Fəxrəddin Manafovun həyata keçirə bilmədiyi ARZUSU - İLK DƏFƏ AÇIQLADI

Fəxrəddin Manafovun həyata keçirə bilmədiyi ARZUSU - İLK DƏFƏ AÇIQLADI

Bu dəfəki müsahibimiz "Təhminə və Zaur" filminin baş qəhrəmanı olan Azərbaycan Respublilkasının xalq artisti Fəxrəddin Manafovdur.

- Xoş gördük, Fəxrəddin müəllim. Müsahibələrinizin birində oxumuşdum, uşaqlıqda oyun oynayarkən də aktyorluğa üstünlük vermisiniz. Elə sualımız da məhz bununla bağlı idi.

-Aktyorluğa sevginiz uşaqlıq illərinizdən qaynaqlanır, yoxsa sonradan yaranan bir sevgidir?

- O zaman mən sadəcə arzu edirdim ki, bu sənətə gəlim. Həmin vaxt sənətin nə dərinliyini bilirdim, nə də nə olduğunu bilirdim. Sadəcə arzu idi.

Hazırda bu sahəni sevdirən səbəb nədir?

- İlk olaraq hamıdan, hər kəsdən seçilmək, sonra isə onun dərin fəlsəfəsi.

- Sənətə teatrla başlayıb, kino ilə davam edirsiniz. Teatr və kino aktyoru olmağın fərqi nədir?

- Texniki tərəfdən bəzi məqamlarda fərqlənir. Amma fəlsəfəsi ilə heç bir fərqi yoxdur.

-Həyatda keçirə bilmədiyiniz arzunuz nə olub?

- Arzu bitəndə insan yəqin ki, dünyasını dəyişir. Çünki yaşayırsan, əlbəttə ki, arzular var. Sadəcə yaşa dolduqca arzular azalır yəqin ki. İstər-istəməz həyat keçirsən, müdrikləşirsən və arzularından hansısa gerçəkləşə bilər, hanısa olmaya bilər. Amma bu elə bir sualdır ki, elə məqamdır ki, bunu hər dəfə demək çətindir.

Fəxrəddin Manafovun həyata keçirə bilmədiyi ARZUSU - İLK DƏFƏ AÇIQLADI

-Mütaliə etməyi çox sevirsiniz. Ən sevdiyiniz kitab hansıdır?

- Mənim peşəm elədir ki, istər-istəməz astanasından daxil olan andan mütaliəyə başlayırsan. Mütaliəsiz bu sənət çox çətindir. Hər zaman, hətta yatanda yuxuda da mütaliə edirsən, çünki bütün məşğul olduqların sənin düşüncəndə, fikrində olur, yuxuna girir və sən hər zaman mütaliədəsən. Ən sevdiyim kitab... Ümumiyyətlə, məni maarifləndirən, məşğul edən, məni maraqlandıran, mənə yeni-yeni səhifələr açan hər bir kitab mənim üçün maraqlıdır. Ən böyük kitabım daxilimdə olan kitabdır. Hansı ki, hər gün bir vərəqi olur, artıq 62 ildir. Hər günü vərəqə vursan, gör nə böyük kitabdır. Amma yenə dediyim kimi, kitabı seçim, hansı xoşuma gəlir, hansı yox, bu fikir mənim üçün yaddır.

-Daxilinzdə olan kitabı oxumağa izn vermisiniz?

- O insan bildiyi əlifba dilində yazılmayıb. Onun heç bir dili yoxdur, o mənim daxilimdədir, onu yalnız mən oxuya bilərəm. İstəsəm də, istəsələr də heç kim onu oxuya bilməz.

Fəxrəddin Manafovun həyata keçirə bilmədiyi ARZUSU - İLK DƏFƏ AÇIQLADI

-Tanıdığımız Fəxrəddin Manafov ilə təklikdə qalan arasında fərq varmı?

- Xeyr, heç bir fərq yoxdur. Eyni insan, bir varlıq və o kitabda olan vərəqlərdir. Eynidir.

- Hazırda 30 il əvvəl planlaşdırdığınız həyatı yaşıyırsınız?

- Sən yazdığını yaz, gör fələk nə yazır. İnsan çox işləri planlaşdırır. Öz fəlsəfəsini, gündəmini diktə edir. Odur ki, yaşayırıq, planlar dəyişilir, yaşa dolduqca duyğular, istəklər də dəyişir. Mən heç vaxt konkret planlar, uzun müddət qarşıma qoymamışam. Sadəcə sənətimlə məşğul oluram.

Fəxrəddin Manafovun həyata keçirə bilmədiyi ARZUSU - İLK DƏFƏ AÇIQLADI

-Keçmişdə qalan nəyin var olmasını istərdiniz?

- Bu dünya öz axını ilə gedir. Ona müdaxilə etmək onsuz da faydasızdır. Əlbəttə yox.

-Güzəştə gedən birisinizmi?

- Sözsüz ki, bəli. Mən, ümumiyyətlə, çox insansevər biriyəm. Bunu mənə valideynlərim, müəllimlərim, bir də yəqin öz daxilim aşılayıb. Buna görə də mən nəinki güzəşt, bağışlaya
da bilirəm.

-Sizə nə təsir edə bilər?

- Mədəniyyətsizlik, tərbiyəsizlik və ən vacibi, ekologiyanı korlayanda mən çox inciyirəm.

-Olub ki, demisiz "Kaş o rolu daha fərqli canlandırardım" ?

- Yox. Hər zamanın öz hökmü, aldığı səriştə var. Əgər mən onu o zaman elə oynamışamsa, demək elə lazım idi. Bu gün isə mən təbii ki, eyni rolu heç oynamaq fikrində də deyiləm, istəmirəm, maraqsızdır mənim üçün. Yeni bir iş olduqda təbii ki, bugünkü düşüncəm, həyat tərzimlə ona yanaşacam.

-Çəkildiyiniz hansı obraz Fəxrəddin Manafovun özüdür?

- Hamısı mənəm, mənim əvəzimə heç kim orda heç nə etməyib. İnsanda saysız-hesabsız xarakter, cizgilər və hər ilin günün öz diktə etdiyi anları olur.

Fəxrəddin Manafovun həyata keçirə bilmədiyi ARZUSU - İLK DƏFƏ AÇIQLADI

-Bugünkü kino ilə ötən əsrin kinosu arasındakı fərq nədədir?

- İlk növbədə texnologiya, bunu inkar etmək mümkün deyil. Ötən əsr kinoları daha çox psixoloji tərəfə güc verilirdi. Aktyorların, rejissorların quruculuğu o tərəfə təsir etmək və bu təsirləri təbii yolla, bəzi drammatruji yollarla çatdırmaq mümkünatında idilər. Bu gün daha çox tələsirlər və bunun üçün də artmış, çox uzağa getmiş texnologiya var. Təəssüflər olsun, bizdə hələ də o texnologiya yoxdur, hələ ora çatmamışıq. Amma başqa inkişaf etmiş kino dövlətləri - Amerika, Rusiya inkişafdadır. Konseptual yanaşanda yalnız bir məqsəd var, o da rejissor, drammaturqun istədiyi fikri çatdırmaq. Hansı yolla çatdırırlarsa məncə onun fərqi yoxdur, zövqdən asılıdır. Kimisi aktyor oyununu psixoloji cəhətdən, kimisi o ulduzlar arası " boevik " deyirlər, elə qəbul edir.

-Arzusunda olduğunuz qəhraman varmı ki, o hələ də yazılmayıb?

- Ola bilsin ki, nələrsə yazılacaq. Yox amma, mən bu gündən etibarən yox, təxminən 3-5 il bundan öncə bir o qədər də kinoya meyilsizəm. Daha çox teatrı sevirəm, teatrda olmaq və yalnızca klassik əsərləri canlandırmaq istəyirəm.

-İndiki gənc aktyorlara mesajınız nədir?

- Yalnız bir mesaj. İşləmək, çalışmaq, peşəsinin fədaisi olmaq. Heç bir kompromisə getməmək. Yəni peşəni bölmək nə iləsə mümkün deyil. Əgər peşəni bölürsənsə, o zaman yarımcan olur. Bütün nəyin varsa, ora qoymalısan və o zaman insan uğura nail olur. Təbii ki, bütün vacib cizgilər, xarakterlər varsa insanda.

-Son sualım. Əgər Fəxrəddin Manafovu bir cümlə ilə ifadə etmək mümkün olsaydı necə olardı?

- Onu mən deyə bilmərəm. Onu yalnız Fəxrəddin Manafonu teatrda, kinoda görən rejissorlar, tamaşaçılar deyə bilər.

Təşəkkür edirik müsahibəyə vaxt ayırdığınız və təklifimizi qəbul etdiyiniz üçün.

Mən də sizə diqqətiniz üçün təşəkkürümü bildirirəm, çox sağ olun.

Söhbətləşdi: Aysel Azad
f Paylaş
Bölmə: Müsahibə Oxunub: 4520 Tarix: 26.08.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
DUZLU_NIK
DUZLU_NIK 28.08.2017
Yaxci aktiyordu Fexreddin.
☆ ♥♥ (¯`*•.¸♥ ⊰✿♥ღ♥ღ♥✿⊱ ( ☆⊰✿♥ღ SoN ღ♥✿⊱☆ ) ⊰✿♥ღ♥ღ♥✿⊱ ♥¸.•*´¯​) ♥♥☆


 
Sevdamiz
Sevdamiz 27.08.2017
Gozel aktyordu Allah can sagligi versin