrət, ağrı - o " AH..." sanki bir anlıq Bakının mərkəzi küçəsində yaşanan o dinamik həyatı dondurdu).

Yenidən otağa dönən Səyavuş Aslan bir az toxtadıqdan sonra:

- Qızım, mən elə sənətkarlar, insanlar görmüşəm ki, bu gün belələri yoxdur. O zamanlar yaxşı dostlarım olub. Rəhmətlik Səməndər Rzayev, Nəsibə xanım Zeynalova, Həsənağa Turabov, Kamal Xudaverdiyev... Nə bilim e... çox sənətkarlar olub. Özləri kimi dostluqları da möhkəm, vəfalı idi (gözləri doldu). Hərdən o günlər üçün darıxıram.

- Nə qədər təqaüd alırsız? Çatır sizə?

- (Sakit şəkildə) Şükür Allaha! Nəyə ehtiyacım ola bilər ki?

Yenə əsl sənətkar qüruru onu danışmağa qoymadı. Demədi ki, problemlərim var, aldığım pul ancaq dava-dərmana çatır. Bu məqamda xalq artistinin qulluqçusu (adının çəkilməsini istəmədi) bildirdi ki, Səyavuş müəllim o qədər qürurludur ki, ac qalsa da, onu kimsəyə deməz. Oğlu Çingiz də atasına oxşayır. Çingiz müəllimlə də bir az söhbət etdik. Demək istəməsə də, öyrəndik ki, maddi çətinlikləri var. Atasının aldığı təqaüd onun dərman puluna ancaq yetir.

Və illər sonra Səyavuş Aslansız keçən günlər...

İllər sonra yenidən Səyavuş Aslanın oğlu Çingizlə əlaqə yaratdıq. Səsimizdən tanıdı. Sanki axtarırmış kimi tanış səsinə ehtiyacı vardı. Hönkürərək ağladı. Evimizə gələn son jurnalist olmusuz deyərək imdad istədi. Maraqlandıq. Zamanında xalq artisti Səyavuş Aslan heç kimə ağız açmasa da, qüruruna sığınıb həyatının son çətin günlərində belə kimdənsə imdad istəməsə də, oğlu Çingiz çarəsizliyindən gileyləndi. Qürurlu sənətkarın həyat qarşısında aciz qalan oğlu ilə söhbətə başladıq. Demək ki, həyatda bunlar yaşana bilirmiş...

- Niyə bu qədər niskilli səslə ağlayırsız, Çingiz müəllim?

-Dərdliyəm, köməyinizə ehtiyacım var. Çox acınacaqlı bir duruma düşmüşəm. İşsiz, evsiz bir insanın həyatı necə ola bilər?

- Niyə evsiz qalmısız. Səyavuş müəllim rəhmətə gedəndən sonra yaşadığı ev necə oldu?

- Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdı. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tüfeyli bir həyat yaşayıram.

- Səyavuş müəllimdən sonra niyə evi satmaq məcburiyyətində qaldız?

- Xəstə insanam. Ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min manat, min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram.

- Yəni, bu itkiylə, oğurluqla bağlı hüquq-mühafizə orqanlarına məlumat vermədiz?

- Niyə ki? Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındı mənim evimin pulunu oğurlayanlar tapılmayıb. Mənimlə maraqlanan yoxdu. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar. Yəni Milli Parkda kameralar yoxdu, mən yıxılanda mənə yaxınlaşanın kim olduğunu öyrənmək bu qədərmi çətindi? Bu insafdandı ki, qışın günündə orda-burda, kirayələrdə qalıram.

- Səyavuş Aslanın oğlu bu duruma necə düşə bildi? Axı siz tanınmış sənətkarın övladısız. Çoxları sizlərin həyatına həsəd aparıb...

- Bəli, atam gənc ikən qibtə olunası həyatımız olub. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkmişəm. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim.

- Bəs ailəniz necə, varmı?

- Ailəm yoxdu, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiz. Bəlkə səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar bəlkə.

- Heç atanızın adı sizə kömək olubmu həyatda?

- Təbii, sağ ikən atamın adı gələn yerdə hər zaman hörmət-izzət görmüşəm. Ancaq atam qürurlu idi. Heç kimin qapısını döyüb xahiş etməzdi. Amma gənc yaşlarımızda atamın adı bizə təbii ki, kömək olurdu. Ağlıma belə gəlməzdi ki, bir gün belə bir həyatı yaşamağa məcbur qalaram. Müalicə almağım vacibdi. Amma dava-dərmana imkanım çatmır. Dava-dərman bir kənara, elə gün olur ki, bir qab yeməyə möhtac qalıram. Nə maraqlananım var, nə qapımı döyənim, nə də axtaranım. Həyatın acımasız olduğunu eşitmişdim. Amma onun gerçək üzünü bu gün görənlərdənəm. Sadəcə sizdən mənə kömək etməyinizi istəyirəm.

"Şərq" qəzeti


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4856   Tarix: 14 dekabr 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Rusiyada səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə aprelin 22-də Moskvaya işgüzar səfərə gedib. xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında dövlətimizin başçısını Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin və digə

22.04.2024 261
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 199
.

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Xəbər verdiyimiz kimi, keçən həftə Dubayda kəskin yağışlar yağıb. BİG.AZ xəbər verir ki, artıq şəhərdə hava şəraiti düzəlib. İntensiv leysana görə işini dayandırmış Dubay aeroportu fəaliyyətini tam bərpa edib. Hadisə zamanı itmiş çantaların sahiblərinə qaytarılması prosesi hələ başa çatmayıb

22.04.2024 330
.

İsrail əsgərləri Qərbi Şəriyədə 3 fələstinlini yaralayıb

İsrail əsgərləri işğal altında olan Qərb sahilində yerləşən Nablusun Beita yaşayış məntəqəsində hücum edilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 3 fələstinlini yaralayıb. Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Açıqlamada İsrail əsgərlərinin Beita qəsəbəsində iki uşaq da daxi

22.04.2024 137
.

"Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistana qarşı apardığımız mübarizədə qələbə qazandıq"-POLİTOLOQ

"Ermənistanın Tavuş bölgəsi ilə həmsərhəd Qazax rayonuna aid edilən 4 məlum kəndin Azərbaycana qaytarılması haqqında əldə edilmiş razılıqlar tərəflər arasında demarkasiya məsələlərinin həllində ilk ciddi uğurdur və bu uğura görə Azərbaycan heç şübhəsiz ki, son 20 ildə onun dövlət idarəediciliy

22.04.2024 220
.

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - FOTO

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti pisləşib. Bu barədə onun qızı Əminə Sadıqova Manşet.az-a məlumat verib. Onun dediyinə görə, F.Sadıqov təcili paytaxtda yerləşən özəl xəstəxanalardan birin

22.04.2024 699
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22.04.2024 406
.

Gəncədə 28 yaşlı oğlan intihar etdi

Gəncədə intihar hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin Xudatrəfibəyli küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan 28 yaşlı Məzahir Nuriyev atasına məxsus ov tüfəngindən atəş açmaqla özünü öldürüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. İntiharın səbəbləri məlum deyil

22.04.2024 360
.

Rusiyanın Voronej şəhərində fabrikdə baş verən yanğında 3 nəfər ölüb

Rusiyanın Voronej şəhərində elektromexanika zavodunda baş verən yanğın nəticəsində 3 nəfərin ölüb, 2 nəfər yaralanıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib. Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Bildirilib ki, yanğın söndürülüb, başvermə səbəbləri araşdırılı

22.04.2024 197