MDU-də HİCAB qadağası: Qanunvericiliyə ziddir- EKSPERT

MDU-də HİCAB qadağası: Qanunvericiliyə ziddir- EKSPERT

Bu il ali məktəblərə qəbul imtahanında iştirak edən Hüseynova Süsən Vüqar qızı 326 bal toplayaraq Mingəçevir Dövlət Universitetinin “Metodika” ixtisasına qəbul olub. Lakin universitet rəhbərliyi daxili nizamnaməni əsas gətirərək onun sənədlərini qəbul etməyib. MDU faktı təsdiqləyib və universitetin nizamnaməsində hicabla bağlı qadağa olduğunu bildirib.

BiG.AZ xəbər verir ki, sözügedən məsələni Axar.az-a şərh edən təhsil eksperti Kamran Əsədov isə bildirir ki, belə halların baş verməsi qanunvericiliyə ziddir:

MDU-də HİCAB qadağası: Qanunvericiliyə ziddir- EKSPERT

“2009-cu ildə qəbul olunmuş “Təhsil haqqında qanun”da Ali təhsil müəssisələri üçün hər hansı bir geyim normativi müəyyən edilməyib. Heç bir ali təhsil müəssisəsi insanları geyim formasına görə təhsil prosesindən yayındıra bilməz. Azərbaycan tolerant ölkədir. Azərbaycan dövləti ölkə ərazisində insanların inancından asılı olmadan bərabər yaşadığı bir yerdir.

Mingəçevir Dövlət Universiteti keçid balını toplayan, müsabiqə şərtlərini ödəyərək tələbə adını qazanmış şəxsi bu addan məhrum etməklə Azərbaycan dövlətinin dünyaya nümayiş etdirdiyi tolerantlıq prinsipinə qarşı çıxıb. Hesab edirəm ki, MDU-nin atdığı bu addım həmin şəxsin birbaşa qanunvericilik aktlarının tələblərinin ciddi şəkildə pozulması ilə müşahidə olunur. Buna görə də həmin şəxslər - sözügedən məsələ ilə bağlı qərar verənlər məhkəməyə cəlkb edilə bilər. Çünki DİM ali məktəblərə qəbul şərtlərini elan edərkən geyimlə bağlı orada hər hansı bir qeyd nəzərdə tutulmayıb. İnsanları hansısa bir geyim formasına görə təhsil almaq hüququndan məhrum etmək doğru deyil”.

Ekspertin sözlərinə görə, heç kəs hicab taxdığına görə təhsil almaq hüququndan məhrum edilə bilməz:

“Azərbaycanda yalnız məhkəmənin qərarı ilə müvafiq qanunvericilik aktlarına uyğun olaraq həmin şəxslərin hüquqları məhdudlaşdırıla bilər. Heç kim hicab geyindiyinə və ya örtük taxdığına görə abituriyenti qeydiyyata almaqdan imtina edə bilməz. Düzdür, Azərbaycanın mentaliteti var. Ali təhsil müəssisələrində şortik və ya açıq-saçıq geyinmək problem yarada bilər”.

K.Əsədov bildirir ki, geyimə müdaxilə ilə dini etiqadına görə kiminsə təhsil almaq hüququndan məhrum edilməsi tamamilə fərqli məsələdir:

“Məsələn, Bakı İslam Universitetinə hər kəs qaydaya uyğun olaraq bağlı geyimdə gəlməlidir. Bu zaman kimsə durub deyə bilməz ki, yox, mən gəlmirəm. Lakin ali təhsil müəssisələrində hicabla bağlı məhdudiyyət təbiq oluna bilməz, buna qanunvericilik imkan vermir. Daxili nizamnamə yalnız uniforma və ya açıq-saçıq geyimlərlə bağlı ola bilər”.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Təhsil Nazirliyinə sorğu göndərilib.
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 792 Tarix: 14.09.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol