Tibb Universitetində meyit qıtlığı - Gələcəyin həkimləri təcrübə keçə bilmir

Tibb Universitetində meyit qıtlığı - Gələcəyin həkimləri təcrübə keçə bilmir

"Universitetdə meyit qıtlığı var. Tələbələr öyrənmək üçün əyani material almır. Bizə meyit daxil olmur və təbii ki, eksponatlar hazırlanmır".
BiG.AZ medicina.az-a istinadən xəbər verir ki, bu sözləri Tibb Universitetinin İnsan anatomiyası kafedrasının rəhbəri Vaqif Şadlinski deyib. O bildirib ki, kafedra illərdir, meyit qıtlığından əziyyət çəkir. Şadlinskinin sözlərinə görə, bu defisit təkcə ATU-da deyil, bir çox ölkələrdə var: "Tələbələr insan bədəninin quruluşunu meyit üzərində və yarılma prosesində izləyib öyrənməlidir. Dərini çıxardaraq biz onlara ölmüş insanın daxili quruluşunu göstəririk. Amma son zamanlar meyit çatışmazlığı var.

Yalnız Hindistan və Banqladeşdə bu sarıdan problem yoxdur, meyit bolluğu var. Hətta digər ölkələr onlarla müqavilə bağlayıb meyit əldə edirlər. Bizim bu kimi dövlətlərarası müqaviləmiz olmadığından, xaricdən meyit təminatı da mümkün deyil. Bir dəfə Türkiyədə konfransda yapon alimi çıxışında bildirdi ki, onlarda ayda bir dəfə televiziya ilə əhaliyə müraciət olunur ki, elmin, tibbin inkişafı naminə meyitlərini versinlər. Gələcəyin həkimlərinin meyit üzərində təcrübəsi, işi çox olmalıdır. Kafedrada meyit və orqanların saxlanılması üçün şərait var. Bu iş böyük əmək, əziyyət və maddi xərc tələb edir".

Tibb Universitetinin vacib tədris materialı olan insan meyitləri ilə təminatı məsələsi həll olunmazsa, tələbələr maket və videolarda gördükləri ilə kifayətlənməli olacaqlar.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 2026 Tarix: 07.12.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol