Gizlincə sevirəm səni

Gizlincə sevirəm səniDüşünürəm, bəlkə də, doyunca sevməmişəm səni və heç vaxt da sevə bilməyəcəyəm. Nəbilim... Bəlkə də heç vaxt görməmişliklə görüşünə qaçıb, şəkillərinə saatlarca baxıb, barmaqlarımı saçında gəzdirib, mahnıların təsiri ilə sənli düşüncələrə dalarkən yaranan axmaq təbəssümü dodaqlarıma bəxş etməyəcəyəm. Qarışmayacaq siqaret qoxan nəfəsimə şanelinin ətri. Divarlara adımızın ilk həriflərini pilusla ayıraraq, sonundakı bərabərə ürək çəkməyəcəyəm. Telefonda adını yazacağam...Balamsız, canımsız, sadəcə adın. Mesajlarla səhərlər oyadıb, gecələr yatırtmayacağam. Gözlərində həsrət yaranacaq. Və damcı damcı səbrinə dolub, bir gün daşacaq. Heç nə deyə bilməyəcəksən. Bəhanə də olmayacaq yapışmağa. Ən pis söyüşləri söyəcək gözlərin... Ən dəli arzularla yanacaq bədənin... Amma axmaq bir susqunluq və göz yaşlarından başqa heç nə... Başqa heç nə bacarmayacaqsan. Ətəyini qısaldacaqsan, ətrini dəyişəcəksən... Saçlarını sevdiyim kimi buracaqsan, saraldacaqsan. Təki görüm səni. Bütün duruşun, baxışın "səninəm!" pıçıldayacaq... Çoxdan anladığım sevgini də etiraf edecəksən. Adi qarşılayacağam...Qürurundan əsər əlamət qalmayanda nifrətin yaranacaq. Hər gün bir sms azaldacaqsan. Hər gün ağlayacaqsan məni divarlara, mahnılara, filmlərə, yolda gördüyün hər cütlüyə. Əvvəl-əvvəl məni lənətləsəndə, sonradan özünə keçəcəksən. Qaynar duşda isti qanını da dadacaq ülgüc... Gözəl günlərin birində güzgüyə uzun uzadı baxıb da güləcəksən. Həmin gülüşlə doğulacaq mənsiz sən...
Dəyişməyini makiyajdan başlayıb, nömrədə bitirəcəksən. Və bu mənim acığıma olmayacaq. Nəhayət də özünü tapmış bir qızın həyata baxışı olacaq...
Ee o qədər aşiqin çıxacaq ki... Sənə bunlar mənasız gələcək. Qəddarlaşan zərif hisslərinə kimisə buraxa bilməyəcəksən. Bütün kişiləri mən biləcəksən. Bütün kişiləri sadist biləcəksən. Sənin üçün həyat yoldaşı ər obrazı məşuq, uşağının atası olacaq. Heç vaxt sevgili olmayacaq. Yadında son gördüyün kimi qalmış olacağam onda. Boz frenç, qəhvəyi şarf və uzunboğaz çəkmədə...Şəhərin frenç, şarf dəbdə olmayan qışı bəlkə də unudacaqsan məni. Sevmədiyini sevəndə qınadığın mən, anlamadığın mən, səbr etmədiyin mən səninlə yaşadığım hekayənin sonuna qürurla pıçıldayacağam... Sevirəm səni!


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 11673   Tarix: 22 yanvar 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş